Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Yeni Peşə Təhsil Mərkəzinin təməli qoyulub

 

Yanvarın 26-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılacaq Peşə Təhsil Mərkəzinin təməlqoyma mərasimi keçirilib.
Təməlqoyma mərasimində təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov çıxış edərək son illər ərzində peşə təhsilinin inkişafına yönəlmiş islahatlar, bu sahədə dövlət siyasətinin əsas istiqamətləri barədə tədbir iştirakçılarına məlumat verib. Ölkə başçısı tərəfindən təsdiq olunan "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin həyata keçiriləcək layihələr baxımından əhəmiyyətini bildirən Ceyhun Bayramov əmək bazarının dəyişən tələblərinə uyğun rəqabətqabiliyyətli kadr hazırlığı üçün belə mərkəzlərin istifadəyə verilməsinin vacibliyini qeyd edib.
Ceyhun Bayramov bildirib ki, Azərbaycan və Koreya Hökuməti arasında razılaşmaya uyğun olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunmaqla nümunəvi təhsil müəssisəsi yaradılacaq. Ceyhun Bayramov həmçinin, Peşə Tədris Mərkəzində təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılacağına əmin olduğunu, iqtisadiyyatın inkişafı üçün belə müəssisələrin fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb.
Daha sonra Nazirlər Kabinetinin Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsinin müdiri Nail Fətəliyev, Koreyanın ölkəmizdəki səfiri Kim Çang-gyu, Koreyanın Biliklərin Transferi üzrə Qlobal İnstitutunun prezidenti (Human Resources Development Service Korea (HRD) Kim Dong Man çıxış edərək iki ölkə arasında əməkdaşlıqdan, təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsindən danışıb, yeni mərkəzin əmək bazarının tələblərinə cavab verən ixtisas­lı kadrların hazırlanmasında və işlək peşə təhsili modelinin qurulmasında əhəmiyyətli rol oynayacağına inandıqlarını bildiriblər.
  Qeyd edək ki, layihəyə uyğun olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin bazasında mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə (ümumilikdə 8 ixtisas) ən müasir maddi-texniki baza, Koreyanın tədris planı və bu ölkənin mütəxəssislərinin iştirakı ilə təhsil müəssi­səsinin yaradılması nə­zərdə tutulur.


Tarix: 14-02-2018, 11:01

Xəbəri paylaş