Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Balakən şəhərində Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Balakən ra­yonunda əsaslı infrastruktur layihələri çərçivəsində Olimpiya İdman Kompleksi, Rayon Mədəniyyət Mərkəzi, “Gənclər Evi”, Bayraq Muzeyi, müasir turizm obyektləri, təhsil müəssisələri və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, Balakən “ABAD” mərkəzi, yeni istehsal müəssisələri yaradılmış, kəndlərarası avtomobil yolları yenidən qurulmuş, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Balakən şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə Uşaq İncəsənət Məktəbinin yeni binasının tikilməsi məqsədi ilə qərara alıram:
1. Balakən şəhərində Uşaq İncəsənət Məktəbinin yeni binasının tikin­tisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Balakən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 avqust 2017-ci il


Tarix: 19-09-2017, 09:01

Xəbəri paylaş