Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ DÜNƏN VƏ BU GÜN

 

İbrahim Cəfərov,
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru,
AMEA-nın müxbir üzvü, professor 

Azərbaycanda aqrar təhsilin və aqrar elmin inkişafının, milli kənd təsərrüfatı kadrlarının hazırlığının əsası böyük mütəfəkkir, görkəmli maarifpərvər, Moskva Universitetinin məzunu, burada təbiət elmləri namizədi alimlik dərəcəsi almış Həsən bəy Zərdabi, Petrovsk–Razumovsk Meşə Təsərrüfatı Akademiyasının məzunu Nəcəf bəy Vəzirov, onların davamçıları Fətulla bəy Rzabəyli, Camo bəy Cəbrayılbəyli və bir sıra əcnəbi alimlər tərəfindən qoyulmuşdur. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə xarici ölkələrin ali məktəblərinə göndərilən 100 nəfər gəncin arasında kənd təsərrüfatı ixtisasına yiyələnmək üçün Rəcəbli Əhməd Cabbar oğlu, Nağıyev Hüseyn Hacı Musa oğlu, Abdinov Bəhram Əlövsət oğlu və Mirzə Göygöl (Hacızadə) də var idi. Ə.Rəcəbli İtaliyada, H. Nağıyev Almaniyada aqrar təhsil almış, ömürlərinin çox hissəsini sürgünlərdə keçirmiş, B.Abdinov Moskvada Petrovsk-Razumovsk adına Meşə Təsərrüfatı Akademiyasında bir müddət oxuduqdan sonra Almaniyanın Bonn şəhərində Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir. Hər üçü həyatlarının son illərində samballı alim kimi AKTİ-də, indiki Azərbaycan Dövlət Aqrar Universitetində mütəxəssis hazırlığı ilə məşğul olmuşlar. Mirzə Göygöl (Hacızadə) isə Almaniyada təhsil almış, Türkiyədə vəfat etmişdir.
Azərbaycan Dövlət Aqrar Universiteti ölkəmizin ali təhsil müəssisələri arasında çox qədim tarixə malikdir. Belə ki, 1919-cu ilin sentyabr ayında Bakı Dövlət Universiteti yaradıldıqdan təxminən bir il sonra, yəni 1920-ci il noyabrın 13-də Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı qərarla 2-ci ali məktəb - Bakı Politexnik İnstitutu təsis edilmiş, onun nəzdində 5 fakültə, o cümlədən kənd təsərrüfatı fakültəsi yaradılmış, bununla da ölkəmizdə ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmışdır. Fakültə 9 il, yəni 1929-cu ilədək fəaliyyət göstərmişdir. Kənd təsərrüfatı fakültəsində tədris prosesini təmin etmək üçün Cənubi Qafqaza sürgün edilmiş bir qrup rus və digər əcnəbi alimlər cəlb edilmiş, 1924-cü ildə yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssislərinin birinci buraxılışı olmuşdur.
Kənd təsərrüfatı fakültəsinin təşkili xalq mədəniyyətinin inkişafı tarixində çox mühüm mərhələ olmaqla Azərbaycanda ali kənd təsərrüfatı təhsilinin başlanğıc tarixi ilə yanaşı, eyni zamanda respublikada kənd təsərrüfatı elminin yaranması və təşəkkülünün başlanğıcı kimi tarixə daxil olmuşdur. Bu dövrlərdə yeni yaradılmış MTS-lər və kolxozlar kənd təsərrüfatı fakültəsindən yüzlərlə mütəxəssis tələb etdiyindən ölkədə müstəqil kənd təsərrüfatı institutunun yaradılması zərurəti yaranır. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə kənd təsərrüfatı fakültəsinin bazasında Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (AKTİ) yaradılır, institut Xalq Maarif Komissarlığının tabeliyindən Xalq Torpaq Komissarlığının tabeliyinə verilir və 1931-ci ildə Bakıdan Gəncəyə köçürülür.
