Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Paytaxt təhsili 2021-2022-ci tədris ilində


2021-2022-ci dərs ili Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) üçün tədrisdə keyfiyyət və davamlılığı təmin etmək, dövrün çağırışlarından irəli gələn tələbləri yerinə yetirmək istiqamətində görülən işlərlə yanaşı, bir sıra nailiyyətlər və yeniliklərlə yaddaqalan oldu. 
Bu barədə BŞTİ-dən  məlumat  verilib. Bildirilib ki, 2021-2022-ci tədris ili pandemiya səbəbindən distant formada təşkil olunan tədrisdən ənənəvi təhsilə qayıdış dövrü, Zəfər tarixinin Azərbaycan təhsilinə gətirdiyi yeni məzmunun tətbiqi, təhsil sistemində gedən modernləşmənin davam etdirilməsi, həmçinin ümumi təhsilin məqsədyönlü inkişafını nəzərdə tutan yeniliklər ili kimi də səciyyələndirilə bilər. 2021-2022-ci tədris ilində ilk dərslər I-XI siniflərdə “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
BŞTİ-nin tabeliyində 312 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 320 məktəb, 338 məktəbəqədər təhsil müəssisəsi və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir. Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 470 min 517 şagirdin təlim-tərbiyəsi ilə 29 min 115 müəllim məşğul olub. Qurumun tabeliyindəki ümumtəhsil müəssisələrinin I siniflərini 46 min 470, IX siniflərini 35 min 100, XI siniflərini 23 min 505, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər bitirib. 275 ümum təhsil müəssisəsində 1070 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Məktəbəhazırlıq qruplarına 25 min 484 uşaq cəlb olunub.
Məktəblərin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 30 Alternativ Qeydiyyat Mərkəzi fəaliyyət göstərir. Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə paytaxtın 12 rayonu üzrə 27 məktəbdə yaradılmış işçi qrupları və üç vatsap nömrəsi vasitəsilə zəruri kömək göstərilir. BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələri üzrə 2021-2022-ci tədris ilində 45 min 141 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb. Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir. 2021-2022-ci tədris ilində keçirilən Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, 55 nəfər paytaxt məktəblisi qalib olub. Belə ki, qurumun tabeliyindəki məktəblərdə təhsil alan şagirdlərdən 8-i qızıl, 19-u gümüş, 28-i bürünc medal qazanıb. Həmçinin 2021-2022-ci tədris ilində Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsində 21 nəfər paytaxt məktəblisi qalib olub. Bir nəfər birinci, altı nəfər ikinci, 14 nəfər isə üçüncü yerin sahibi olub. V sinif şagirdləri arasında keçirilən olimpiadanın əsas məqsədi Lütfi Zadənin irsini təbliğ etmək və şagirdlərin məntiqi biliklərinin inkişafına təkan verməkdən ibarətdir.
Ümumtəhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında Respublika fənn (fizika, kimya, biologiya, riyaziyyat və informatika üzrə) müsabiqələrinin final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə 10 nəfər riyaziyyat, 4 nəfər fizika, 10 nəfər biologiya, 11 nəfər isə informatika fənni üzrə yüksək bal toplayaraq I, II və III yerlərə layiq görülüb.
Layihə çərçivəsində paytaxtdakı 38 ümumtəhsil müəssisəsində 194 “Sağlam təhsil” sinfi fəaliyyət göstərib. Həmçinin paytaxtdakı 5 məktəbdə 13 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu təşkil olunub.
Prezident paytaxtdakı 71 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə maraqlanıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 292 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olub, həmçinin 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilən 88 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 63 nəfər təhsil işçisi təltif edilib. Belə ki, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 1 nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 7 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Paytaxt üzrə 7 müəllim isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Həmçinin təhsil nazirinin əmri ilə 16 nəfər “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 32 nəfər isə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub. BŞTİ-nin rəhbərliyi və əməkdaşları “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 100 illik yubiley döş nişanı” ilə təltif ediliblər. Habelə uzun müddətli fəaliyyətinə görə çalışmanın yaş həddinə çatan əmək müqaviləsinə xitam verilmiş məktəb rəhbərləri və 2021-ci ildə yubileyi olan direktor müavinlərinə BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Fəxri Fərman və hədiyyələr təqdim olunub.
BŞTİ Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən 20 məktəbin İnkişaf Planı hazırlanıb. Həmin məktəblərin kollektivləri ilə görüşlər keçirilib. Görüşlərdə TDM-in metodistləri məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparıb, təlim-tərbiyə prosesinin inkişafına yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələr təşkil ediblər. Qeyd edək ki, inkişaf planlarının hazırlanması növbəti mərhələlərdə digər məktəblərdə də davam etdiriləcək.
2021-2022-ci tədris ilində elektron jurnal və gündəlik sistemi tətbiq edilən paytaxt məktəblərinin sayı 154-ə çatdırılıb. Elektron jurnal və gündəlik sisteminin tətbiqi təhsil qərarlarının verilməsində səmərəliliyin və çevikliyin artırılması, jurnalların doldurulmasında avtomatlaşdırılmış nəzarət mexanizminin tətbiqi və məktəb-valideyn arasında səmərəli kommunikasiyanın təşkili məqsədini daşıyır.
 Tədris ilində paytaxtdakı 79 məktəb resurs dəsti ilə təmin olunub. Təhsil Nazirliyi tərəfindən pilot olaraq həyata keçirilən layihə çərçivəsində verilən resurs dəstləri ümumi təhsil müəssisələrinin I siniflərini əhatə edib.