Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Şagirdlərin ekoloji tərbiyəsi: Təmiz su və ekoloji tarazlıq



 
        Gənc nəslin tərbiyəsinin mühüm komponentlərindən biri də ekoloji tərbiyədir. Ekoloji tərbiyədə  o zaman  müvəffəqiyyət  əldə etmək olar ki,  məktəblilərdə  ekoloji  dünyagörüş  formalaşdırılsın.  Ekoloji dünyagörüşü  dedikdə, gənc nəslin təbiətə, onun  sərvətlərinə  məhəbbət, qayğı göstərmək, qorumaq, çoxaldılması istiqamətində  fəaliyyət  göstərmək, ekoloji şüura və əqidəyə malik  olmaq nəzərdə tutulur. 
      Ekoloji tərbiyənin əsasında  ibtidai  siniflərdən  başlayaraq uşaqları təbiətə məftumluq,  gözəlliyini dərk etdirməklə  yanaşı , ətraf mühiti -  torpağı, suyu, atmosferi, flora və faunanı mühafizə  etmək istiqamətində  formalaşdırmaq durur. 
       Ekoloji  tərbiyə  prosesində  məktəblilər doğma torpaq, doğma yurd, vətən haqqında, onun təbiəti haqqında geniş məlumat alır, onun qorunmasında  üzərlərinə  çoxsaylı vəzifələrin  düşdüyünü  dərk edirlər. 
      Məktəblilərin ekoloji tərbiyəsində ekoloji tarazlığın mahiyyəti haqqında məlumatın  verilməsi vacib məsələlərdən biridir.  
     Təbiətin  bizə verdiyi  hər şeyin olduğu  kimi saxlanılması ekoloji tarazlıq adlanır. Axar, dayanıqlı və yeraltı sulardan insafsızcasına istifadə edilməsi nəticəsində ağaclar,  bitki, o sahənin  heyvanat aləmi  getdikcə məhv olur- ekoloji  tarazılıq pozulur. İndiki zamanda  Şəki-Zaqatala bölgəsində  bəzi heyvanat,  bitki və ağac növlərinin bir qismi tamamilə məhv olub və ya  məhv olmaq ərəfəsindədir. 
      Məhv olmanın  səbəblərindən  biri sudursa, digəri atmosferin  zəhərli  qazlarla çirklənməsidir. Ekoloji  tarazlığın  mahiyyətini hər bir vətəndaş, o cümlədən şagird və tələbələr də bilməlidir. Ekologiya, ekoloji tarazlığın mahiyyəti haqqında informasiyanı gənc nəslə vermək vacibdir.   
      Canlı təbiət, onun ayrı-ayrı təzahür formaları ilə xarici aləmin qarşılıqlı  münasibətlərini öyrənən ekologiya elmi haqqında  ilkin biliklər insanlara məlum idi. Ona görə ki, insanlar bilirdilər ki, onların  mövcudluğu təbiətdən asılıdır. 
        Təbiətin qorunması, tarazlığın saxlanması üçün ilk qanun  bizim eradan qabaq  1792-ci ildə  Babilistan  padşahı  Hamurrapi tərəfindən  verilmişdir.  Bizim eradan qabaq  240-cı ildə  Hindistan  hökmdarı Aşoka  xüsusi  fərmanla  altı aylığa çatmamış heyvanların  öldürülməsini  qadağan etmişdir. Aşoka  mühafizəsi lazım bilinən  heyvan və quşların  siyahısını da müəyyən etmişdir. 
      Hazırda təbiətin qorunmasına o qədər də diqqət verilmir. Təbiətin qorunmasına laqeyd münasibət insanlığı, bəşəriyyəti fəlakətə sürükləyir. Ekoloji tarazılığın pozulması dövlətlərarası müharibələrdən  dəhşətli olmuşdur. 
      Dünyada  gedən iqlim və temperatur dəyişikliyi ekoloji tarazlığı pozan əsas amillərdən biri kimi göstərilir.  
