Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Dünya ölkələrində orta məktəb ənənələri

 

Dünyanın bir sıra ölkələrində fərqli təhsil sistemləri və onun doğurduğu təhsil ənənələri mövcuddur. Yeni tədris ilinin başlanması ərəfəsində ayrı-ayrı ölkələrdəki orta məktəb sistemlərində mövcud olan maraqlı ənənələri oxucularımıza çatdırmaq maraqlı olardı.
"Bütün məktəblər yaşayış yeri ilə sıx bağlıdır"
Amerikada orta məktəblərin quruluşu və şagird yerləşdirmə prinsipi çox sadədir, bütün məktəblər yaşayış yeri ilə sıx bağlıdır. Valideynlər uşaqlarına əsasən yaşadıqları ərazidə məktəb axtarırlar. Hər şey xəritədəki üçbucaq həddindədir. Məktəb və yaşayış yeri bu üçbucaq daxilindədir, əgər uşağınızın yaxşı məktəbə getməyini istəyirsinizsə, onda bəhs etdiyimiz üçbucaq hüdudunda mənzil kirayə etməli və ya almalısınız. Beləliklə də uşaqların məktəblərdə yerləşdirilməsində ərazi prinsipinə çox sərt qaydada əməl olunur. Hansı məktəbin daha yaxşı olduğunu anlamaq kifayət qədər sadədir, bütün informasiyalar açıq rejimdədir: reytinqlər, testlərin nəticələri, uşaqların tərkibi. Məktəblər isə çox müxtəlif olur. Hətta ən kiçik universitet şəhərciyində orta təhsil müəssisələri var, burada müəllimlər əsasən nizam-intizamın qorunub saxlanması ilə məşğuldurlar. Məktəbin daxili qaydalarına hamı əməl etməlidir. Müəllimlər özləri münaqişəli vəziyyətlərin yaranmamasına nəzarət edirlər. Burada nizam-intizam məsələlərinə dəqiq əməl olunur. Münaqişəli vəziyyət yarandıqda şagird hökmən müəllimə müraciət etməlidir. Əgər müəllim vəziyyətin öhdəsindən gələ bilmirsə, məktəb psixoloqu, sosial xidmət bu məsələyə cəlb olunmalıdır. Yuxarı siniflərdə hətta məktəb polisi vəzifəsi var, əgər uşaq dalaşır, müəllimlə pis rəftar edir, özünü ədəbsiz aparırsa, onun ailəsinə cərimə kəsilir. Cərimələr, böyük miqdarda, məsələn - 400 dollar ola bilər. Bəzi hallarda isə cərimələr ailə büdcəsinə 1000 dollar ziyan vura bilər. Tədris müəssisəsində dövri olaraq məktəb konfransları təşkil olunur, valideynlərin gün ərzində müəllimlə "göz-gözə" danışa bilmələri üçün ixtiyarlarında 15 dəqiqə vaxtları var.
Amerika məktəbinin əhəmiyyətli fərqi ondadır ki, burada şagirdlərə təzyiq göstərmirlər, bilikləri onlara zorla təlqin etmirlər, uşaqlara öz ürəkləri istədikləri fənləri öyrənmək imkanı verilir. Məktəbdə əsas fənlər üzrə müəyyən olunmuş icbari dərs saatları var, qalan fənlər üzrə dərs saatlarını isə uşaqlar öz qabiliyyət və maraqlarına müvafiq olaraq özləri seçirlər.
ABŞ-da məktəb üç pilləyə bölünmüşdür: ibtidai - V sinfə qədər, orta — VI-VIII, yuxarı IX-XII siniflər. Və bu səviy­yələr yalnız müxtəlif mərtəbələr deyil, həm də müxtəlif təhsil müəssisələridir. Belə ki, VIII sinfə qədər heç kəsi məktəbdən qovmağa çalışmır, X sinifdən sonra isə bu ən sadə məsələdir. Bu isə o deməkdir ki, şagird ali təhsil ala bilməyəcək. Universitetlərə qəbul olmaq üçün bir çoxları məktəbi bitirdikdən sonra kollecə gedir, kollecdən sonra isə ali məktəbin II kursuna qəbul olmaq olar. Lakin kolleclərdə təhsil pulludur.
