Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bakı Dövlət Universiteti “Milli Nüvə Tədqiqatları Mərkəzi” ilə niyyət protokolu imzalayıb

 
Bakı Dövlət Universitetində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin direktoru, akademik Adil Qəribov və Almaniyanın Nüvə Tədqiqat Mərkəzinin Ağır ionların elmi tədqiqatları mərkəzində institut direktoru Peter Braun-Munzingerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor, akademik Abel Məhərrəmov Bakı Dövlət Universiteti, o cümlədən Fizika fakültəsində nüvə fizikası və nüvə texnologiyası sahəsində yüksək enerjilər fizikası, radiasiya materialşünaslığı, atom və nüvə fizikası istiqamətində kadr hazırlığı barədə məlumat verib. Rektor Almaniya universitetləri ilə nüvə fizikası sahəsində əməkdaşlığın, bu sahə üzrə beynəlxalq elmi mərkəzlər tərəfindən həyata keçirilən qlobal elmi və elmi-texniki proqramlarda, təcrübə və tədqiqatlarda iştirakın vacibliyini bildirib.
Akademik Adil Qəribov “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin fəaliyyəti və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrdən bəhs edib.
Çıxış edən direktor Peter Braun-Munzinger BDU ilə CERN və Almaniyanın nüvə tədqiqat mərkəzləri arasında əməkdaşlığın inkişaf etdirilməsindən bəhs edib. Görüşdə CERN və Almaniyadan alınmış nəhəng məlumatlar toplusunun BDU-da analizi və nüvə fizikasının müasir problemlərinin tədqiqi və s. müzakirə edilib.
Sonra almaniyalı mütəxəssislərin iştirakı ilə Bakı Dövlət Universiteti və “Milli Nüvə Tədqiqatları Mərkəzi” arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb. Niyyət protokolunda qarşılıqlı maraq kəsb edən elmi-texniki fəaliyyət sahələri üzrə beynəlxalq və respublika əhəmiyyətli elmi-praktik forum, konfrans, simpozium, seminar, dəyirmi masa və digər elmi tədbirlərə Mərkəzin təşkilatı və iştirakçı kimi dəvət olunması nəzərdə tutulub. Protokolda Mərkəzdə universitetin “Maddə quruluşu” kafedrasının filialının və ya baza kafedrasının yaradılması, gələcəkdə digər bəzi baza kafedralarının da yaradılması, eləcə də universitetin tələbə, magistr və doktorantlarının nüvə ölkələrində və Mərkəzin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlarda tədris və təlim kurslarına cəlb olunması üçün tədbirlərin görülməsi kimi məsələlər öz əksini tapıb.
Görüşdə yaxın gələcəkdə Almaniyanın Nüvə Tədqiqat Mərkəzi ilə də bu sahədə əməkdaşlıqla bağlı niyyət protokolunun imzalanmasının nəzərdə tutulduğu qeyd edilib.

BDU-nun Mətbuat və informasiya şöbəsi,
9 yanvar 2018-ci il
     


Tarix: 10-01-2018, 10:20

Xəbəri paylaş