Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarıdır

Heydər Əliyevin tarixi qayıdışı ölkəni anarxiya və dağılmaqdan xilas edib. Bu illər ərzində tərəqqi, inkişaf, islahatlar, abadlıq-quruculuq işləri görülüb. Heydər Əliyevin qayıdışının nəticəsi inkişaf edən, güclənən, haqqını tələb edən Azərbaycandır.
15 iyun Milli Qurtuluş Günü birbaşa ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu günün önəmini həmin günlərin ağrı və acısını yaşamış insanlar yaxşı bilir. 1993-cü ildə respublikada xaos, anarxiya baş alıb gedirdi. Uzaqgörən, müdrik el ağsaqqalı Heydər Əlyevin xalqın təkidli tələbi ilə Ali Sovetin sədri, daha sonra Azərbaycan Respublikasının Prezidenti seçilməsi bizi bu ağır bəladan qurtardı. Dövlətimiz parçalanmaq, dağılmaq astanasında idi. 15 iyun 1993-cü il Azərbaycan tarixinə “Milli Qurtuluş” günü kimi daxil olub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müs­təqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə də, Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürükləmişdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltməmiş, əksinə, Gəncəyə yola düşən dövlət nü­ma­yəndələri girov götürülmüşdü.
Qiyamçı hərbi hissənin rəhbərliyi  Baş nazir, Milli Məclisin sədri və Prezidentin istefasını tələb etmişdi. Vəziyyət nəzarətdən çıxmış, ətraf rayonların icra başçıları  güclə dəyişdirilmiş, Surət Hüseynovun qiyamı məhdud Gəncə dairəsindən çıxaraq, Bakıya doğru hərəkət edərək geniş  miqyas almışdı. Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yeganə çıxış yolunu yenə də müdrik rəhbərinin hakimiyyət sükanı arxasına keçməsində görmüşdü. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük siyasətçi Heydər Əliyev 9 iyun 1993-cü ildə iqtidarın və xalqın təkidi ilə Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı. Ümummilli liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən çəkinməyərək silahlanmış qüvvələrlə danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım olmuşdur. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, Azərbaycanın nüfuzu daha da artır. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu və ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın tələbi ilə 2-ci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı  kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb.
Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur. Bu il Azərbaycan müstəqilliyinin 29-cu ilini yaşayır. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci  tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiy­yətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən xalq özü saldı”. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Cəmil QULİYEV,
tarix üzrə fəlsəfə doktoruшаблоны для dle 11.2