AKTİ-nin yarandığı ilkin dövrlərdə burada görkəmli elm xadimləri fəaliyyət göstərmişlər. Azərbaycan Dövlət Himninin sözlərini yazmış, görkəmli istiqlal şairimiz Əhməd Cavad Axundzadənin ədəbi-ictimai fəaliyyətinin müəyyən bir dövrü (1931-1934) bu qocaman təhsil ocağı ilə bağlı olmuşdur. Ə.Cavad əvvəllər dilçilik kafedrasının dosenti olmuş, sonralar kafedraya rəhbərlik etmiş və ilk professor kimi çalışmışdır. Hazırda dillər kafedrası onun adını daşıyır. Azərbaycan Elmlər Akademiyasının akademikləri Yusif Məmmədəliyev, Çingiz Cuvarlı, Əlisöhbət Sumbatzadə, İosif Yesman və bir çox başqaları bu ali məktəbdə çalışmış, mütəxəssis hazırlığında böyük xidmətlər göstərmişlər. Akademik Yusif Məmmədəliyev AKTİ-də kimya kafedrasının müdiri işləmişdir.
Milli kadrların yetişdirilməsində sonralar yeni uğurlar əldə edildi. AKTİ-nin məzunları akademiklər Həsən Əliyev, Validə Tutayuq, İmam Mustafayev, İlyas Abdullayev, Ələkbər Quliyev, Cəbrayıl Hüseynov, Firuz Məlikov, Müzəffər Abutalıbov, Musa Musayev, Vahid Hacıyev, Siddiqə Məmmədova, Məmmədtağı Cəfərov, Akademiyanın müxbir-üzvləri Kazım Ələkbərov, Ağaxan Ağabəyli, Rəhim Hüseynov, Məmmədəmin Salayev və bir çox başqaları mütəxəssis hazırlığında böyük rol oynamışlar.
Bu təhsil müəssisəsinə dövlətimiz tərəfindən həmişə xüsusi qayğı və diqqət göstərilmişdir.
1932-ci ildə AKTİ-nin dar çərçivədə 10 illik yubileyi keçirilmiş, 50 çap vərəqi həcmində 1000 nüsxə (500-ü türk dilində, 500-ü rus dilində) yubiley toplusu Bakıda “Qızıl Şərq” mətbəəsində nəşr edilmişdir. O dövrdə institutun tarixi təbii olaraq kənd təsərrüfatı fakültəsinin yarandığı ildən, yəni 1920-ci ildən hesablanırdı. Elə bu münasibətlə də 1940-cı ildə institutun 20 illik yubiley keçirilmiş, SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə bu təhsil ocağının bir qrup əməkdaşı kənd təsərrüfatı istehsalının və elminin inkişafında böyük xidmətlərinə görə Sovet İttifaqının orden və medalları ilə təltif edilmişdi.
1969-1982-ci illər Azərbaycan elminin və təhsilinin intibah dövrü kimi yaddaşlarda qalıb. Ulu öndər Heydər Əliyev 1970-ci ildən başlayaraq Azərbaycanda milli təhsil sis­teminin inkişafına böyük diqqət yetirirdi. Həmin illərdə respublikada ali təhsil ocaqlarının, o cümlədən Azərbaycan Dövlət Aqrar Universitetinin (keçmiş AKTİ) də inkişafı ulu öndərimizin adı ilə bilavasitə bağlıdır.
İnstitutun yaradılmasının 50 illiyi ilə əlaqədar o illərdə Azərbaycanın rəhbəri olmuş ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə yük­sək­ixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 16 may tarixli fərmanı ilə “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.
1980-ci il dekabrın 16-da ulu öndər Gəncəyə səfər etdi. Yubiley günü Gəncədə onun təşəbbüsü və dəstəyi ilə yeni salınmış “Xatirə parkı”nın (indiki “Heydər Əliyev park kompleksi”) AKTİ-yə ayrılmış sahəsində çinar ağacı əkdi. Bu gün həmin çinar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin möcüzə adlandırdığı möhtəşəm park-kompleksə xüsusi yaraşıq verir.
