Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Prezident İlham Əliyevin həyat və fəaliyyətinin təhsilalanlara öyrədilməsi yolları


 

Ədalət Hüseynov, 

Ağcabədi Rayon Təhsil Şöbəsinin metodisti, 

Qabaqcıl Maarif Xadimi, metodist-müəllim, 

Azərbaycan Jurnalistlər 

Birliyinin üzvü

 

Çoxillik pedaqoji təcrübəmə əsasən deyə bilərəm ki, müasir mərhələdə təhsilalanların görkəmli şəxsiyyətlərin həyatı və fəaliyyəti nümunəsində tərbiyə edilməsi günün aktual, zəruri məsələlərindən  biridir. Bu baxımdan, xalqımızın bəşəriyyətə bəxş etdiyi dünya miqyaslı siyasi xadim Prezident İlham Əliyev beynəlxalq aləmdə qeyri-adi, dərin zəka sahibi, müdrik insan, son dərəcə milli köklərə bağlı, vətənpərvər, beynəlmiləlçi, sülhün bayraqdarı, prinsipial, haqq, ədalət carçısı və s. yüksək bəşəri keyfiyyətlərə malik bir dövlət xadimi, qüdrətli sərkərdə, Ali Baş Komandan kimi məşhurdur. Müasir dövrdə Azərbaycan xalqını bir sıra taleyüklü nailiyyətlərə çatdırmış müdrik dövlət başçısı, nüfuzlu lider kimi Prezident İlham Əliyevin həyat və fəaliyyətini təhsilalanlara iki istiqamətdə - yəni dərs pro­sesində, dərsdənkənar və dərnək məş­ğələləri vasitəsilə çatdırmaq olar. Bu fəaliy­yətlərin içərisində ədə­biyyat fənn dərnək məşğələ­lərinin imkanı daha böyükdür. Çünki aparılan müşahidələr və təcrübələr onu göstərir ki, Prezident İlham Əliyevin həyat və fəaliyyəti çox zəngin və çoxşaxəlidir.  Belə bir zəngin və geniş məlumatı şagirdlərə dərnək məşğələ dərslərində  daha müfəssəl öyrətmək olar. Bunun üçün möhtərəm Prezidentimizin həyat və fəaliyyətini əsasən yuxarı siniflərdə (X-XI) nəzərdə tutulmuş saatlarda şagirdlərə aşağıdakı plan əsasında (plan təxmini xarakter daşıyır) öyrətmək daha məqsədə uyğundur: 

1. Prezident İlham Əliyevin  həyat yolu.

2. Dahi Heydər Əliyev məktəbinin yetirməsi.

3. Son illərdə ölkəmizdə görülmüş  nəhəng abadlıq və quruculuq işləri.

4. Beynəlxalq tədbirlərə Bakının ev sahibliyi etməsi.

5. İlham Əliyevin xarici ölkələrə səfərləri və  onun beynəlxalq toplantılarda prinsipial  çıxışları.

6. Ölkəmizdə tolerantlıq  və multikulturalizim siyasəti.

7. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin milli maraqlarımız çərçivəsində həllinə dair məqsədyönlü siyasət. 

8. Ölkəmizdə ordu quruculuğu, yenitipli vətənpərvər gənclərin yetişməsi.

9. Torpaqlarımızın işğaldan azad edilməsi, tariximizə yazılmış Zəfər günü.

     

Yüksəliş və tərəqqi dövrü

 

