Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İngilis dili dərsliklərində istifadə edilən oxu bacarığının əhəmiyyəti

 

Günay Qədimova, 
Xəzər Universiteti, 
Magistratura II kurs tələbəsi,
İxtisas: “Pedaqogika nəzəriyyəsi və tarixi”

Xülasə 

Akademik mühitdə bilik əldə etmənin ən mühüm vasitələrindən biri oxumadır. Şagirdlər yazılı mətnlər və dərs kitabları vasitəsilə bir çox məlumat əldə edə bilirlər. Bu məqalə, ingilis dili təhsil proqramlarında akademik məqsədlər üçün istifadə edilən oxu bacarığının vacibliyi haqqında ümumi məlumat verir.
Açar sözlər: İngilis dili, dərs, oxu bacarığı, modellər.
Abstract 
The Most important tool in acquiring knowledge in an academic setting is realized through reading. Most of the information students process every day is obtained from written information through coursebooks and textbooks. This article, would give an information the importance of reading skill for academic purposes in language teaching programs.
Keywords: English Language, lesson, reading skill, models.
Təhsilin əsas mövzularından olan ingilis dilinin tədrisi, texnoloji inkişafın mədəni dəyişmədən öndə olduğu dövrümüzdə böyük əhəmiyyət daşımaqdadır. Tarix boyunca, insanlar xarici dilləri müxtəlif məqsədlərlə və müxtəlif formalarda öyrənirlər. Elm və texnikanın sürətli inkişafı nəticəsində kütləvi informasiya vasitələrinin yayılması, ölkələr arasında ticarət əlaqələrinin yüksəldilməsi və əlaqələrin intensivləşdirilməsi insanların başqa dövlətlər tərəfindən istifadə olunan xarici  dilləri öyrənmələrinə səbəb olmuşdur. Hal-hazırda, bir və ya bir neçə dilləri bilmək akademik və ya peşə həyatında ön şərtlərdən biridir.
Hər dil xüsusi bir dünya görüşünün əks-sədası olduğundan, xarici dil tədrisi fərdə yeni bir dünyagörüşü qazandırır, o zamana qədərki dünyagörüşünə yeniliklər qatır və baxış nöqtələrini artırır. Xarici dil, xarici dünyaya açdığı qapı vasitəsilə, xarici mədəniyyətləri tanıya və anlaya bilmə, özünü bilmə və dünyaya olan baxış tərzini genişləndirmək imkanı verir.
Dil, düşünmə və ünsiyyət  vasitəsi olaraq  insanın ünsiyyət qura bilmə və dildən istifadə edə bilmə bacarığını müəyyənləşdirir.  Dil eyni zamanda anlatma və anlama vasitəsidir. Dilin təkmilləşərək zənginləşməsi insanların duyğu və düşüncələrinin inkişaf etməsinə və zənginləşməsinə kömək edir. Dil şifahi və yazılı olaraq ünsiyyət qurarkən istifadə etdiyimiz, doğularkən hazır şəkildə əldə etdiyimiz, düşünmə və düşündüklərimizi axtarma ciz­gisidir.
Dil tədrisi əsrlər boyu müxtəlif təhsil müəssisələrində və mühitlərdə həyata keçirilmişdir. İnsanların ana dilini bilmələri ilə yanaşı, ən azı bir xarici dili öyrənmək yalnız müasir texnologiya əsrinin tələbi deyil, çox qədim tarixə əsaslanan bir mövzudur. Xüsusilə də böyük filosofların, alimlərin, şairlərin və ədəbiyyatçıların xarici dil bildiyini, bu günə qədər onlardan bizə çatan əsərlərdən başa düşürük.
Dil tədrisi ümumilikdə çox qədim tarixə malikdir. İnsanlar əsrlər boyu özlərini tanıtmaq, daha çox şeylər öyrənmək və öyrətmək arzusu ilə ya da başqa mədəniyyətləri və yerləri tanıma və  bilmə düşüncəsi ilə dar mühitdən çıxaraq daha geniş mühiti dərketmə qabiliy­yətinə sahib olmuşdur.
İngilis dilinin tədrisində əsas bacarıqlar; anlama bacarıqları  (oxu və  dinləmə), anlatma bacarıqları (danışma və  yazma) olaraq  iki hissəyə bölünür.