İnstitutun yubiley təntənəsindən öncə ulu öndər bu təhsil ocağının tədris və elmi fəaliyyətini əks etdirən sərgi ilə tanış oldu, alimlərlə görüşdü, dəyərli tapşırıqlarını verdi.
Təntənəli yığıncaqda Heydər Əliyev Sovetlər İttifaqının rəhbərliyi adından “Şərəf nişanı” ordenini ins­titutun kollektivinə təqdim etdi və geniş nitqində dedi: “Azərbaycan Kənd Təsərrüfatı İnstitutu nəinki yüksəkixtisaslı kadrlar hazırlamalı, həm də respublikada kənd təsərrüfatını daha da inkişaf etdirmək sahəsində elmi tədqiqatların mühüm mərkəzi olmalıdır”.
Ulu öndərin bu tapşırığı hazırda da universitetimizdə layiqincə yerinə yetirilir, aqrar sektorun perspektivlərinin indiki şəraitində kollektivimiz qarşısında daha gərgin işləmək tələbi yaradır.
Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Prezidenti kimi “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanı ilə ölkəmizdə cəmi 4, o cümlədən universitetimiz özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən dövlət ali təhsil müəssisəsi kimi təsdiq edilmişdir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Dövlət Aqrar Universiteti ulu öndər Heydər Əliyevin arzuladığı kimi inkişaf edir.
Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin nəticəsində indi ölkəmiz öz tarixinin şanlı dövrünü yaşayır, sürətlə və dinamik inkişaf edir. Son illər Azərbaycan dünyada rəqabət qabiliyyətinə görə öncül yerləri tutur ki, bu da çox böyük nailiyyətdir.
Möhtərəm Prezidentimiz belə bir konseptual ideya irəli sürmüşdür ki, “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir”.
Cənab Prezidentin göstərişi ilə ayrılmış maliyyə vəsaiti hesabına son 4 ildə universitetin maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, əsaslı yenidənqurma, tikinti-abadlıq işləri həyata keçirilmiş, müvafiq tədris avadanlıqları ilə təchiz olunmuşdur.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proq­ramı”na uyğun olaraq dünya standartlarına cavab verən 7 mərtəbəli 520 yerlik tələbə yataqxanasının tikintisi 2016-cı ilin əvvəllərində başa çatdırılmışdır. Yüksək zövqlə və keyfiyyətlə tikilmiş bu yataqxana - “Tələbə evi” sosial məsələlərin həlli baxımından mühüm əhəmiyyətə malikdir. Burada tələbələrin yaşaması və istirahəti üçün bütün imkanlar vardır. Yataqxananın 4 korpusu 7 mərtəbəli, 1 korpusu 6 mərtəbəli binalardan ibarət olmaqla burada qeydiyyat şöbəsi, kitabxana, stomatoloji kabinet, müayinə otağı, fotoatelye, akt və fitnes zalları, ticarət, iaşə və məişət xidməti obyektləri, istirahət guşələri, mətbəx fəaliyyət göstərir. Yataqxananın elektrik enerjisi ilə təminatı üçün 1000 kilovoltluq gücü olan transformator, isti və soyuq su ilə təminatı üçün qazanxana quraşdırılmış, su və yanğından mühafizə üçün hovuzlar inşa edilmişdir.
2016-cı il fevralın 17-də ölkə Prezidenti cənab İlham Əliyev Gəncəyə səfəri zamanı bir neçə obyektin, o cümlədən bu yataqxananın açılış mərasimində iştirak etmişdir. Möhtərəm Prezidentimiz Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin müşayəti ilə tələbə yataqxanasının rəmzi açılışını bildirən lenti kəsdi, yataqxana ilə tanış oldu.
Cənab Prezidentin bu açılış mərasimində iştirakı professor-müəllim heyətinin və tələbələrin dərin sevincinə səbəb olmuş, onları daha yaxşı işləməyə və oxumağa ruhlandırmışdır.