"İsveçdə şagirdlərə VI sinfə qədər qiymətlər yazılmır"
İsveç məktəblərində ev tapşırıqları yoxdur. Pedaqoqlar çoxdan sübut ediblər ki, bu, tamamilə faydasızdır, uşaq ona lazım olan bütün bilikləri məktəbdə almalıdır. Bundan başqa, bu, uşaqları bərabər olmayan vəziyyətdə qoyur: kimlərinsə ailəsində darısqallıq var, ailədə 6 uşaq var və onlar daim qaçışırlar, kimlərsə isə öz evində dayənin yaxından köməyi ilə sakitcə dərslərini edir. Evdə məktəbdə başladığın layihə haqqında düşünmək və ya nəyəsə əlavə olaraq baxmaq olar. Şa­girdlərə VI sinfə qədər qiymətlər yazılmır. Yeri gəlmişkən, bu məsələ barədə qızğın mübahisələr gedir, İsveçdə biliklərin qiymətləndirilməsi sistemi tez-tez dəyişir. İsveç pedaqoqları uşaqların erkən inkişafına qarşıdırlar. Onların hədsiz yüklənməsini zərərli hesab edir və bunun əks təsiri olacağını, mənfi nəticələr verəcəyini düşünürlər. İsveçdə hesab edilir ki, uşaqlar çox oynamalıdır, açıq havada gəzməlidir, onların boş vaxtları çox olmalıdır. Böyük­lər uşaqlara yalnız kömək edirlər, onların yaradıcılıq prosesinə qarışmırlar. İsveçdə hesab edilir ki, məktəbin vəzifəsi uşaqda kreativliyi inkişaf etdirmək, özünə inanmağı öyrətməkdir ki, o azad surətdə yarada bilən insan olsun. İsveç məktəblərində uşaqlara tənqid etməyi, çoxlu sual verməyi, hətta əksəriyyət başqası tərəfdə olsa belə, öz fikrini müdafiə etməyi öyrədirlər.
Proqramlara gəlincə, onlar hər şeydən əvvəl, məktəbin qarşısına qoyduğu hədəflər, biliklərə və hədəflərə yanaşma baxımından fərqlidirlər. Hesab edilir ki, məktəb, ilk növbədə, insana özünü həyatda tapmaq imkanını vermək, bütün predmetləri yoxlamaq, nəyin maraqlı olduğunu anlamaq, daha sonra universitetdə nə ilə məşğul olmaq imkanı yaratmaq üçün lazımdır. Məktəb həyata və ilk növbədə sosial həyata hazırlıq kimi qəbul edilir.
"Uşaqların daha çox peşələrə yiyələnməsi və əmək fəaliyyətinə başlamaları
aktuallıq kəsb edir"
Almaniyanın orta məktəblərində vəziyyət tam əksinədir. Burada intizam dalınca heç kim qaçmır, zorla oxumağa məcbur edilmir, uşaqlar müəllimlərlə danışanda onlara "sən" deyə müraciət edirlər. Alman ibtidai məktəbində hər şey çox azaddır, uşaqlara təzyiq göstərmirlər, onlara daha yaradıcı olmağa imkan verirlər. Almaniyada uşaqlar orta məktəblərə uşaq bağçasından və ya hazırlıq siniflərindən sonra 6 yaşda gedirlər- buna valideynlər özləri qərar verirlər. Və ibtidai məktəbdə dörd il oxuyurlar. IV sinifdən sonra şagirdlər ibtidai məktəbi tərk edir və iki istiqamət üzrə təhsillərini davam etdirirlər. İbtidai məktəbdə problemlər yaşamayan şagirdlər müəllimlərinin tövsiyəsi ilə gimnaziyaya gedirlər. Orada uşaqlar 12 sinfə qədər oxuyurlar, imtahan verir və əldə etdikləri ballara müvafiq olaraq onları qəbul etməyə hazır olan universitetlərə gedirlər. Digər, geridə qalan uşaqlar isə adi məktəblərə gedir və orada X sinfə qədər oxuyurlar, sonra isə texnikuma və ya peşə texniki məktəbinə yollanır və işləməyə başlayırlar. Əgər buraxılış imtahanları müvəffəqiyyətlə verilmişsə, orta məktəbdən sonra da gimnaziyalara daxil olmaq imkanı var. Bu halda 3 il oxumaq, yəni 13 il oxumaq tələb olunacaq. Gimnaziyalara düşmək isə kifayət qədər çətindir. Uşaqların daha çox peşələrə yiyələnməsi və əmək fəaliyyətinə başlamaları aktuallıq kəsb edir.