Anlatma  bacarıqları  şa­girdlərin  öz  düşüncələrini və fikirlərini şifahi və ya yazılı şəkildə ifadə etməsidir. Anlama bacarıqları isə danışanı  və ya yazılı bir ifadəni anlamaq qabiliyyəti ilə əlaqəlidir. Başqalarının hisslərini və  düşüncələrini  dinləyərək  və  ya oxuyaraq başa düşmək və anlamaq üçün olan  bacarıqlar anlama bacarığının əsasını təşkil edir.
Oksford vurğulayır ki, dil öyrədilməsi  müəllimin xüsusiyyətləri, öyrənənlər və müvafiq dillər ilə uyğunluq təşkil etməlidir. Rəngarəng bir öyrənmə üçün bütün bu mövzular inteqrasiya edilməli və müəllimlərin şagirdlərin ehtiyaclarını qarşılaya biləcəyi vasitələri olmalıdır. (Alderson, J. C. (1984). Reading in a foreign language: A reading problem or a language problem?)
Oxu bacarığı ən çox önəm verilməli olan  bacarıqlardan  və  əsas məzmun xətlərindən biridir.  Oxu  bacarığı dinləmə, danışma və yazı bacarıqlarına da təsir edir.  Oxuma-anlama  bacarığı  həm ən önəmli öyrənmə  vasitəsi kimi,  həm  də  digər  bacarıqların  qazanılmasına  kömək edən ən mühüm bacarıqlardan biri  hesab olunur. İngilis dilinin  öyrədilməsində  oxu  bacarığının  rolu  digər  bacarıqlardan  bir addım daha öndədir. Şagirdlər  mətnin içərisindəki  sözlərin mənalarını,  o sözlərin digər sözlərlə olan əlaqəsini oxu prosesi zamanı kəşf edirlər.  Şagirdlər  xüsusilə  ingilis dilində oxu təlimində  bir çox problemlərlə  qarşılaşırlar. Bu problemlərə  nümunə olaraq  oxuduqları mətni düzgün tərcümə edə bilməmək, yetərli  lüğətlərin olmaması, qrammatik struk­turların  olmamasını  göstərmək olar.
Oxu bacarıqları xarici dil tədrisinin əsas elementlərindən biridir. Oxu, duyğu orqanlarının yazılı bir mətni və ya ifadəsini  qəbul etmək üçün istifadə edilən  zehni  fəaliyyətdir. Oxu, yazılanların daşıdığı mənanı başa düşmə və düşüncələri dəyərləndirən fizioloji və zehni tərəfləri olan kompleks bir sahədir. Görmə, səsləndirmə və  xatırlama  oxu  fəaliy­yətinin  alt quruluşunu təşkil edir. Öyrənmənin ən mühüm yollarından biri oxuma-anlamadır.
Leibnizə görə dil, ağlın aynası hesab edilir.  Oxu prosesi zamanı anlama baş verməsə, oxu    bacarığının heç bir əhəmiyyəti olmaz. Xarici dilin səs quruluşunu dərk edən bir şəxs, bilmədiyi yüzlərlə sözdən ibarət olan bir mətni oxuya bilər, lakin oxuduğu mətnin  mənasını anlaya bilməzsə oxu bacarığına yiyələnə bilməz. Oxu, kommunikasiya, qavrayış, inkişaf və öyrənmə prosesidir. (Özen M. Metinleri ekrandan okumanın anlam kurma üzerine etkisi. “The Journal of Academic Social Science Studies”, 2014, №24.)
Oxu  təliminin  məqsədi şagirdlərdə ətraf aləm haqqında  düzgün biliklər formalaşdırılması, oxu dərslərinin keyfiyyətinin yüksəldilməsi, şagirdlərdə düzgün  oxu  vərdişlərinin  inkişaf etdirilməsi , şagirdlərin nitqinin inkişaf etdirilməsi, ingilis dilinə aid olan lüğət ehtiyatının zənginləşdirməsi, fikirlərini həm şifahi həm də yazılı şəkildə ifadə etmək bacarığının formalaşdırılması, mətndəki  əsas  məzmunu  tapa  bilmək, sözlərin  mənasını  başa düşmək, oxunan materialı düzgün şəkildə qavramaqdır.
Oxu  bacarığı  aşılayan  zaman  qarşıya  qoyulan  hədəf davranışları  bu  cür  sıralamaq  olar:
* Oxu prinsipləri ilə əlaqəli bilik və bacarıqları artırmaq
* Mətn səviyyəsini dəqiq başa düşmək üçün səsli və səssiz oxumaq bacarığı qazanmaq
*  Mətndəki sözlərin, sitatların, atalar sözlərinin, əlaqəli sözlərin, ifadələrin və terminlərin mənasını başa düşmək
* Mətnin mövzusunu düz­gün və dəqiq şəkildə başa düşmək, mətndəki əsas fikirləri ümumiləşdirmək, nəticə çıxarmaq, mətnlə əlaqəli fikrini yaza bilmək və ya sözlü şəkildə ifadə edə bilmək