Həmin yataqxananın layihəsi üzrə ikinci yataqxananın tikintisi sürətlə davam etdirilir, 2017-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Ölkə rəhbərinin göstərişi ilə ayrılmış maliyyə vəsaiti hesabına mühəndislik fakültəsinin tədris korpusu müasir standartlar səviyyəsində əsaslı təmir olunmuş, zəruri avadanlıqlarla təchiz edilmişdir.
2016-cl il sentyabrın 15-də universitetdə tələbələrin, valideynlərin və professor-müəllim heyətinin iştirakı ilə “Bilik günü”nə həsr olunmuş təntənəli toplantı keçirildi, toplantıda kənd təsərrüfatı naziri Heydər Əsədov mühəndislik korpusunun açılış mərasimində iştirak etdi, 2016-2017-ci tədris ilində 500 və 600-dən çox bal toplayaraq universitetə qəbul olunmuş tələbələrə qiymətli hədiy­yələr və tələbə biletləri verdi, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmrinin icrasının davamı kimi, 250-dən çox bal toplayaraq “aqronomluq”, “zootexniklik” və “baytarlıq” ixtisaslarına qəbul olunmuş tələbələrin aylıq təqaüdünə bundan sonra da əlavələrin edilməsinin zəruriliyini bildirdi.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin 24 may 2013-cü il tarixli 63 nömrəli Sərəncamı ilə 2013-2014-cü tədris ilindən başlayaraq ADAU-nun bakalavriat səviyyəsinə 11 ixtisas üzrə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında planlaşdırılır.
Bu tədris ilində 12 ixtisasa tələbə qəbulu yalnız dövlət sifarişi əsasında həyata keçirilmişdir. Bunlar “torpaqşünaslıq və aqrokimya”, “aqronomluq”, “meşəçilik”, “ekologiya”, “su bioehtiyatları və akvabitkilər”, “yerquruluşu, torpaq və şəhər kadastrı”, “zootexniklik”, “baytarlıq”, “balıqçılıq və balıqçılıq təsərrüfatı işi”, “əczaçılıq”, “aqromühəndislik”, “meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi” ixtisaslarıdır ki, bu ixtisaslara 660 nəfər qəbul olunmuş və plan 100% yerinə yetirilmiş, ümumi qəbul planının isə 698 nəfəri (60%) dövlət sifarişi ilə qəbul olunmuşdur. Respublika üzrə qəbul planı 1000-dən artıq olan 9 universitet arasında dövlət sifarişi ilə qəbulun nəticələrinə görə ADAU ikinci yerdədir.
Əvvəlki tədris illərindən (müsabiqə balı 150) fərqli olaraq 2016-2017-ci tədris ilində dövlət sifarişli ixtisaslarda minimal keçid balı 201 – 256 intervalında olmuşdur. 2 tələbə 600-dən artıq, 10 tələbə 500-dən artıq bal toplamaqla universitetə qəbul olunmuşdur.
Universitetdə bakalavriat səviy­yəsində tədris 3 dildə (Azərbaycan, rus və ingilis (iqtisadiyyat ixtisası) aparılır. 2017-2018-ci tədris ilindən “aqronomluq” ixtisası üzrə də 15 nəfərdən ibarət ingilis dilində qəbul planlaşdırılmışdır.
Əcnəbilərin cəlb edilməsi məqsədilə universitetin elektron poçtunda bütün məlumatlar (ixtisaslar, təhsil haqları, müasir yataqxana, idman bazası, güzəştlər və s.) yerləşdirilmişdir.
Qarşımızda bu gün daha ciddi məsələlər dayanır. Bütün sahələrdə böyük irəliləyişlər əldə edilən Azərbaycanda təbii ki, aqrar bölmənin peşəkar mütəxəssislərlə təminatı mühüm amillərdəndir. Bu sahədə mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə tədris bazasının genişləndirilməsinə ciddi ehtiyac var. Bu baxımdan son illər Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə universitetdə yeni mərkəzlər yaradılmış, müasir laboratoriyalar, kənd təsərrüfatı texnikası, tədris avadanlıqları alınaraq istifadəyə verilmişdir.
