Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

XÜSUSİ İSTEDADLI ŞAGİRDLƏR LİSEYİNİN V SİNİFLƏRİNDƏ “NİTQ MƏDƏNİYYƏTİ” XÜSUSİ KURSUNUN TƏDRİSİ MƏSƏLƏLƏRİ







    Hər bir cəmiyyətin inkişaf potensialı istedadlı gəncliyin durumu, onların inkişafına dəstəkləyici mühitin yaradılması ilə düz mütənasibdir.İstedadlı uşaqları aşkar edib onları xüsusi təhsilə cəlb etməklə, onlara hərtərəfli dəstək verməklə cəmiyyətin inkişafını təmin etmiş olarıq.Son vaxtlar respublikamızda bu istiqamətdə çox ciddi addımlar atılıb və bu istiqamətdə işlər uğurla davam etməkdədir.

    İstedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etirilməsi müstəqil Azərbaycan Respublikasınin təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “XÜSUSİ İSTEDADA MALİK OLAN UŞAQLARIN (GƏNCLƏRİN) YARADICILIQ POTENSİALININ İNKİŞAFI ÜZRƏ DÖVLƏT PROQRAMI”(2006-2010-cu illər) bu sahədə fəaliyyətin əsaslarını müəyyənləşdirmiş, 2010-cu ildə isə Təhsil Nazirinin əmri ilə Respublikamızın 8 şəhərində regional liseylər-XÜSUSİ İSTEDADLI ŞAGİRDLƏR LİSEYİ fəaliyyətə başlamışdır. (1.1. Gəncə şəhər 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü lisey. 1.2. Sumqayıt şəhər təbiət elmləri təmayüllü gimnaziya. 1.3. Mingəçevir şəhər İ.Qayıbov adına 10 nömrəli orta məktəb. 1.4. Şirvan şəhər S.Hüseynov adına 1 nömrəli orta məktəb. 1.5. Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli məktəb. 1.6. Şəki şəhər 19 nömrəli orta məktəb. 1.7. Quba şəhər A.Məmmədov adına təbiət fənləri təmayüllü 2 nömrəli məktəb-lisey. 1.8. Ağdaş şəhər S.Vurğun adına 1 nömrəli orta məktəb).
    Bu liseylərə qəbul V siniflərdən xüsusi seçimlə: müsahibə və imtahanla həyata keçirilir.Bu liseylərin tədris planı da fərqlidir.Belə ki, bu liseylərdə ümumtəhsil fənləri ilə yanaşı, xüsusi kursların, o cümlədən “NİTQ MƏDƏNİYYƏTİ” xüsusi kursu da tədris olunur.
     Ümummilli mədəniyyətin tərkib hissəsi olan nitq mədəniyyəti həm linqvistik, həm də metodik anlayışdır. Metodik anlayış kimi nitq mədəniyyəti şagirdlərin nitq fəaliyyəti ilə bağlı mühüm keyfiyyət göstəricisini ifadə edir.
     V-XI sinifləri əhatə edən bu kurs üçün tədris proqramı hazırlansa da bu günə qədər bu liseylər üçün xüsusi əhəmiyyət kəsb edən bu xüsusi kurs üzrə şagirdlər üçün heç bir dərslik, dərs vəsaiti hazırlanmamışdır.
    Şagirdlərin nitq bacarıq və vərdişlərinin inkişaf etdirilməsi ümumtəhsil məktəbinin əsas vəzifələrindən biridir. Hər bir azərbaycanlı öz dilinin qayda və qanunauyğunluqlarını bilməklə yanaşı, ünsiyyət prosesi olan nitq bacarıqlarına-nitq mədəniyyətinə də yiyələnməlidir. Bu mühüm vəzifənin həyata keçirilməsində Azərbaycan dili və ədəbiyyat fənləri əhəmiyyətli rol oynasa da bu sahədə verilən bilik və bacarıqlar kifayət etmədiyindən əlavə bir kursun-“NİTQ MƏDƏNİYYƏTİ” xüsusu kursunun tədrisi zərurəti də meydana gəlmişdir.
   Bu xüsusi kurs aşağıdakı vəzifələrin yerinə yetirilməsinə xidmət edir:
—mədəni nitqə verilən ən mühüm tələblərlə şagirdləri tanış edib danışma və yazı prosesində onlardan istifadə texnikasına yiyələndirmək;
—nitq şəraitindən asılı olaraq dil vahidlərindən məqsədyönlü istifadə bacarıqları aşılamaq;
—şagirdlərin lüğət ehtiyatını zənginləşdirməklə yaradıcı təfəkkürünü inkişaf etdirmək.
   Düşünürük ki,şagird və müəllimlərin ehtiyaclarını nəzərə alaraq “NİTQ MƏDƏNİYYƏTİ” XÜSUSİ KURSU ÜZRƏ tədris resurslarının-dərslik komplektinin hazırlanmasına ehtiyac var.  Üç komponentdən ibarət ola biəcək dərslik komplekti( dərslik, MMV və qiymətləndirmə vəsaiti) təhsilimizə dəyərli töhfə verməklə gənc nəslin mədəni nitqə yiyələnməsində, innovasiyaların köməyi ilə səriştələrin formalaşmasında, şəxsiyyətyönümlü kompitensiyaların inkişafında çox ciddi, mühüm və əhəmiyyətli rol oynaya bilər. Komplekt mərhələlərlə V, VI-VII, VIII-IX və X-XI siniflərin tədris proqramlarını əhatə edən 4 kitab dəstindən ibarət ola bilər.
   Bu yazımızda V sinif şagirdləri üçün hazırlanacaq tədris resurslarının əsas hədəflərini və kurikulum əsaslarını müəyyənləşdirməyə çalışmışıq.
V sinif şagirdi “NİTQ MƏDƏNİYYƏTİ” kursunu öyrənməklə aşağıdakı bilik və bacarıqlar əldə edə bilir:
-dil və nitq anlayışlarının mahiyyətini fərqləndirir; -mədəni nitq üçün zəruri olan tələbləri mənimsəməklə şifahi və yazılı nitqinizi təkmilləşdirir; -özünüzün və tərəf-müqabilinizin nitqində rast gələcəyi nöqsanları müəyyənləşdirib, səbəblərini açıqlamaqla düzəlişlər edir;
-nəqli(məlumatlandırıcı), təsviri və mühakimə xarakterli mətnlər tərtib etməklə öz fikir və duyğularınızı mükəmməl şəkildə ifadə edir;
-təqdim olunan mövzularda müxtəlif formalı təqdimatlar hazırlayır, disbut, debat və diskussiyaların fəal iştirakçısı olur və s.
                         
