Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Uğura gedən yol




Hər bir şagird həyatda uğur qazanmaq üçün səylə çalışmalı, öz biliklərini zənginləşdirməli, qarşısına qoyduğu məqsədə çatmaqdan ötrü inamla addımlamalıdır. Elə uğur qazanan şagirdlərimiz var ki, onların uşaqlıq illərinə nəzər salanda görürük ki, doğrudan da, öz məqsədlərinə çatmaqdan ötrü daim səy göstərmişlər. Haqqında danışacağımız Səmra Nicat qızı Muxtarova da belə savadlı şagirdlərimizdəndir.
Səmra Muxtarova 2006-cı il dekabr ayının 13 -də Kürdəmir rayonunun Mollakənd kəndində ziyalı ailəsində dünyaya göz açıb. Atası fiziki tərbiyə müəllimi, anası isə məktəb kitabxanaçısıdır. Qayğıkeşliyi və mehribanlığı ilə hər kəsin sevimlisi olan Səmra 2013-cü ildə Kürdəmir rayonu  Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub.  Tərbiyəsi və dərslərdə aktivliyi ilə seçilən Səmra elə ilk günlərdən ona dərs verən müəllimlərin sevimlisinə çevrilib. Dərs əlaçısıdır. Müxtəlif sınaq imtahanlarında iştirak edərək öz biliyini təkmilləşdirməyə çalışıb. Şamaxı Hazırlıq Mərkəzinin keçirdiyi imtahanlarda iştirak edərək, 1-ci, 2-ci yerlərə layiq görülüb. Hazırda 9-cu sinifdə oxuyur.
Ədəbiyyata, şeirə böyük marağı olan Səmra Muxtarova həm də  kiçik yaşlarından şeirlər də yazır. Səmra Muxtarovanın şeirləri ilə ilk tanışlığım 2014-cü ildə olub. Oxumaq üçün mənə vermişdi. O zaman 1-ci sinifdə oxuyurdu savadlı qızımız. Şeirlər yazdığını eşidib onun yazılarının bir sıra qəzet və jurnallarda nəşr olunmasında ona yardımçı olmaq istədim. Səmra Muxtarovanın ilk şeiri 2014-cü ildə “Savalan” qəzetində dərc olundu. Sonra da şeirləri meneviservetimiz.az saytında işıq üzü gördü. 
Vətənpərvər ruhlu  qızımız nəinki,  Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbində keçirilən bütün tədbirlərdə, eyni zamanda rayon tədbirlərində öz fəallığı ilə seçilir. 
O, 2021-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar olaraq Kürdəmir Rayon Təhsil Şöbəsinin, Kürdəmir Regional Mədəniyyət İdarəsinin, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialının birgə təşkilatçılığı ilə keçirilən “Xəmsə möcüzəsi” adlı bədii qiraət müsabiqəsində II yerə layiq görülmüş və Fəxri Fərmanlar almışdır.
44 günlük Vətən müharibəsində canını vətənimizin azadlığı uğrunda qurban vermiş igid oğullarımıza həsr olunmuş rayon tədbirlərində onun gözəl avazı ilə deyilmiş şeir parçaları şəhid analarının, atalarının ürəyini riqqətə gətirmiş, Səmra sanki bununla  şəhid ailələrinin yaralı ürəklərinə məlhəm olmağa çalışmışdır. Səmra qızımızın Kürdəmir rayonu Mollakənd kəndinin şəhidi Tural Eyyubovun il mərasimində, həmçinin şəhid Əbülhəsən Eyvazovun adını daşıyan parkda etdiyi çıxışlar onu hamının gözündə bir daha göylərə qaldırmışdır.
Qarabağ, vətən sevgisini hər şeydən uca tutur Səmra balamız. Bu sevgi məhz onun “Zəfər Yolu” inşa müsabiqəsində respublika üzrə 1-cilik qazanan 7 şagirddən biri olmasına səbəb olmuşdur. O, 4 oktyabr 2021-ci il tarixdə “Zəfər yolu” inşa müsabiqəsinin rayon mərhələsində iştirak edərək “Dastana dönən qəhrəmanlar” adlı inşa yazısı yazaraq Kürdəmir Rayon Təhsil Şöbəsinə təqdim etmişdir. Onun yazdığı inşa ən yaxşı yazı işı kimi seçilmiş və respublika səviyyəsində yoxlanışa göndərilmişdir. 19 noyabr 2021-ci il tarixdə  Səmra Muxtarovanın yazı işi respublika birincisi seçilmişdir. O,  təhsil naziri Emin Əmrullayev tərəfindən təltif olunmuşdur. Səmra Muxtarova nəinki, dərs aldığı Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbini, həmçinin Kürdəmir rayonunun adını yüksəklərə qaldırmağa müvəffəq olub. Bu uğur hər kəsi sevindirir və hamı onun gələcəkdə də yeni uğurlar əldə edəcəyinə inanır. 

Günel Muxtarlı, Şairə, yazıçı



Tarix: 5-01-2022, 16:54

Xəbəri paylaş