Bu plan əsasında  təhsil­alanlara  Prezidentin həyat və fəaliyyətini izah etməzdən əvvəl pərdə ilə üzü örtülmüş şəkili yazı lövhəsində asılır. Sonra onların diqqətini yeni öyrədiləcək mövzunun tapılması üçün ilk öncə  “sözüm imzamdır”, “iti qovan kimi” , “dəmir yumruq”, “müzəffər, qalib ordu”, “Cıdır düzündə rəqs edirdin, siçan kimi qaçıb gizlənmisən” və s. kimi  açar sözlərdən istifadə etmək lazımdır. Artıq mövzunun tapılmasını şagirdlər özləri müəyyənləşdirirlər. Sonra müəllim şagirdlərə Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyəti barədə ətraflı təqdimat edir. İlham Əliyevin dahi siyasətçi, müasir Azərbaycan dövlətinin  memarı və qurucusu Heydər Əliyevin ailəsində anadan olduğunu, Ümummilli Liderin əsasını qoyduğu dövlətçilik siyasətini uğurla davam etdirdiyini diqqətə çatdırır. Müəllim eləcə də Ulu Öndərin Azərbaycanın müasir tarixində xidmətlərini xatırladır, keçmiş SSSR-nin   görkəmli dövlət xadimlərindən biri kimi   Ümummilli Liderin 1969-1982-ci, 1983-1987-ci illərdəki fəaliy­yətləri, 1988-1990-cı illərdə  böyük çətinliklərlə, təqiblərlə qar­şılaşması, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasındakı  fəaliyyəti və yenidən hakimiyyətə qayıdışı (1993-2003-cü illərdəki fəaliyyəti) haqqında qısa, dəyərli məlumatları şagirdlərə xatırlatması yerinə düşər.

Təhsilalanlara  İlham Əliyevin keçdiyi mənalı, şərəfli, həm də çətin həyat yolu haqqında məlumatlar verən müəllim Prezident İlham Əliyevin çox erkən yaşlardan elmə, təhsilə son dərəcə böyük maraq göstərdiyini, 1967-1970-ci illərdə paytaxtdakı 6 saylı orta məktəbdə   təhsil aldığını, 1977-ci ildə dünyanın məşhur  ali təhsil ocaqlarından olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İn­s­titutunda təhsil alması, elmi və pedaqoji fəaliyyətlə məşğul olması barədə məlumatları, müstəqilliyin ilk illərindən Azər­baycanın siyasi həyatındakı fəaliyyət və töhfələri şagirdlərin nəzərinə çatdırır. Xalqımız ona böyük etimad göstərərək müxtəlif vaxtlarda – 15 oktyabr 2003, 15 oktyabr 2008,  9 oktyabr 2013,  11 aprel 2018 ci illərdə  prezident seçərək öz gələcək işıqlı həyat yolunu müəyyən etmişdir. Elə bundan sonra  ölkəmizin inkişaf,  yüksəliş  və tərəqqi dövrü başlayıb.  Son illərdə ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti və əldə olunan nailiyyətlər möhtərəm Prezidentimizin ümummilli lider Heydər Əliyevin tariximizdə əbədi yaşayan ideyalarının həyata keçirilməsində apardığı ardıcıl, məqsədyönlü siyasətin daha bir əyani təcəssümüdür.


Ölkənin gələcəyi üçün vətənpərvər gənclər

 

