Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə zamanın tələbi kimi

İnsan bəşər cəmiyyəti yaranandan kamilliyə, mükəmməlliyə və dünya  sirlərini öyrənməyə cəhd göstərmişdir, bu yolda müəyyən cığırlar açmış, seçimlər etmiş, özündən sonra gələn nəsillərə rəvan bir yol qoyub getməyə səy etmişdir. Dünya sirlərini öyrənə-öyrənə hər bir xalqın özünün, onu digər xalqlardan fərqləndirən, mənəvi sərvəti – milli dəyərləri formalaşmışdır. Qədim tarixi köklərə malik,  lakin sadə,  müdrik həyat tərzi nəticəsində xalqımız qətrə-qətrə əldə etdiyi milli dəyərləri əsrlərin süzgəcində cilalayaraq, bənzərsiz özünəməxsus zənginliyə malik mənəvi irs olan milli dəyərlər yaratmış, bu irsi zaman-zaman  böyüyən nəslin yaddaşına hopdurmuş, nəticədə bu milli-mənəvi dəyərlər xalqımızın mentalitetinə çevrilərək, müasir dövrə qədər gəlib çıxmışdır.
Hazırda Azərbaycanda yaranmış hüquqi, demokratik dövlət möhkəmlənib və inkişaf edir. Belə bir dövrdə gənc nəsli biliklər sistemi ilə silahlandırmaq, onlarda elmi dünyagörüşü formalaşdırmaq nə qədər vacibdirsə, cəmiy­yətimizin özülünü möhkəmləndirmək məqsədilə əxlaqca saf, mənəviyyatca kamil, öz kökünə, milli adət- ənənələrinə sadiq, yetkin şəxsiyyətlər tərbiyə etmək bir o qədər mühüm məsələdir. Milli-mənəvi dəyərlər xalqın varlığı, onun mövcudluğu kimi dəyərləndirən Ümummilli Liderimiz deyirdi: “Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Milli-mənəvi dəyərlərimizi toplamaq, qorumaq, gələcək nəsillərə çatdırmaq hər birimizin ən müqəddəs borcumuzdur. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın fəaliyyətində formalaşmışdır. Milli-mənəvi dəyərləri olmayan millətin mövcudluğu, yaşaması və gələcəyi onun tarixən formalaşmış milli-mənəvi dəyərlərini, adət-ənənələrini qoruyub saxlamasından, zənginləşdirməsindən asılıdır”.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan gənclərinin birinci Ümumrespublika forumunda söylədiyi bu kəlamlar Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində keçirilən 100 illik yubiley tədbirində nitqi ilə ahəngləşir və bir-birini tamamlayır. İlham Əliyevin gənclərə tövsiyələrindən biri yaxşı oxumaları ilə birlikdə onların milli-mənəvi dəyərlərimizi qorumaqdan ibarətdir.  O demişdir: “Biz gənclərimizə vətəni sevməyi, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qoruyub saxlamağı öyrətməliyik”.
Prezident İlham Əliyevin söylədiyi bu sözlər gənclərin milli vətənpərvərliyə daha bir çağırışıdır.  Yalnız belə olduqda vətənini, millətini sevən, onu ucaltmağa çalışan, milli adət-ənənələrinə sadiq olan, ümumbəşəri dəyərlərə yiyələnən, hərtərəfli inkişaf etmiş, yüksək əxlaqi və mənəvi keyfiyyətlərinə, intellektual imkanlarına görə dünyanın ən qabaqcıl ölkələrinin vətəndaşları səviy­yəsində dura bilən gənclər yetişdirə bilərik.
Azərbaycan Respublikasının Təhsil Qanununda (2009) təhsilin əsas məqsədi milli-mənəvi tərbiyənin cəmiyyətə layiq, kamil və yetkin vətəndaş tərbiyə etmək məqsədilə tam bir vəhdət təşkil edir. Təhsil Qanununda təhsilin əsas məqsədi -  Azərbaycan dövləti qarşısında öz məsuliyyətini  dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbay­cançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdan ibarətdir kimi iafadə olunub.
