Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Qələbəmizlə qürur duyuram”







      Şəms Abdullayeva, Ankara Universitetinin tələbəsi: “Bu, böyük sevinc, həm də böyük xoşbəxtlikdir“ 


Müasir dünya reallıqları hər bir insandan dövrün çağırışlarına uyğun olaraq gələcəyini qura bilməsi, həyatda uğurlu olmaq üçün zəruri bilik və bacarıqlar tələb edir. Bu günün reallıqları, daim dəyişən əmək bazarının gündən-günə kəskinləşən tələbləri də  yüksək keyfiyyətli təhsilin önəmini vurğulayır. Bu səbəbdən də gənclərimiz gələcək karyera imkanlarını düşünür, yüksək  keyfiyyətli  ali təhsil almaq arzularını, imkanlarını reallaşdırmağa çalışırlar.  Gənclərimizin bir qismi dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq, öz sahələrinin peşəkarları kimi yetişmək arzuları, bu baxımdan, başa düşüləndir. Çünki xaricdə təhsil mükəmməl bilik, ən müasir praktika və nəzəri elmi inkişaf, bunları öyrənmək və tətbiq etmək deməkdir. Xaricdə təhsil artıq bir çox gənclərimizin gələcəklə bağlı arzularının reallaşmasına imkan verib. Ayrı-ayrı ölkələrdə, seçdikləri prioritet ixtisaslar üzrə hərtərəfli hazırlıq  keçərək yüksək ixtisas dərəcələri alan gənclər artıq Vətənə dönərək ölkəmizin inkişafına öz töhfələrini verirlər. Budəfəki müsahibimiz belə gənclərdən biri, hazırda qardaş Türkiyə Cümhuriyyətinin  nüfuzlu ali təhsil müəssisələrindən olan Ankara Universitetinin tibb fakültəsində təhsil alan Şəms Şaiq qızı  Abdullayevadır.  

Tanıtım:
  2002-ci ildə Bakı şəhərində anadan olub. 2019-cu ildə  Bakıdakı 191 nömrəli tam orta məktəbi bitirib.  Elə həmin ildə  Türkiyənin Ankara Universitetinin  tibb fakültəsinə  daxil olub. Hazırda  universitetin II kurs tələbəsidir. 

- Orta məktəbdə daha çox hansı fənlərə maraq göstərirdiniz? 

- Bütün fənlərə eyni dərəcədə maraq göstərirdim. Ən çox maraq göstərdiyim fənlər humanitar elmlər olub. Buna baxmayaraq, ən şox sevdiyim fənn biologiya olub. Bəlkə də biologiyaya olan xüsusi sevgim mənim gələcək ixtisas seçimimdə həlledici olub.
 
- Orta məktəb  müəllimləriniz xatirinizdə necə qalıb? Onlardan nələri öyrəndiniz?


- Orta məktəb illərindən ən unudulmaz müəllimim oxuduğum 191 nömrəli məktəbdə həm direktorum, həm də müəllimim olmuş Rəhimə Əliyeva olub.  İlk gündən mənə fənləri sevdirən, həyatda hər şeyə maraq göstərməyi sevdirən Rəhimə xanım olub. Rəhimə xanım orta məktəb illərimdən tibb təhsilinə yönlənməyimdə də ən böyük dəstəkçim olub. Hesab edirəm ki, orta məktəb illərində qazanılan hər bir uğur insanın gələcək nailiyyətlərinin əsasını təşkil edir.  İlk müəllimlərimizin dəstəyi və  elmə maraq oyatması bizlərin həyatda uğurlu olmasını şərtləndirir. 

- Necə oldu ki, həkimliyi seçdiniz? Niyə həkim olmağa qərar verdiniz? Öz seçiminiz oldu, yoxsa ailədən, yaxınlardan kimlərsə məsləhət gördü?


- Bu sənəti seçməyimin ilk və əsas səbəbi  müəllimim,  daha sonra babam və nənəmin işlədiyi peşəni necə sevdiyini və hər kəsin onların sənətinə necə hörmətlə yanaşdıqlarını görməyim oldu. Ailəmdə hər kəsin həkim olması və bu peşənin  sevdiyim fənn ilə bağlı olması da qərar verməyimdə böyük rol oynadı.  Peşə seçimimdə ən düzgün qərarı verdiyimi  düşünürəm. 

- Bu gün pandemiya səbəbindən həkimlərin üzərinə böyük məsuliyyət düşür. Gələcək həkimlik missiyanızda çətinliklər sizi qorxutmur?