                            5-ci siniflər ÜÇÜN “NİTQ MƏDƏNİYYƏTİ” XÜSUSİ KURSU ÜZRƏ
                           MƏZMUN STANDARTLARI


5-ci sinifdə tədris ilinin sonunda şagird:
⁕ nitq və nitq mədəniyyəti haqqında biliklərə yiyələndiyini nümayiş etdirir;
⁕ mədəni nitqə verilən tələblərin mahiyyətini anlayır;
⁕ şifahi və yazılı nitqin əsas xüsusiyyətlərini fərqləndirə bilir;
⁕ cümləni əsas nitq vahidi olduğunu əsaslandırır;
⁕ cümləni məqsəd və intonasiya növlərinə görə fərqləndirir;
⁕ cümlənin tərkib hissələrini bağlayan vasitələri tanıyır;
⁕ ifadə formalarına görə mətnləri fərqləndirir;
⁕ mətnin tərkib hissələrini səciyyələndirir;
⁕ mətni məzmun və struktura uyğunluğuna görə təhlil edir;
⁕ yazılı nitqdə orfoqrafiya qaydalarına əməl edir;
⁕ yazılı mətndə orfoqrafik səhvləri müəyyənləşdirir;
⁕ şifahi nitqində orfoepik normaları gözləyir;
⁕ mətni orfoepik qaydalara uyğun ifadəli oxuyur;
⁕ yoldaşlarının oxusunda orfoepik səhvləri müəyyənləşdirir;
⁕ mətni məntiqi vurğunu gözləməklə oxuyur,vurğu növləri- ni fərqləndirir;
⁕ nitqində mənasına uyğun olaraq sözlərdən düzgün istifadə edir;
⁕ müxtəlif söz qruplarından məqamına uyğun istifadə edir;
⁕ müxtəlif xarakterli mətnlər tərrtib edir;
⁕ nitqini zənginləşdirməkdə müxtəlif lüğətlərdən düzgün istifadə edir;
⁕ şifahi nitqində intonasiya, mimika və jestlərdən məqsədə- uyğun şəkildə istifadə edir;

