Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

AMEA-nın ümumi yığıncağı keçirilib

 

Dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində akademiyanın ümumi yığıncağı keçirilib. Ümumi yığıncaqda Azərbaycan Respublikasının Baş Nazirinin müavini Şahin Mustafayev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Təhsil naziri Ceyhun Bayramov və digər hökumət, dövlət və elmi ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, akademik Ramiz Mehdiyev tədbir iştirakçılarını ümumi yığıncağın gündəliyi ilə tanış edib.
Gündəliyə "Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı", AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsi və akademiyanın birinci vitse-prezidentlərinin seçkiləri məsələləri daxil edilib.
Sonra gündəlikdə dayanan birinci məsələ ilə bağlı söz AMEA-nın akademik-katibi Əminağa Sadıqova verilib. "AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı"nın əsas müddəalarını iştirakçıların nəzərinə çatdıran AMEA-nın müxbir üzvü Əminağa Sadıqov bildirib ki, təqdim olunan proqram elmi tədqiqatların prioritetlərinin müəyyən edilməsi, struktur islahatlarının aparılması və idarəetmənin təkmilləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, elmin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və s. məsələləri əhatə edir. Elm, təhsil və iqtisadiyyatın inteqrasiyasının gücləndirilməsi, innovasiya fəaliyyətinin genişləndirilməsi və elmi nəticələrin tətbiqi, Azərbaycançılıq ideologiyasının işlənib hazırlanmasında elmin dəstəyinin təmin edilməsi də proqramda yer alan mühüm bəndlərdir.
Proqram geniş müzakirə olunduqdan sonra qəbul olunub.
Tədbirdə AMEA-nın Nizamnaməsində dəyişikliklər edilməsi barədə məsələ müzakirəyə çıxarılıb. AMEA-nın Nizamnaməsinə bir sıra dəyişikliklərin edilməsi ilə bağlı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edib. Daha sonra AMEA-nın Nizamnamə komissiyası ilə bağlı məsələ müzakirə edilib. Akademik İsa Həbibbəyli komissiyanın sədri seçilib və Komissiyanın yeni tərkibi təsdiq olunub.
Ümumi yığıncaqda akademik İsa Həbibbəylinin AMEA-nın humanitar və ictimai elmlər üzrə birinci vitse-prezidenti, akademik İbrahim Quliyevin təbiət və dəqiq elmlər üzrə birinci vitse-prezidenti vəzifələrinə namizədlikləri irəli sürülüb.


Tarix: 14-01-2020, 18:56

Xəbəri paylaş