Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Xalid Xürrəm Səbribəyzadə və Cavid əfəndi

 
  Lütviyyə Əsgərzadə,
AMEA Nizami adına Ədəbiyyat İnstitutu,
filologiya üzrə fəlsəfə doktoru, dosent

  ХХ əsrin əvvəllərindən 30-cu illərin sonunu əhаtə еdən yаrаdıcı filosof, şair-dramaturq Hüsеyn Cаvid əfəndi Azərbaycan ədəbiyyatına özünəməxsus üslubu ilə qədəm qoymuşdu. Yaradıcılığının ilk illərindən başlayaraq müxtəlif qəzet və jurnallarda nəşr edilən mütəfəkkir sənətkar tez bir zamanda məşhurlaşmış, böyük oxucu kütləsinin rəğbətini qazanmışdı. Harada yaşamasından asılı olmayaraq yazdığı şeirlər bir çox mətbuat orqanının səhifələrini - “Şərqi-Rus”, “Füyuzat”, “Həqiqət”, “İqbal”, “Yeni İrşad” və s. bəzəmişdi. Belə mətbuat orqanlarından biri də Birinci Dünya müharibəsi ərəfəsində Azərbaycanda romantik türkçülük xəttini həyata keçirən “Şəlalə” jurnalı idi. Mətbuat tariximizdə bir sıra xüsusiyyətləri ilə diqqət çəkən “Şəlalə” jurnalı “Füyuzat” romantik ədəbi-jurnalistika məktəbinin davamçısı idi. “Füyuzat”ın davamı olan “Şəlalə”nin dili və üslubu arasında böyük bir bənzərlik vardı, hətta demək olar ki, eyni idi. Elmi-publisistik yazılara, dini, tarixi və coğrafi oçerklərə, tərcümə əsərlərinə, romanlardan parçalara, hekayə və şeir örnəklərinə yer veri­lən “Şəlalə”də də demək olar ki, füyuzatçıların mövqeyi əks olunurdu. Səhifələrində Osmanlı-türk mədəniyyətinin, elmi-nəzəri fikrinin dərin təsiri duyulan jurnalda daha çox türkiyəli müəlliflərin: X.X.Səbribəyzadə, N.Kamal, M.Ə.Yurdaqul, M.A.Ersoy, H.Tələt, Ə.Hikmət, R.Fəryad, Ə.Necdət, R.Tofiq, Rəbii, H.Şünas, İ.Səfa, Cənab Şəhabəddin və s. əsərləri nəşr edilirdi. Və sözsüz ki, bu yazıların sənətkarlıq xüsusiyyətləri, dil, üslub və düşüncə tərzi jurnalın ideya-bədii səviyyəsinə güclü təsir edirdi. Osmanlı şivəsinin  təbliğ olunduğu “Şəlalə”nin səhifələrində yer alan məqalələrin əksəriyyəti bu şivədə verilirdi. Bunun səbəbini isə belə izah edirdilər: “Müxtəlif səbəblərdən müxtəlif şəkillərə düşən türk ləhcələrinin heç biri ədəbi və ümumişlək dil kimi götürülə bilməz. Yalnız İstanbul ləhcəsi bu xüsusiyyəti daşıyır. Çünki İstanbul şivəsi bugünki türk şivələri arasında ən ziyadə işlənmiş olanıdır” (“Şəlalə”, 1913, №1). 
