Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Səmərəli asudə vaxtın təşkilinin məktəblilərin mənəvi-əxlaqi keyfiyyətlərinə təsiri


Məktəblilərin asudə vaxtının səmərəli şəkildə təşkili vacib məsələlərdən biridir. Çünki sağlam əqidənin formalaşması, güclü iradənin inkişafı, müsbət əxlaqi keyfiyyətlərə yiyələnmə və ümumiyyətlə, sağlam gəncliyin təməli düzgün təşkil olunmuş asudə vaxtdan da asılıdır. Şagirdlərin məktəb mühitində əldə etdikləri bilik, bacarıq və vərdişlər qədər dərsdənkənar fəaliyyətləri də onların hərtərəfli şəxsiyyət kimi formalaşmasının bir parçasıdır. Məlumdur ki, yeniyetmələr arasında narkomaniya və alkoqolizm meyillərinə, hüquq pozuntuları və cinayətkarlıq hallarına bəzən rast gəlinir. Bu xoşagəlməz halların aradan qaldırılması və intellektual və mənəviyyatlı Azərbaycan gənclərinin yetişməsi üçün onların boş vaxtlarının düzgün şəkildə təşkili diqqət mərkəzində olmalıdır.
            Respublikamızda uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, yaradıcı qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri məqsədilə onların dərsdənkənar vaxtlarının düzgün şəkildə keçirmələri üçün bir sıra addımlar atılmışdır. Hazırda ən uğurlu görülən işlərdən biri innovativ dərnəklərin yaradılmasıdır. Buna misal olaraq, “Rəqs”, “Rəsm”, “Memarlıq-dizayn”, “Qum sənəti”, “Xalçaçılıq”, “Robotexnika və STEAM”, “Mental-Aritmetik”, “Dulusçuluq”, “Heykəltaraşlıq”, “Toxuculuq”, “Ekoklub”, “Kukla teatrı”, “Bədii özfəaliyyət”, “Bədii qiraət”, “Coğrafiya-diyarşünaslıq” kimi dərnəkləri, idman və şahmat məktəblərini göstərmək olar. Hazırda Təhsil Nazirliyinin tabeliyində 143 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir ki, bunlardan 67-si uşaq-gənclər inkişaf mərkəzi, 76-sı isə uşaq-gənclər idman-şahmat məktəbidir.
İnnovativ dərnəklərin yaradılması uşaqların təlimə marağının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, bilik və bacarıqlarının inkişaf etdirilməsinə müsbət təsir edəcəkdir.
            Respublikamızda 63 texniki yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər məktəblilərdə elmə həvəs, istehsalat və texnikaya meyillilik tərbiyə etməklə, onlarda texniki yaradıcılıq keyfiyyətləri formalaşdırır. Texniki yaradıcılıq mərkəzlərində əsasən “İbtidai modelçilik”, “Radioelektrotexnika”, “Elektrotexnika”, “Bacarıqlı əllər”, “İnformatika”, “Texniki estetika”, “Əyləncəli fizika”, “Texniki ekologiya”, “Gənc konstruktorlar”, “Avto”, “Raket”, “Təyyarə modelçiliyi”, “Kimya” və.s. adlarda texniki yaradıcılıq mərkəzləri fəaliyyət göstərirlər. Bu mərkəzlərə cəlb olunan öyrənənlərin:
- Asudə vaxtları şən və maraqlı keçir;
- Texniki yaradıcılıq potensialları inkişaf edir;
- İxtiraçılıq və tədqiqatçılıq bacarıqları formalaşır;
- Fzika, kimya, riyaziyyat, informatika kimi fənlərdən əldə etdikləri bilikləri təcrübi fəaliyyətləri zamanı daha keyfiyyətli mənimsənilir.