Son illərdə tələbələrin təhsilə marağının artırılması məqsədilə xeyli sayda kompüter alınıb. Bu gün universitetin hər dörd tələbəsinə bir kompüter düşür ki, bu da respublikanın ali təhsil müəssisələrindəki orta göstəricidən dəfələrlə çoxdur. Bununla yanaşı xeyli sayda smart-lövhə, nootbuk, proyektor, mikroskop, plotter, elektron tərəzi və s. alınmış və hazırda istifadə olunur.
Tələbələrin intellektual səviyyəsinin artırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə son 4 ildə tələbələr üçün ödənişsiz ingilis dili, kompüter və dizayn üzrə kurslar yaradılıb. Bunlarla yanaşı müxtəlif növ oyunlar, olimpiadalar, inşa müsabiqələri keçirilir, nəticələrinə görə fərqlənənlərə fəxri fərmanlar və pul mükafatları verilir.
Uzun illər acınacaqlı vəziyyətdə olan idman zalı əsaslı təmir edilmiş, zəruri trenajorlarla təchiz olunmuş və tələbələrin istifadəsinə verilmişdir.
“Balıqçılıq və balıqçılıq təsərrüfatı işi” ixtisası üzrə mütəxəssis hazırlığının keyfiyyətini yaxşılaşdırmaq məqsədilə baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində ümumi sahəsi 72 m2 olan “Qapalı balıqyetişdirmə laboratoriyası” yaradılmış, burada 2 mindən çox balıq yetişdirilməsinə başlanmışdır. Ərazi­də 16 ədəd açıq su hovuzu inşa edilmişdir ki, onların hər birində müxtəlif cins balıqlar bəslənilir. Laboratoriyada tələbələr balıq kürüsünün alın-ması, mayalandırılması məsələlərindən başlayaraq, balıq alınmasınadək bütün texnoloji prosesdə iştirak edir, həmçinin müxtəlif növ balıqların yetişdirilməsi və yemləndirilməsi tex­no­logiyasına da yiyələnirlər. Bununla yanaşı fakültənin nəzdində quşçuluq tədris mərkəzi, bildirçin yetişdirilməsi üzrə tədris təcrübə təsərrüfatı fəaliyyət göstərir. Fakültədə pataloji anatomiya mərkəzi, anatomiya muzeyi müasir standartlar səviyyəsində təmir edilmiş və istifadəyə verilmişdir.
Universitetdə heyvandarlığın müxtəlif sahələri ilə yanaşı arıçılıq üzrə də mütəxəssis hazırlığının müasir tələblər səviyyəsində qurulması məqsədilə baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin ərazisində arıçılıq məhsullarının istehsalı laboratoriyası qurulmuş və istifadəyə verilmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin maliyyə dəstəyi ilə baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tədris korpusuna yaxın ərazidə 20 başlıq qaramal, 4 başlıq at üçün müasir tipli ferma inşa olunur ki, bu da baytarlıq və zootexniklik ixtisasları üzrə mütəxəssis hazırlığının keyfiyyətinə müsbət təsir edəcək amillərdəndir.
Bağçılıq kafedrasının nəzdində Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə hər biri 160 m2 olmaqla 5 istixana yaradılmışdır. İstixananın istiqaməti tərəvəz və örtülü meyvəçiliyin (giləmeyvə, sitrus meyvə bitkiləri) becərmə texnologiyasını tələbələrə tədris etməklə yanaşı, təcrübə işlərinin də yerinə yetirilməsini öyrətməkdən ibarətdir. Bu məqsədlə istixanalarda xiyar, pomidor və müxtəlif sitrus meyvə bitkiləri yetişdirilir.