Prezident İlham  Əliyev ulu öndər Heydər Əliyev yolu ilə gedərək elmə, təhsilə daim böyük önəm verir, gənclər siyasətini uğurla həyata keçirir. Bu da çox təbiidir. Çünki ölkəmizin istər bugünkü, istərsə də gələcək inkişafı üçün hərtərəfli biliyə, geniş dünyagörüşə yiyələnən sağlam gənclər lazımdır. Elə gənclər yetişməlidir ki, onlar günü-gündən çiçəklənən, inkişaf edən, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan ölkəmizi, millətimizi, xalqımızı, Vətənimizi, möhtərəm Prezidentimizi tükənməz məhəbbətlə sevsinlər. Keçmiş və müasir tariximizi mükəmməl mənimsəsinlər, ondan ibrət dərsi götürsünlər. Bu zamanın, dövrün tələbidir. Ona görə təhsilalanlar bu ruhda tərbiyə edilməlidir. Bu həmişə aktual olan bəşəri ideyalar əsasən ailədə, bağçada, təhsil ocaqlarında formalaşır. Cəmiyyətin, dövlətin inkişafını bunsuz təsəvvür etmək mümkün deyil. Buna görə yeri gəldikcə müəllim ölkə rəhbərinin dəfələrlə müxtəlif vaxtlarda qəzetlərdə çap olunmuş çıxış və nitqlərindən sitatlar seçərək onlardan yerli-yerində istifadə etməsini hər zaman diqqət mərkəzində saxlamalıdır. Bu baxımdan dövlət başçısının aşağıdakı kəlamları daha faydalıdır: “Burada əyləşən gənclər də bu tarixi bilməlidirlər. Mən dəfələrlə bunu demişəm. Biz bu tarixi yaşayan insanlar, əlbəttə ki, heç vaxt bunu unutmayacağıq. Bugünkü uğurlu inkişafımızı hər zaman qiymətləndirəcəyik. Gənclər bunu görməyiblər. Onlara elə gəlir ki, həmişə belə olub. Onlara elə gəlir ki, Azərbaycan həmişə belə çiçəklənən, firavan dövlət olub. Belə deyildi. Biz o günləri yaxşı xatırlayırıq. Xalq Cəbhəsi-Müsavat cütlüyünün xəyanətkar hakimiyyəti dö­vründə on minlərlə insan saatlarla çörək növbəsində dayanırdı. Əli silahlı quldurlar meydan oxuyurdular, şəhərlərimizdə insanları incidirdilər, oğurlayırdılar, işgəncələr verirdilər, jurnalistləri döyürdülər... Gənclər bu tarixi bilməlidirlər, müəllimlər bu tarixi onlara çatdırmalıdırlar ki, həm həqiqəti bilsinlər, həm də Azərbaycan gələcəkdə heç vaxt bu ağır vəziyyətə düşməsin. Azərbaycan heç vaxt gözüköl­gəli olmasın, heç vaxt başqasının iradəsindən asılı olmasın, heç vaxt başqa dövətlər qarşısında baş əyməsin... Bu gün bəzi hallarda bəzi xarici dairələrdən eşidirik ki, biz Azərbaycana kömək etmək istəyirik, biz Azərbaycanı belə inkişaf etmiş ölkə kimi görmək istəyirik.  Hamısı yalandır. Mən tam səmimiyyətlə deyirəm. Bizim ən ağır günlərimizdə xəzinə boş idi. Xalq Cəbhəsi-Müsavat cütlüyü talamışdı, ləl-cəvahirat fondu talanmışdır. İnsalar öz axırıncı qızıl əşyalarını aparırdılar ki, ordumuza kömək etsinlər. O vaxt prezident, dövlət katibi, baş nazir bu ləl-cəvahirat fondunu talan etmişdilər. İndi onun izi-tozu qalmayıb...” (“Azərbaycan müəllimi” qəz. , 29 noyabr 2019).

Yaxud da başqa bir sitat: “Gənclər özləri... tarixi yaxşı bilməlidirlər. Əgər tarixi yaxşı bilsələr, görərlər ki, tariximizdə heç vaxt heç bir kənar qüvvə, heç bir yad dairə bizim xoşbəxtliyimizi istəməyib. Əksinə, bizi əzmək istəyib, özünə ram etmək istəyib, sərvətlətimizi talamaq istəyib, bizi alçaltmaq istəyib. Əgər belə olmasaydı, bizim çoxəsirlik tariximizin böyük hissəsi müstəmləkəçilik tarixi olmazdı... Bizim müstəqillik dövrlərimiz Azərbaycan xalqının tarixində çox məhduddur. Məhz ona görə ki, aldanmışıq, əzilmişik. Buna imkan vermək olmaz və verməyəcəyik, biz möhkəm dayanmışıq. Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz... Vətənə bağlı olan insanlar kimi, mərd insanlar kimi yaşayaq, quraq, yaradaq, bğtğn yad qğvvələrə cavabımızı verək və öz inkişaf  yolumuzu davam etdirək” (Yenə orada). Bütün bu kəlamlar şagirdlərdə bir çox yüksək keyfiyyətlər formalaşdırır: Xalq Cəbhəsi və Müsavat cütlüyünün xəyanətkar hakimiyyətinə nifrət bəsləmək, keçmiş və yaxın illərdə olan hadisələri yaxşı dərk edib qavramaq, onlardan real nəticələr çıxartmaq, daim dövlətimizi yabançı ünsürlərdən qorumaq, Prezidentimizi, xalqımızı dəstəkləmək, öndə getmək, onun kimi həmişə Vətənə, dövlətə bağlı, prinsipial olmaq, qurub yaratmaq, təxribatçı qüvvələrə qarşı amansız mübarizə aparmaq, hər zaman ayıqlıq, cəsarət, mərdlik nümayiş etdirmək, ölkəmizin tərəqqisində böyük əmzkarlıq göstərmək və s. belə keyfiyyətlərdəndir.