Türkiyə mətbuatından alınan materialların çap edildiyi, Osmanlı türkcəsinin ədəbi dil kimi qəbul edilməsi haqqındakı polemikaların, diskussiya və müzakirələrin yer aldığı, İstanbul türkcəsinin Azərbaycan ədəbi dili kimi qəbul edilməsi ilə bağlı xeyli sayda məqalənin yer aldığı jurnalda, Cavid əfəndinin “Sevinmə, gülmə, quzum kimsənin fəlakətinə!...” şeiri də (1913-cü il 2 mart) nəşr edilib, ancaq müəyyən dəyişikliklərlə. Bu, şairin adıçəkilən jurnalda nəşr olunan ilk və son şeiri olub, çünki “Sevinmə, gülmə, quzum” şeirinin müəyyən dəyişikliklərlə “Şəlalə”də nəşr olunması yaradıcılığında orijinallığa xüsusi fikir verən, daim “yazıçı fikrinə, sənətkar şəxsiyyətinin toxunulmamazlığının müdafiəsi məsələsinə ciddi yanaşmış” (2, 51) Cavid əfəndini jurnalın redaktoru Xalid Xürrəm Səbribəyzadə (Osmanlı ədibi, şair, nasir və publisist) tərəfindən şeirinin kiçik dəyişikliklərlə də olsa nəşr olunması haqlı olaraq narazı salmış, narahat etmişdi. Yaradıcılıqda orijinallığa müstəsna əhəmiyyət verən Cavid əfəndi “Azər” əsərinin əlyazmasında yazdığı; “İmlasına toxunmamalı!” sözləri ilə möhürünü vurur. Təbii ki bu tendensiya ilə yazıb-yaradan şair şeirinin üzərində oynanılmasına, əl gəzdirilməsinə biganə qala bilməzdi və qalmamışdı da. “Şəlalə” jurnalının redaktoru Səbribəyzadənin bu özbaşınalığına münasibət bildirən şair yazırdı: “Şu yuxarıdakı mənzuməcik keçən həftələrdə “Şəlalə” məcmuəyi-ədəbiyyəsinə gəndərilmiş və dördüncü nömrədə təb edilmişdir.
Fəqət hər nədənsə, məcmuənin müsəhhehi-ədəbisi dördüncü misraya bir (mərhəmət taqıtmış), yeddinciyə və bir taqım (altun, gümüşlər) hədiyyə etmişdi. Ehtimal ki, yeddinci misradakı (düşünmüş) feli İstanbul türkcəsinə biganə qaldığından müsəhhihi-möhtərəm təshih və təbdilə lüzum görmüş.
Lakin bu fel bizdə müstəqil olduğundan yazıb söylədiyindən əsla məhzur görməyiz. Bununla bərabər yenə qardaşca lütf və müavinətə təşəkkür edənlərdəniz. Fəqət o islah edilmiş misralardakı vəznsizliyi və qırıqlığı nəyə həml edəcəyimizi digər arqadaşlarımla bərabər bir dürlü anlayamadıq” (16).
Məktubun yüksək bir nəzakətlə yazılmasına baxmayaraq, Səbribəyzadənin müəllifin icazəsi olmadan şeirində dəyişikliklər etməsinin Cavid əfəndini sinirləndirdiyi açıq-aşkar görünməkdədir. Sözsüz ki, belə olmasaydı, bu məktub yazılmazdı. Məktub yazmaqla fikrini bildirməkdə sənətkar haqlı idi, çünki Səbribəyzadənin bu “düzəlişləri” nəinki şairin “imlasına toxunmamalı” xəbərdarlığına zidd idi, həmçinin qeyd edildiyi kimi, şeirdə “vəznin” pozulmasına səbəb olmuşdur. Xalid Xürrəm Səbribəyzadənin bu “düzəlişlərini” haqlı olaraq “lüzumsuz” görən şair məktubda özünə yaraşan bir üslubda ona dərs verir. “Bu xüsusda təfsilata lüzumsuz görüb yalnız osmanlı (türk) ədəbiyyatına dair yazılmış qəvaid kitabına diqqət edilməsini acizanə rica edərim. Yalnız məsələnin incə bir nüqtəsi var ki, mühərririn təhsis edəyim deyə vəznini pozmuşdur. Şübhəsiz, bu nüqtəyi bildiyi üçündür ki, heç bir xüsusda bir söz belə söyləmir... Bilməm, təshih etmək, vəzni əzib qırmaqmı deməkdir?” (10).
Sənətkarın yazdığı məktub cavabsız qalmır, üzr diləmək yerinə mübahisəni daha da qızışdırmaq yolunu tutan jurnalın redaktoru X.X.Səbribəyzadə saymazyana bir şəkildə bu işdə “səlahiyyətli” olduğunu vurğulayaraq yazır: “Biz idarəmizə gələcək ovrağı təshih etməyə səlahiyyətliyiz. Və bu səlahiyyətimizi məcmuəmizin qabığı üzərində bəyan etmişiz. Şəraitimizi nəşr və təhrir etməyə də bizzat “Hüseyn Cavid” əfəndi səbəb olmuşdur. Binaəleyh idarəmizə əsər göndərənlərə biz tabe deyiliz” (16).
