Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Sözün qiymətini biləndən soruş

  
Bəşər tarixindən məlumdur ki, hər dövrün öz ədəbi simaları, elmi korifeyləri və sayılıb-seçilən böyük ziyalıları olubdur. Bunları dövrümüzün fenomen şəxsiy­yət­lərindən olan böyük ədəbiyyatşünas alim, tanınmış ictimai xadim, yüksək təşkilatçılıq bacarığına malik olan akademik İsa Həbibbəyli şəxsiyyə­tinə də şamil etmək olar. İsa Həbibbəyli dərin zəkalı, görkəmli ədəbiyyat­şünas alim olmaqla yanaşı, həm də insan qəlbini duyan, oxuyan qüdrətli psixoloq­dur, əsl pedaqoq­dur, böyük humanist şəxsiyyətdir. Ünsiy­yətdə olduğu insanların hər birinin yerini və dəyərini çox gözəl bilir. İnsanlarla tez dil tapmaq bacarığına malikdir. Ağa ağ, qaraya qara deməyi bacarır. Olduqca xeyirxah bir ürəyə malikdir. Kim imdad diləsə, ona köməkliyini əsirgəmir. Onu insanlara sevdirən məhz bu yüksək insani keyfiyyətləridir.
İsa Həbibbəyli 1949-cu il oktyabr ayının 16-da Naxçıvan Muxtar Res­pub­likası Şərur rayonunun Danzik kəndində dünyaya göz açmışdır. Azər­bay­can Dövlət Pedaqoji İns­titutunun Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini fərqlən­mə diplomu ilə bitirmişdir. Filologiya elmləri doktoru, professor, akademikdir. Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər birlik­lərinin üzvü­dür, Əməkdar elm xadimidir. 1996-2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsində çalışmış, dünya standartları səviyyəsində müasir universitet quruculu­ğuna imza atmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti və Nizami Gəncəvi adına Ədəbiy­yat İns­titutunun direktoru kimi də 2013-cü ildən Akademiyada keçirilən islahatların əsas hərəkətverici qüvvələrindən biridir.
Akademik İsa Həbibbəyli ölkəmizdə və xarici ölkələrdə elm adamı kimi böyük imic qazanmışdır. O, bir sıra beynəlxalq elmi qurumlarda ölkəmizi uğurla təmsil edir. Birləş­miş Millət­lər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akade­mi­ya­sının, Türkiyə Cümhuriyyəti Atatürk Kültür, Dil və Tarix Yüksək Quru­mu­­nun, Moskvada nəşr edilən «Beynəlxalq elmi jurnal»ın redaksiya heyə­tinin və bir çox digər elmi və siyasi təşkilatların üzvüdür. Bütün bunlarla yanaşı, İsa müəl­lim həm də Azərbaycan Respublikası Milli Məclisin deputatı (2003), 2015-ci ildən isə Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, habelə Milli Məc­lisin Toponomiya Komissiyasının sədridir. Akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi Elm və təhsil komitəsində onun  bilavasitə rəhbərliyi və zəhməti sayəsində “Elm haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” ölkəmizin qanunları təsdiq olunmuşdur. Eyni zamanda, akademik İsa Həbibbəyli Azər­baycan Milli Elmlər Akademiyası Nizam­namə Komissiyasının sədri kimi müstəqillik dövründə Akademiyanın birinci Nizam­na­məsini hazırlamışdır. İsa Həbibbəylinin ssenarisi əsasında və onun özü­nün rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası haqqında film çəkilib nümayiş etdirilmişdir. Bundan başqa, İsa müəllim Akademiya tarixində ilk dəfə yazılmış “Akademiya marşı”nın da müəllifidir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş “Müstəqillik yollarında” kitabı da onun yaxından iştirakı və müəllifliyi ilə hazırlanmışdır. Akademiyanın Humanitar və İctimai Elmlər bölmələrində yeni elmi-tədqiqat institutlarının, şöbələrin və sektorların yaradılmasının da əsas təşəbbüsçülərindən və əsas icraçılarından biridir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda köklü islahatların aparılması, yeni şöbələrin açılması, beynəlxalq elmi konfransların keçirilməsi onun adı ilə bağlıdır. İsa müəllim Nizami Gəncə­vi adına Ədəbiy­yat İnstitutunun «Azərbaycan ədəbiyyatşünaslığı», «Poetikamız», «Müqayisəli ədəbiyyatşünaslıq» jurnal­larının Baş redaktoru, Ədəbiyyat İnstitutu Dissertasiya Şurası­nın sədridir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının, respublika Dövlət Mükafatları Komissiyasının üzvü kimi də ölkəmizin ictimai-siyasi və mədəni həyatında fəal iştirak edir. Elm xadimi kimi də çox məhsuldar şəkildə çalışır. O, 89 kitabın, 1428 məqalənin, habelə 212 xaricdə çap olunmuş elmi məqalənin müəllifidir. 