 

Müasir biliklərə, peşələrə yiyələnmək dövrün tələbidir

 

Yuxarıda qeyd etdiyimiz kimi, bir qayda olaraq möhtərəm Prezidentimiz elmə, təhsilə daha yüksək qiymət verir. Bu onun fəaliyyətində əsas və başlıca yer tutur. Elə paytaxt və bölgələrimizdə müasir tipli saysız-hesabsız təhsil ocaqlarının tikilməsi, onların hər cür avadanlıqlarla təchiz edilməsi, zəngin kitabxanaların fəaliyyət göstərməsi bu istək və tələblərdən irəli gəlmişdir. Artıq indiki təhsil sistemi keçmiş Sovet təhsil sistemindən bu və ya digər dərcədə fərqlənir. Bunu hər bir savadlı  adam yaxşı bilir. İndi müasir biliklərə, peşələrə yiyələnmək dövrün tələbidir. Əlbəttə, bunsuz həyatda inkişaf etmək, fəal mövqe tutmaq mümkün deyil. Ölkəmizin rəhbəri Ulu Öndərin “Təhsil millətin gələcəyidir”, “Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır”, “Hər bir xalqın səviyyəsi onun bilik səviyyəsi ilə müyyən edilir”  müdrik kəlamlarına sadiq qalaraq, onu gündəlik fəaliyyətində özünün həyat meyarı hesab edir. Prezident İlham Əliyev  Ümummilli Liderimizin şanlı ənənələrini uğurla davam etdirərək, hər il yüzlərlə gənci xarici ölkələrin nüfuzlu ali təhsil ocaqlarına göndərərək, yeni, aktual peşələrə istiqamətləndirməsi olduqca təqdirəlayiqdir. Təhsilalanların harada təhsil almalarından asılı olmayaraq hər biri savadlı, bilikli olmalıdır. Onların sürünə-sürünə sinifdən-sinfə,  kursdan-kursa keçməsinin,  habelə bu yolla attestat, diplom almağının heç bir faydası yoxdur. Bunu Prezidentin  “Bugünkü dünyada tanışlıqla, tapşırıqla oxumaq mümkün deyil. Sovet vaxtında belə bir söz var idi: “Tapış” , o, instituta tapışla daxil oldu. Əvvəllər sovet dövründə əsas məqsəd diplom almaq idi. Evlənmək üçün, yəni elçiliyə getmək üçün diplomu var, yoxsa yox? Hə, varsa, onda markası artır. Diplom heç nədir, bilin. Əgər bilik olmasa, savad olmasa, müasir dünyada bu, əhəmiyyətsiz bir şeydir. Bilik olmalıdır, çünki indi yeni peşələr açılır... ” müdrik kəlamları da bunu bir daha sübut edir.

Təhsilverənlər Prezidentimizin elmə, təhsilə göstərdiyi böyük diqqət və qayğısını şagirdlərə elə izah etməldirlər ki, onların savada, biliyə olan marağı, həvəsi artsın və öz gələcək həyat yolunda onun əhəmiyyətli rol oynayacağını dərindən dərk edə bilsinlər. 

