Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azad tərbiyə haqqında düşüncələr

 
Sədrəddin BƏDİYEV,
ADPU-nun Şəki
filialının kafedra müdiri, dosent

Dövlətimiz ictimai-siyasi, mədəni-sosial həyatın, təhsil sisteminin  qloballaşdığı,  informasiya-kommunikasiya texnologiyalarının  rolunun artdığı, rəqabətin  gücləndiyi müasir şəraitdə  hər bir şəxsin  istedad  və qabiliy­yəti­nə, o cümlədən  tərbiyəsinə  xüsusi  diqqət və əhəmiyyət  verir.  Zəruri təhsil  səviyyəsinə, bacarıqlara  önəm verərək elə şəxslər formalaşdırmaq məqsədini qarşıya qoyur ki,  onlar müstəqil  qərarlar verə bilsin,  ölkəmizdə və xaricdə baş verən problemləri  başa düşərək  düzgün  qiymətləndirsinlər. Həmçinin, elə gənc nəsil tərbiyə etmək lazımdır ki, onlar rəqabətəqabil  olmaqla yanaşı,  sağlam həyat tərzinə, müstəqil mövqeli olmaq keyfiyyətlərinə malik olsunlar.
Tərbiyəetmənin qarşısında duran mühüm vəzifə ahəngdar inkişaf etmiş şəxsiyyət yetişdirməkdir. Belə şəxs  elmi  dünyagörüşünə  yiyələnməklə yanaşı, həm də  cəmiyyətin  müəyyən etdiyi əxlaqi-etik  davranış  normalarına malik olmalı, insanlara tolerant  yanaşmalı, ünsiyyətcil olmalıdır. Deməli, gənc nəslin formalaşmasında, inkişafında  tərbiyə mühüm amildir.
Müasir zamanda mühit tərbiyəetmə amilinə çevrilmişdir. Mühit dəyişdikcə tərbiyənin  məzmunu da dəyişir.
İngilis filosofu Spenser  qeyd edirdi ki,  uşaqlar mövcud şəraitə uyğun tərbiyə edilməlidirlər.
Psixoloji dərsliklərdə  göstərilir ki,  məktəbli  şəxsiyyətinin  formalaşması sosial mühitdən asılıdır.  Ətraf mühit,  xarici təsirlər şagird şəxsiyyətinə  birbaşa  deyil,  dola­yı­sı ilə  təsir edir.  Şəxsiyyətin  formalaşdırılması prosesini  elə təşkil etmək lazımdır ki,  onun şəxsi  istəyi ilə sosial tələblər  üst-üstə  düşsün.
XVIII əsrdə yaşamış fransız mütəfəkkiri  J.J.Russo yazırdı: “Uşaqların düzgün tərbiyələndirilməsi üçün ilk  növbədə  cəmiyyəti (yəni, mühiti) dəyişmək lazımdır.  Əks halda tərbiyə işində  sizi  yalnız  uğursuzluq  gözləyəcəkdir. Uşağınızı  xoşbəxt  görmək üçün  siz ona  çoxsaylı  qaydalar  təlqin edirsiniz. Şübhəsiz ki,  onların çoxu müdrik fikirlərdir, amma onlara  istinad etməklə  uğur qazanmaq  mümkün deyildir”.
 Uşaqların  tərbiyəsində  əsas yerlərdən  birini ailə mühiti tutur.  Ailə uşaqların  düzgün tərbiyəsinin bünövrəsidir. Ata və ana arasındakı xoş münasibət, xoş ünsiyyət,  bir-birini başa  düşərək fəaliyyət göstərmələri, həmçinin  bir-birinə inamın, etibarın, başlıcası isə məhəbbətin  olması qeyri-ixtiyari şəkildə  bu ailədə  böyüyən  uşaqlara  sirayət edir. Uşağın ata və anaya, bacı və qardaşına  olan  xoş münasibəti, ünsiyyətdə olduğu digər insanlara, o cümlədən  cəmiy­yətə  yönəlir.  İ.İ.Russo  demişkən  belə halda  uşağa  göstəriş vermək, tələb etmək, davranış qaydalarını  öyrətməyə ehtiyac qalmır.  Yaxşı təşkil edilən  mühit uşağa canlı, əyani nümunə olur.  Uşağın  istəyinə, tələbatına uyğun formalaşan belə tərbiyəyə J.J.Russo  azad tərbiyə  demişdir.
Deməli, azad  tərbiyə, başqalarına  xoş ünsiyyət ailədən başlayır.
Müasir zamanda  motiv tərbiyə işində də vacib ünsür kimi göstərilməlidir.  Cəmiyyət  tərəfindən qəbul edilən  davranış formalarına, ünsiyyətə, əməyə, təlim sahəsində  fəaliyyətə, incəsənətə, təbiətə, milli adət və ənənələrimizə uşaqlarda  motiv yaratmaq ailədən başlamalı, inkişaf etdirilməlidir.