       İnsan istehlakı artıq təbiətin bərpa olunmaq və bizim “ekoloji izlərimizi” udmaq  bacarığını 23% üstələyir.  Minilliyin  Ekosistem Dəyərləndirməsi göstərdi ki, təbiətin  həyati təminat  sistemlərinin  60%-i  tənəzzülə  məruz qalmışdır və ya səmərəsiz istifadə  olunur.  Dağıdıcı  təbii  fəlakətlər artıq daha  çox bəşəriyyətin,  ətraf mühitin dəyişməsi qarşısında zəifliyini üzə çıxarır. Atlantidada bu yaxınlarda termohalın dövriyyəsinin  dəyişiklikləri ölçülmüşdür. Qeydə alınan  illər arasında  yalnız 2005-ci il ən isti il olmaqla  məhdudlaşmayıb, son səkkiz  ildən altısı qeydə alınan ən isti illər olmuşdur. Fəsillərin əvəzlənməsi dəyişmişdir. İDHK-nın (İqlim Dəyişikliyinə  dair Hökumətlərarası Komissiya) Dördüncü Dəyərləndirməsinin gələn illərdə nəşr olunacaq layihəsi 2050-ci ilə qədər 2-4,5 dərəcə Selsi  istiləşmə  proqnozlaşdırır ki,  bu da 2001-ci ildə  proqnozlaşdırılan 2100-ci ilə qədər 1,4-5,8 dərəcə Selsi istiləşmədən daha artıqdır. Hərarətin  sadəcə  3 dərəcə  qalxması sahil xətlərinin  dəyişməsinə  və 400 milyon insan üçün aclığa səbəb ola bilər. Təkrar  sığorta  şirkətləri  iqlim dəyişməsi səbəbindən  onillik  ərzində  illik iqtisadi  itkilərin  150-300 milyard  ABŞ dolları  məbləğində  olacağını  ehtimal edirlər. Buzlaqlar dünya miqyasında azalır və Arktika buzunun əriməsi  gözlənildiyindən daha sürətlə baş verir. Bəziləri xəbərdarlıq  edirlər ki, iqlim dəyişməsi artıq geriyədönməz nöqtəyə çatmışdır. Okeanlar və meşələr tərəfindən karbon qazının hazırkı udulma səviyyəsi təxminən  ildə  3-3,5 milyard tondur; insan fəaliyyəti isə ildə 7 milyard ton əlavə edir. İldə təxminən  13 milyon hektar meşə sahəsi məhv olur; xalis  meşə itkilərinin  göstəricisi aşağı  düşsə də, tropik meşələrin 95%-i mühafizəsizdir və ya səmərəli istifadə olunmur. Habelə, dünyadakı mərcan riflərinin 20% artıq məhv olmuşdur. 16 mindən artıq heyvan, quş, balıq, habelə bitki növü yoxa çıxma təhlükəsi altında olan növlər kimi qeydiyyata alınmışlar. Toxunulmamış ekosistemin dəyəri onun mühafizəsinin dəyərindən  qat-qat artıqdır. Yer kürəsini  bürüyən ozon qatının deşilməsi və getdikcə sahəsinin böyüməsi atmosferin  çirklənməsi ilə əlaqədardır. Bu qat Yer kürəsində  mövcud olan  canlıları kosmik və ultrabənövşəyi şualardan qoruyur. 
      Təmiz su ekoloji tarazlığın əsasında durur. Şəki-Zaqatala zonasında və digər bölgələrdə  çay və yeraltı suların  azalması, bəzi yerlərdə olmamasının nəticəsidir ki,  bir  çox bitki və heyvanların  nəsli kəsilməkdədir. 
       Ümumdünya Su Şurasının  Prezidentinin məlumatına görə, 2005-ci ildə  “suyun çatışmazlığı və ya onun aşağı keyfiyyəti planetdə aparılmış bütün  müharibələrdən 10 dəfə  daha çox  ölümə səbəb  olmuşdur. Suyun  təchizatı artırılmalıdır, sadəcə yenidən bölüşdürmə kifayət deyildir. Yeraltı suların  səviyyəsi  bütün qitələrdə  azalır, bəşəriyyətin 40%-i  beynəlxalq  su ayrılmasından asılıdır, kənd təsərrüfatı torpaqları şoranlaşır, yeraltı suların su saxlayan təbəqələri çirkləndirilməkdədir və  urbanizasiya suya tələbatı bir çox sistemlərin təchiz edə biləcəyindən daha çox artırır.  İnkişaf etməkdə olan  ölkələrdəki xəstəliklərin 
