Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Vətəndaş mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amillərinin rolu

 
Ziba Məmmədova,
Ağsu rayonu  R.Hüseynov adına
Kəndoba kənd tam orta məktəbinin kimya-biologiya müəllimi


Sağlamlıq yaşamın əsas tələbi, gəncliyin dəyərini sonradan anladığı xəzinəsi, yaşlıların və sağlamlıq imkanları məhdud olan şəxslərin ən böyük arzusudur. Sağlam olmaq-orqanizmin daim nəzarətdə saxlanılması, istirahət etmək, idman etmək deməkdir. Sağlam olduqdan sonra insanda müəyyən müsbət dəyişikliklər baş verir ki, bu da insan psixikasına şüuraltı təsir göstərir. Sağlamlıq insanın təkcə şüuraltı ilə bağlı olmayıb, psixologiyası ilə də əlaqədardır. Yəni, sağlamlıq dedikdə, insanın yalnız orqanizminin-səhhətinin sağlamlığı yox, mənəvi cəhətdən də sağlamlığı əsas götürülür. Şagirdlərin fiziki və mənəvi sağlamlığı təhsilimizin əsas vəzifələrindən biridir. Bu şərəfli vəzifəni icra etmək isə biz müəllimlərin üzərinə düşür. Belə ki, məktəblilərə yaxşı təhsil verməklə yanaşı, onları əsl vətəndaş kimi yetişdirməliyik.
Ölkəmizdə əhalinin sağlamlığı dövlətin hər zaman əsas prioritetlərindən biri olub və bu günümüzün də əsas prioritetlərindəndir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq “Vətəndaşlıq mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin rolu” möv­zusunda məktəblilər üçün mütəmadi olaraq seminarlar təşkil edirik. Əsasən  VI–XI sinif şagirdlərini əhatə edən seminarların  keçirilməsində məqsəd şagirdlərdə mənəvi və fiziki sağlamlığın formalaşması, sağlam həyat tərzinin təbliği və təşviqidir.
Şagirdlərə həyat bilgisi fənnindən məlumdur ki, fiziki inkişaf səviyyəsi əhalinin sosial sağlamlığının əsas gös­təricisidir. İnsanların həm fiziki, həm də mənəvi  sağlamlığı cəmiyyətin ən böyük sərvətidir. “Sağlam bədəndə sağlam ruh olar” el məsəli sağlamlığın ecazkar qüvvəsini, onun yalnız şəxsin özü üçün deyil, cəmiyyət, vətən, dövlət üçün vacibliyini təsdiqləyir. Ulu öndər Heydər Əliyev demişdir: “İnsanların daim sağlam olması üçün, millətimizin həyatın bütün sahələrində sağlam olması üçün və bizim ordumuzda sağlam gənclərin olması üçün mən idmanı, bədən tərbiyəsini böyük vasitə hesab edirəm.
Sağlam şagirdlər gələcəyin sağlam əsgərləri, sağlam vətəndaşlarıdır. Şagirdlərdə vətənpərvərlik hissi öncə ailədə,  sonra  bağça və məktəbdə aşılanır. Vətənpərvərlik tərbiyəsi bütün ictimai formasiyalarda dövrün zəka sahiblərinin həmişə diqqət mərkəzində olub. Gənclərin vətənpərlik ruhunun yüksək olması vacib amildir. Vətən sevgisini hərəmiz bir şəkildə tərənnüm edə bilərik. Yaradıcı insanlar öz əsərlərində bu sevgini daha gözəl göstərə bilir. Hər zaman öz vətənpərvər ifadələri ilə nəsillərin ürəyində böyük vətən sevgisi canlandıran sevimli şairimiz  Məmməd Araz demişkən:    
Vətən daşı olmayandan,
Olmaz ölkə Vətəndaşı...
Vətən borcu, vətən sevgisi hər kəsin ürəyində olmalıdır. Ulu öndər Heydər Əliyev vətənpərvərlik hisslərini yüksək qiymətləndirərək demişdir: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir``.
