Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan dili dərslərində motivasiya mərhələsinin təşkili

 

Elnur Əliyev,
Salyan rayonu, Yenikənd kənd tam orta
məktəbinin müəllimi


Hər hansı tədqiqat, ilk növbədə, prob­lemin müəyyənləşdirilməsini tələb edir. Əsl problem isə həmişə çoxsaylı fərziyyələr, ehtimallar doğurur və bunları yoxlamaq üçün öncə tədqiqat sualı formalaşdırılmalıdır. Məhz tədqiqat sualı yeni biliklərin kəşfinə aparır, bələdçi rolunu oynayır.
Motivasiya qismində ortaya gətirilmiş problemlə onun həlli tələbatı fəal dərsdə təfəkkür prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıran amil kimi çıxış edir.
Motivasiyanın uğurlu alınması üçün aşağıdakı şərtlərə əməl olunması gərəkdir:
- motivasiya üçün seçilən material maraqlı olmalıdır;
- fərziyyələri yoxlamaq, tədqiqat aparmaq və yaradıcılıq üçün imkan verilməlidir;
- müəllim şagirdlərə yönəldici suallar verməli, fərziyyələri irəli sürərkən onları həvəsləndirməlidir;
- tədqiqat sualı təlim standartlarına əsasən müəyyənləşdirilməli və dərsin məqsədinə yönəldilməlidir.
Dərsin motivasiya mərhələsində istifadə olunan bir çox üsullar var ki, müəllimlər onlarla aşağı siniflərlə işdən tanışdırlar. Bunlara misal olaraq anlayışın çıxarılması, auksion, klaster (şaxələndirmə), BİBÖ, “beyin həmləsi”, söz assosiasiyaları və s. gös­tərə bilərik.
Anlayışın çıxarılması mövzu ilə bağlı yeni anlayışların şagirdlər tərəfindən müəyyənləşdirilməsi məqsədilə oyun, tapmacanın cavabının tapılması formasında həyata keçirilir. Yeni anlayışın düzgün müəyyənləşdirilməsi üçün şagirdlər fəallıq göstərir, məntiqi nəticə çıxarmağı öyrənirlər.
Üzərində sual işarəsi, arasında isə müəyyənləşdirilməsi nəzərdə tutulan anlayışı ifadə edən söz yazılmış kartoçka (dairəvi kəsilmiş kağız) lövhədə asılır. Altında həmin anlayışın xüsusiyyətini əks etdirən bir söz yazılır. Şagirdlər həmin sözə əsaslanmaq­la anlayışı müəyyənləşdirirlər. Anlayışı bir sözə əsasən müəyyənləşdirmək mümkün olmasa, ona məxsus digər xüsusiyyəti əks etdirən ikinci söz yazmaq olar.
Auksion əsərin, nəzəri anlayışın xüsusiyyətlərini öyrənmək, mövzu üzrə əvvəlki bilikləri müəyyənləşdirmək, qiymətləndirmə bacarığını inkişaf etdirməyə imkan verir.
Şagirdlər öyrənilən əsərin, nəzəri anlayışın xüsusiyyətlərini ardıcıl şəkildə söyləyirlər və hər bir fikirdən sonra müəllim üçədək sayır: “Bir, iki...”. Bu zaman başqa şagird dərhal yeni fikir söyləyə bilər. Sonuncu fikir söyləyən qalib sayılır.
Klaster (şaxələndirmə) şagirdləri mövzu haqqında düşünməyə, əsas anlayışa aid əlavə məlumat, məna əlaqələri tapmağa sövq edir. Bu, şagirdlərin mövzu ilə bağlı əvvəlki biliklərini nəzərdən keçirməyə, sis­temə salmağa, söz ehtiyatlarını zənginləşdirməyə şərait yaradır.