Mənəvi şüurun formalaşmasında milli dəyərlər böyük rola malikdir, bu dəyərlər mənəviyyatın kamilləşməsinin əsasıdır. Təsadüfi deyildir ki, milli  dəyərlər ali hisslər kimi, insanın fəaliyyətini stimullaşdıran amillər kimi qiymətləndirilir.  Milli-mənəvi dəyərlər vətənpərvərlik müs­təvisində çulğalaşaraq,  insanın yaşam amalına çevriləndə  əsl vətəndaş formalaşır. Bu çətin prosesdir, hər bir insan vətəndaşa çevrilə bilmir. Xalq şairi Səməd Vurğun “əsl mənada vətəndaş olmaq həqiqi vətənpərvər olmaq – məslək və əqidə sahibi olmaq deməkdir,” – deyirdi. Səməd Vurğunun bu fikri Məmməd Arazın aşağıdakı misraları ilə necə də tamamlanır:
Vətən daşı olmayandan
Olmaz ölkə vətəndaşı.
Tarixi köklərə malik vətənpərvərlik insanın elinə, xalqına, dilinə, tarixinə, adət-ənənələrinə, ata və anaya məhəbbət və sədaqətin ifadəsi kimi meydana gəlmişdir. Hər bir kəsin tarixi qiyməti onun vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür.
Haşiyə: Deyilənə görə, qədim alban sərkərdəsi, əfsanəvi qəhrəman və cəngavər döyüşçü Cavanşir öz oğlanlarına vəsiyət edir ki, öləndə onu sərhəddə basdırsınlar. Səbəbini soruşanda cavab verir ki, qoy düşmən torpağımızı basıb keçəndə qəbrimin ayaq altında qaldığını oğlanlarım namusuna sığışdırmayıb, torpağı düşmənlərə  verməyin mümkün olmadığını dərk etsinlər.
Ulularımızın bizə əmanət qoyub getdiyi dünyanın ən qədim, bol sərvətli min nemətli,  sivilizasında Nizami Gəncəvi, Nəsirəddin Tusi, Məhəmməd Fizuli,  Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Üzeyir Hacıbıyov, Səməd Vurğun və bu kimi böyük dühalar və mütəfəkkirləri olan Azərbaycanı göz bəbəyi kimi qorumaq və inkişaf etdirmək bu gün əsas məqsədimiz olmalıdır. Xalqımızın Vətən – Ana haqqını Tanrı haqqına bərabər tutan, anası Burla xatunun namusu tapdalanmasın deyə “örkəmlə boğasından asılmağa”, “iki kürəyindən xəncərə sancılmağa”, “ağ ətindən qara qovurma bişirilməsinə” razı olan Oğuz qəhrəmanı Uruz babadan qalan dəyərlər vardır.  Böyüyən övladlarımıza bu ruh aşılanmalıdır. Onlar bilməlidir ki, Azərbaycan onu qan içində boğmaq üçün yurdumuza soxulmuş İran hökmdarı Kirin qoşunlarını darmadağın etmiş Tomris ananın yadigarıdır – Vətən  dünyanın hər yerində məşhur olmuş istedadlı diplomat, ağbirçək nənəmiz Sara xatundur, Koroğlunun Nigarı, Nəbinin Həcəri, erməni quldurlarına əsir düşməmək üçün özünü qayadan atan Azərbaycan  qızlarıdır – Vətən! Doğma xalqını, Ata yurdunu, ana torpağını yağılardan qorumaq üçün canından keçmiş igidlərin, bütün varlığını – ömrünü, ağlını, zəkasını, xalqına, millətinə, həsr etmiş ulularımızın bugünki nəsillərə ən müqəddəs, ən ülvi əmanətidir, yadigarıdır  - Vətən.