            Son illərdə Azərbaycan gəncləri ilə bağlı atılan addımlar, görülən işlər onların asudə vaxtlarının səmərəli təşkilinə          xidmət etmişdir. Olkə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Gəncliyi Dövlət Proqramı” qəbul edilmişdir. Bu sərəncamın icrası nəticəsində Bakıda “Gənclər mərkəzi” nin, regionlarda “Gənclər Evi” nin inşa edilməsi, Gənclər fondunun yaradılması, gənclərin məşğulluğunun təmin edilməsi ilə bağlı işlər görülmüşdür. Bununla yanaşı, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı bir çox Dövlət proqramları qəbul edilmişdir. Əsas məqsəd:
1) Gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək;
2) Onların qabiliyyət və istedadlarını müəyyənləşdirib düzgün istiqamətləndirmək;
3) Onlarda təlimə və ictimai işlərə maraq artırmaq;
4) Gəncləri ictimai həyata və istehsal əməyinə hazırlamaq;
5) Onların yaradıcılıq potensialını ölkənin inkişafına və ümummilli problemlərin həllinə səfərbər etmək;
8) Sağlam əqidəli, güclü iradəli və mənəviyyatlı gənclər yetişdirmək.
Məktəblilərin boş vaxtlarının səmərəli təşkili ilə bağlı həyata keçirilən bu proqramlar onların milli-mənlik şüurunun inkişafına və vətənpərvərlik hisslərinin artmasına böyük təsir göstərir. Məktəblilər bilməlidir ki, asudə vaxt heç bir şeylə əvəz edilə bilməyən mənəvi sərvətdir və onun şəxsiyyətin mənəvi inkişafında rolu xüsusilə böyükdür. Hər bir yeniyetmə və gənc asudə vaxtdan həm özü üçün, həm də cəmiyyət üçün ağılla, faydalı istifadə etməlidir. Hər bir yeniyetmə və gənc özünün gündəlik, həftəlik və illik istirahət rejimini ağılla qurmağı bacarmalıdır. 
Şəxsiyyətin səyləri, siyasi-əxlaqi, estetik idealları, baxışları, onların zənginliyi, möhkəmliyi mənəvi fəaliyyətdə üzə çıxır. Deməli, şəxsiyyət yalnız nə etməsi ilə deyil, həm də necə etməsi ilə səciyyələnir. Şəxsiyyəti ən çox yüksəldən onun həyatda hansı mövqe tutması, öz həyatını, asudə vaxtını necə keçirməsi ilə ölçülür.
Elmi və bədii əsərlərin mütaliəsi, muzey və sərgilərdə olmaq, ekskursiyalara, kino və teatrlara getmək, idman və musiqi ilə məşğul olmaq məktəblilərin asudə vaxtlarının əsas strukturunu təşkil edir. Mütaliə məktəblilərin mənəvi kamilləşməsinə xidmət edir; gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşmasına təsir göstərir və onlarda dünyagörüşünü zənginləşdirir; dövlətə, dövlətçiliyə, vətənə, xalqa bağlılıq hisslərini aşılayır. Ona görə də məktəblilərin boş zamanlarında onlarda mütaliə mədəniyyəti formalaşdırmaq vacib hesab edilməlidir. 
Onu da vurğulayım ki, son zamanlar Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Onlayn kitab klubu” adlı sosial layihəyə başlanılmışdır. Bu da hər bir məktəblinin boş zamanlarında mənəviyyatlı şəxsiyyət kimi yetişməsində böyük rol oynayır. Hətta əməkdar elm xadimi, professor Şahlar Əsgərov qeyd etmişdir ki, “Kitablar və onların mütaliəsi həmçinin insanın zehni və hissi inkişafında vacib tədris vasitəsidir. Tez-tez roman oxuyan şəxslər başqa insanları daha yaxşı anlayır və empati qura bilirlər. 
