Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İntellektual inkişafı problemli kiçikyaşlı məktəblilərin təfəkkürünün təlim prosesində inkişaf etdirilməsi

 Dilarə Dostuzadə,
ARTİ-nin inklüziv təhsil şöbəsinin dosenti,
 pedaqogika üzrə fəlsəfə doktoru
 
Xüsusi məktəblərdə təlim-tərbiyə işlərinin məzmununu, forma, vasitə və metodlarını təxirə salmadan yaxşılaşdırmaq müəllimlərin xüsusi məktəblərdə yaradıcılığını artırmaq və beləliklə, məktəb işlərinin keyfiyyətini bütünlüklə yüksək səviyyəyə qaldırmaqdan ibarət olmalıdır.
Mükəmməl təlimin nəticəsi sonralar sağlamlıq imkanları məhdud uşaqların şəxsiyyət kimi formalaşmasında özünü göstərir.
Hazırda təhsil islahatı ölkəmizdə müvəffəqiyyətlə həyata keçirilir.
Sağlamlıq imkanları məhdud, cəmiyyətin kiçik üzvlərinin şəxsiyyət kimi formalaşması düzgün və keyfiyyətli təlim prosesinin təşkilindən asılıdır.
Məktəbyaşlı uşaqların bir qisminin danışıq qabiliyyəti olmadığından onlar ətrafında olanlarla ünsiyyət saxlaya bilmirlər. Həmin uşaqlarla iş aparmaq üçün defektoloqların qarşısında mühüm vəzifələr durur.
Eşitməsi, görməsi və əqli qüsurlu uşaqlar üzərində aparılan müşahidələr və təcrübələr göstərir ki, məktəbdə bütün təlim-tərbiyə işlərinin müvəffəqiyyəti şagirdlərin ana dilini və ədəbi tələffüz normalarını yaxşı öyrənməsindən asılıdır.
İntellektual inkişafı prob­lemli kiçikyaşlı məktəblilərin təfəkkürünü inkişaf etdirmək üçün ana dili tədrisində möv­zuları yaxşı bilmək, onların arasındakı əlaqələrin tədrisi ardıcllığını gözləmək lazımdır. Bu uşaqlarla iş aparmaq üçün, surdopedaqoq və loqopedlərin qarşısında mühüm vəzifələr durur.
I siniflərdən başlayaraq intellektual inkişafı problemli kiçikyaşlı məktəblilərin lüğət ehtiyatını zənginləşdirmək, şifahi nitqini inkişaf etdirmək lazımdır.
Uşaqlar nitqin məntiqi ardıcıllıqla qurulmasına, öz fikirlərinin şifahi yazılış formasını (kar uşaqlarda əl hərəkətlərinin düzgün yolunu öyrəndikdən sonra daktillə) və yazı qaydalarını tədris prosesində mənimsəməyə çalışırlar. Beləliklə, uşaqların hafizəsi, düşüncə qabiliyyəti tədricən inkişaf edir. Onlar bir hadisəni digərindən fərqləndirməyə, ümumiləşdirməyə, yekunlaşdırmağa, nəticə çıxarmağa, sözləri cümlədə işlətməyə müəyyən qədər çətinlik çəkirlər.
N.M. Laqovski göstərir ki, müəllimlərin cəhdi nitqimizi uşaqlara çatdırmaq olmuşdur. O, uşaqlarda şifahi danışıq vərdişlərinin yaradılmasını ən mürəkkəb bir iş hesab etmişdir.
Hazırda sağlamlıq imkanları məhdud, intellektual inkişafı problemli kiçikyaşlı məktəblilərin qarşısında duran vəzifələrdən biri şifahi və yazılı nitqin formalaşdırılmasından ibarətdir
Məlum olduğu kimi sağlamlıq imkanları məhdud uşaqlarda oxu vərdişinin I sinifdə düzgün təşkili, onların ümumi biliyinin sistemli şəkildə inkişafına kömək edir.
İntellektual inkişafı prob­lemli kiçikyaşlı məktəblilərin təfəkkürünün təlim prosesində iş sisteminin hazırlanması, təlimin məzmunu, formaları, metodları, vasitələri, şagirdlərin təlim-tərbiyəsi və inkişafı arasında qarşılıqlı əlaqənin yaranması məqsədini güdür.
İnkişafın hər bir dövründə aparıcı fəaliyyət prosesində yeni münasibətlər, yeni biliklər və onların mənimsənilməsi yolları meydana çıxır. Bu şəxsiyyətin idrak sahəsini, təfəkkürünü və psixoloji strukturunu dəyişir.
Psixi inkişafı nəzərdən keçirən A.Vallon göstərir ki, inkişafın müəyyənedici nətijəsi uşaq şəxsiyyətinin formalaşdırılmasıdır.
İntellektual inkişafı prob­lemli kiçikyaşlı məktəblilərin təfəkkürünün formalaşdırılması problemi, onların əqli inkişafında təlimin rolu, təlim materiallarını mənimsəmə imkanları, müəllim-şagird münasibətləri və s. məsələlər psixoloqların məqsədyönlü tədqiqatlarının ana xəttini təşkil edir.
İntellektual inkişafı prob­lemli kiçikyaşlı məktəblilərin təfəkkürünün şifahi və yazılı nitq vərdişlərinin formalaşdırılması üçün əlverişli metod və üsulların işlənib hazırlanması son dərəcə vacibdir.