Vətənpərvərlik ali hissdir. Vətən övladı həyatının hər anında bu hissi ifadə etməlidir. Bu hissi Vətəninin üzərini qara buludlar alanda elini, xalqını sevən övladların ayağa qalxmasında görmüşük. Uşaq dünyaya gələndə gərək ona verilən ilk dərs bu  ola: Sənin borcun doğma torpağı – vətəni qorumaq, onu ana kimi sevməkdir. Adama  elə gəlir ki, bu sözlər ana laylası qədər doğmadır.
Milli-mənəvi dəyərlərimiz sırasında ailəcanlılıq, süfrə ənənəsi, qadına, anaya məhəbbət, ədəb-ərkan, dostluğa sədaqətlilik və s. xüsusi də yer tutur. Azərbaycanlılara mənsub süfrə ənənəsi ailənin təməl daşıdır. Xalqımıza məxsus olan süfrə sehri, ailənin bütövlüyündən, səmimiliyindən, qarşılıqlı hörmətin hökm sürməsindən soraq verir. Kəsilən çörək azərbaycanlılar üçün yazıdan, möhürdən etibarlıdır.  Şərikli çörəyə olan etiram elə qiymətli dəyərə çevrilmişdir ki, hər kəslə çörək kəsməkdən ehtiyat edilir. Çünki onun müqəddəsliyini qoruyub saxlamaq o qədər də asan deyildir. Kəsilən duz çörəyə and içmək də mənəvi hüququn qorunub saxlanılmasına işarədir. Məsələn, “kəsdiyimiz duz-çörək haqqı” və yaxud  “kəs-diyimiz duz çörək mənə qənim olsun” ifadələri hər zaman Azərbaycan xalqının inanc sözü olmuşdur. Həyat yoldaşını itirən xanım onun əşyalarına, əl vurduğu hər bir yazıya, kitabına toxunmur, onları hamıdan qorumağa çalışır. Bu milli dəyər yalnız azərbay­canlılara aiddir. Bu dəyər Azərbaycan qadınının sədaqətliliyindən, etibarlılığından, ləyaqətliliyindən soraq verir. Bu milli dəyər anaların müqəddəsliyinə işarədir.
Analar haqqında yazılanlar nə qədər çox olsa da, hələ də azdır. Çünki körpələrimiz ana nəvazişindən qanadlanır, əzizlənir, onun dilindən şirin laylay eşidir, bu musiqili səsdən xumarlanıb ana sinəsinə sığınır. Görkəmli yazıçı Nəriman Nərimanov yazmışdı: “Xalqın canlı danışıq dili analarımızın laylaları vasitəsilə qulaqlarımızda qalmışdır. Bu laylalarda ana ülviliyi, ana dilinin təmizliyi, saflığı bəşəri duyğuların ululuğu çox yüksək bədii təcəssümlə ifadə olunur... Qadın ana! Ana günəşdir.” Ananın səmimi münasibətləri uşağın ruhuna hopur, onu formalaşdıran əsas amillərin birinə çevrilir.
Hörmət etməyi bacarmaq, həm də nəzakət sahibi olmaq deməkdir. Azərbaycanlıları uzunömürlü hesab edirlər. Bunun  səbəblərindən ən başlıcasını xalqımızın böyüklərə, yaşlılara hörmət etməsində, bu münasibəti qorumasında görürlər.
Haşiyə: Yusif Vəzir Çəmənzəminli bir söhbətində zarafatyana Cəlil Məmmədquluzadəyə gileylənir ki, “Mirzə, bəsdi bu milləti söydünüz, avam, nadan hesab etdiniz. Sənin təsvir etdiyin novruzəlilərin Avropa mədəniyyətindən geri qalmayan yüksək mədəniy­yəti var, nə olar savadsız olanda? Xalqın təbii mədəniyyəti çox yüksəkdir. Fikir vermisənmi, Azərbaycan kişisi kəndə at üstündə girməz. Yad yer olsa da, kəndə çatanda düşüb, atın yedəyini alar ki, birdən qabağına ana və ya ağsaqqal çıxar, onlara üstdən-aşağı baxmalı olar. Bu bizim millətin xüsusiy­yətidir. Gərək bir az da onun yaxşı cəhətlərindən yazaq”.
