Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Elm v ə texnika yenilikləri

 

GPS texnologiyasını əvəz edən atom saatı

Böyük Britaniyanın Sasseks Universitetində “Emergent Photonics Lab” (EPic Lab) laboratoriyasının alimləri GPS texnologiyasına əvəzetmə kimi lazer şüalanması əsasında işləyən atom saatından istifadə ediblər.
hi-tech.mail.ru saytının məlumatına görə, müasir smartfon və digər naviqasiya qur­ğularında GPS və QLONASS peyk sistemləri tətbiq edilir. Bu, istifadəçilərin peyk siqnalının əlçatanlığı sahəsində daim beynəlxalq siyasətdən asılı olduğunu göstərir.
İstehsalçılar hesab edirlər ki, onların bu problemin universal həlli üçün təqdim etdikləri texnologiya insanların gündəlik həyatını dəyişdirəcək və avtomobil, pilotsuz uçan aparatlar, həmçinin aerokosmik sənayedə istifadə ediləcək. Hazırlanmış yığcam atom saatlarında kiçikölçülü çipə daxil edilmiş işıq impulsları tətbiq olunur. Bu, fiber-optik İnternet kabellərinin iş prinsipini xatırladır.
Yığcam atom saatları bir çox sahədə tətbiq edilə bilər. Məsələn, təcili yardım maşını tuneldə olarkən məkanı təyinetmə sistemindən istifadə edə, adi istifadəçilər isə mobil siqnalın əlçatmaz olduğu metro və ya digər yerlərdə olarkən marşrutlarını planlaşdıra biləcəklər.

“Facebook” fikirləri oxuyan qurğu yaratmağı planlaşdırır

“Facebook”un yaradıcısı Mark Zukerberq Harvard Universitetinə müsahibə verib. Müsahibə zamanı o, şirkətin gələcəyə dair planlarından, xüsusilə də aparat təminatı məsələlərindən danışıb.
Zukerberqin sözlərinə görə, insanlara virtual və əlavə edilmiş reallıqda fikrin gücü ilə hərəkət etməyə imkan verən neyrointerfeys hazırlanır. Başqa sözlə, bu sistem “fikirləri oxumalıdır”.
Zukerberqin təsvir etdiyi qurğu elektrod və tənzimləyici dəstə malik üzgüçülük papağına bənzəyəcək.
igromania.ru saytının məlumatına əsasən, sistem beynin elektrik fəaliyyətini analiz edəcək, eləcə də istifadəçinin başının müxtəlif sahələrində qan dövranının xarakteristikasını izləyəcək. Yeni texnologiya VR və ya AR eynəklər ilə, həmçinin ağıllı qur­ğularla sinxronlaşdırılacaq.
Bundan əlavə, Zukerberq əlavə edilmiş reallığın köməyi ilə real dünyanın rəqəmsal qatını yaratmağı da planlaşdırır. O, iş prinsipinə görə “Magic Leap” versiyasına bənzəyir. Bu qat mühəndisə haşiyələri çıxartmadan mühərrikin işini “görməyə” imkan verəcək. Bu zaman ona ixtisaslaşdırılmış proqram quraşdırılmış smartfonun və ya planşetin kamerasının yönəldilməsi kifayətdir.
Yenilikərin hazırda hansı mərhələdə olması barədə hələ ki, məlumat verilmir.




Bil Qeyts sintetik ətin yetişdirilməsi üzrə layihəni dəstəkləyib

Laboratoriya şəraitində heyvan hüceyrələrindən yetişdirilən ət artıq yenilik hesab edilmir. CRISPR genomunun redaktəsi texnologiyası DNT-yə dəyişikliklər etməyə imkan verir. Hazırda alimlər tamamilə yeni nəticələrin əldə olunması üçün bu iki texnologiyanı birləşdirməyə çalışırlar.
techcult.ru saytının məlumatına görə, azı 2 startap CRISPR-dən istifadə etməklə ətin yetişdirilməsi üzrə təcrübələr aparır. Tanınmış milyarder sahibkarlar Bil Qeyts və Riçard Brensonun dəstəyilə ABŞ-ın “Memphis Meats” qida şirkətinin “laboratoriya” ətinin istehsalı üzrə iki patent aldığı aşkar edilib.
Alimlər gələcək “laboratoriya” ətinin yüksək keyfiyyətə malik olduğunu açıq şəkildə bildirirlər. Onun üçün qida maddələri ilə zəngin olan, xüsusi olaraq “sınaq şüşəsində” ət yetişdirilməsi üçün inəklərin qanından hazırlanan zərdab lazım olmayacaq. Bu, alimlərin fikrincə, hətta heyvan haqlarının müdafiəçilərinə ət qidasına münasibəti dəyişdirməyə kömək edəcək.