  X.X.Səbribəyzadənin məsələyə bu cür yanaşması qızğın mübahisələrə yol açmış, şairin məsləkdaşları - Seyid Hüseyn, Gəncədən Əhməd Cavad, Salman Mümtaz və s. qoşularaq redaktora bu məsələdə haqsız olduğunu bildirmişlər. Hətta şairin Naxçıvanda yaşayan və müəllimliklə məşğul olan böyük qardaşı Şeyx Məhəmməd Rəsizadə də “İqbal”ın redaksiyasına “Məhəmməd ibn Abdulla” imzası ilə məktub yazaraq məsələyə öz münasibətini bildirməklə yanaşı, Səbribəyzadəyə üsulluca həddini də bildirmişdir: “Tənqidin üslubu o deyildir ki, başqasının kəlamını təsürrüf edib də, başqa şəklə salıb nəşr etsin; bəlkə münəqqid borcludur ki, tənqid etmək istədiyi kəlamı eynən dərc etdikdən sonra kəndi mülahizatını da əlavə eləsin. “Əshabi-ədəb” o vaxt hər kimin haqlı olduğunu mühakimə edib də təqdir və təhsin edərlər” (11).
Jurnalın redaktorunun özünün bu qədər sərbəst, bir qədər də məsuliyyətsiz və rahat aparması, şairin sənətkar şəxsiyyətinə toxunması Cavid əfəndinin dostlarını və eyni zamanda onu sevən oxucularını narahat etmişdi. Məsələn, Gəncədən Əhməd Cavad müəllimi Hüseyn Cavid əfəndini Səbribəyzadənin hücumundan nəinki müdafiə etmiş, hətta onun şeirlərini “Şəlalə”nin baş mühərririnin şeirlərinin yerində, dərginin birinci səhifəsində görmək istədiyini böyük cəsarətlə dilə gətirmişdir: “Bir tənqid ki, məhəbbət və səmimiyyətdən ari, xüdfüruşluq və xidkamlıq nəticəsi olaraq yürüdülürsə, o yürüməz, daha doğrusu yürüyəməz, yürürsə belə əmin olmalı ki, səbatsız olur. Çapıq yorulur” (4, 26).
Beləliklə, Səbribəyzadəyə insanlıq və tənqid necə olur, dərsi verən Cavid əfəndi kimi Ə. Cavad da Xalid Xürrəmə “tənqidin mahiyyəti, prinsipləri haqqında əməlli-başlı dərs verdikdən sonra” (4, 26) onun misralarını dəyişməyə cürət etdiyi Cavid əfəndini “Azərbaycanın adlı, sanlı şairi” adlandırır, “dərginin hər sayısında yuxarı başa çıxardığı şeirlərinə və müəllifinə də münasibət bildirdi: “Sizdə bitərəflik yoxdur. Əgər olsaydı, “Şəlalə”nin hər sayısında yuxarı başa çıxardığınız şeirlərinizi bir kərəcik nəzərdən keçirərdiniz. Bunu siz yapmadınız. Sizdə başqasını sevmək xassəsi yoxdur ki, öz yerinizə onu keçirəsiniz. Bunu yazmaqda məqsədim “mənimkini başda yaz!” - iddiasında bulunmaq deyildir. Vətənimizdəki adlı, sanlı şairlərimizi heçə saydığınızı sizə anlatmaqdır. Misal istərsəniz, başda bir üfürüklə yıxmağa çalışdığınız həssas şairimiz, müəllimim Rəsizadə Hüseyn Cavid əfəndini göstərə bilərəm... Siz ona da ilişdiniz” (4, 26). Əhməd Cavad Səbribəyzadəyə “”Şəlalə”nin hər sayısında yuxarı başa çıxardığınız şeirlərinizi bir kərəcik nəzərdən keçirərdiniz” yazmaqda haqlıydı. Çünki jurnalda dərc olunan yazıların çoxunu Səbribəyzadə özü yazırdı. Onun “Şəlalə”də “Altun qələm”, “Səbribəyzadə X.”, “Xürrəm”, “X.” imzaları ilə xeyli sayda şeir, hekayə və məqaləsi çıxmış, “Sarı yarpaqlar”ı “Naşadın dəftəri-xatiratından” başlığı altında bir neçə nömrədə dərc edilmişdi” (14, 271).
