Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Biologiya fənninin tədrisində yeni texnologiyaların tətbiqi

 

Zöhrə Məmmədova,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
“Biologiya və onun tədrisi metodikası”
kafedrasının müəllimi

Bəşəriyyətin aydın sabahının, parlaq gələcəyinin, sağlamlığının, xoşbəxt həyatının təməli bu günümüzdən başlayır. Açıq cəmiyyətdə səmərəli vətəndaşlığa hazırlaşmaq şagirdlərdən mühüm idrak qabiliyyəti tələb edir, onlar öz fikrini formalaşdırmağı, təcrübə və düşüncədən məna çıxarmağı, məntiqi arqumentlər tapmağı, fikirlərini aydın və inamla ifadə etməyi bacarmalıdırlar. Amma vətəndaşın formalaşması üçün təkcə bu qabiliyyətlər kifayət deyil, sosial sahədə zəruri olan münasibət və qabiliyyətlər də var ki, bunlar şagirdləri gələcəkdə dəyərli vətəndaş olmağa istiqamətləndirir. Təhsilin tədris prosesində həyata keçirilən vacib məsələsi şagirdlərə dərin bilik vermək, verilmiş bilikləri həyat­da tətbiq etmək bacarığı aşılamaq, hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirməkdən ibarətdir.
Elmə və keyfiyyətli biliyə olan tələbat tarix boyu nəzərə alınmış, pedaqoji prosesin prinsip və qanunauyğunluqlarında öz əksini (pedaqoji prosesin ictimai-mənəvi, mədəni, elmi-texniki həyatla əlaqələndirilməsi prinsipi və qanunauyğunluqları əsasında) tapmışdır. Bu tələbatın yerinə yetirilməsinə kömək edən yeni pedaqoji texnologiyalar xüsusi əhəmiyyət kəsb edir.
Müasir pedaqoji texnologiyanın əsasında öyrətmə və öyrənmə fəaliyyətinin təşkilində, pedaqoji prosesin gedişində, yeniləşdirmədə, qiymətləndirmədə və digər təlim xarakterli işlərdə nəzərə alınan, istifadə olunan iş forma, üsul və tərzlərin kompleks və əlaqəli həyata keçirilməsi durur. İnteraktiv təlim prosesində əməkdaşlıq edən öyrənənlər və öyrədən eynihüquqlu mövqedə dayanırlar. Müəllim öyrədən olaraq təşkilatçılıq, koordinator, məsləhətçi funksiyasını yerinə yetirir: şagirdlərin işlərinə müdaxilə etmədən prob­lemləri qoyur, istiqamət verir, nəzarət edir, axtarış strategiyasını hazırlamağa kömək edir, amma təlim tapşırıqları üzərində uşaqlar özləri birlikdə - öz aralarında mübahisə edərək, diskussiya apararaq işləyirlər. Hər bir şagirdin öz fikri, ideyası olur. Mübadilə nəticəsində fikirlər dəyişir, ideyalar təzələnir. Müasir təlim metodlarından istifadə bu gün müasir dərsin xarakterik xüsusiyyətlərindəndir.
Müasir dərsin pedaqoji hadisə kimi xüsusi əlamətləri müəllimləri həmişə narahat edir. Həyat məktəb, müəllim və şagirdlər qarşısında yeni tələblər qoyduğuna görə bu məsələlərin üzərinə təkrar-təkrar qayıtmaq lazım gəlir. Müasir dərs elmi-texniki tərəqqinin tələblərini təmin edən, inkişaf etməkdə olan müstəqil dövlətimizdə cəmiyyətin məqsədlərinə cavab verən və psixoloji-pedaqoji elmlərin nailiyyətlərini nəzərə alan dərsdir. Müasir dərsdə qavranılmış biliklər, yeni biliklərin mənimsənilməsində bir komponent kimi həyata keçirilməklə, dərsdə biliklə fəaliyyətin dialektik əlaqəsi və asılılığı, sualların obyektiv həqi­qətdən doğması və düşündürücü olması, şagirdlərin yaradıcı təfək­kürünün fərqləndirici xüsusiyyətinin mütləq nəzərə alınması, onların idrak fəaliy­yətindəki müstəqilliyi əsas götürülməlidir. Şagird uğurunun təminatçısı olan müəllim öz üzərində daim işləməli, tədris prosesində pedaqoji texnologiyaların tətbiqinə diqqətlə yanaşmalıdır. Pedaqoji texnologiya təlim prosesinə yeni baxışdır və müasir texnologiya əsasında təlim prosesi ənənəvi təlimdən fərqli olaraq, maksimum idarə olunan proses hesab olunur. Pedaqoji texnologiya pedaqoji prosesin prinsiplərinin obyektiv