- Xeyr,  qorxutmur. Düşünürəm ki, əgər bu çətinliklər məni qorxutsaydı,  bu  ixtisası sevməz və seçməzdim. Hesab edirəm ki, insan seçdiyi peşə sahəsinə ürəkdən bağlıdırsa, heç bir digər səbəb onu bu yolda irəliləməkdən yayındıra bilməz. Bəli, yaşadığımız dövrdə, çox təəssüflər ki, dünyamız gözəgörünməz düşmənlə, onun yaratdığı problemlərlə mübarizəyə səfərbər olunub. Buna görə də həkimlik bu gün insanların ən çox insani şəfqətə  ehtiyac duyduqları bir peşə sahəsidir. Bu cür vəziyyət həkimlik peşəsini seçən hər bir şəxsdən həm də yüksək məsuliyyət, düzgün qərarvermə, peşəkarlıq kimi keyfiyyətlər tələb edir.  

-Təhsil aldığınız universitet və ixtisasınız barədə məlumat verərdiniz? Həkim kimi daha çox hansı sahədə işləmək istərdiniz?


- Türkiyə Cümhuriyyətinin ilk ali təhsil müəssisəsi  Ankara Universitetidir. Bu universitetin tibb sahəsində verdiyi  ixtisasların 18 ölkədə keçərliyi vardır.  Bu isə adıçəkilən universitetdə tibbi biliklərin yüksək keyfiyyətlə tədris olunmasından, kifayət qədər peşəkar professor-müəllim heyətinin fəaliyyətindən xəbər verir. Həkim kimi özümü cərrahiyyə bölməsinə daha uyğun görürəm. Çünki universitetdə  keçdiyim praktikalar cərrahiyyəyə  daha çox maraq yaradır. 

-Hazırda Ankara Universitetində  tədris necə keçir? Onlayn,  əyani yoxsa hibrid? Tələbələr üçün nə kimi güzəştlər var?

- Təbii ki, bütün dünyada olduğu kimi, Ankara Universitetində də tədris hibrid şəkildə təşkil olunur. Tədrisdə nailiyyətləri yüksək olan xarici tələbələr  aylıq təqaüdlə təmin edilirlər. 

-Müəllimlərinizin, universitet rəhbərliyinin tələbələrə münasibəti necədir? Çətinliklər varmı, nə ilə bağlıdı?


-  Universitetdə, ümumiyyətlə, müəllimlərimiz və ali məktəbin rəhbərliyi ilə tələbələrin münasibəti çox yaxşı qurulub. Çətinliklər adətən imtahanlarla bağlı olur. İmtahan sualları ilə bağlı qabaqcadan heç bir məlumat verilmir.

- Azərbaycanlı tələbələrlə əlaqələriniz varmı? 

-Azərbaycanlı tələbələrlə sıx əlaqələrimiz var. Qardaş ölkənin ali təhsil müəssisələrində təhsil alan tələbələr olaraq bir-birimizlə əlaqə saxlayır və məsləhətləşirik.  Həftəsonları asudə vaxtlarımız olur. Bu vaxtlarda da digər tələbələrimizlə ünsiyyət qurur, öyrəndiklərimizi paylaşır və dəyərləndiririk.

- Bilirsiniz ki, Azərbaycan Qarabağ müharibəsində qələbə qazandı. Bir tələbə, gənc olaraq bu qələbəni necə qarşıladınız?


 - Şübhəsiz ki, hər bir azərbaycanlı gənc kimi mən bu Qələbəmizlə qürur duyuram. 30 illik fasilədən sonra, nəhayət,  Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin qətiyyətli siyasəti və  qəhrəman Ordumuzun  şücayiəti sayəsində  torpaqlarımız 44 günlük Vətən müharibəsində düşməndən təmizləndi. Qarabağımız azadlığına qovuşdu. Bu, böyük sevinc, həm də böyük xoşbəxtlikdir.  

- Gələcək plan və arzularınız barədə nə deyə bilərsiniz?

-İlk öncə, Türkiyədə  ali təhsilimi  bitirmək və sonra Erasmus tələbə mübadilə proqramına müraciət  etmək arzusundayam.  Daha sonra isə hədəfim  doktorantura təhsilimi  Hollandiyanın Tilburg Universitetində davam etdirməkdir. Ən sonda peşəkar cərrah kimi tanınmaqdır. Əlbəttə ki, gələcəkdə ən böyük arzum xaricdə təhsil  dövründə qazandığım bilikləri,  öyrəndiklərimi Azərbaycanda tətbiq etmək,  Vətənimə, xalqıma  məsuliyyətli həkim kimi xidmət etməkdir

- Sizə hədəflərinizə çatmaqda bol uğurlar arzulayırıq!

- Təşəkkürlər!

Oruc MUSTAFAYEV


Tarix: 5-01-2022, 17:40

Xəbəri paylaş