Səbribəyzadəni “müstəsna bir məxluqə bənzədən”, eyni zamanda da onun “Altun qələm” imzasına toxunan Əhməd Cavad yazırdı: “Düşünüb yazmaq əlindən gəlməyən qələminiz, doğrudan da, “altun”danmı, yoxsa İstanbuldakı o eski fikirli, dargözlü qələm arqadaşlarınız tərəfindən hədiyyə olunan həzrəti-Nuh qələmlərindənmidir? Burası mənim ən çox maraq etdiyim bir nüqtədir” (4, 26 ). Tədqiqatçı Aybəniz Kəngərlinin də qeyd etdiyi kimi, “Bu mülahizədə Cavidin toxunulmazlığı, adlı-sanlı şairlərə necə yazmaq dərsi öyrətməkdən belə çəkinməyən Səbribəyzadə ilə müqayisədə sənətkar kimi, daha yüksək tutulması, ona bir büt, klassik kimi yanaşılması aydın sezilir. Bu münasibət, heç şübhəsiz Cavidin yaradıcılığına bir küll halında yanaşılmasından, onun yaradıcılığındakı milli ruhun da qədərincə dəyərləndirilməsindən doğurdu” (4, s, 26).
Öz böyüklüyünü yaradıcılıqda olduğu kimi həyatda da qoruyan, sənətin, ədəbiyyatın əfəndisi Cavid əfəndi Səbribəyzadəyə ünvanlanan son məktubunda yazırdı: “Məzkur misraların əslində olduğu kimi “Şəlalə” vasitəsi ilə bildirilməsini əvvəlcə idarədən rica etmişdim. Ərzi aciznamə diqqət edilsə idi, ehtimal ki, hər iki tərəf etilafçı olmaqdan çəkinib qareləri bu qədər incitməzdi. Möhtərəm müsəhhihin kiçik bir etinasızlığı (!); tabiri məruz buyurulsa-məğrurluğu (!) bunca keşməkeşə səbəb oldu” (10).
X.X.Səbribəyzadə tərəfindən edilən bu “etinasızlığı” haqlı olaraq qəbul etməmiş Cavid əfəndi yaradıcılıqda orijinallığın qorunub saxlanması, sənətkar şəxsiyyətinə hörmət edilməsi məsələsini müdafiə etməklə yanaşı, yersiz məğrurluğu da yabançı bir hal kimi təkzib etmişdi (istər-istəməz ədibin “Topal Teymur”unda Əmir Teymurun İldırım Bəyazid haqqında dedikləri yada düşür; “Məğrurluq onun gözlərini kör etmişdir”). Cavid əfəndi “Məzkur misraların əslində olduğu kimi “Şəlalə” vasitəsi ilə bildirilməsini rica etsə də” Səbribəyzadə buna etinasız yanaşmış, öz hərəkətinə bərаət qаzаndırmаğа çаlışmışdır; “Biz idаrəmizə gələcək оvrаğı təshih еtməyə səlаhiyyətliyiz.”
Yaranmış mübahisələrə hətta o zaman sürgündə оlаn, Cavid əfəndinin və Ə. Kamalın təsiri ilə sоnеtlər yаzmış (“Yəs”, “Hicrаndаn şikаyət”, “Əlvidа” və s.), bir sırа yаzılаrındа Cаvid sənətinə böyük еhtirаmını ifаdə еtmiş Əlipаşа Səbur da dоstu Sеyid Hüsеynə yazdığı məktublardа Cаvidin mövqеyini müdаfiə еtmiş, ziyаlılаrla həmfikir olmuşdu.