qarşılıqlı əlaqədə ardıcıl həyata keçirilməsi metodikasıdır. Təlim texnologiyası təhsilin müvafiq mərhələsinə, məzmununa, formasına və təlimin (dərs) tipinə görə müxtəlif ola bilər. Bununla belə, ümumi qaydada təlim texnologiyasının strukturuna öyrədən-öyrənən fəallığının təşkili, öyrənmənin daha fəal və müstəqil qurulması, nəticələrin əldə edilməsi və qiymətləndirmə daxildir. Tədris zamanı mövzunu şa­girdlərə öyrətmə prosesində müəllimin göstərdiyi pedaqoji məharət, ustalıq müasir dərs prosesinin əsas göstəricisidir. Müəllim sinifdə işgüzar şərait yaradıb şagird­lərin müstəqil mühakimələrinə geniş meydan açırsa, hər mövzunun xarakterinə uyğun priyomlardan, çeviklik və interaktivliyin təmin edilməsindən, problemli təlimdən istifadə edirsə, deməli o, dərsi müasir tələblər əsasında qura bilir. Müasir dərsdə uşaq­larda yaradıcı təxəyyülü inkişaf etdirməyə və idraki müstəqilliyə xidmət göstərən problemli suallara, düşündürücü məsələlərə xüsusi yer verilməlidir. Belə dərs şagirdlərdə müəyyən bacarıq və vərdişləri formalaşdırır.
Müasir dərs müəllimin dərsə ciddi hazırlaşmasını tələb edir. Buna görə də müəllim hansı priyomlardan necə və nə zaman istifadə edəcəyini qabaqcadan müəyyənləşdirməli, sinifdə deyəcəyi informasiyanın strukturunu əvvəlcədən düşünməli, mövzuya dair yardımçı fakt və hadisələri əsas məsələnin həllinə yönəltməyi bacarmalı, elmi-texniki yeniliklərdən, dövrün mühüm ictimai-siyasi hadisələrindən baş açmalı, biliyini müntəzəm olaraq artırmalıdır. Müasir dərs uşaqların dünyagörüşünü inkişaf etdirməli, onların əqidəcə mətinləşməsinə şərait yaratmalı, dərsdə əyanilikdən və müxtəlif mənbələrdən alınmış əlavə məlumatlarla onların dərketmə qabiliyyətini artırmalıdır. Dərs şagirdlərin mənəvi inkişafına, əxlaqca təkmilləşməsinə, vətənpərvərlik, insanpərvərlik, əməksevərlik ruhunda yetişməsinə xidmət göstərməlidir.
Dərsdə tətbiq olunan müasir təlim metodları şagirdlərin bilikləri müstəqil əldə etməsini, onların şəxsiyyət kimi formalaşmasını, bilikləri mənimsəmə zamanı yaradıcı təfəkkürdən fəal istifadə edilməsi şəraitində nəticəyö­nümlü təlimin səmərəliliyini təmin edir. Biologiya fənninin tədrisi zamanı da fəal-interaktiv təlim metodlarının tətbiqinə geniş yer verilir. Biliklər hazır formada şagirdlərə təqdim olunmur. Şagirdlər biliyi tədqiqat yolu ilə əldə edirlər. Müəllim biliyi ötürən rolundan imtina edir və bələdçi vəzifəsini (fasilitator) daşıyır. Bu təlim prosesində sinif qrup və cütlər formasında problemin həlli yollarına dair axtarışa çıxarılır, qruplar əldə olunmuş nəticələri işçi vərəqlərində qeyd edir, sonra onun təqdimatını həyata keçirirlər. Qrupdakı zəif şagirdlər də müzakirədə fəal iştiraka qoşulurlar; məsələlərin müzakirəsi və kollektiv müzakirənin gedişində biri-birini dinləməyə alışırlar, hər bir təlim tapşırığının həlli vasitəsilə onlar idrakı axtarıcılıq taktikalarını təkmilləşdirir, təlimdə öz müvəffəqiyyət formulunu hər kəsin özü qurur. Təqdimatlar bitdikdən sonra bu tədqiqat nəticələri arasında rabitə yaradılır, məlumatlar sistemləşdirilir və ümumi bir şəkildə təsnif olunur. Bundan sonra həmin yekunlarla tədqiqatın başlanğıcında şagirdlərin (auditoriyanın) irəli sürdüyü ilkin fərziyyələr arasında müqayisələr aparılır. Şagirdlər (öyrənənlər) hansıların üst-üstə düşdüyünü, nələrin isə yeni olduğunu müşahidə edir və ümumi nəticəyə gəlirlər. Göründüyü kimi, belə dərslərdə əvvəlcə öyrəniləcək mövzuya çıxaracaq problem qoyularaq motivasiya yaradılır. Motivasiya təhrik etmə deməkdir. Yəni şagirdlərin (auditoriyanın) təlim-dərk­etmə marağını problemin həllinə doğru fəal, canlı şəkildə istiqamətləndirir. Onun digər vəzifəsi isə tədqiqat sualını ortaya qoymağa şərait yaratmaqdır. Məhz həmin tədqiqat sualı ilkin fərziyyələr irəli sürməyə və tədqiqat işlərini təşkil etməyə imkan yaratmış olur.