                          MƏZMUN XƏTLƏRİ:

1.Nitq mədəniyyəti-məntiqi mədəniyyət meyarları.
2.Şifahi nitq bacarıqları.
3.Yazılı nitq bacarıqları.
4.Linqvistik-üslubu qaydalar.
                            MƏZMUN XƏTLƏRİ ÜZRƏ ƏSAS VƏ ALT STANDARTLAR

1.1. Nitq mədəniyyəti-məntiqi mədəniyyətə yiyələndiyini nümayiş etdirir.
1.1.1.Nitq və nitq mədəniyyəti haqqında təqdimat edir.
1.1.2.Mədəni nitqə verilən tələbləri bir-birindən fərqləndirir.
1.1.3. Nitq mədəniyyətini məntiqi mədəniyyətin tərkib hissəsi kimi izah edir.
1.1.4. Fikirlərini məntiqi cəhətdən əsaslandırır.

1.2. Nitq mədəniyyətinə verilən tələblərə əməl edir.
1.2.1.Yazılı və şifahi nitqində mədəni nitqə verilən tələbləri gözləyir.
1.2.2.Bədii mətn tərtib edərkən ifadəlilik tələbindən istifadə edir.
1.2.3.Hər cür nitqində düzgünlük,dəqiqlik, aydınlıq tələblərinə ciddi əməl edir.

2.1.Şifahi nitq normalarına yiyələndiyini nümayiş etdirir.


2.1.1. Şifahi nitqə verilən tələblər üzrə təqdimat edir.
2.1.2. Şifahi nitqində orfoepik normaları izah edir.
2.1.3. Şifahi nitqində mimika və jestlərdən məqsədəuyğun istifadəni əsaslasndırır.
2.1.4. Şifahi nitqində məntiqi vurğu və heca vurğusundan istifadə qaydalarını şərh edir .
2.1.5. Debata verilən tələblər üzrə təqdimat edir.

2.2. Şifahi nitq normalarından düzgün istifadə edir.


2.2.1.Şifahi ünsiyyət zamanı lakonikliyə əməl edir.
2.2.2. Şifahi nitqində söz qruplarından səmərəli istifadə edir.
2.2.3. Müxtəlif lüğətlərdən istifadə etməklə nitqini zənginləşdirir, söz ehtiyatını artırır.
2.2.4. Şifahi nitqində nitq etiketlərindən yerində istifadə edir.
2.2.5. Debatlarda arqumentlərdən məntiqi qanunlara uyğun şəkildə istifadə edir.

3.1.Yazılı nitq normalarına yiyələndiyini nümayiş etdirir.

3.1.1. Yazılı nitqdə orfoqrafiya qaydalarını şərh edir.
3.1.2. Orfoqrafik normalara əməl etməklə rabitəli mətnqurmanı əsaslandırır.
3.1.3.Rabitəli mətnin ifadə formalarını və tərkib hissələrini fərqləndirir.
3.1.4. Mətn tərtib edərkən abzaslardan istifadə məqamlarını düzgün əsaslandırır.

3.2. Yazılı nitq normalarına əməl edir.
3.2.1. Mətni məzmun və struktur cəhətdən təhlil edir.
3.2.2. Yazılı nitqində söz qruplarından, frazeoloji birləşmələrdən, müxtəlif lüğətlərdən məqsədyönlü istifadə edir.
3.2.3.Yazılı nitqində müxtəlif cümlə növlərindən əsas nitq vahidi kimi istifadə edir.
3.2.4. Mətn tərtib edərkən abzaslardan düzgün istifadə edir.
3.2.5. Mətn tərtib edərkən orfoqrafik və durğu işarəsi qaydalarına əməl edir.