Səbribəyzadəyə yazılanların yer aldığı “İqbаl” qəzеti (1913, 5 mаy) bu məsələyə öz mövqеyini; “qəzеtin mütləq fikirlərin çаrpışmаsı ilə gеrçəkliyin pаrlаmаsınа хidmət еdəcək ədəbi mübаhisələrə аçıq” olduğunu və özlərinin “bu mübаhisələrdə bitərəf qаldıqlarını” bildirmişdi. Həqiqətən də, mübahisələrdə bitərəf mövqe tutan “İqbаl”da Хаlid Хürrəm Səbribəyzаdənin “Bir cаvаb” (8 mаy 1913), Hüsеyn Cаvidin “Cаvаblаrа cаvаb, yахud ikinci ricа” (12 mаy 1913) аdlı yаzılаrı çаp оlunmuş və yеkun olaraq “İqbаl” qəzеti öz mövqеyini bеlə ifаdə еtmişdir: “Аrtıq bu mübаhisənin nəzаkət və hörmət dаirəsində qаlmаsı “İqbаl”ın dа mətlubu idi. Şükürlər оlsun, Hüsеyn Cаvid əfəndi həzrətləri nəzаkəti-həqiqi mənаsındа yоğrulmuş bir mеhri-mükərrəmətlə bunа хitаm vеrdilər” (Cavidin bu nəzakəti haqqında Seyid Hüseyn Bakıdan Həstərxana, Əlipaşa Hüseynzadəyə yazırdı: “Əgər “İqbal”da Hüseyn Cavid əfəndinin cavabi-ədibanəsini oxumuşsunuz isə, Cavidin necə alicənab, nasıl nəzakətli bir mühərrir olduğunu kəsdirərsiniz, zənn edirəm” (13, 80).
Qeyd edək ki, ətrafında uzun mübahisələr yaranmış “Şəlalə”nin ömrü o qədər də uzun olmamış, az zamanda bağlanmışdır. “Füyuzat”ın davamı olan “Şəlalə”nin bağlanma səbəbini məhz yürütdüyü dil siyasətində görülmüşdü. M. Məmmədzadə “Azərbaycan Türk mətbuatı” əsərində yazır: “Əsasən Osmanlı mətbuatından alınma əsərlərin buraxıldığı “Şəlalə”də ətraflı və müntəzəm proqramlı məlumat görmək mümkündür Fəqət məcmuənin nöqsan cəhətdən siyasəti “osmanlılıq”, “əski osmanlı lisanı” prinsipini müdafiə etmək olduğu üçün bu ətrafda uzun mübahisələr oyanmışdı” (12, 83).
Maraqlıdır, Cavid əfəndi də türkçü, turançı idi. Təhsilini İstanbulda almışdı, İstanbul türkcəsinə vaqifdi və İstanbul türkcəsində yazırdı. Əgər, həqiqətən də, “Şəlalə” “Füyuzat”ın davamı idisə, xüsusən də dil siyasətində, o zaman Cavid əfəndi ilə əməkdaşlıq etmək Xalid Xürrəm Səbribəyzadəni sevindirməli idi. Elə isə Cavid əfəndi Səbribəyzadəni nədən bu qədər narahat edirdi?
Qeyd etmək lazımdır ki, Səbribəyzadə yalnız Cavid əfəndiyə qarşı deyil, ümumiyyətlə, Azərbaycan yazıçılarına kinayə ilə yanaşmış, onları “kinayə yazıçıları” adlandırmış, əsərlərini çap edərkən belə onları ifşa etmək məqsədini izləmişdir: “...bura yazıçılarının yazılarını son iki səhifəmizdə dərc edişimiz digər səhifələrimizdəki əşar və məqalət ilə aralarında ləfzən və mənən mövcud olan fərqi-əzimi maddətən göstərmək arzusuna məbni idi. Yoksa onların yazıları... “Şəlalə”də degil, süpürüntü səbətində yer bulurdu” (“Şəlalə”, 1914, № 1).
