Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Qalib müəllim” müsabiqəsinin qalibləri mükafatlandırılıb





Mayın 27-də 6 nömrəli məktəbdə Təhsil Nazirliyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda, qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılması məqsədilə keçirilən “Qalib müəllim” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin, Türkiyə Milli Təhsil Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri, müsabiqənin münsifləri və qalibləri iştirak ediblər.
Tədbir iştirakçılarını 6 nömrəli məktəbin şagirdləri “Qarabağ Azərbaycandır!” mahnı kompozisiyası ilə qarşılayıblar. Tədbirdə şəhidlərimizin xatirəsi ehtiramla yad olunub.
Təhsil naziri Emin Əmrullayev çıxışında qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın arzularının gerçəkləşməsidir. Gerçəkləşən arzumuzun qəhrəmanlarının tanıdılması üçün isə belə müsabiqələrin təşkil olunması vacibdir.
Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuk vurğulayıb ki, İkinci Qarabağ müharibəsinin Zəfərindən əsrlərboyu gələcək nəsillərimizə bəhs etməliyik. Belə müsabiqələr qəhrəmanlarının tanıdılmasında mühüm rol oynayır.
Müsabiqənin münsiflər heyətinin üzvü Elçin Şıxlı bildirib ki, İkinci Qarabağ müharibəsində Azərbaycan müəllimi şagirdləri ilə çiyin-çiyinə döyüşərək qalib oldu.
Münsiflərin qərarına əsasən Əziz Cəfərli 5-ci, Elnur Əkbərov 4-cü, Samirə Sultanova 3-cü, Türkan Nəsibova 2-ci, Ayaz Mirzəyev isə 1-ci yerə layiq görülüb. Qonaqlar qaliblərə Təhsil Nazirliyinin təşəkkürnaməsini və qiymətli hədiyyələr təqdim ediblər.
Xatırladaq ki, müsabiqədə ölkəmizdəki media qurumlarının nümayəndələri iştirak ediblər. Müsabiqəyə “Qalib əsgərin müəllimi” (şagird və tələbələri vətənpərvər ruhda yetişdirən Azərbaycan müəllimi haqqında videooçerk), “Ön cəbhədə döyüşən müəllim” (Vətən müharibəsində iştirak etmiş əsgər, qazi və şəhid olan müəllimlərin həyat hekayəsi) mövzularında ümumilikdə 55 videohekayə təqdim edilib. Münsiflər heyəti tərəfindən 5 qalib müəyyənləşdirilib.


Tarix: 27-05-2021, 20:53

Xəbəri paylaş