Bu məqsədlə şagirdlərə tanış olan mövzu ilə bağlı əsas söz və ya ifadələr lövhəyə yazılır. Şagirdlər bu anlayışla əlaqədar söz və ya ifadələri söyləyirlər. Əsas sözdən başlayaraq hər növbəti söz əlaqəli olan digər sözlə xətlərlə birləşdirilir. Vaxt bitəndən sonra nəticə müzakirə edilir, ümumiləşdirmə aparılır.
Klasterdən mövzunun öyrənilməsinin əvvəlində şagirdlərin bu barədə nə bildiklərini aydınlaşdırmaq, həm də dərsin sonunda yeni nə öyrəndiklərini aşkara çıxarmaq məqsədi ilə istifadə edilə bilər.
BİBÖ (bilirəm, istəyirəm bilim, öyrəndim) şagirdlərin əvvəlki biliyi, təcrübəsi ilə yeni biliklər arasında əlaqə yaratmağa imkan verir, mövzu, problem barədə düşünməsini stimullaşdırır. Şagirdlərə BİBÖ-nün mahiy­yəti və məzmunu haqqında məlumat verilir, hansı mövzular üzrə əlaqə yaradılacağı müəyyənləşdirilir.
Müəllim lövhədə üç sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmələri qeyd edir: “bilirəm”, “istəyirəm bilim”, “öyrəndim”.
Cütlər və ya qruplar mövzu barəsində əvvəlki biliklərinə dair qeydlər aparırlar. Təqdim olunmuş materiallar oxunduqdan sonra müəllim ikinci sütundakı suallara qayıdır, əgər mətndə sualların cavabları verilibsə, onları üçüncü sütunda qeyd etməyi tapşırır.
Şagirdlər əvvəlki biliklərini (I sütunda qeyd edilənləri) yeni öyrəndikləri biliklərlə (yeni öyrənilənlər sütunundakı məlumatla) müqayisə edir, nəticə çıxarırlar.
“Beyin həmləsi” pedaqoji ədəbiyyatda “əqli hücum” da adlandırılır. Problemin həlli yolları üzrə müxtəlif ideyaların irəli sürülməsi vasitəsi kimi istifadə olunur. Beyin həmləsi tətbiq edilərkən sual lövhəyə yazılır və ya şifahi şəkildə verilir. Şagirdlər vaxt itirmədən problemlə bağlı yığcam şəkildə ideyalar, təkliflər irəli sürürlər. Söylənilən bütün mülahizələr heç bir şərh verilmədən, tənqidi münasibət bildirilmədən lövhədə qeyd olunur. Sonra təhlil, müzakirə təşkil edilir. Müxtəlif ideyalar qiymətləndirilir, lehinə və əleyhinə fikirlər söylənilir. Nəticədə, şagirdlər müzakirə olunan problemin həlli üçün faydalı hesab etdikləri ideyaları seçirlər.
Söz assosiasiyaları dərsin əvvəlində, sonunda, şifahi və yazılı formada tətbiq edilə bilər. Mövzunun öyrənilməsinin əvvəlində söz assosiasiyalarının tətbiqi məktəblilərin bu məsələ barədə biliklərini müəyyənləşdirmək məqsədi izləyir. Dərsin sonunda isə söz assosiasiyaları vasitəsilə şagirdlərin artıq mənimsəmiş olduğu yeni biliklər üzə çıxarılır.
Bu məqsədlə mövzu ilə bağlı əsas söz (sözlər) lövhəyə yazılır. Şagirdlərə tapşırılır ki, həmin sözün onlarda yaratdığı assosiasiyaları (bu sözü eşitdikdə, gördükdə ağıllarına gələn digər sözləri) desinlər və ya dəftərlərində yazsınlar.
   Şagirdlərin 1-2 dəqiqə ərzində mövzu üzrə əsas sözlə bağlı söylədikləri və ya dəftərlərində qeyd etdikləri sözlər lövhəyə yazılır. Bu sözləri əlaqələndirmək və ümumiləşdirməklə yeni mövzunun əsas məqsədləri ilə bağlı fikir, ideya formalaşdırılır. Həmin ideya, fikir əsasında yeni materialın öyrənilməsinə başlanılır.шаблоны для dle 11.2