29 elmlər namizədi, bir çox elmlər doktorları yetişdiribdir. Akademik İsa Həbibbəyli 12 monoqrafiya, habelə bir sıra dərslik və dərs vəsaiti kitablarını çap etdirib oxuculara çatdırmışdır. Əsərləri ingilis, fransız, rus, türk, ərəb, fars,  bolqar, macar və bir neçə digər xalqların dillərində çap olunubdur. Tədqiqat sahəsi Azərbaycan ədəbiyyatı tarixi və ədəbiyyat nəzəriyyəsidir. Hər iki elmi istiqamət üzrə sanballı xidmətləri vardır. İsa müəllim bir çox ölkələrdə, o cümlədən ABŞ, İngiltərə, Çin, Fransa, Rusiya, Türkiyə, Alma­niya, Cənubi Koreya, İspaniya, İran, İraq, Bolqarıstan, Avstriya, Misir Ərəb Respublikası, Tunis, Ukrayna, Pakis­tan, Macarıstan, Qazaxıstan, Gürcüstan, Monqolustan və digər ölkələrdə rəsmi səfərlərdə olmuş, beynəlxalq simpozium, qurultay və konfranslarda müstəqil Azərbaycan elmini, onun hərtərəfli inkişafını ləyaqətlə təmsil və təbliğ etmişdir.
İsa müəllim öz elmi yaradıcılığında və çoxsahəli təşkilatçılıq yolunda daim yeniliyə can atır. O, hər sahədə yenilik etməyə səy göstərir. Elə son illər məhz İsa Həbibbəylinin təşəbbüsü ilə yaranan «Fizika və lirika» elmi-ədəbi konfransı mütə­madi şəkildə keçirilir. Məhz bu yolla saysız-hesabsız elm korifeylərimizin bədii yaradıcılıqları işıq üzü görmüş və geniş oxucu auditoriyasına çatdırılmışdır. İsa müəllimin böyük zəhmətlə ərsəyə gətirdiyi  bu tədbirlər olduqca təqdirəlayiqdir və geniş ümumxalq məhəbbəti qazanmışdır. O, Azərbaycan ziyalılarının çox istedadlı olduğunu bir daha diqqətə çatdırır. “Fizika və lirika” konfransları dəqiq elmlər, təbiət elmləri və yer elmləri ilə humanitar və ictimai elm sahələri arasında əlaqələri elmi müstəviyə çıxarıb möhkəmləndirən və geniş­ləndirən mötəbər elm körpüləridir. “Fizika və lirika” artıq beynəlxalq miqyasda da alimlərin böyük marağına səbəb olub.
Görkəmli alim, müdrik şəxsiyyət, böyük ziyalı, gözəl təşkilatçı, tanınmış ictimai xadim, akademik İsa Həbibbəyli Azərbay­canımızın sevilən ən dəyərli ziyalı şəxsiy­yətlərindəndir. O, əsl bədii sözün və real elmin qiymətini bilən, onu qiymətləndirən, irəli aparan böyük alim və bacarıqlı elm təşkilatçısıdır.
Azərbaycanımızın akademik İsa Həbibbəyli kimi böyük qüdrət sahibi olan ziyalılarıyla fəxr etməyə tam haqqı vardır. İsa müəllimi anadan olmasının 70 illiyi münasibətiylə aşağıdakı misralarla bir daha təbrik edirəm, ona möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.


ADI ALƏMDƏ GƏZƏR SÖZƏ QİYMƏT VERƏNİN
Akademik İSA HƏBİBBƏYLİNİN 70 illiyinə

 
Sən elm aləmində bir canlı dağsan,
Sənət dünyasını demirəm hələ.
Söhbət kürsüsündə odsan-ocaqsan
Səni o Yaradan yaratdı belə.

Xeyirxahlıq oldu xislətin sənin,
Tanrıdan yazıldı bu qismət sənə.
Gəzir dil-dodaqda şöhrətin sənin,
Hər yerdə bəslənir bil, hörmət sənə.

O qədər odlusan, alovlusan ki,
Hər eldə sanki bir od-ocağın var.
Sən elə yüksəlib ucalmısan ki,
Sənə həsəd çəkir zirvəli dağlar.

Sevinir dost-tanış, sevinir elim,
Gəlir əllərində dəstə gül-çiçək.
Yetmişi haqladın, ay İsa müəllim,
Səni yüz yaşında təbrikə gələk.
               
Hikmət MAHMUD,
geologiya-mineralogiya elmləri 
doktoru, professor, şair  


Tarix: 6-11-2019, 19:34

Xəbəri paylaş