Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Medalların mübarək, Rəvan!

 


Aşağıdakı şəkillərdə əks olunmuş medal və diplomların sahibi Bakıdakı Paşa Nəzərov adına 60 nömrəli orta məktəbin 9-cu sinif şagirdi Rəvan Hüseynovdur.
Rəvan idmana lap kiçik yaşlarından, hələ məktəbə getməmişdən maraq göstərmişdir. Rəvan Məktəbə gedəndən sonra idmanla ciddi məşğul olmağa başlayır. Bədən tərbiyəsi dərslərində həmyaşıdlarından seçilən Rəvan müəlliminə idmanın boks növünə daha maraqlı olduğunu və artıq 10 yaşından – 2013-cü ildən boks üzrə məşqlərə başladığını deyir. Əvvəlcə oxuduğu məktəbdə, sonralar isə «Gilan» boks federasiyasında müntəzəm olaraq davamlı məşqlər keçir. Eyni zamanda «Qurtuluş – 93» idman klubunda təcrübə toplayır.
Azərbaycanın idman ustası İlkin Seyfəddinovun rəhbərliyi altında məşqlər keçən yeniyetmə Rəvan müəlliminin etimadını doğrultmuş, yaşıdları arasında müxtəlif yarışlarda iştirak etmiş və ən yüksək nəticələrə nail olmuşdur. O, müxtəlif tarixi günlərlə əlaqədar respublikamızın ayrı-ayrı şəhər və rayonlarında, habelə ölkəmizin hüdudlarından kənarda yeniyetmələr arasında təşkil edilmiş yarışlarda qalib olmuşdur.
Rəvan Hüseynov Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 76 kq çəki dərəcələri arasında Respublika birinciliyi uğrunda təşkil etdiyi yarışda qalib gələrək adıçəkilən nazirliyin diplomuna layiq görülmüşdür. Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Təhsil» Respublika İdman Mərkəzi Gəncə filialının ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönü­münə həsr etdiyi Boks idman növü üzrə turnirdə birinci yeri tutduğuna görə mərkəzin diplomunu almışdır. Balakən rayonunda Azərbay­can Gənclər və İdman Nazirliyinin yaranmasının 23-cü ildönümünə həsr edilmiş yeniyetmələr arasında boks idman növü üzrə açıq rayon birinciliyində 70 kq çəki dərəcəsində də 8 saylı Uşaq-Gənclər İdman Məktəbinin nümayəndəsi Rəvan fərqlənmiş və birinci yerin diplomuna layiq görülmüşdür. Bütün bunlardan başqa, Rəvan Hüseynov Şirvan, Siyəzən, Neftçala şəhərlərində və «Təhsil» Respublika İdman Mərkəzinin, Uşaq-Gənclər İdman Məktəbinin təşkil etdikləri digər yarışlarda birinci yeri tutmuş, fəxri fərmanlara, diplomlara sahib olmuşdur.
Öz üzərində mükəmməl çalışan Rəvanın 10-dan artıq medalı və diplomları var. O, bunlara öz əzmkarlığı, çalışqanlığı ilə nail olmuşdur.
Rəvanın kiçik qardaşı, 60 nömrəli məktəbin 8-ci sinif şagirdi Murad həmçinin boksla məşğul olur. O öz çəki dərəcəsində keçirilən yarışlarda uğurlar qazanır.
Rəvan söhbət zamanı dedi:
– Dərslərimi mənimsədiyimə görə müəllimlərimə, idmanda qazandığım uğurlar üçün isə məşqçim İlkin Seyfəddinova minnətdaram.

Ənvər Məşədiyev


Tarix: 15-01-2018, 15:07

Xəbəri paylaş