Ölkə Prezidenti cənab İlham Əliyevin “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində “Hər il “Kənd təsərrüfatı ili” olmalıdır” ifadəsi onun kənd təsərrüfatının inkişafına daimi diqqət və qayğısının bariz nümunəsidir. Kənd təsərrüfatına verilən bu dəyər Universitetimizin professor-müəllim kollektivindən yüksəkixtisaslı mütəxəssis hazırlığının keyfiyyətinə müasir düşüncə baxımından yanaşmağı tələb edir. Ölkə rəhbərinin aqrar sahəyə böyük diqqəti və qayğısının bariz nümunəsi kimi əksər strateji bitkiçilik məhsullarından pambıqçılıq, tütünçülük, baramaçılıq, fındıqçılıq və digərlərinin daha da inkişaf etdirilməsi üçün əsaslı tədbirlərin görülməsidir. Bu baxımdan 2017-ci ilin yanvar ayında universitetdə “Azərbaycan Respublikasında pambıqçılığın mövcud vəziyyəti və inkişaf yolları” mövzusunda ümumrespublika elmi-praktik konfransı keçirilmiş, konfransda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm, İnformasiya və Məsləhət Xidməti Mərkəzinin, MMC-nin rəhbər işçiləri, mütəxəssisləri, pambıq əkən rayonların fermerləri və torpaq mülkiyyətçiləri, sahəvi Elmi Tədqiqat İnstitutlarının əməkdaşları, RAEM-nin direktorları iştirak etmişlər. Fevral ayında universitet Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Zaqatala rayonunda “Azərbaycanda tütünçülüyün mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda Respublikanın tütün əkən rayonlarının fermerləri, torpaq mülkiyyətçiləri və iş adamlarının iştirakı ilə işgü¬zar ümumrespublika elmi-praktik konfrans keçirmişdir. Konfransda müxtəlif məruzələr dinlənilmişdir.
Bağlanmış ikitərəfli müqavilələrə əsasən universitetin tələbələri istehsalat təcrübəsi keçmək üçün respublikanın ən qabaqcıl müəssisələrinə, o cümlədən xarici ölkələrə göndərilirlər. 2016-cı ildə 7 tələbə Türkiyədə, 5 tələbə Almaniyada, 3 tələbə Sankt-Peterburq şəhərində istehsalat təcrübəsində olmuşlar. Respublikamızda mərkəzi Bakı olmaqla, regionlarda bölmələri olan “İnteqris” və “Az.Daşkad”şirkəti, “Tovuz – Baltiya” şirkəti, Samux rayonu “Boz-Dağ” heyvandarlıq kompleksi, Bərdə rayonu Qarabağ Aqrokompleksi, Qəbələ rayonu Aqrokompleksi, Ucar rayonu “Mərcan Broyler”, Ağcabədi rayonu “Aqat-Aqro” MMC, “BMS – AQRO” MMC, Biləsuvar rayonu “Azərsun”-Holdinq, Şabran rayonu “Səba Broyler” və digər müəssisələrdə tələbələrimiz istehsalat təcrübələri keçmişlər. Bununla yanaşı keçən il noyabrın 14-də “Mən necə karyera qurdum” adlı layihə üzrə tələbələrlə tanınmış iş adamlarının görüşləri keçirilmiş, bu işlər hazırda da davam etdirilir. Hər il olduğu kimi, 2016-cı il mayın 17-də ADAU-da ənənəvi 8-ci məzun yarmarkası keçirilmiş, yarmarkada kənd təsər­rüfatı nazirinin müavini Seyfəddin Talıbov və nazirliyin məsul işçiləri ilə yanaşı 36 rayondan 120-ə yaxın müəssisə, təşkilat, şirkət və fermer təsərrüfatlarının nümayəndələri iştirak etməklə 700-dən artıq vakant iş yeri təklif olunmuş, 400-ə yaxın məzunun sənədi qəbul olunmuşdur. Yarmarkada Qrand Motors MMC, Səba ASC, Qarabağ Taxıl ASC, Biləsuvar Süd MMC, Süsən Aqro MMC, Azərtoxum, Aqro Dairy MMC, BMS Aqro MMC, Azərsun Holdinq, Nurgün Aqro MMC, Kürdəxanı Şitil MMC, Millia, Greentech, Birlik MMC, Vətən AZ, AzRus Dostluq, Hacıqabul Quşçuluq, Bozdağ Heyvandarlıq Kompleksi, Qəbələ “Jalə” Konserv zavodu, “Bərdə Yağ-Pendir” və digər şirkətlər iştirak ediblər. Yarmarka iştirakçıları universitetdə yaradılan maddi-texniki baza, o cümlədən yeni tələbə yataqxanası, quşçuluq tədris mərkəzi, bildirçin yetişdirilməsi üzrə tədris təcrübə təsərrüfatı, qapalı və açıq balıqyetişdirmə laboratoriyası, müasir istixana kompleksi və digər obyektlərlə yaxından tanış olmuşlar.