Aparılan araşdırmalar nəticəsində isə müəyyən edilib ki, hekayə oxuyan uşaqlar daha iti zehnli olur və digər insanları daha çevik anlayırlar. Kitabsevər, mütaliəçi insanlar boş vaxtlarını oxumağa sərf edir, imkan tapan kimi kitab oxuyurlar. Bu səbəbdən də belə insanların zərərli vərdişləri yoxdur. Təbii ki, məktəblilərin asudə vaxtlarında mütaliə etməsi onların mənəvi tələbatını və qabiliyyətlərini, estetik zövqünü inkişaf etdirir, bütün bunlarla birlikdə mənəvi təkmilləşməyə kömək edir. 
Mütaliə asudə vaxtın ən ideal məşğuliyyətidir. Hər bir valideyn və müəllimlər doğru kitab seçimində uşaqların yaşını nəzərə almalıdırlar. Kitablar elə seçilməlidir ki, milli ruhumuzu, adət-ənənələrimizi özündə ehtiva etməlidir. Bu da məktəblilərə milli və vətənpərvər ruhda müsbət təsir göstərəcək və onlar sağlam xarakterli şəxsiyyət olaraq yetişəcəklər.
Məktəblilərin asudə vaxtının düzgün və səmərəli təşkilində idman da mühüm rol oynayır. Boş vaxtını idmanla məşğul olan şagirdlər daha sağlam, başqa insanlarla münasibətdə daha anlayışlı, təvazökar, mehriban, dostcanlı və s. qabiliyyətlərə malik olurlar. Bir sözlə, onlarda aktiv həyat tərzi formalaşır. İdmanın növləri içərisində şahmat da önəmli hesab edilmişdir. Belə ki, məktəblinin boş zamanında şahmat oynaması onlarda zehni qabiliyyətlərin inkişaf etməsi və tez qərar qəbul etmə qabiliyyətinin formalaşmasına təsir göstərir.
Məktəblilərin asudə vaxtının səmərəli təşkilində ölkəmizdə yaradılan “Gənc Turistlər və diyarşünaslıq” mərkəzlərinin yaradılması da diqqətəlayiq işlərdəndir. Bu mərkəzlər öz işini bizim irs, incəsənət aləmi, Azərbaycan beynəlxalq aləmdə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə, təbiət sirləri kimi istiqamətlər üzrə qurur. Bu işlərin əsas məqsədi tariximizi, soy kökümüzü, mədəniyyət, ədəbiyyat və incəsənətimizi uşaq, yeniyetmə və gənclərə öyrətmək, vətənimizin flora və faunası haqqında onlara bilik vermək, tarixi abidələrimizi qorumaq və vətənə məhəbbət hissi aşılamaqdır.
Turizm, diyarşünaslıq və ekskursiyalar artıq yeniyetmə və gənclərin həyatına daxil olmuşdur. Turist, diyarşünaslıq və ekskursiya yürüşlərində iştirak edən yeniyetmə və gənclərin dünyagörüşü genişlənir, peşəseçmə meylləri aydınlaşır və estetik zövqləri inkişaf edir.
Məktəblilərin asudə vaxtının təşkil edilməsində muzeylər də mühüm rol oynayır. Muzeylər yeniyetmə və gəncləri öz milli idealları uğrunda xalqımızın mübarizəsini işıqlandıran qəhramanlıq tariximizin əsil yadigarları ilə tanış edir. Ölkəmizdə “Tarix muzeyi”, “İncəsənət muzeyi”, “Təhsil muzeyi”, “Kənd təsərrüfatı muzeyi”, “İdman muzeyi”, “Velosiped muzeyi” kimi muzeylər məktəblilərin mənəvi tərbiyəsinə, mənəvi əqidə və vətəndaşlıq hisslərinin formalaşmasına imkan yaradır.
Məktəblilərin asudə vaxtının düzgün və səmərəli təşkili onların təlimə marağının artırılmasına, bilik, bacarıq və vərdişlərinin inkişaf etdirilməsinə, mənəvi tərbiyəyə və ümumiyyətlə, sağlam xarakterin formalaşmasına müsbət təsir edir.
 
Ədəbiyyat
 

  1. Hüseynova Ş. Yeniyetmə və gənclərin asudə vaxtının təşkili.
  2. Qasımova L., Mahmudova R., Pedaqogika, Bakı.
  3. www.aztehsil.com
  4. www.muallim.edu.az
 
Nəzakət İmamverdiyeva
Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru


Tarix: 31-10-2022, 16:34

Xəbəri paylaş