Bütün dünyada geniş ensiklopedik biliyi, zəkası, fenomen yaddaşı, dərin düşüncə tərzi, hazırcavablığı, cəsarəti, mahir, peşəkar diplomatik bacarığı və s. xüsusiyyətləti ilə böyük şöhrət qazanmış xalqımızın ləyaqətli liderinin fəaliyyətində idmanın inkişafı və dünya səviyyəli idmançıların yetişməsi xüsusi yer tutur. Təhsilverən şagirdlərə izah etməlidir ki, həqiqətən 20 ilə yaxın bir müddətdə ölkəmizdə idman daha yüksək səviyyədə inkişaf edib. Son illərdə Bakıda, respublikamızın şəhər və rayonlarında muğam mərkəzlərinin yaradılması ölkə rəhbərinin fəaliy­yətində ən əhəmiyyətli yerlərdən birini tutur. Eyni zamanda müəllim Birinci vitse-prezident, Heydər Əliyev Fondu­nun Prezidenti, Azər­baycanın birinci  xanımı, milli mədəniyyətimizin, incəsənətimizin inkişafında misilsiz  xidmətləri olan Mehriban Əliyevanın  əməyi haqqında şa­girdlərə məlumat verməklə onların dünyagörüşünün zən­ginləşməsinə səy göstərməlidir. 

                

Birgəyaşayışın universal nümunəsi

 

Ölkəmizin beynəlxalq aləmdə gündən-günə nüfuzu artmaqdadır. Bir çox beynəlxalq toplantıların Bakıda keçirilməsi, ölkə rəhbərinin Qoşulmama Hərəkatına sədrlik etməsi, Cənubi Qafqazın lider ölkəsi kimi böyük şöhrət qazanması hər bir vicdanlı adamın qəlbini fərəh, iftixar hissi ilə doldurur. Bu da çox sevindirici haldır ki, 2013-cü ilin fevralında ilk dəfə olaraq Azərbaycanın süni peyki kosmosa buraxıldı. Bu tariximizə innovativ hadisə kimi daxil oldu. Bütün bunlarla bərabər, ölkəmiz dünyada milli-mənəvi dəyərləri özündə ehtiva edən, tolerant, multikulturalizm dəyərlərinə sadiq qalan dünya xalqları içərisində xüsusi yer tutur. Respublikamızın müxtəlif  bölgələrində bir çox azsaylı xalqların nümayəndələri   azad və xoşbəxt yaşayırlar. Möhtərəm Prezidentimiz onların ölkəmizdə xoşbəxt, firavan yaşaması üçün hər cür şərait yaradıb. Bu baxımdan Azərbaycan birgəyaşayışın universal nümunəsini yaradıb. Buna görə onlar Azərbaycanı doğma Vətəni hesab edir, ölkəmizin ictimai-siyasi, mədəni, iqtisadi həyatında fəal iştirak edir, bir çoxları mühim vəzifələrdə çalışırlar. Onlarla aparılan ideya-siyasi iş çox yüksək səviyyədədir. Bu, hər zaman dövlət başçısının diqqət mərkəzində olaraq, onun fəaliyyətinin əsas, ayrılmaz tərkib hissələrindən biridir. Məhz bu baxımdan təhsilverənlər şagirdləri başqa xalqlara, millətlərə hörmət və ehtiram ruhunda tərbiyə etməyə həmişə səy göstərməlidir. Bu, ölkə rəhbərinin müəllimlər qarşısında qoyduğu ən zəruri vəzifələrdəndir. 

90-cı illərin əvvəlləri tariximizə unudulmaz faciələrlə dolu olan illər kimi daxil olub. Müəllim bu illərdə dövlətin, xalqın qarşısına çıxan böyük problemləri şagirdlərə xatırladaraq onlarda həmin dövr haqqında aydın təsəv­vürlər yaratmalıdır. Sonra onların diqqətini Dağlıq Qarabağ probleminə, işğal olunmuş ərazilərimizə cəlb etməlidir. Yaxşı olar ki, müəllim bir an uzaq keçmişimizə qayıdaraq, tarixən işğal altında olan torpaqlarımız haqqında da onlara lazımi məlumatlar versin. 