İsa bəy Aşurbəylinin yardımı ilə Azərbaycanda çap olunan ”Şəlalə” jurnalının “Azərbaycan mədəni mühitinə, bədii fikrinə, ədəbi dilinə meydan oxuması” (3, 40), ədəbiyyat nümayəndələrinə dil uzatmasına “Molla Nəsrəddin” jurnalı və “İqbal” qəzeti biganə qalmayıb; “İstiyor idik ki, ədəbiyyatı pək tərəqqi etmiş olan osmanlı üsuli-təhririni tərvic etdirəlim, zatən “Şəlalə” də bu məqsədlə çıkıyordu” (18) – deyə məramını bəyan edən “Şəlalə”nin dil siyasətini kəskin tənqid edirdilər. Osmanlı şivəsinə qarşı yerli şivəni – Azərbaycan türkcəsini qoyan mətbu orqanlar (“Molla Nəsrəddin” jurnalı və “İqbal” qəzeti) arasında ciddi mübarizə gedirdi. Dil məsələsi ilə yanaşı, “Şəlalə” həm də qadın azad­lı­ğı­nın qatı əleyhdarı idi. “Molla Nəsrəddin” və “İqbal” bu məsələ də də “Şəlalə” ilə razılaşmır, jurnalın bu nöqteyi-nəzərini kəskin tənqid edirdilər.
Digər tərəfdən də jurnalın redaktoru X.X.Şəbribəyzadənin heç kimlə razılaşmaması, iradları qəbul etməməsi bu mübahisələri daha da gücləndirirdi. Sözsüz ki, bu qədər “müştəbeh” və “dikbaş” olan Səbribəyzadəni o illərdə Tiflisdə yaşamasına baxmayaraq, artıq Azərbaycanda tanınan və sevilən Cavid əfəndinin məşhurluğu, şöhrəti qıcıqlandırmışdı. O, kimsəni özündən əvvələ buraxmaq istəməmişdi. Cavid əfəndinin isə bu illərdə mətbuat səhifələrində nəinki yaradıcılığına geniş yer verilir, hətta mətbuatda ona həsr olunmuş şeirlər boy göstərirdi. Əli Nəzminin 1914-cü ildə “İqbal”da dərc edilmiş şeirində şairin şöhrətli sənətkarlığı ilə yanaşı, nəcib insanlığı da diqqətə çəkilirdi:
“Bir çöhrə durur pişi-xəyalımda didərgun
Ərz eyləyir alqış o simada təbiət.
...Bir çöhrə ki, sinəmdə onun sevgisi mədfun
Bir çöhrə ki, vardır ürəyimdə ona şəfqət.
Məndən ona alqış, ona təzim, ona hörmət (7).
Şeirdən də göründüyü kimi, şairin sənəti və şəxsiyyəti qarşısında “təzim” edənlər, “alqış” deyənlər, hörmət və ehtiram bildirənlərin sayı çox idi. Səbribəyzadənin bu hörmət və ehtiramı görməməsi və ya görmək istəməməsi ancaq Cavid əfəndinin möhtəşəm sənətinə olan qısqanclığı, təbiətindəki müştəbehliyi ola bilərdi. Hər nə səbəbdən olursa-olsun, Türkiyədən vətənimizə gələn və burada “Şəlalə”də redaktorluq edən Xalid Xürəmin Cavid əfəndiyə dil uzatması, cəsarət edib onun şeiri üzərində düzəlişlər aparması doğru deyildi və o ziyalılar tərəfindən layiq olduğu cavabları almışdı. “Şəlalə” ilə vuruşanlardan biri də Əli Nəzmi idi.
  Milli mentalitetimizdə gələn qonağa ehtiram göstərilməsi, başa keçilməsi kimi məsələlər məlumdur (hətta Cavid əfəndinin ilk mənzum dramı olan “Ana”da bu özünəməxsus bir şəkildə əks olunub). Lakin “gəmidə oturub gəmiçi ilə dava edən” Xalid Xürrəmın hərəkət və davranışları, jurnalda yürütdüyü dil siyasəti, sivri dili və hədsiz nəzakətsizliyi və saymamazlığı ilə ev yiyələrini o qədər çıldırtmış ki, Əli Nəzmi onun  “qonaq” olduğunu unudaraq və haqlı olaraq tənqid  atəşinə tutmuşdur:
“Şəlalə” ilə çox vuruşduq biz
Yoxdu bu jurnalda türk dilindən iz.
Yarı ərəbcəydi əşar, məqalə
Gülmək lazım idi bu qəmli halə.