2016-cı ildə əməkdaşlarımız tərəfindən 4 monoqrafiya, 27 dərslik, 37 dərs vəsaiti, 102 metodik göstəriş, 288 fənn proqramı, 1124 məqalə, (1006-sı respublikada, 118-i xaricdə), 4-ü impakt faktorlu jurnalda nəşr olunmuş, 1 qarğıdalı sortu, 9 patent və 9 müəlliflik şəhadətnaməsi alınmış, 8 plakat, 2 xəritə hazırlanmış, alimlər tərəfindən əldə olunmuş “Məhsuldar” qarğıdalı sortu yeni sort kimi təsdiq olunmuşdur.
Son illərdə universitetin beynəlxalq əlaqələri xeyli inkişaf etmiş, xarici ölkələrin tanınmış universitetləri ilə müqavilələr imzalanmış, hər il əcnəbi alimlərin iştirakı ilə müxtəlif mövzularda elmi-praktik konfranslar keçirilir.
2016-cı il oktyabrın 3-4 tarixlərində “Aqrar elmin inkişafı, ərzaq təhlükəsizliyi və ətraf mühitin mühafizəsində beynəlxalq əməkdaşlıq” mövzusunda 8-ci beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfransda 16 ölkədən, o cümlədən Almaniya, Türkiyə, Rusiya, Polşa, Qazaxıstan, Yunanıstan, Çexiya, Tailand və digər ölkələrdən 73 nümayəndə, həmçinin Azərbaycan MEA – nın həqiqi və müxbir üzvləri iştirak etmiş, konfransda maraqlı məruzələr dinlənilmişdir. ADAU Elmi Şurasının qərarına əsasən Qazax Milli Aqrar Universitetinin rektoru, akademik Yespolov Tlektes İsabayeviçə və K.A.Timiryazev adına Rusiya Dövlət Aqrar Universiteti – Moskva Kənd Təsərrüfatı Akademiyasının professoru Fevzi Cəlilova Azərbaycan Dövlət Aqrar Universitetinin “Fəxri Doktoru” adı verilmiş, diplomlar və mantiya konfransda təntənəli şəkildə təqdim olunmuşdur.
Konfransın gedişində ABŞ İllinoys Universitetinin professoru, ADAU-nun “Fəxri Doktoru” Məhəmməd Babadostla telebağlantı yaradılmış, onun konfrans iştirakçılarına təbriki çatdırılmışdır.
Universitet Elmi Şurasının qərarı ilə Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike Freyberqaya ADAU-nun “Fəxri Doktoru“ adı verilmiş, 2016-cı il dekabrın 11-də “Nizami Gəncəvi və dünya ədəbiyyatı” mövzusunda Gəncədə, Heydər Əliyev mərkəzində beynəlxalq elmi-praktik konfrans keçirilmiş, konfransda xanım Vayra Vike Freyberqaya Universitetin “Fəxri Doktoru“ diplomu və mantiya təqdim edilmişdir.