Xalqımızın böyüyən nəslə aşılanmasının zəruriliyini əks etdirən milli-mənəvi dəyərlərindən biri də Novruz bayramıdır. Novruz təbiətdə baş verən dəyişikliklərlə, baharın gəlməsi ilə əlaqədar bir mərasimdir. Bu günlərdə təbiət dəyişir, gecə ilə gündüz bərabərləşir, yaz fəsli başlayır. Novruz bayramı ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Xalqımızın Nov­ruzla bağlı çox zəngin mənəvi dəyərləri, adət-ənənələri mövcuddur. Əvvəla, Novruz hələ ulu babalarımızın dediyi kimi gələn ilin xoşa gəlimli keçəcəyini arzulayır. Yaşlı nəsil Novruzda səməni bitirməklə onun necə olacağını müəyyənləşdirir. Xalqımız Novruz zamanı quşların, böcəklərin, xüsusən kəpənəklərin necə və hara uçması ilə qarşıdakı ilin necə gələcəyini müəyyən edirdi. Novruz təmizlik, bərəkət deməkdir. Novruz bayramı ərəfəsində təmizlik işlərinin aparılması hər kəsin evində onun atributlarının hazırlanması bu fikri söyləməyə əsas verir. Çox müxtəsər söylədiyimiz bu fikirlər xalqımızın mentalitetinə hopmuş milli-mənəvi dəyərlərdəndir. Böyüməkdə olan nəslin yaddaşdan silinməməsi üçün bu dəyərləri onların fikir və yaddaşında, düşüncələrində kökləməliyik. Çünki, Novruz adətlərində ulu babalarımızın ən müdrik dünyagörüşü, humanist baxışları, həlim, qay­ğıkeş təbiəti özünü göstərir. Bu adətlərdən yaxşılıq, xeyirxahlıq, vətən sevgisi, qonaqpərvərlik, hörmətçillik, əldən tutmaq və s. mənəvi dəyərlər cəmlənmişdir.
Milli-mənəvi dəyərlərin mahiyyətini onun çalarlarını böyüyən nəsillərə aşılamaqda ailə və məktəb əvəzsiz qüvvədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “Həm müəllimlər, həm də valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidir ki, onlar Vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərlərimizi hər şeydən üstün tutsunlar. Ona görə mən həmişə deyirəm ki, milli dəyərlərimiz, mənəvi dəyərlərimiz  bizim üçün hər şeydən üstündür. Biz onları qorumalıyıq, milli ruhumuzu saxlamalıyıq. Çünki bu bizim gələcəyimiz üçün əsasdır”.
Ümumtəhsil məktəblərində tədris olunan fənlərin əksəriyyətinin milli-mənəvi dəyərlərin şagirdlərə aşılanması üçün böyük imkanları vardır. İbtidai siniflərin “Azərbaycan dili”, “Həyat bilgisi”, “Musiqi”, “Təsviri sənət”,  yuxarı siniflər üçün nəzərdə tutulan “Ədəbiyyat”, “Azərbaycan tarixi” və s. fənlər şagirdlərin milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbyəsində böyük rola malikdir. Tədris olunan bu fənlər vətənpərvərlik, qəhrəmanlıq, səbrlilik, dözümlülük, müdriklik, əldən tutmaq, ləyaqət, şərəf, dəyanət, qayğıkeşlik, əməksevərlik və s. kimi milli-mənəvi dəyərlərin aşılanmasında nəhayətsiz imkanlara malikdir. Bütövlükdə götürdükdə, hər bir müəllim bilik verməklə yanaşı, tədris etdiyi fəndən asılı olmayaraq, yeni nəsli tərbiyə etməlidir, onlarda milli - mənəvi dəyərlərin aşılanmasına xüsusi diqqət etməlidir. Bu hər bir müəllimin həm pedaqoji vəzifəsi, həm də vətəndaşlıq borcu­dur, bütün zamanlarda belə olub, bu gün də belə olmalıdır, xalqın mənəvi dünyasının bir nəsildən digər nəslə ötürülməsinin əsas yolu belədir.