 İnkişaf və tərəqqi  müasir dövrün  atributudur. İndi məktəbliləri, cəmiyyətin  digər üzvlərini, valideynləri telefon, kompüter, internetsiz təsəvvür etmək çətindir. Ailələrin çoxunda  ata və ana, hətta  baba və nənə boş vaxtlarında  mobil telefonlardan,  kompüterdən istifadə edirlər. Belə ailələrdə olan  uşaqlara telefon və digər  informasiya vasitələrindən istifadə etməyi necə qadağan etmək olar? Axı ailədəki böyüklər uşaqlar üçün canlı “nümunədir”. Qeyd edilən informasiya vasitələrinin  uşaqların tərbiyəsinə  təsiri  sözsüzdür. Bu vasitələrin  uşaqlar üçün  həm əhəmiyyətli, həm də zərərli cəhətləri vardır.  Müasir uşaqların  maraq dairəsi- motivi əsasən qeyd edilən  vasitələrədir. Uşaqların “azad” tərbiyəsi dedikdə,   informasiya vasitələrinin  təsiri altında  tərbiyəsi kimi  başa düşülməlidir.  Artıq valideyn, ictimaiyyət tərbiyəyə aid  “planın”  ikinci yerinə sıxışdırılır.  Nə etməli?
Ailədə böyüklər də, uşaqlar da  rejim əsasında  fəaliyyət  göstərməlidirlər.  Qəbul edilən rejimdə  telefondan və ya kompüterdən istifadə etmə  vaxtı (məsələn, 1 saat) konkret göstərilməlidir. İstifadə vaxtı və müddəti uşaqda adət halına  salınmalıdır. Əks halda, uşağın diqqəti və marağı ev tapşırıqlarının yerinə yetirilməsinə  yox,  nə vaxt  telefondan,  kompüterdən istifadə  edilməyə  icazə veriləcəyinə yönələcəkdir.
Pedaqoji ədəbiyyatlarda  göstərildiyi kimi,  məktəbəqədər yaşlı  və ibtidai  sinifdə  oxuyan  uşaqların  tərbiyəsində  mühit əsas amildir. Göstərilən  yaşdakı uşaq­lar  ailədə, ictimaiyyət içərisində  olarkən  böyüklərin  davranışını, ünsiyyətini  yamsılamağa  çalışırlar.  Deməli, bu mərhələdə  nümunə uşaqların  tərbiyəsində əsas  vasitədir. Buna görə də yaşlılar öz hərəkətlərinə, danışıqlarına, ünsiyyətlərinə xüsusi  diqqqət yetirməlidirlər.
Daha yuxarı yaşlı uşaqların  tərbiyəsinə başqa cür  yanaşmaq lazımdır. Çünki belə yaşda olan uşaqlar özlərini  yaşlılar kimi  sərbəst aparmaq istəyirlər.  Yaşlılar-valideynlər, müəllimlər, tərbiyəçilər, ictimaiyyət nümayəndələri bu yaşda olan  uşaqların şərəf və ləyaqətinə hörmətlə yanaşmalı, onları  olduğu kimi qəbul etməli, onlara  inanmalı, etbar etməlidirlər.
Yuxarı yaşlı  uşaqlara  şəxsiyyət kimi  yanaşılması da onların tərbiyəsində  müəyyən rol oynayır.  Yaşlılar böyük yaşlı (12-17 yaş) uşaqlarla  ünsiyyəti zamanı  onlara etibar etməlidirlər.
Yeniyetməlik və ilk gənclik illərində olan məktəblilərə öz “mən”ini  formalaşdırmaq imkanının və şəraitinin yaradılması da azad tərbiyənin  formalaşdırılmasının  vasitələrindən biridir.
“Mən” mənlik şüuru ilə  sıx  bağlı olan anlayışdır.
Mənlik şüuru uşağın özünü şəxsiyyət kimi  tanıması və dərk etməsi prosesidir.  “Mənlik şüuru”nda  şüurun bütün  xüsusiyyətləri  uşağın “məni”  vasitəsilə  ifadə  olunur və şəxsiyyətləşməyə  stimul verir.
“Mənlik” şüuru uşağın  özünün tələbat və  qabiliyyətlərinə, davranış və fəaliyyət  motivlərinə şüurlu münasibəti  deməkdir. Bu halda  yeniyetmə  və ya gənc:
- Özünü  bütün  ətraf aləmdən,  yəni “mən”ini  “qeyri-mən”dən  ayırır;
- Özünün  fiziki, psixi və “mən”  keyfiy­yətlərini  qiymətləndirir və dərk edir;
- Həyatının  bütün  cəhətlərinə  şüurlu münasibət  bəsləməyə başlayır.
