Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Bir əcəm türküyəm…”

Sənətkarın tərcümeyi-halının dürüst qələmə alınması ədəbiyyatşünaslıqda bir çox problemlərin həllində müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, hətta bu gün belə Homerin vətəni olmaq uğrunda Yunanıstanın yeddi şəhəri bir-biri ilə bəhs edir. Yunis İmrənin məzarının harada olması, Nəsiminin anadan olduğu məkan mübahisə mövzusudur. Ədəbiyyat tarixini qələmə alan müəlliflər bəzən sənətkarın yaradıcılığını daha çox önə çəkir, tərcümeyi-halını bir o qədər nəzərə almır, nəticədə ciddi araşdırmalar tələb edən elmi mübahisələr yaranır. Bu mənada on ikinci əsrdə yetişən, həm milli, həm də dünya ictimai-bədii fikir tarixində özünəməxsus yeri olan, orta əsr mənbələrində Əbu Bədil Əfzələddin ibn Əli Nəccar ibn İbrahim Həssənül-Əcəm Xaqani Şirvani kimi ehtiramla yad edilən bu müqtədir sənətkarın harada anadan olması bu gün geniş müzakirə mövzusu olmasa da, lazımdır.
Xaqani Şirvani keşməkeşli ömür yolu, möhtəşəm ədəbi yaradıcılığı ilə bütün dövrlərdə təzkirə,  cüng, müntəxəbat, bəyaz, ədəbiyyat tarixi müəlliflərinin (məsələn, Şərafəddin Raminin “Ənisül-üşşaq”,  Dövlətşah Səmərqəndinin “Təzkirə tüş-şüəra”, Həşri Təbrizinin “Rövzeyi-əthar”, Məhəmmədəli Tərbiyətin “Danişməndani-Azərbaycan” və b.) diqqət mərkəzində olub və bu böyük sənətkardan bəhs edən müəlliflər şairin anadan olduğu yer haqqında fərqli məlumatlar verirlər. Məsələn, A.Bakıxanovun “Gülüstani-İrəm” (Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, Bakı, 1951, səh. 235), F.Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” (İki cilddə, I cild, Bakı, “Avrasiya-Press”, 2005. səh. 109,. Azərbaycan ədəbiyyatı tarixi (Üç cilddə, I cild, Bakı, Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, 1960, səh. 84), Azərbaycan Sovet Ensiklopediyası (On cilddə X cild, ASE-nin Baş redaksiyası, Bakı, 1987, səh. 20), Xaqani Şirvaninin seçilmiş əsərlərinin girişində (Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı,1956.səh.6) və digər mənbələrdə Xaqani Şirvaninin Şamaxının Məlhəm kəndındə anadan olduğu gös­tərılır. Qafar Kəndli (Xaqani Şirvani /həyatı, dövrü və mühiti/. Bakı, 1978, səh.3), Ə.Səfərli, X.Yusifov (Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı, “Ozan”, 2008, səh 119.), Xaqani Şirvani. Seçilmiş əsərləri (Bakı, “Lider Nəşriyyat”, 2004. səh. 4.) və dıgər mənbələrdə isə şairin məhz Şamaxı şəhərində anadan olması qətiy­yətlə bildirilir, indiyədək Xaqani Şirvaninin seçilmiş əsərləri bir neçə dəfə (1956, 1959, 1978, 1979, 1981, 1982 (rus dilində), 1985, 2004-cü illərdə Bakıda, 1967,1980-ci illərdə Moskvada) nəşr olunub, kitablara yazılan ön sözlərin çoxunda şairin Şamaxı şəhərində rus dilli, nəşrlərdə isə sadəcə Azərbaycanda doğulduğu qeyd olunub. Ümumtəhsil məktəblərinin səkkizinci və onuncu sinifləri üçün ədəbiyyat fənni üzrə dərsliklərdə Xaqani Şirvaninin “Gənclərə nəsihət” əsərindən bir parça (Ədəbiyyat-8, Bakı, “Bakı” nəşriyyatı, 2017, səh. 26-27) və “Qədim dövr Azərbaycan ədəbiyyatı” (ən qədim zamanlardan XIII əsrə qədər) oçerkində şairin yaradıcılığı barədə material verilsə də, (Ədəbiyyat-10. Bakı, “Bakı” nəşriyyatı, 2017, səh. 19-22) təəssüflər olsun ki, ədibin harada anadan olması barədə heç bir məlumat verilmir. Halbuki bu faktın şagirdlərə çatdırılması olduqca vacibdir.