4.1. Linqvistik-üslubi qaydaları mənimsədiyini nümayiş etdirir.

4.1.1.Cümləni əsas nitq vahidi kimi səciyyələndirir.
4.1.2.Cümlənin tərkibinə daxil olan dil-nitq vahidlərini fərqləndirir.
4.1.3. Sadə cümlənin növlərini fərqləndirməklə müxtəlif cümlə növlərini üslubi seçimə görə əsaslandırır.
4.1.4. Müxtəlif dil vahidlərinə aid linqvistik-üslubi qaydaları izah edir.

4.2. Linqvistik-üslubi qaydaları düzgün tətbiq edir.

4.2.1. Müxtəlif söz qruplarının üslubi xüsusiyyətlərindən düzgün istifadə edir.
4.2.2. Nitqində durğu işarələrini düzgün seçir və istifadə edir.
4.2.3. Müxtəlif dil vahidləri ilə bağlı üslubi normaları tətbiq edir.
4.2.4.Üslubi məqamları gözləməklə mətn qurur.


“NİTQ MƏDƏNİYYƏTİ” xüsusi kursunun proqramı əsasında hazırladığımız bu standartlar bir layihə-təklifdir.(Bax: “XÜSUSİ LİSEY SİNİFLƏRİ ÜÇÜN NÜMUNƏVİ PROQRAMLAR” “Məntiq”(V-VII siniflər, “Nitq mədəniyyəti”(V-IX siniflər), “Üslubiyyat”(XXI siniflər.) “Təhsil”nəşriyyatı-BAKI-2012 səh.73-108).

     Bu təşəbbüsümüz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən bəyənilərsə, “NİTQ MƏDƏNİYYƏTİ” xüsusi kursu üzrə dərslik komplekti hazırlamaq üçün əməkdaşlığa hazırıq. 5-ci sinfin dərsliyi üçün mündəricat da hazırlamış, mövzuları da 4 tədris vahidində qruplaşdırmışıq:

           MÜNDƏRİCAT
Ön söz ..........................................................................
V sinif I bölüm:NİTQ MƏDƏNİYYƏTİNƏ VERİLƏN ƏSAS TƏLƏBLƏR
1.Nitq və nitq mədəniyyəti haqqında .............................
2.Şifahi və yazılı nitq haqqında ümumi məlumat,,,,,
3.Cümlə əsas nitq vahidi kimi........................................
4.Mətn rabitəli nitqin ifadə forması kimi.......................
5.Mətnin tərtibi üzərində iş.............................................

II bölüm : NİTQİN İFADƏ FORMALARININ QAYDALARI VƏ ŞƏRTLƏRİ

6.Yazılı nitqdə orfoqrafiya qaydalarının gözlənilməsi...
7.Şifahi nitqdə orfoepiya qaydalarının gözlənilməsi....
8.Nitqdə vurğudan istifadə..................................................
9.Nitqdə sözdən düzgün istifadə.........................................
10.Nitqdə köhnəlmiş və yeni sözlərdən istifadə............
11.Nitqdə frazeoloji birləşmələrdən istifadə......................

III bölüm :NİTQİN TƏZAHÜRÜNDƏ İSTİFADƏ OLUNAN VASİTƏLƏR
12.Nəqli xarakterli mətn üzərində iş................................
13.Nitqin zənginləşdirilməsində lüğətlərdən istifadə..........
14.Şifahi nitqdə mimika və jestlərdən istifadə...............
15.Ünsiyyətin qurulmasında nitq etiketlərinin rolu..........

IV bölüm:TƏQDİMATLAR VƏ DEBATLAR
16.Təqdimatın hazırlanması....................................................
17.Mövzuya uyğun debatların təşkili..................................
Keçilmişlərin təkrarına dair sual və tapşırıqlar..............
Formativ və summativ qiymətləndirmə nümunələri.........
ƏLAVƏLƏR
İstifadə olunmuş ədəbiyyat:
Dərsliyin “Əlavələr” bölməsinə son orfoqrafiya və orfoepiya qaydalarını da yerləşdirməyi nəzərdə tuturuq.


Tarix: 7-11-2022, 22:13

Xəbəri paylaş