“Qonağa hörmət”i atıb unutduq,
Səbribəyzadəni atəşə tutduq.
Həqqiyə heç vermək olmaz idi həqq,
Ona dil öyrətmək lazımdı mütləq (5, 60).
Göründüyü kimi, hal və davranışları ilə Azərbaycan mədəni mühitinə, bədii fikrinə, ədəbi dilinə meydan oxuyan bu “qonaq” - Səbribəyzadə əksər ziyalılar tərəfindən qəbul olunmamış, tənqid edilmişdı.
Jurnalın Azərbaycanda və İsa bəy Aşurbəylinin maddi dəstəyi ilə nəşr edilməsinə baxmayaraq, X.X.Səbribəyzadə Azərbaycan yazıçı və şairlərini nəinki ətrafına toplamamış, əksinə onlara ögey münasibət göstərmiş, “Şəlalə”dən kənarda saxlamışdı. Hələ o zaman Seyid Hüseyn Bakıdan Həştərxana, dostu Əlipaşa Hüseynzadəyə yazdığı məktubunda bu məsələlərə münasibət bildirərək yazırdı: “Mənim yazığım “Şəlalə”yə gəlir. İbtidada o çıxdıqca bütün Qafqazın cavan mühərrirləri iştirak etməyə qalxışdılar. Bu hərif məhz meydanda tək qalmaq üçün şü yazıçıların yazdıqlarını “Səliqəmizə müvafiq etməyir” - deyərək, güşeyi-nisana atdı. Bəzilərini “Altun qələm” tənqid edərək, bəzisini Hüseyn Cavid əfəndinin şeiri kimi “təshih” edərək, fəna bir hala qoydu, zatən mənim də “Şəlalə”yə qarşı yazdığım bu nüqtədən irəli gəlmişdir. Hüseyn Cavid kimi möhtərəm bir zata yazdığı cavabında gah; “Məqsədinizi əvvəlcədən bizə qandırmış olsaydınız nə şeiriniz “Şəlalə”də dərc edilərdi, nə də “Şəlalə” çağlardı” (6, 65), gah da “Biz məhz sizi yazıçılığa təşviq üçün şeirinizi dərc etdik. Və illa şeiriniz “Şəlalə”də dərc ediləməzdi” (6, 65) - deyə yazır. Bütün bunlarla, “bu kimi mütəkəbbiranə və xudpəsəndanə ləfzlər işlətməklə redaktoru olduğu “Şəlalə”yə “müdhiş zərbələr vurmuş” Xalid Xürrəm Səbribəyzadə sonunda Bakını tərk etmiş, buna səbəb olaraq Türkiyədə vacib işi olduğunu göstərmişdir. Səbribəyzadənin Azərbaycanı tərk etməsini bir çox mətbu orqanlar kimi “Tərcüman” qəzeti də sevinc­lə qarşılamış: “Lisan və üslu­bu­nun ağırlığından, mündəricatının faydasızlığından və məsləkinin mühafizəkar­lığından, ya da məsləksizliyindən şikayət verilən “Şəlalə” məcmuəsi nəhayət Xalid Xürrəm Səbribəyzadənin idarəsindən qurtuldu” – deyə fikir bildirmişdir. Səbribəyzadənin Bakını tərk etməsini “Molla Nəsrəddin” jurnalı da özünəməxsus şəkildə qarşı­lamış, onun gedişinə Ə.Qəmkü­sa­rın jurnalda dərc olunmuş “Getmə” (5 fevral 1914, №4) adlı satirası ilə münasibət bildirmişdir.
Bəzi qüsurları olsa da “Şəlalə” jurnalı “XX əsr Azərbaycan mətbuatında türkçülük ideyalarının təbliğində önəmli tarixi rol oynamış milli Azərbaycan mətbu orqanlarından biri olmuş” (17, 33), az bir müddətdə olsa da, Azərbaycan ədəbiyyatı ilə Osmanlı (türk) ədəbiyyatları arasında bir körpü yarada bilmişdir. Jurnal Azərbaycan-Türkiyə ədəbi əlaqələrini öyrənmək baxımından əhə­miy­yət kəsb edir.
   


Tarix: 14-03-2017, 12:01

Xəbəri paylaş