Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Gəncə Dövlət Universitetində Aleksandr Düma adına mərkəz açılıb


 

“Qraf Monte Kristo”, “Üç muşketyor”, “Dəmir maskalı adam”, ”Qara zanbaq” və sair bu kimi məşhur əsərlərin müəllifi Aleksandr Dümanın yaradıcılığı Azərbaycan xalqı tərəfindən də maraqla qarşılanır. Onun əsərləri demək olar ki, bütün dünya dillərinə tərcümə edilərək, nəşr olunmuş, ən tanınmış rejisorlar tərəfindən dəfələrlə ekranlaşdırılmışdır. A.Düma həmçinin dramaturq və qəzetlər üçün məqalələr yazmış, peşəkar jurnalist kimi də tanınmışdır.
Aleksandr Düma azərbaycanlılara da yaxşı tanışdır. O, “Qafqaz səfəri” əsərində Azərbaycana etdiyi səfəri haqqında da geniş təəsürratlarını bölüşür. Dünya şöhrətli yazıçının öz dilində oxumaq azərbaycanlılar üçün də maraqlıdır. Son illər Azərbaycan-Fransa əlaqələrinin möhkəmləndirilməsi hər iki ölkənin iqtisadi və mədəni əlaqələrinə müsbət təsir göstərmişdir. Bu əlaqələrin genişləndirilməsində Gəncə Dövlət Universitetində fəaliyyət göstərən Xarici dillər fakültəsinin Fransız dili kafedrasının da böyük rolu vardır. Fransız dili kafedrası Xarici dillər fakültəsinin nəzdində 2006-cı ildən fəaliyyətə başlamış və bir neçə dəfə məzun buraxılışı olmuşdur. Hazırda həmin məzunlar orta ümumtəhsil məktəblərində Fransız dilini tədris etməklə yanaşı, bu dilin təbliği ilə də məşğuldular.
Bu günlərdə Universitetin 5-ci korpusunda böyük fransız yazıçısı Aleksandr Düma adına mərkəzin açılışı da bu məqsədə xidmət edir.
Mərkəzin açılışında iştirak edən Fransanın Azərbaycandakı səfiri Zakari Qrosu əvvəlcə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov səmimi qarşılamışdır. Keçirilən görüşdə rektor Yusif Yusibov universitetin və burada fəaliyyət göstərən Xarici dillər fakültəsinin Fransız dili kafedrasının fəaliyyəti barədə geniş məlumat vermişdir.
Rektor qeyd etmişdir ki, Azərbaycanda bu dilə böyük maraq göstərilir. Məhz bunun nəticəsidir ki, hər il gənclər arasında bu fakültəyə daxil olmaq istəyənlərin sayı artır.
Səfir Zakari Qros Fransız dilinə göstərilən marağa və bu sahədə həyata keçirilən tədbirlərə görə minnətdarlığını bildirdi. Əminlik ifadə etdi ki, iki dost ölkə arasında əlaqələr bundan sonra da möhkəmlənəcək, xalqlarımız bir-birinə daha da yaxınlaşacaqdır.
Səmimi və mehribanlıqla keçən görüşdən sonra rektor Yusif Yusibov və Fransanın Azərbaycandakı səfiri universitetin 5-ci korpusuna gedərək, universitetin tarixi keçmişini və bütün uğurlarını özündə əks etdirən Muzeydə olmuşdur.
Səfir Fransız dilində təhsil alan tələbələrlə görüşüb söhbət etdikdən sonra, burada Aleksandr Düma adına mərkəzin açılışında iştirak etmişdir. Daha sonra Frankafoniya bayramları və Fransız dilinin tədrisi ilə bağlı videoçarxa baxılmışdır.
Açılış mərasimində çıxış edən universitetin rektoru professor Yusif Yusibov Azərbaycan-Fransa əlaqələrindən danışmış və qeyd etmişdir ki, bu əlaqələr getdikcə genişlənir. Bu gün Fransa ilə azərbaycanın siyasi, mədəni, diplomatik və elmi əlaqələri ali təhsil müəssisələrində də özünü göstərir. Məhz bunun nəticəsidir ki, hazırda Respublikamızda 5 universitetdə Fransız dili müəllimi yetişdirilir. Hazırda Gəncə Dövlət Universitetinin 11 nəfər müəllimin çalışdığı Fransız dili kafedrası öz fəaliyyətini gündən-günə genişləndirir. Sevindirici haldır ki, universitetdə 100-dən artıq tələbə Fransız dili öyrənir.
Rektor onu da vurğulamışdır ki, Fransa universitetləri ilə yaradılan əlaqələr öz müsbət nəticəsini verir. Heç təsadüfü deyil ki, universitetin üç nəfər müəllimi Fransa hökümətinin “Akademik Palma” mükafatına layiq görülmüşdür.
Sonra Fransanın Azərbaycandakı səfiri Zakari Qros Gəncə Dövlət Universitetində Fransanın böyük yazıçısı Aleksandr Dümaya göstərilən bu qayğıya görə minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, Fransa səfirliyi bu mərkəzin açılmasını eşidəndə bura çoxlu sayda kitab hədiyyə etdi. Söz yox ki, bu köməklik bundan sonra da davam etdiriləcək.
Açılış mərasiminə rektor professor Yusif Yusibov yekun vurduqdan sonra xatirə şəkli çəkdirilmişdir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti


Tarix: 6-12-2019, 17:11

Xəbəri paylaş