Qaynaqlarda Məlhəm, Məlhəmli, Mənkələxanı kimi adıçəkilən, bəzən Xaqaninin doğulduğu kənd, Kafiyyəddin Ömər ibn Osmanın tibb məntəqəsinin yerləşdiyi məkan deyə qeyd olunan bu toponim haqqında “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”ndə belə bir informasiya verilir: “… Kənd (Məlhəmkəndi nəzərdə tutulur-E.E.) qədimdə Mənkələxanı (türbələrin, sərdabələrin mərkəzi) adlanmışdır. XII əsr Azərbaycan şairi Əfzələddin Xaqaninin doğulduğu kənddir. XI əsrin əvvəllərində orada Məhəmməd Ömər Osman oğlunun Mədrəseyi-tibbi adlı müalicəxanası ilə əlaqədar kəndin adının məlhəm (dərman,pasta) sözündən ibarət olması ehtimal edilir (İki cilddə, II cild, Bakı,”Şərq-Qərb”, 2007, səh. 102). Mənbələrdə Ömər ibn Osman Kafiyəddinin Şamaxı ətrafında havasının, suyunun, təbiətinin öyrənildikdən sonra müalicəvi əhəmiyyəti olan bir yerdə tibbi akademiya yaratması təkrar-təkrar qeyd olunur, lakin heç bir yerdə həmin məkanın yaşayış məntəqəsi, Məlhəm kəndi olduğu göstərilmir. Əksinə, alim və həkim Kafiyəddin Ömər ibn Osman tərəfindən həmin yerdə Dar-üş-şəfa tibb akademiya yaratmasından sonra kəndin yaranması və adının da bu tibb ocağından götürməsi göstərilir ki, bu daha məntiqlidir.
Azərbaycan ədəbiyyatı tarixinin ilk sistemli tədqiqatçısı olan F.Köçərli Azərbaycan türklərinin ədəbiyyatı” əsərində Xaqaniyə həsr etdiyi İbrahim ibn Əliyyün-nəccar Xaqani” məqaləsində belə bir qeyd verir: “Xaqaninin əsli Şamaxının yaxınlığında Məlhəm adlı qəryədəndir ki, bu halda dəxi haman kənd durur və əhalisi türk ilə qarışıq fars dilində danışırlar”(səh.109). F.Köçərli sözügedən məsələ ilə bağlı bəhs edərkən Məlhəm kəndinin əhalisinin “türk ilə qarışıq fars dilində” danışması kimi mühüm bir faktı nəzərə çatdırır. Həqiqətən də fars dilinə yaxın qarışıq bir dildə danışan Məlhəm kəndinin əhalisi tat mənşəlidir. İrandilli etnoslardan olan tatlar, tarixi mənbələrə görə, təqribən, min beş yüz-iki min il bundan əvvəl Sasanilər imperiyası hakimiyyəti zamanı şimaldan gələn türklərin qarşısını almaq məqsədilə  Cənubi Qafqaz ərazisinə, o cümlədən, Azərbaycana kö­çürülmüşlər: “Sasani şahları özlərinə dayaq yaratmaq üçün ölkənin strateji əhəmiyyəti olan yerlərində irandilli tayfaları yerləşdirirdilər. Başlıca olaraq bu tayfalar quzey İranın Deyləm (Təbəristan) böl­gəsindən köçürülüb gətirilirdi. Onlar Abşeron yarımadasından Dərbəndə kimi uzanan dəniz sahili boyunca daha çox yerləşmişdilər. Bu tayfaların qalıqları olan tatlar indi də burada yaşamaqdadırlar” (Azərbaycan tarixi. “Çıraq”, 2009. səh.119. Redaktor: t.e.d, prof., əməkdar elm xadimi Süleyman Əliyarlı). Maraqlı faktdır ki, “Son vaxtlara qədər belə hesab edirdilər ki, Xaqani 1126-cı ildə Şamaxı yaxınlığındakı Məlhəm kəndində doğulmuşdur. İndi məlum olmuşdur ki, XVI əsrə qədər Şamaxı yaxınlığında Məlhəm adlı kənd olmamışdır”. (Ə.Səfərli, X.Yusifov. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı, “Ozan” 2008.səh.119).
