Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

"Mənim sevimli müəllimim" \müsabiqəsinin qalibləri bəlli olub

 
"Məktəblinin dostu" layihəsinə daxil olan məktəblər arasında keçirilən "Mənim sevimli müəllimim" şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Bakı şəhəri üzrə 53 nömrəli tam orta məktəbdə keçirilən mükafatlandırılma mərasimində çıxış edən layihə rəhbəri Rüstəm Ağayev bildirib ki, şeir müsabiqəsinin keçirilməsində əsas məqsəd məktəblərdəki istedadlı şagirdləri üzə çıxarmaq, müəllim peşəsinin dəyərini şagirdlərin dilindən ifadə olunmasını təcəssüm etdirmək və məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdan ibarətdir.
Qeyd edək ki, layihəyə daxil olan 30 ümumi təhsil məktəbinin şagirdləri qeyd olunan mövzuda öz şeirlərini videoçarx şəklində təqdim ediblər. Hər məktəb üzrə seçilən bir videoçarx məktəb adından müsabiqəyə təqdim olunub və “Məktəblinin dostu”nun rəsmi “Facebook” səhifəsində yerləşdirilib.
İlk mərhələdə ən çox baxılan (baxış sayları bərabər olduğu təqdirdə “like”-lərin sayı nəzərə alınıb) 11 videoçarx münsiflər heyəti tərəfindən qiymətləndirilib.
İkinci mərhələdə münsiflər heyəti tərəfindən dəyərləndirmə əsasında qalib məktəblər seçilib. Qaliblər şeirin bədii gözəlliyinə, səsləndirməyə, videoçarxın keyfiyyətinə və çəkiliş üslubuna görə müəyyənləşdirilib.
Yekun nəticələrə əsasən, "Mənim sevimli müəllimim" şeir müsabiqəsinin qalibləri 5, 57 və 117 nömrəli tam orta məktəblər olub.
  Qeyd edək ki, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Məktəblinin dostu” pilot layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım gös­tərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnos­tik işlərin aparılmasını əhatə edir. Bununla yanaşı, “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər. Hazırda Bakı şəhəri üzrə 30 ümumi təhsil müəssisəsini əhatə edən “Məktəblinin dostu” pilot layihəsi üzrə 112 nəfər əməkdaş çalışır.