 

Tariximizin qızıl səhifəsi

 

Sonra müəllim şagirdlərin diqqətini yenidən ölkə rəhbərinin xalqın qarşısında duran Dağlıq Qarabağ probleminin həlli istiqamətində məqsəd­yönlü fəaliyyətinə dair ətraflı məlumat verir. O, şagirdlərin diqqətini möhtərəm Prezidentimizin dəfələrlə beynəlxalq Zirvə toplantılarında çıxış edərək Azərbaycanın haqlı mövqeyini toplantı iştirakçılarına bildirərək, Ermənistanın işğalçılıq siyasətini kəskin tənqid etməsinə, habelə BMT TŞ-nın 1993-cü ildə qəbul etdiyi məlum qətnamələrini (822, 853, 874, 884), eləcə də digər beynəlxalq təşkilatların qərarlarını icra olunmamasına yönəldir. Torpaqlarımızın sülh yolu ilə azad olunması üçün daha böyük səylər göstərdiyini də onlara açıqlamalıdır. Bunula da şagirdlər ölkə qarşısında duran böyük problemləri aydın dərk edirlər. Eyni zamanda burada təhsilverən ölkə rəhbərinin nə qədər səbirli və təmkinli olduğunu onlara açıqlamalıdır. Nəhayət, dövlət başçısının torpaqlarımızın işğaldan azad olunması üçün qarşısına qoyduğu ikinci yol gəlib çatdı: Müharibə yolu. Son illərdə ordu quruculuğu sahəsində aparılan məqsədyönlü və davamlı tədbirlər, Prezident, Ali Baş Komandan İlham Əliyevin iradəsi və qətiyyəti  sayəsində Azərbaycan Ordusunun uğurlu əks hücumları ilə çox qısa bir müddətdə - 44 gündə torpaqlarımız  yağı düşməndən azad edildi. Bu, onun uzun illər apardığı ideya-siyasi işlərin bəhrəsidir.   Əsasən 8-10 noyabr 2020-ci il, eləcə də digər günlər tariximizə qızıl hərflərlə yazılıb. 10 dekabr 2020-ci il - Zəfər Paradının paytaxtımızda böyük təntənə ilə qeyd edilməsi ümumxalq bayramı kimi qəlbimizdə əbədi yaşayacaqdır. Dövlət başçısının işğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızı böyük sevinclə qaldırması, Qarabağın tacı, mədəniyyətimizin paytaxtı elan edilmiş Şuşada Novruz bayramımızın rəmzi olan tonqalı alovlandırması, habelə azad edilmiş əraziləri gəzib dolaşaması hər bir azərbaycanlı üçün böyük xoşbəxtlikdir. 

Xalqımızı bu xoşbəxt günlərə çıxardan Ulu Tanrı və möhtərəm Prezidentimiz Ali Baş Komandan İlham Əliyevdir. İndi bütün dünya Onun qətiyyətli mövqeyinə, böyük sərkərdəlik fəaliyyətinə həsəd aparır və qəhrəman Azərbaycan Ordusunun hərb təcrübəsi onların hərbi məktəblərində öyrənilir. Xalqımız öz lideri ilə haqlı olaraq fəxr edir. Fəxr edir ki, onun rəhbərliyi altında yaşayıb yaradırlar. Onu xalqına sevdirən ən əsas cəhətlərdən biri bütün təbəqələrdən olan insanlara, xüsusən şəhid, qazi, müharibə veteranlarına hər cür diqqət, qayğı göstərməsidir. Əlbəttə, bütün bunlar təhsilalanların möhtərəm Prezidentin həyat və fəaliyyəti ruhunda tərbiyə edilməsi hər bir təhsilverənin gündəlik fəaliyyətində əsas və başlıca yer tutmalıdır.