Xaqani nadir sənətkarlardandır ki, doğulduğu yer, soy kökü, ömür yolu-bir sözlə, tərcümeyi-halını yeri gəldikcə əsərlərində əks etdirmişdir. Ədibin “Töhfətül-İraqeyn” əsəri (Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, “Azərnəşr”, 1978) bu baxımdan diqqəti daha çox cəlb edir. Milliyyəti haqqında: “Bir əcəm türküyəm dəricə deyən”.(səh.76). Babası haqqında: “Sənətcə toxucu olmuşdur babam.”(səh.55). Anası haqqında: “Bir aşpaz qızıydı sevimli anam” (səh.59). Rabiədir ki, yoxdur tayı, oxşarı” (səh.61). “Nəsturi qızıydı möbədilərdən”(səh.61). Əmisi haqqında: “Təbib əmimdən almışam ilham” (səh.63). “Ömər ibn-Osman sayəsində mən yetimlik divinin qaçdım əlindən”(səh.65) və s.  Xaqani “Cəmaləddin Musili ilə görüş və onunla söhbət” bölümündə harada anadan olması haqqında dəqiq məlumat verir. Şairdən adını və haralı olduğunu soruşanda, o belə cavab verir: Dedim tələbəyəm, həm də söz bilən. Şərvan şəhərində doğulmuşam mən. (səh.74)Xacə Cəmaləddin Dərgəzini ilə görüşən Xaqani çox aydın şəkildə Şamaxıda doğulduğunu bildirir. “Mən” rədifli qəsidəsində isə konkret olaraq “Şamaxı mənim mənşəyim -törədiyim-doğulduğum yerdir” -deyir (Ətraflı bax: Qafar Kəndli-Herisçi. Xaqani Şirvani (həyatı, dövrü və mühiti). Bakı,1978). Şairin ədəbi irsi təsdiqləyir ki o, qürbətdə yaşamağa məcbur olmasına baxmayaraq, vətəninə, doğulduğu yerə həddindən artıq bağlı bir insan olub. Təsadüfi deyil ki, doğma yurdunun tərənnümünə həsr etdiyi şeirlər ən ilhamlı əsərlərindəndir: “Şirvan ki var hər cəhətdən ülviyyətin anasıdır”, “Şirvan əhli alicənab yaranmışdır başdan-başa” (səh.172). Xaqaninin təqdimində Şirvan Şamaxıdır, vətənin bir parçası olmaqla, dünyanın hər yerindən ona əzizdir: “Gözləri tox, ürəkləri sanki kərəm dəryası” olan şirvanlılar zəhmətkeş, təvazökardır və məhz buna görə” Xaqaniyə həyat verən doğma yurdun havasıdır”. Şair bir dəfə də olsun Məlhəm kəndinin adını heç yerdə çəkmir. Bu qədər vətənə, kökə bağlı olan şair Məlhəmdə doğulsa idi, (həmin dövrdə Şamaxının Məlhəm adlı yaşayış məntəqəsinin olmadığı artıq məlumdur) mütləq əsərlərində kəndin adını çəkər, ona şeir ithaf edərdi.
Bu gün Xaqani Şirvaninin Şamaxıda Qala divarlarında barelyefi yerləşdirilmiş, üç yerdə isə abidəsi ucalmaqdadır. Onlardan biri şəhərin girişində, ikincisi Məlhəm kəndi ərazisində, üçüncüsü Məlhəm kəndinin mərkəzindədir və bununla da şairin dolayısı yolla məlhəmli olmasını əsaslandırmağa cəhd edilmişdir. Məlumat üçün qeyd edək ki, Məlhəm kəndinin əhalisi tat mənşəli olmaqla, böyük bir hissəsi İsmayıllı rayonunun Ximran kəndindən köçüb burada məskunlaşmışlar və türk qarışıq fars dilində danışırlar. Xaqani Şirvaninin Azərbay­canın, onun bir parçası olan Darül-ədəb-Şamaxının harasında, hansı kəndində anadan olması o qədər də önəmli deyil, əsas məsələ onun türk soylu, azərbaycanlı olmasıdır. Torpağımıza, tariximizə, mədəniyyətimizə göz dikənlərə gələcəkdə imkan verməməkdən ötrü bu məsələdə olduqca məsuliyyətli, diqqətli olmalıyıq ki, bizdən sonrakı nəsil Xaqani Şirvaninin İran dilli etnosun nümayəndəsi yox, türk soylu, azərbaycanlı olduğunu sübut üçün prob­lemlərlə qarşılaşmasın.

Eyvaz Eminalıyev,
filologiya üzrə
fəlsəfə doktoru,

Elməddin Eminalıyev,
BMU-nun IV kurs tələbəsi
        


Tarix: 6-11-2019, 20:21

Xəbəri paylaş