Goodman oxunu ilk olaraq psixolinqvistik bir proses olaraq izah edir, hansı ki,  oxucu linqvistik səthi təmsil edən kodlaşdırma ilə başlayır və sonra mənasını yenidən qurmaqla oxu prosesini başa çatdırır. Oxucu   müəllifin nəzərdə tutduğu və  qəbul etdiyi mənanı yenidən qurmaq üçün  bir çox strategiya tətbiq etməli olur. Oxucular  bu məlumatları mətndən öyrəndikləri bilik  və ya əvvəlcədən öyrəndikləri biliklərlə müqayisə etməklə əldə edirlər.
Oxuma  prosesinin  daha konkret başa düşülməsi üçün üç oxu modeli yaradılmışdır: bottom-up, top-down və interaktiv modellər.
Bottom-up  model, "məktublar,  morfemlər, hecalar, sözlər, ifadələr və qrammatik mənalar " kimi linqvistik  siqnalların  tanınmasına  yönəlib:
Şagirdlər  ingilis  dilinin  fərqli  morfemlər və orfoqrafik nümunələri arasındakı  fərqi tapırlar.
Müxtəlif ölçülü dil xətlərini qısa müddətli yaddaşda saxlayırlar.
Qrammatik nitq hissələrini və qaydaları tanıyırlar.
Top-down model, mətni başa düşmək üçün zəka və təcrübənin birlikdə  istifadə edilməsinə yönəlmişdir:
- Açıq konteksti olmayan mövzulardan nəticə çıxara bilmək,
- Mətndəki linklər, əlaqələr, hadisələr, ideyalar və s. arasındakı əlaqələri və təsirləri müəyyənləşdirmək və yeni məlumatları ümumiləşdirmə və  məlumat vermə nümunələri dəstəkləyən əlaqələri aşkar edə bilmək,
- Xüsusi istinadlar taparaq onları müvafiq kontekstə uyğun şərh edə bilmək,
- Mətndəki sözlərin mənasını kontekstə uyğun qiymətləndirmək və mətnləri şərh edə bilmək üçün oxu strategiyalarının hazırlaya və istifadə edə bilmək,
- Alternativ olaraq, interaktiv model bottom-up və top- down modelləri birləşdirməyə yönəlmişdir.
Grabe fikrinə əsasən oxu aşağıdakıları tələb edən kompleks bir proses hesab edilə bilər:
1. Avtomatik tanıma qabiliyyəti: Qeyri-ixtiyari bir bacarıq olub, ideal olaraq mətni tanımaq üçün, xüsusilə də sözün tanınması üçün kiçik bir zehni proses tələb edir
 2. Lüğət və  struktur  bilikləri: Dil  strukturunu yaxşı başa düşmək və  geniş lüğətləri tanımaq
 3. Formal struktur bilikləri: Mətnlərin necə təşkil olunduğunu və məlumatların müxtəlif mətn janrlarına  necə tətbiq edildiyini bilmək (məsələn, hesabat, məktub, povest)
4. Məzmun: Mətn  haqqında olan məlumatları əvvəlcədən bilmək və mətndəki mədəniyyətlə əlaqəli olan məlumatları anlamaq
5. Sintez və qiymətləndirmə bacarığı / strategiyaları: Müxtəlif mənbələrdən məlumat oxumaq və müqayisə etmək, oxuduğu mətn ilə bağlı tənqidi düşünmək və məlumatın  məqsədə  uyğun və faydalı olduğunu müəyyən etmək bacarığı
6. Bilik və  bacarıqların monitorinqi:  Zehni proseslərdən xəbərdar olmaq və  nə edəcəyinə dair düşünmə bacarığı və oxuyarkən bir strategiyanı istifadə etmək.
(Goodman, K. (1988). The reading process. In P. L. Carrell, J. Devine, & D. E. Eskey.)
Ədəbiyyat
1. Kərimov Y. Ana dilinin tədrisi metodikası. Bakı, “Kövsər”, 2011
2. Özen M. Metinleri ekrandan okumanın anlam kurma üzerine etkisi. “The Journal of Academic Social Science Studies”, 2014, №24.
3. Roxanne F. Hudson, Paige C. Pullen, Holly B. Lane, Joseph K. Torgesen. Complex Nature of Reading Fluency: A Multidimensional View. “Reading and Writing Quarterly” journal, 2008.
4. Alderson, J. C. (1984). Reading in a foreign language: A reading problem or a language problem?
5. Goodman, K. (1988). The reading process. In P. L. Carrell, J. Devine, & D. E. Eskey


Tarix: 10-07-2019, 13:50

Xəbəri paylaş