"Fransalı şagirdlər çox müstəqil böyüyürlər"
Fransada uşaqları böyük həcmdə nəzəri biliklərlə yükləmək qəbul olunmazdır, eləcə də onların erkən inkişafı da dəstəklənmir. Əvəzində uşaqlar muzeylərə və teatrlara gedirlər, sirkdə oxuyur, at sürür, həmçinin öz düşüncə və fikirlərini ifadə edə bilirlər. Uşaqlara dərs materialını əzbərləməməyi, öz fikrini ifadə etməyi. mövqeyini çatdırmağı, mübahisə və müzakirələr aparmağı öyrədirlər. Fransalı şagirdlər çox müstəqil böyüyürlər. Məktəbdə dəqiq elmlər o qədər də dərindən öyrədilmir, amma onlar bu həcmdə heç də bütün uşaqlara lazım deyil. Əgər riyaziyyat uşağa maraqlıdırsa, o, bu fənni artıq ali təhsil müəssisəsində ciddi öyrənəcək. Buna görə də, yəqin ki, fransız uşaqlarına məktəbdə oxumaq daha asandır, onlardan bütün sahələrdə super-istedad olmaq tələb olunmur. Onlar dərslər və qiymətlərlə yüklənmirlər. Ekskursiyalara yürüş edir, teatra, muzeylərə və kinoteatrlara, kinoya baxmağa gedirlər. Bəzən tam bir ay ərzində şagirdlər məktəbə getmir, onları sirkə aparırlar, onlar burada sirk peşələrini öyrənirlər. Növbəti dəfə, məsələn, hovuza gedir, üzməyi öyrənirlər. Bütün bunlar isə dərs vaxtı baş verir və məktəbin hesabınadır.
"Valideynlər övladlarının təhsili ilə bağlı hər hansı həyəcan yaşamır"
Polşada uşaqlara çox xeyirxahlıqla yanaşırlar, tədris prosesi müəllimlər üçün üzücü deyil, valideynlər övladlarının təhsili ilə bağlı hər hansı həyəcan yaşamırlar. Və ümumiy­yətlə, həyat çox sakitdir, bu isə özünü ibtidai məktəbin strukturunda da göstərir. Polşalı şagirdlər müxtəlif fənlər üzrə mək­təblilərin təhsil səviyyəsinin beynəlxalq reytinqində (PISA) riyaziyyat üzrə 4 -cü yeri tutublar. PISA qiymətləndirməsinin nəticələrinə həsr olunmuş hesabatda həm də qeyd olunmuşdur ki, onlar məhz məntiqi düşüncə sahəsində, tapşırıqların texniki həllində güclüdürlər. Ümumiy­yətlə, polşalı valideynlər məktəblərdə təhsilin keyfiyyəti barədə narahatçılıq keçirmirlər.
İbtidai, daha dəqiq, baza məktəblərində uşaqlar 6 il oxuyurlar. Birinci sinifdən üçüncü sinfə kimi bütün fənlər bir müəllim tərəfindən (ingilis dili, informatika və din dərsləri istisnadır) tədris olunur. IV -VI siniflərdə bölünmə başlanır. Daha sonra imtahanlar başlayır və uşaqlar gimnaziyaya keçirlər, burada isə daha üç il - VII - IX siniflər üzrə təhsil alırlar. Bundan sonra onlar attestatı ala və texnikuma gedə bilərlər. Onlar burada dörd il oxuyaraq orta peşə təhsili alırlar ki, bu da prinsip etibarilə, sonradan universitetə daxil olmağa mane olmur. Bəzən isə onlar liseyə daxil olaraq X-XII siniflərdə oxuyurlar. İbtidai məktəblərdə ingilis dili I sinifdən icbari fənn kimi tədris olunur. VII sinifdən isə ikinci xarici dilin, bir qayda olaraq, alman dilinin tədrisinə başlanılır.
"İbtidai siniflərdə şagird gündəliklərinə qiymətlər yazılmır"
Şotlandiyada təhsil ingilis təhsilinə çox oxşayır. Əsas fərq ondan ibarətdir ki, uşaqlar məktəbə bir il gec, 5 yaşda gedirlər. Britaniya tərbiyə sisteminin hədsiz ciddiliyi haqqında təsəv­vürlərə baxmayaraq, məktəblərdə uşaqlar özlərini çox rahat və azad hiss edirlər. Tədris prosesində heç bir təzyiq və sıxışdırma yoxdur. Məktəblərdə şagirdlərin 45 dəqiqə ərzində çox sakitcə oturması və hərəkətsiz qalması hallarına rast gəlmək olmur. İbtidai siniflərdə şagird gündəliklərinə qiymətlər yazılmır, dəftərlərdə "əla" və ya "bu cür davam et" kimi qeydlər var. Əlbəttə ki, yuxarı siniflərdə uşaqlar imtahanlara hazırlaşmağa başlayırlar, gücləndirilmiş şəkildə məşğələlərə qatılırlar, ancaq bununla belə, tədris prosesi, qiymət, ali məktəbə qəbul sahəsində hər hansı stress, həyəcan yaşamırlar. Əsas məsələ odur ki, uşaqlar dərin məmnunluq içində məktəbə qaçırlar, orada onun dostları və oyunlar var və belə bir şəraitdə oxumaq da çox maraqlıdır.
Hazırladı:
O.MUSTAFAYEV


Tarix: 19-09-2017, 11:53

Xəbəri paylaş