İnsan dünyaya gəldiyi  gündən müəyyən hüquqları olduğu kimi, vaxt ötdükcə isə hüquq və vəzifələri formalaşır. Uşaq ilk dəfə dünyaya  göz açdığı  ailədə tərbiyə olunur və bu tərbiyə məktəbdə inkişaf etdirilir, cəmiyyətdə formalaşır. Əslində uşaq körpə olarkən valideynlərin bəziləri uşaqların  suallarına necə gəldi cavab  verirlər. Lakin  uşağın yaddaşı möhkəmdir, hər bir cizgini yadında saxlayır. Müəyyən vaxtdan sonra həmin sualı və ya ona oxşar sualın cavabını başqa formada eşitdikdə fikri  haçalanır, “ilk yalan”la rastlaşır. Belə hallarla bir neçə dəfə qarşılaşan uşaqda yanlış ideyalar formalaşmağa başlayır. Sadəcə bir sualı götürək: Nə üçün Vətənimizi ANA VƏTƏN adlandırırıq?  Yaxşı olardı ki, deyək ki,  bizim anamız bizi qucağına alır, köksünə sıxaraq isidir, yemək verir, müxtəlif tələbatlarımızı ödəyir, müdafiə edir, bir sözlə, hər anımızda yanımızdadır, bizi sevir və qoruyur. Vətənimiz Azərbaycan  hər birimizin anasıdır. Dünyanın ən gözəl və ən zəngin təbiətinə malik olan doğma diyarımız bizi dilbər guşələrində bəsləyib boya–başa çatdırır, qayğımızı çəkir, tələbatlarımızı ödəyir və müdafiə edir. Bir sözlə, bizlərə ana kimi qayğı göstərir. Ona görə də Vətənimizə ANA VƏTƏN deyə müraciət edirik. Bu və buna oxşar izahatlar uşaqların yaddaşına köçür, onun düşüncə tərzini saflaşdırır, anasına, Vətəninə olan sevgisini artırır, ruhunu gözəlləşdirir, sağlam   mənəviyyat,  vətəndaşlıq ideyaları formalaşır. İnsanın şüuruna təsir etməklə onda düzgün təsəvvürlər, inam və əqidə yaratmaq olur.
Uşaqlar ictimai davranış normaları ilə tanış olurlar, özlərini harada necə aparmaq lazım olduğunu, yaxşı və pisi başa düşürlər. Mənəviy­yatlı insanlar cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına əməl edir. Çünki o yaxşı bilir ki, cəmiyyətdə bir çox münasibətlər  qanunla deyil, etik normalarla tənzimlənir. Mənəviyyatı sağlam olan insan  çətin şəraitə düşdükdə də  öz keyfiyyətlərini itirmir. O, yaxşılıq etməyə həmişə hazır olur. Mənəvi cəhətdən sağlam olan insanlar  öz nəfsinə qalib gəlməyi bacarır.
Görkəmli Azərbaycan filosofu  Nəsirəddin Tusi demişdir ki, insanın mənəvi ehtiyacları  onun ağlı, şüuru və iradəsi ilə idarə olunur. Hər kəsin xoşbəxtliyinin və bədbəxtliyinin açarı onun  ağıl və iradəsinin ixtiyarına verilmişdir. Əgər insan tədricən elmə, mədəniyyətə, biliklərə yiyələnərsə, istedadı artaraq  onu ucalara qaldırar. Lakin o, cilovu öz nəfsinin ixtiyarına versə, nəfs onu heyvanı mərtəbəsinə endirər.  
İnsanın cəmiyyətdə könüllü qəbul etdiyi davranış qaydaları-əxlaq qaydalarıdır.  Mənəviyyatı yüksək olan insanlarda müsbət aura və əxlaq qaydaları  daha qabarıq təzahür edir. Cəmiyyətdə formalaşan gəncliyin yüksək əxlaqlı və dərin düşüncəli, geniş dünyagörüşlü olması hər bir müəllimin uğurudur. Nə xoş ki, bu gün ölkəmizdə formalaşan gənclik sağlam düşüncəli gələcəyimizin təminatıdır. Dövlətimizin bu sahəni hər zaman diqqət mərkəzində saxlaması işıqlı sabahımızın qarantıdır.  шаблоны для dle 11.2