2003-cü ilin aprelində K.A.Timir­yazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında keçirilmiş MDB ölkələri ali aqrar təhsil müəssisələri rektorlarının beynəlxalq konfransında rektorlar şurası yaradılmışdır. Şuranın əsas məqsədi ali və ali təhsildən son­rakı peşə təhsilinin inkişafı, beynəlxalq təhsil məkanına inteqrasiyanın təsiri, tədris prosesinin, elmi işin, elmi pedaqoji kadrların və digər işçilərin ixtisasının artırılması, fasiləsiz təhsil sisteminin təkmilləşdirilməsi, Birliyin sosial iqtisadi və mədəni inkişafına ali məktəbin təsirinin gücləndirilməsi məsələləri üzrə ali aqrar təhsil müəssisələrinin fəaliyyətinin koordinasiya edilməsindən ibarətdir. Şuranın iclasları hər il üzv ölkələrin birində keçirilir.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş Şuranın 10 illik yubiley iclası 2013-cü ilin aprelində Gəncədə, Azərbaycan Dövlət Aqrar Universitetində keçirilmişdir. Şuranın növbəti iclası bu ilin aprelində yenidən bizim universitetdə keçirildi. Möhtəşəm Heydər Əliyev Mərkəzində baş tutan Şuranın iclasında kənd təsərrüfatı nazirini müavini Seyfəddin Talıbov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, MDB-nin 7 ölkəsindən (Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Moldova, Kabardin-Balkar) 22 nümayəndə, o cümlədən ali məktəb rektorları, prorektorlar, professorlar, elmi tədqiqat institutlarının nümayəndələri, fermerlər iştirak etdilər.
Fevral və mart aylarında “ADAU-nu tanıyaq” layihəsi çərçivəsində peşəyönümü məqsədilə Gəncənin 40, Göygöl rayonunun 8, Samux rayonunun 4 orta məktəbinin buraxılış sinif şagirdləri öz müəllimləri və ADAU-nun məsul işçilərinin müşayiəti ilə universitetə məxsus avtobuslarla maddi-texniki baza ilə tanış olmuş, professor-müəllim heyəti ilə görüşlər keçirmişlər ki, bu da onlarda universitet haqqında xoş təəssürat yaratmışdır. Bundan başqa universitetin əməkdaşları təbliğat məqsədilə respublikanın rayonlarına ezam edilmiş, ADAU haqqında tanıtım filmini və bukletləri məktəblərdə nümayiş etdirmiş, məzmunlu görüşlər keçirmişlər.
“Menecment” (alman proqramı) ixtisası üzrə üçüncü kurs tələbələri PRAXX proqramı çərçivəsində, LOGO e. V proqramı çərçivəsində istehsalat təcrübəsi keçmək üçün Almaniya Respublikasına göndərilmişlər.
Azərbaycan Dövlət Aqrar Universitetində ustad dərslərinə yenidən start verilib. ABŞ-ın İllinoys Universitetinin professoru, ADAU-nun fəxri doktoru Mohammad Babadoost tərəfindən nəzəri və praktiki formada keçirilən dərslərdə aqranomluq fakültəsinin tələbələri, magistrlar, gənc müəllimlər, dosent və professorlar iştirak edib.
Sonra professor Mohammad Babadoost aqrar sahədə çalışan alimlərin, fermerlərin, torpaq mülkiyyətçilərinin və iş adamlarının iştirakı ilə işgüzar seminar-müşavirə keçirib. Seminar-müşavirədə Tərtər, Samux, Goranboy, Şəmkir, Göygöl, Daşkəsən, Qazax və Tovuz rayonundan 40 nəfərdən artıq fermer, torpaq mülkiyətçisi və iş adamı iştirak edib.
Onu da qeyd edim ki, bu günlərdə Məktəbgushesi.az internet portalı tərəfindən respublikamızın 31 ali təhsil müəssisəsi arasında keçirilmiş sorğularda 2684 respondent iştirak etmiş, ilk beşlikdə yer alan universitetlər sırasına 1107 səslə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) qalib gəlmişdir.
2017-ci il mayın 5-də müvafiq diplom ADAU-da keçirilmiş toplantıda portal rəhbərliyi tərəfindən rektorluğa təqdim edilmişdir.
  Maddi-texniki baza, tədris prosesi, elmi-tədqiqat, tərbiyə, beynəlxalq əlaqələr, islahatlar və universitetin daha da inkişafı naminə işlər 2017-ci ildə də uğurla davam etdirilir.


Tarix: 6-06-2017, 09:21

Xəbəri paylaş