Tibbi sensorlar üçün elastik mini-tranzistorlar hazırlanıb

Kolumbiya Universitetinin alimləri elastik, funksional və sukeçirməz tranzistorlar hazırlayıblar. Yeni qurğular tibbi sensorlar, neyrokompüter interfeysləri və implantatlarda tətbiq edilə bilər.
Silikon tranzistorlar maye ilə bir-birinə yaxşı təsir etmirlər, sukeçirməz qurğular isə olduqca sərtdirlər. Eyni zamanda elastik və sukeçirməz olmalı sensorlar üçün problemin həlli plastik elektronikadır.
Tədqiqatçılar qrupu elastik və suyadavamlı tranzistor hazırlayıb. Bu tranzistorun sürəti onu tibbi monitorinq və neyroprotezləşdirmədə tətbiq etməyə imkan verir. Tranzistorun əsas komponentləri mənbə, axım və onları birləşdirən kanaldır. Alimlər qurğunu təkmilləşdirmək üçün tranzistor kanalının unikal konstruksiyasını təqdim ediblər. Tamamilə bioloji materiallardan hazırlanmış tranzistor ion və elektronlarla qarşılıqlı təsirdə olur ki, bu da orqanizmin neyron siqnalları ilə əlaqəsini daha effektiv edir.
“Bizim tranzistorumuz ionlardan istifadə edir. Onun iş sürəti neyrofiziologiyada tətbiqi vacib olan mürəkkəb hesablamaları yerinə yetirməyə imkan verir”, - deyə tədqiqatçı Dion Nodaxoli bildirib.
robo-hunter.com saytının məlumatına görə, alimlər qurğunu elektroensefaloqrafiyada sınaqdan keçiriblər. Təkmilləşdirilmiş kiçik ölçü pasiyentlərin rahatlığını təmin edib.
Tranzistorlar ürək, əzələ və gözlərin biomonitorinqi zamanı tətbiq edilə, epilepsiyanın bəzi formalarının müalicəsinə kömək edə bilər.

İlk kvant radiosu yaradılıb

Niderland tədqiqatçıları kvant mexanikası tərəfindən ən zəif radiosiqnalı dinləməyə imkan verən kvant sxemi hazırlayıblar.
naukatv.ru saytının məlumatına əsasən, zəif radiosiqnallar xəstəxanalarda maqnit rezonans tomoqrafiya skanerləri ilə yanaşı, alimlər tərəfindən kosmosda müşahidə məqsədilə istifadə edilən teleskoplar üçün də problem yaradır. Delft Texnologiya Universitetinin mütəxəssisləri kvant mexanikası nəzəriyyəsi tərəfindən imkan verilən ən zəif siqnalların fotonlar və enerji kvantları ilə aşkar edilməsini nümayiş etdiriblər.
Kvant radiosundan istifadə edən tədqiqatçılar ağır obyektlərin kvant vibrasiyasını dinləmək, ona nəzarət etmək, həmçinin kvant mexanikası və qravitasiya arasındakı qarşılıqlı əlaqəni tədqiq etmək imkanına malik olacaqlar. Yeni kvant sxemi radioastronomiya və tibb kimi sahələrdə gələcək inkişaf üçün zəmin yaradır. Bu isə tədqiqatçılara kvant mexanikası və qravitasiyası arasında qarşılıqlı əlaqənin yaradılması üçün təcrübə aparılmasına imkan verəcək.

“Ağıllı” robot-transformer

“Robosen” şirkətinin mütəxəssisləri avtomatik rejimdə avtomobilə çevrilən ilk “ağıllı” robot hazırlayıblar. Layihə “Kickstarter” platformasında 4 gün ərzində 46 215 dollar vəsait toplayıb.
robo-hunter.com saytının məlumatına görə, “T9” adlı “ağıllı” robot-transformer ona öz formasını əsaslı şəkildə dəyişdirməyə imkan verən 300-dən çox hissədən ibarətdir. Qurğu avtomobilə çevrilə, insan görünüşünü qəbul edə, müxtəlif istiqamətlərdə hərəkət edə və bir çox digər tapşırıq­ları yerinə yetirə bilir.
Robotun hərəkətlərini idarə etmək təcrübəli, eləcə də yeni başlayan proqramçılar üçün olduqca asandır. “T9”u əl ilə proqramlaşdırmaq və ya hərəkətlərin ardıcıllığını təsvirlər üzrə seçmək mümkündür.
Robotu 269 dollara əldə etmək olar. 2019-cu ilin iyun ayında sifarişlərin çatdırılması planlaşdırılır.

Canlı həşəratlardan fərqlənməyən robot

2014-cü ildə Fransa mühəndisi Edvin Van Ryuimbeke qanadlarını yelləyərək uçan qeyri-adi “Bionic Bird” robotunu yaradıb. Beş il sonra isə tədqiqatçı canlı kəpənəkdən fərqlənməyən “MetaFly” adlı kiçik kəpənək mexanizmini təqdim edib.
hi-news.ru saytının məlumatına əsasən, uzunluğu 19, qanadları açıldıqda isə 29 santimetr olan robotun konstruksiyası cəmi 10 qramdır. 8 dəqiqəlik uçuş üçün 15 dəqiqəlik batareya enerjisi sərf olunur. Lakin robotu 20 dəqiqəlik iş üçün 1500 mAh enerji ilə də təchiz etmək mümkündür. Robotun uçuş sürəti saatda 12 kilometrə çatır.
Uçuşa nəzarət etmək üçün hərəkət radiusu 100 metr təşkil edən distant idarəetmə pultundan istifadə olunur. Qurğu üzərindəki manevrlər quyruğun əyilmə bucağındakı dəyişikliyin köməyi ilə yerinə yetirilir. Elektron kəpənəyin qanadları və digər elementləri karbon lif, maye kristal polimer kimi maksimal elastik və yüngül materiallardan hazırlanıb.
Ikt.az saytının materialları
əsasında hazırladı:
Sevinc ALIYEVA