K.D.Uşinski qeyd edir ki, uşaqların dil sahəsindəki qabiliyyətlərini inkişaf etdirmək üçün hər şeydən əvvəl onların düzgün fikirləşmək qabiliyyətini inkişaf etdirmək lazımdır.
Təfəkkür tərbiyənin təsiri altında təşəkkül tapır və inkişaf edir. Pedaqoji cəhətdən intellektual inkişafı problemli kiçikyaşlı məktəbliləri hazırlamaq üçün onların bütün cəhətlərinə fikir vermək lazımdır. Şifahi oxu qaydaları, nitqi və yazılı nitqi bir-biri ilə bağlı olaraq eyni vaxtda inkişaf etdirilməlidir. Bu zaman intellektual inkişafı problemli uşağın biliyə olan marağı artar və şagird təhsilini davam etdirməyə çalışar. İntellektual inkişafı problemli kiçikyaşlı uşağın oxuması-yazması eyni formada inkişaf etməlidir. Müəllim-tərbiyəçi intellektual inkişafı problemli kiçik­yaşlı məktəbli uşağın şifahi nitqinə sistemli nəzarət etməlidir.
N.M. Laqovski məktəbli uşaqlarda təfəkkür vərdişlərinin yaradılmasını ən mürəkkəb bir proses hesab etmişdir. Hazırda müəllimlərin qarşısında duran əsas məsələlərdən biri intellektual inkişafı problemli kiçikyaşlı məktəblilərin təfəkkürünün inkişaf etdirilməsi, yazılı və şifahi nitqin formalaşdırılmasından ibarətdir.
Təcrübə göstərir ki, şəkillər üzrə iş intellektual inkişafı problemli kiçikyaşlı məktəbliləri müsahibədə iştirak etməyə həvəsləndirir, uşaqların nitq nöqsanlarının müəyyənləşdirilməsi, xüsusi bir çətinlik hiss etmədən həll olunur və fərdi iş aparılması üzrə vəzifələr dəqiqləşir.
İntellektual inkişafı prob­lemli kiçikyaşlı məktəbliyə nitq vərdişinin aşılanmasında tələffüz mühüm əhəmiyyət kəsb edir. Uşaqların tələffüzü daim diqqət mərkəzində olmalıdır. Uşaqlar dərsdə müəllimlə danışır, ondan səslərin düzgün tələffüzünü öyrənirlər, dərsdən sonra bu iş tərbiyəçinin üzərinə düşür.
Son illərdə xüsusi və ümumtəhsil məktəblərində intellektual inkişafı problemli kiçikyaşlı məktəblilərin təfəkkürünün təlim prosesində inkişaf etdirilməsi işinin təşkilinin öyrənilməsi araşdırılır. Kiçikyaşlı məktəblilərin təfəkkürünün inkişaf etdirilməsi təlim-tərbiyə prosesində fəaliyyətlərinin təşkili üçün əsasdır. Nitq inkişafının tədrisi prosesində intellektual inkişafı problemli kiçikyaşlı məktəblilərin hafizəsi, düşünmə qabiliyyəti inkişaf etdirilməlidir.
Hazırda intellektual inkişafı problemli kiçikyaşlı uşaq­lar üçün təlim yeni təkmilləşdirilmiş proqramlar əsasında aparılmır, bu isə fənlərin məzmununu müasir səviyyəyə qaldırmağa imkan vermir. Müəllim-tərbiyəçilər şagirdlərə dərin bilik və vərdişlər aşılamağa çətinlik çəkirlər.
İntellektual inkişafı prob­lemli kiçikyaşlı məktəblilərin təfəkkürünü inkişaf etdirmək üçün, tədris prosesində texniki vasitə və əyanilikdən səmərəli istifadə etdikdə, uşaqların nitqi fəallaşır, keçilən materialları asanlıqla mənimsəyə bilirlər.
Təlim prosesində şagirdlər təkcə bilik mənimsəməklə kifayətlənmir, həm də öz təfəkkürlərinin müxtəlif xüsusiyyətlərini inkişaf etdirirlər. Təlim yalnız mənimsəmək üzərində deyil, eyni zamanda şagirdin əqli inkişafı üzərində də rəhbərlik prosesidir. Şagirdlərin əqli inkişafı xüsusən təfəkkürünün inkişafı təlim işinin necə təşkil edilməsindən, hansı üsullardan istifadə olunmasından, təfəkkürün inkişafı uğrunda müəllimin şüurlu olaraq necə mübarizə aparmasından asılıdır.
Təlim prosesində intellektual inkişafı problemli kiçik­yaşlı məktəblilərin təfək­kürünün inkişafı dedikdə nə başa düşülür?
Təlim prosesində bir tərəfdən məktəblilərin təfəkkürünün formaları inkişaf edir. Məktəblilər hökmün müxtəlif növlərindən yerində və dəqiq surətdə istifadə etməyi öyrənirlər, onlarda tədricən əqli nəticələr inkişaf edir. Digər tərəfdən təlim prosesində şagirdlərdə fikri proseslər inkişaf edir: onlar təhlil, ümumiləşdirmə, mücərrədləşdirmə, müqayisə etmə və s. kimi fikri proseslərə yiyələnirlər.
  İntellektual inkişafı prob­lemli kiçikyaşlı məktəblinin nitq inkişafına qayğı ilə yanaşdıqda bu sahədə yüksək müvəffəqiyyət əldə etmək mümkündür.шаблоны для dle 11.2