Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Böyük hədəflərə doğru


 

Təhsil hər bir cəmiyyətin inkişafını şərtləndirən ən mühüm sahələrdən biridir. Təhsilə verilən önəm və diqqət bilavasitə yetişməkdə olan gənc nəslin, eləcə də bütöv bir cəmiyyətin inkişafına yönəlmiş ən böyük addımdır. Məhz bu addımlar sayəsində sağlam düşüncəyə, yüksək intellektual bazaya malik gənc nəsil yetişdirilir. Əlbəttə, bütün bunların təməl daşı məhz təhsil ocaqlarında qoyulur. Deməli, bir təhsil ocağının, bir məktəbin qazandığı uğurlar, təhsilalanların-şagirdlərin əldə etdikləri  nailiyyətlər öz növbəsində gələcək nəslin inkişafına öz töhfəsini verir. Təbii ki, burada diqqətdə saxlanılacaq ən başlıca məqam isə ümumtəhsil məktəblərində təlim-tərbiyə işinin düzgün və məqsədəuyğun şəkildə aparılmasıdır. Bu baxımdan, qeyd etmək olar ki, şəhərimizin ən qocaman təhsil ocaqlarından  biri olan S.Hüseynov adına 1nömrəli tam orta məktəbdə aparılan düzgün və konkret hədəflərə istiqamətlənmiş təlim-tərbiyə prosesi, eləcə də xüsusi istedadlı uşaqların üzə çıxarılması, onların potensial inkişafına yönəlmiş addımlar, görülən işlər  öz müsbət nəticələrini verməkdədir. Məhz  məqsədyönlü işlərin  nəticəsidir ki, 2019-2020-ci tədris ilində 1 nömrəli tam orta məktəb Təhsil Nazirliyi tərəfindən təhsilin  dinamik inkişaf etdiyi məktəb kimi qiymətləndirilmişdir. Nəzərə almalıyıq ki, şəhərimizin ilk ümumtəhsil məktəbi olan 1 nömrəli məktəb zaman-zaman böyük uğurlar qazansa da, sonralar özünün durğunluq, geriləmə dövrünü yaşamışdır. Lakin son on il ərzində məktəbdə təhsilin, təlim-tərbiyənin düzgün aparılması yönündə konkret hədəflərə istiqamətlənmiş addımlar sayəsində bu gün məktəbimiz şəhər ümumtəhsil müəssisələri arasında ən yaxşı məktəb statusunu qazanmışdır.

Yola saldığımız 2020-2021-ci tədris ili məktəbimiz üçün bir sıra uğurlarla yadda qaldı. Məlum COVİD -19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin yaratdığı məhdudiyyətlərə baxmayaraq 1 nömrəli tam orta məktəb bütün göstəricilər üzrə şəhərimizin lider məktəbinə çevrildi. 

Şagirdlərimizin Respublika fənn olimpiadalarında 1 qızıl və 1 gümüş, respublika fənn müsabiqəsində 1 qızıl medallara layiq görülməsi  böyük hədəflərə doğru atılan ən böyük addım oldu. Belə ki, məktəbin 11-ci sinif şa­girdi Quliyeva Samirə Murad qızı Azərbaycan dili və ədəbiyyat fənni üzrə Respublika fənn olimpiadalarının final turunun qalibi olaraq qızıl medala layiq görülmüş və adını Respublika ümumtəhsil məktəbliləri arasında 5 qızıl medalçı sırasına yazdırmışdır.  Məktəbimizin X lisey sinif şagirdi Ələkbərova Aytən kimya fənni üzrə Respublika fənn olimpiadasının qalibi olaraq gümüş medala layiq görüldü. Onu da qeyd etməliyik ki, bundan başqa şagirdimizin kimya fənnə olan xüsusi marağı onun bu fənn üzrə  böyük nailiyyətlər qazanmasına səbəb olmuşdur. 2019-cu ildə Aytən kimya fənni üzrə fənn müsabiqəsində Respublika üzrə 3-cü yeri qazanmışdır. Respublika üzrə "Polyup" müsabiqəsində 10-cu siniflər üzrə "kimya" fənni üzrə 5-ci yerə layiq görülmüşdür.Məktəbin daha bir istedadlı şagirdi Məmmədzadə Eldar isə kimya fənni üzrə Respublika fənn müsabiqəsinin final mərhələsinin qalibi olaraq qızıl medala layiq görüldü.

Bu uğurların davamı olaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən 2020-2021-ci tədris ilində ümumtəhsil məktəb şagirdləri arasında "Ən yaxşı təqdimat" müsabiqəsində məktəbimizin X lisey sinif şagirdi Mahmudlu Cavad, hazırladığı "Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur" mövzusunda nümunəvi təqdimatı ilə şəhər üzrə birinci yerə çıxaraq növbəti mərhələdə adını Respublika üzrə QALİBLƏR sırasına yazdırdı.

Azərbaycan Respublikası Prezidentinin “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd olunması haqqında” 25 yanvar 2021-cil tarixli sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə Təhsil Nazirliyi və AMEA tərəfindən hazırlanmış birgə Tədbirlər Planında ümumtəhsil müəssisələrində təhsil alan V sinif şagirdləri arasında keçirilən məntiq olimpiadasında məktəbimizin 8 nəfər şagirdi olimpiadasının final mərhələsində qalib gələrək böyük uğura imza atdı.

Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank"ın dəstəyi ilə “Ağıllı şəhər-Bakı” layihəsi çərçivəsində keçirilən “Nə? Harada? Nə zaman?” intellektual Respublika müsabiqəsində məktəbimizin 9-cu siniflərdən ibarət “Moon light” komandası respublikanın ən güclü  komandalarına qalib gələrək 1-ci yerə çıxmış və  Təhsil Nazirliyinin təsis etdiyi Respublika Kubokunun sahibi olmuşdur. Bu nailiyyət son­radan məktəbimiz üçün bir ənənəyə çevrildi və ardıcıl olaraq məktəbin sözügedən komandası 3 dəfə öz qalibiyyətini təkrarlayaraq birinci yerə sahib olmuşdur. Həmçinin məktəbin 7-ci sinif üzrə  təşkil olunmuş "Minus" komandası, 3 dəfə ardıcıl olaraq “Nə? Harada? Nə zaman?” intellektual yarışında Respublika üzrə 2-ci və  3-cü yerlərə  layiq görülmüşdür.

"Nizami Gəncəvi İli"nə həsr olunmuş Modelləşdirmə müsabiqəsində məktəbimizin informatika sahəsi üzrə xüsusi istedadı ilə seçilən fəal şagirdi Dadaşzadə Cavid Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin təşkil etdiyi Modelləşdirmə müsabiqəsinin yekun nəticəsinə əsasən "Xüsusi Jüri Mükafatı" ilə təltif olunmuşdur.

Şəhər Təhsil şöbəsi və İcra Hakimiyyətinin təşkilatçılığı   ilə 15 iyun  Milli Qurtuluş Günü  münasibəti ilə ümumtəhsil məktəblərinin 5-11-ci sinif şagirdləri arasında "Heydər Əliyev müasir Azərbaycan qurucusu və memarıdır" mövzusunda inşa müsabiqəsində məktəbin daha bir istedadlı şagirdi Məmmədzadə Jalə 2-ci yerə layiq görülmüşdür.

Şirvan Gənclər Evi SXM-nin təşkilatçılığı ilə yeniyetmə və gənclərin dünyagörüşünün inkişafı, intellektual biliklərin artırılması məsədi ilə şəhər üzrə VI-IX sinif şa­girdləri arasında keçirilən onlayn intellektual bilik yarışında məktəbimizin 9-cu sinif şagirdləri yüksək səviyyədə intellektual bacarıq göstərəkqalib gəlmişdir. Günəşli Günel və Günəşli Səbinə I yerə, Hüseynova Fidan isə III yerə layiq görülmüşdür.

Şirvan şəhər Təhsil Şöbəsinin və Şirvan şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə müdrik siyasətci, müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar məktəblilər arasında "Heydər Əliyev - Azərbaycan gənclərinin ilham mənbəyidir" mövzusunda esse yazı müsabiqəsində məktəbimizin istedadlı şagirdi Şıxalıyeva Günel birinci yerə layiq görülmüşdür. Daha bir istedadlı şagirdimiz şagirdi Quliyeva Selcan Nizami Gəncəvi ili elan edilməsi ilə əlaqədar olaraq "Nizaminin Sirlər Xəzinəsi" adlı onlayn inşa-yazı müsabiqəsində I yerə layiq görülmüşdür.

Məktəb həmçinin tədris sahəsində də uğurlara imza ataraq böyük hədəflərə doğru irəliləyir. Tədrisin keyfiyyətinin yüksəldilməsi və inkişafına göstərilən diqqətin və həssas yanaşmanın nəticəsidir ki, yola saldığımız tədris ilində məktəbi 1 nəfər şagirdi  qızıl və ya gümüş nişanla təltif edilmiş, ümumi orta təhsil səviyyəsi üzrə 4 nəfər şagird, tam orta təhsil səviyyəsi üzrə isə 2 nəfər şagird Fərqlənmə attestatına layiq görülmüşdür. Əlbəttə, burada şagird faktoru başlıca rol oynasa da, nəzərə çarpacaq ən vacib amillərdən biri də məktəbin peşəkar kadr potensialının olmasıdır. Təhsil Nazirliyi tərəfindən keçirilən Müəllimlərin işə qəbulu  müsabiqəsindən yüksək nəticələrlə keçən, öz işinə hər zaman məsuliyyətlə, tələbkarlıqla yanaşan müəllimlər hər bir şagirdin qazandığı nailiyyətlərə öz töhfələrini vermişlər. Belə fədakar müəllimlərdən Əsgərova Şəmsiyyə - Azərbaycan dili və ədəbiyyat, İsmayılova Günel - kimya, Almasov Sərxan - riyaziyyat, Vəliyev Hafis - riyaziyyat, Əsgərova Aygün - informatika və b. adlarını çəkmək olar. Belə müəllimlərin fəaliyyəti hər zaman məktəb rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. 

Qazanılan saymaqla bitməyən bu və ya digər uğurlar bir daha onu göstərir ki, 1 nömrəli məktəbin yalnız  bir hədəfi var - yüksək keyfiyyətli təhsili ilə hər zaman liderlik mövqeyində qalmaq. Bu hədəfə nail olmaq üçün məktəbimiz son on ildə böyük uğur yolu keçmişdir. İldən-ilə artan uğurların təməlində isə məktəbin direktoru Rəfiqə Rzayevanın yüksək tələbkarlığı və qətiy­yəti dayanır. Onun məktəbdə tədrisin və təlim-tərbiyənin inkişafına  yüksək peşəkarlıqla, hər bir şagirdin ən kiçik uğurlarına belə yüksək həssaslıqla yanaşması böyük nailiyyətlər üçün yeni cığırlar açdı. Görünən odur ki, özünün 100 illik yubileyini qeyd etmək ərəfəsində olan qocaman məktəb qazandığı uğurları ilə  bütün hədəflərinə çataraq nəinki Şirvan şəhərində, respublikamızın digər ümumtəhsil məktəbləri arasında öz liderliyini təsdiqləyəcəkdir. 

 

Elnur Novruzov,

Şirvan şəhər S.Hüseynov adına 1 nömrəli tam 

orta məktəbin direktor müavini