Sosial təcrübənin bir nəsildən digər nəslə ötürülməsində ailənin də rolu böyükdür. Hər bir milli-mənəvi dəyərin daşıyıcısı olan valideyn öz övladına milli-mənəvi dəyərləri aşılamaqda xüsusi fəallıq göstərməlidir, onlar bu yolla müəllimlərin həyata keçirdiyi pedaqoji işləri tamlamalıdır.    
Araşdırmalar göstərir ki, bu gün milli-mənəvi dəyərlərin tərbiyə edilməsi daha aktual xarakter daşıyır. Belə ki, informasiya-kommunikasiya  texnologiyalarının inkişaf etdiyi bir dövrdə internet məkanında “dünya həddindən artıq kiçilmişdir”, xalqların mədəniyyətləri arasında qarşılıqlı əlaqə daha intensiv xarakter daşımağa başlamışdı. Bu bir tərəfdən dünya mədəniyyətinin əxz olunmasına xidmət edirsə, digər tərəfdən milli-mənəvi dəyərlərin unudulmasına aparıb çıxara bilir. Bəzən gənclər müasirlik adı altında milli dəyərlərə biganə münasibət bəsləyirlər, bizi istəməyən qüvvələrin təsiri də bu prosesdə az rol oynamır. Milli dəyərləri dərindən əxz edə bilməyənlər xarici qüvvələrin təsirinə daha tez düşürlər.  Müasirlik milli-mənəvi dəyərlərlə ziddiyyət təşkil etməməlidir, əksinə milli-mənəvi dəyərlər müasirlik müstəvisində inkişaf etməlidir. Buna görə də yeni nəslin milli-mənəvi dəyərlər ruhundə tərbiyə edilməsinə diqqət artırılmalıdır.
Pedaqoji təcrübə təsdiq edir ki, məktəblilərin milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyəsi yüksək əxlaqi süurun və nəcib insani keyfiyyətlərin təşəkkülündə, davranış normalarının düz­gün mənimsənilməsində, böyüməkdə olan nəslin tədricən cəmiyyətin mənəvi normalarının yerinə yetirilməsinə hazırlanmasında, şəxsiyyətin mənəvi simasının və fəal həyat mövqeyinin formalaşmasında,  milli qürur, milli iftixar hissinin yaranmasında, vətəninin qədrini bilən, şərəf və ləyaqət hisslərinə malik olan, sədaqətli və doğruçu şəxsiyyətin yetişməsində, obyektiv, prinsipial, çətinliklərdən qorxmayan, mərd, cəsur gənclər tərbiyə edilməsində mühüm rol oynayır. Milli-mənəvi dəyərlər böyük gücə malikdir, yeni nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi bir tərəfdən onların hərtərəfli inkişafına təkan verirsə, digər tərəfdən   milliliyimizin, milli müstəqilliyimizin, milli yaddaşımızın möhkəmləndirilməsində, tarixən formalaşmış həmin dəyər və ənənələrin sonrakı nəsillərə ötürülməsində misilsiz əhəmiyyəti vardır.

Ləzifə QASIMOVA,
BDU-nun professoru,
Hikmət ƏLİZADƏ,
BDU-nun professoru                               


Tarix: 4-06-2020, 14:17

Xəbəri paylaş