Tədqiqat sualı tədqiqat işinin həyata keçirilməsini tələb edir. Tədqiqat işlərinin nəticələri işçi vərəqlərində qeyd olunur və təqdimatlar həyata keçirilir. Sonra təqdim olunan məlumatlar təşkil və təsnif edilir. Alınan qənaətlər ilkin fərziyyələrlə müqayisə olunaraq nəticələr çıxarılır. Sonra isə alınmış nəticələrin tətbiqi barədə işlər yerinə yetirilir.
İnteraktiv təlim dərsdə yaranan, meydana çıxan şagirdlərarası öyrənmə ünsiyyəti və əməkdaşlığı, müəllim-şagird birliyini nəzərdə tutur. İnter­aktiv metodlar isə təlim prose­sində öyrənmə və anlaşmaya, bacarıq və keyfiyyətlərə şa­girdlərin yiyələnməsini həyata keçirən üsullar, tərzlər, işlər, yanaşmalar, vasitələrdir. Öyrədənin ustalığından asılı olaraq öyrənənlə əməkdaşlıq şəraitində biologiya fənninin tədrisi zamanı mövzulararası əlaqə yaratmaq, məntiqi, tənqidi, yaradıcı təfəkkürü, şagird müstəqilliyi və şəxsiyyətini inkişaf etdirmə və formalaşdırma məqsədilə fəal (inter­aktiv) metodlardan — əqli hücumdan, klaster, sinkveyn, Venn diaqramı, BİBÖ, karusel, ziqzaq və s. kimi bir sıra metodlardan (strategiyalardan) yaradıcı formada istifadə olunur.
Əqli - hücum (beyin həmləsi) - əvvəlcə məhdudiyyət qoyulmadan mövzuya aid çoxlu ideyanın azad şəkildə yaranmasıdır.
Ziqzaq - birgə qarşılıqlı təlim strategiyası olmaqla şagirdlərin qruplara bölünərək eyni zamanda müəllim və şagird rolunda informativ mətni qavramasıdır.
Karusel sistemi isə şagirdlərin fərdi sorğulanması olub eyni suala qrup daxilində şa­girdlərin fərdi (anonim) cavab verməsini nəzərdə tutur.
Biologiya fənninin tədrisi samanı fəal (interaktiv) təlim metodlarının tətbiqi dərsin keyfiyyətini artırmaqda güclü vasitə olmaqla, dərsi çox maraqlı və cəlbedici edir. Fəal (interaktiv) təlim həm məzmunun öyrənilməsinin, həm də tətbiqinin səmərəliliyini artırır və şagirdlərin dərketmə fəaliyyətini daha da fəallaşdırır. Fəal (interaktiv) təlim metodlarının tədris prosesinə daxil edilməsi şagirdlərin passivliyinin aradan qaldırılmasına, lazım olan təfəkkür xüsusiyyətlərinin, yaradıcılığın formalaşdırılması və təlim keyfiyyətinin yüksəldilməsinə şərait yaradır.
  Sevindirici haldır ki, müəllimlərimiz  fəal dərslərin hazırlanması, planlaşdırılması və onların həyata keçirilməsi üçün vacib olan  təcrübə top­lamışlar. Hazırda həm metodik, həm də elmi-pedaqoji, psixoloji cəhətdən təkmil olan müəllimlərimiz yeniliyin və müasirliyin nədən  ibarət olmasını dərk edir, öz dərslərində tətbiq edərək müasir dərs və onun təşkilinə verilən tələblərdən geniş istifadə edirlər. Düşünürəm ki, müəllimlərin bir-birinin dərslərini dinləməsi, nümunəvi, qabaqcıl təcrübəyə malik olan müəllimlərin "açıq dərs"lərinin keçirilməsi üçün onların  metodik xidmətə olan ehtiyaclarını nəzərə alaraq metodistlər  bu sahəyə diqqəti artırmalıdırlar. Müşahidələr göstərir ki,  fəal (interaktiv) təlim metodlarını tətbiq edərkən müəllimlər problemlərlə  qarşılaşırlar. Bu problemlərin həlli məqsədilə yenilikləri öyrənib uğurla tətbiq edən  müəllimlərin qabaqcıl iş təcrübəsinin öyrənilməsinə və təbliğinə  böyük ehtiyac var. “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olan müəllimlərlə görüşlərin keçirilməsi,  maraqlı iş təcrübələrindən bəhs edən  metodiki tövsiyələrin, vəsaitlərin   hazırlanması ümumi işimizə kömək etmiş olardı. 


Tarix: 11-12-2018, 13:55

Xəbəri paylaş