80%-i  su ilə bağlıdır. Onlardan bir çoxu  insan  ifrazatlarının  pis idarə edilməsi ilə  bağlıdır. Bir çox təkmilləşdirmələrə baxmayaraq, 1 milyard çox insan hələ də təhlükəsiz içməli suya malik deyil.  2,6 milyard insanın  standartlara cavab verən  kanalizasiyadan məhrum olması hər il 1,7 milyon nəfərin diareya və onunla bağlı digər xəstəliklərdən  ölməsi  ilə nəticələnir. 
        Bir çox böyük çaylar okeana  çatanadək ilin bir hissəsini artıq suyu çəkilmiş vəziyyətdə axır. Son 40 il ərzində göl və çaylardan suyun alınması ikiqat artmışdır. BMT agentlikləri ehtimal edirlər ki, əhəmiyyətli dəyişiklik olmasa, 2050-ci ilə qədər 2 milyarddan artıq insan suyun çatışmadığı ərazilərdə  yaşayacaq.  İnsanların  şirin su  istehlakının  70%-i  kənd  təsərrüfatının  payına düşür və  böyüməkdə olan nəsillərin qidalandırılması üçün ona olan ehtiyac artacaq.  Şəhərlərin  suya  tələbatı artmaqda  davam edir, təbiətin də bütün tələbatları  təmin edəcək qədər həyat qabiliyyətli olması üçün kifayət qədər suya ehtiyacı vardır. 3000-dən artıq şirin su  növü  məhvolma təhlükəsi altında qaldığı üçün və ya  yoxa çıxan növlər kimi qeydiyyata alınmışdır. Ciddi siyasi və texnoloji dəyişikliklər meydana  gəlməzsə, suyun  kənd  təsərrüfatında,  şəhərdə və ekoloji məqsədlərə istifadəsi arasındakı kompromis üstündə gələcək mübahisələr qaçılmazdır.Əvvəllər su bölgüsü haqqında sazişlər münaqişədə olan insanlar arasında  da  bağlanmış və bu başqa sahələrdə  əməkdaşlığa aparıb çıxarmışdır.
       Bunun üçün  atılmış kənd təsərrüfatı torpaqlarının meşələrə və ya otlaqlara çevrilməsinə; kütləvi şirinləşdirmə, məişət kanalizasiyası və çirkab suların təmizlənməsi, yenidən meşəsalma, suyun anbarlaşdırlması, çoxməqsədli su sxemlərində sənaye çirkab sularının təmizlənməsinə investisiya qoyulması və suyun bol olduğu yerlərdən su qıtlığı çəkən  ərazilərə axıdılması üçün  ekologiyaya zərər  vurmayan bəndlər, boru xətləri və kanalların inşasına yardımcı  olmalıdır.  BMT-nin  hesabatlarında  göstərilir ki,  dünya üzrə 40 ölkə su çatışmazlığından  əziyyət çəkir. Bu ölkələrdən  biri də  Azərbaycandır. Məktəblilərin ekoloji tərbiyəsi zamanı qeyd etdiklərimiz haqqında şagirdlərə bəzi fənlərin tədrisi və  sinifdənxaric  tədbirlər zamanı məlumat vermək vacibdir. 
           Gəlin, içməli  sudan  qənaətlə  istfadə edək, çirkləndirməyək. Su həyatdır! Ekologiya  və ekoloji tarazlıq bizim  mövcudluğumuzdur. 

 
                    
Sədrəddin BƏDİYEV,
 ADPU- nun Şəki filialının kafedra müdiri, dosent

 
 


Tarix: 8-04-2022, 22:12

Xəbəri paylaş