“Mənlik” şüuru sözün əsl mənasında yeniyetməlik və gənclik yaşlarında  formalaşsa da onun əsası əvvəlki  yaş dövrlərində  qoyulur. Yeniyetmə və gənclik  yaş dövrlərində  mənlik şüurunun  formalaşdırılmasını “azad təbiyə” kimi  səciyyələndirmək olar.  Pedaqoji və psixoloji  ədəbiyyatlarda  uşaq­ların  tərbiyəsində  rol oynayan  amillər kimi mühit, irsiyyət, tərbiyə göstərilir.
Uşaqları tərbiyə etməkdə  J.J.Russonun  əksinə çıxış edən  ingilis  filosofu  Con Lokk  “Tərbiyə haqqında  fikirlər” əsərində yazırdı: “İnsanın  xarakterini  axar çaya, tərbiyəni isə bəndlərə  bənzətmək olar. Bəndlər çayın axın surətini, istiqamətini dəyişdiyi kimi tərbiyənin gücü ilə insanın (uşağın)xarakterini  dəyişmək olar.  Qeyd edirdi ki, yaxşı və pis insanların onda doqquzu  tərbiyə  sayəsində  belə olmuşdur”.
D.Didro tərbiyəni  çox şey, Sen Simon isə tərbiyəni hər şey adlandırırdı. Tərbiyənin  düzgün  təşkili üçün müxtəlif prinsiplər, metodlar işlənilmiş, hal-hazırda  bunlardan  geniş şəkildə  istifadə olunur. Göstərilən prinsip və metodlarda da azad tərbiyə istiqamətdə  fikirlər vardır.
Tərbiyə prinsipləri tərbiyəni tələblərə uyğun şəkildə aparmaq üçün  tərbiyəedənin  əldə rəhbərlik kimi tutduğu ideyalardır. Tərbiyə prinsipləri tərbiyə prosesinin istiqamətini, məzmununu  müəyyən etməkdə tərbiyəedənə  yol  göstərir.
Çox saylı  prinsiplər  içərisində  azad  tərbiyəyə  yardımçı olacaq  prinsiplər də vardır:
- Tərbiyədə  məqsədin  olması;
- Uşaq şəxsiyyətinə  hörmət;
- Nikbinlik - kimi prinsiplər belələrindəndir.
İndiki zamanda  istifadə  edilən  tərbiyə  metodlarından inandırmanın    vasitəsi kimi  göstərilən  nümunəni  və tərbiyədə  xüsusi situasiyalardan istifadə metodlarını da uşaq­ların azad tərbiyəsində rol oynayacaq metodlar kimi göstərmək olar.  Xüsusi situasiya metodu dedikdə, əsaən, müxtəlif xarakterli yarışlar  nəzərdə tutulur.
Müxtəlif xarakterli  və məzmunlu   yarışlarda  iştirak edən  uşaqda  gözə çarpmadan, özü də  hiss etmədən  müsbət davranış və ya  ünsiyyət  vasitələri  həyatına daxil olur, onda olan  mənfi xüsusiyyətləri aradan qaldırır.
Yuxarıda göstərilən müxtəlif  mənbələrdən  alınmış azad tərbiyə haqqında  ideyalara  istinad etsək belə tərbiyəni stimullaşdıran yollar kimi aşağıdakıları  göstərmək olar:
- Uşaqların azad tərbiyəsini ailədən-valideynlərdən, ailəyə yaxın olan  qohumlardan götürülmüş  nümunələrə istinadən  formalaşdırmaq;
- Uşaqların tərbiyəsini insanların davranışına, ünsiyyətinə, məqsədəuyğun  fəaliyyətinə  istiqamətləndirmək;
- Telefon, kompüter, digər informasiya vasitələrindən məqsədəuyğun  və rejim əsasında istifadə  etmələrinə nail olmaq;
- Uşağa   şəxsiyyət kmi  yanaşmaq;
- Uşağa hörmət, inam, etibar etmək;
- Uşağı olduğu kimi qəbul etmək, onun fikirlərinə dəyər vermək;
- Uşağa  nikbin  yanaşmaq;
- Uşaqların tərbiyəsində nümunə, müzakirə, disput kimi metodlardan, o cümlədən  xüsusi situasiyalar metodundan istifadə etmək;
- Yeniyetmə və gənclik  mərhələsində  olan şagirdlərin öz “mən”ini   tanıması üçün  şərait yaratmaq.
Tərbiyə də təhsil kimi qloballaşmaqdadır. Bəs, milli tərbiyəmiz?
Sosial  həyatımızda  olan  inkişafa istinad etsək, deyə bilərik ki, azad tərbiyə  artıq  evlərimizin  astanasındadır.шаблоны для dle 11.2