Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Gənc peşəkarlar” klubu





Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilmiş “ Təhsildə inkişaf və innovasiyalar üzrə  V qrant müsabiqəsi”nin qaliblərindən biri də İsmayıllı rayonu M. Piriyev adına Tircan kənd tam orta məktəbinin tarix müəllimi Gülyanaq Əliyeva fərdi kateqoriya üzrə " Gənc peşəkarlar" klubu"  layihəsidir.  “Mahir  bir palançı olsa da insan 
Yaxşıdır yarımçıq papaqçılıqdan” 
                             ( Nizami Gəncəvi)
Peşə - insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir.
Hər bir şəxsin, xüsusilə gənclərin peşə və ya ixtisas seçimində diqqətli olmaları, şəxsi keyfiyyətlərini, qabiliyyətlərini, fizioloji xüsusiyyətlərini araşdırmaqla seçim aparmaları məsləhətdir ki, gələcəkdə peşmançılıq hissi keçirməsinlər.
  Həmişə olduğu kimi, indi də məktəblərdə şagirdlərin arasında dərsi qavrama bacarığında fərq var. Onlar fənləri bir o qədər də dərindən dərk etmirlər və odur ki, ali məktəblərə qəbul olmaq arzularından vaz keçirlər. Lakin valideynlər bununla razılaşmaq istəmirlər və övladlarının gələcəkdə ali təhsil alması üçün çalışırlar.
Onların ali təhsil almaını hər hansı peşəyə sahib olmaqdan üstün tuturlar. Bəzi şagirdlər isə özləri peşə tədris məktəblərində təhsil almağın cəmiyyətdə bir o qədər müsbət qarşlanmadığını düşünürlər. Şagirdlər çox zaman valideynlərin öz arzularını həyata keçirmək istəkləri nəticəsində və ya digər səbəblərdən  düzgün istiqamətləndirilmirlər.   Bəzi şagirdlərin öz bacarıqlarını üzə çıxara bilməməsi də əsas səbəblərdən biridir.
Zəif oxuyan şagirdləri peşə tədris məktəblərinə yönəltmək layihənin əsas məqsədidir. Odur ki, biz müəllimlər zəif oxuyan şagirdlər və onların valideynləri ilə söhbətlər aparırıq. Onlara Peşə Tədris Mərkəzinin müsbət cəhətlərini izah etməyə çalışırıq.  
  Şagirdlərdə və valideynlərdə Peşə Tədris mərkəzlərinə maraq oyatmaq lazımdır. Elə bu məqsədlə bu layihəni həyata keçirmək qərarına gəldim.   Şagirdlər bu layihə zamanı  təşkil edilən “ Gənc peşəkarlar” klublarında maraq göstərdikləri peşələri  təşkil edilən kursların sayəsində daha da dərindən öyrənəcək  və sevəcəklər.. İnanırıq ki, kurslarda iştirak edən 100% şagirddən 80% -i Peşə Tədris mərkəzlərində təhsillərini davam etdirməyə həvəslənəcəklər. 
“Gənc peşəkarlar” klublarının gələcək nəslin həyatında böyük rol oynayacağına əminəm. Bu klublar gənc nəslə hələ erkən yaşlarında sevdikləri peşələrə az da olsa yiyələnməkdə böyük rol oynayacaq.  Onların gələcək həyatlarına bir işıq salacaq. Xüsusilə də ucqar kənd məktəblərində təhsil alan şagirdlərin cəmiyyətdə öz yerini tutmağa zəmin yaradacaq.
  Layihəmizin sonunda  zəif oxuyan şagirdlər arasında peşələrə sevgi artırılacaq. Nəticədə cəmiyyətə yararsız olduqlarını düşünən belə şagirdlərdə ruh yüksəkliyi yaradılacaq.Onların cəmiyyətə bir peşəkar sənətkar kimi lazım olduğu sübut ediləcək.  Peşə Tədris Məktəbi ilə əlaqə yaradılacaq və  şagirdlərin təhsillərini bu tədris mərkəzində davam etdirməsinə zəmin yaranacaq. 
  Valideynlərin düşüncələrində az da olsa dəyişiklik olacaq. Övladları özlərini sevdikləri sahələrdə tapacaqlar.
 Qızlar peşə məktəblərinə cəlb ediləcək. Bu da onları erkən nigaha girməkdən qoruyacaq. Gələcəkdə sosial vəziyyətlərinin yaxşılaşdırılmasına kömək edəcək. Layihə zamanı  yaradılan “ Gənc peşəkarlar “  klubları zəif oxuyan şagirdlərin hansısa peşəyə marağını artırmağa şərait yaradacaq və klublar mütəmadi olaraq fəaliyyət göstərəcək.
Məktəblərin texnologiya müəllimləri və həvəskar müəllimlər bu klublarda fəal iştirak edəcəklər. Bir sözlə, bu layihə həyata keçirilərsə,  şagirdlər üçün gələcək həyatlarında böyük bir irəliləyişə imza atılacaq.

   Gülyanaq Əliyeva,
İsmayıllı rayonu, Musa Piriyev adına Tircan kənd tam orta məktəbinin tarix müəllimi, layihə rəhbəri 


Tarix: 5-01-2022, 17:24

Xəbəri paylaş