Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Uşaqlarda eşitmə qüsurunun təlim prosesində aradan qaldırılması yolları

 

Dilarə Dostuzadə,
ARTİ-nin Inklüziv Təhsil Şöbəsinin dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru

Problemlə əlaqədar mövcud tədqiqatlar göstərir ki, Şərq özünün mədəni irsi ilə bəşəriyyəti həmişə təəccübləndirmişdir. Antik dövrün əlyazmalarında da eşitmə qüsurları haqqında məlumatlara rast gəlmək mümkündür. Məsələn, qədim yunan tarixçisi, “tarixin atası” Herodotun yazılarında Qədim Midiya hökmdarı Krezin oğlu haqqında maraqlı məlumat vardır. Herodot bu oğlanın lal-kar olduğunu və heç zaman danışmadığını qeyd edirdi. Bildirirdi ki, Midiya hökmdarı ilə farsların müharibəsi zamanı o, birdən-birə dil açıb, fars əsgərə “Krezi öldürmə” demişdir. Herodot bu hadisəni təsvir etməklə lal-kar insanın danışa bilməsi qənaətinə gəlmişdir.
Karlığın insan psixologiyasına təsiri haqqında Herodotdan 100 il sonra yaşamış yunan mütəfəkkiri Aristotelin fikirləri də maraqlıdır. Aristotelin əsərlərində fəlsəfə, məntiq, psixologiya, tarix, siyasət, etika, estetika və digər sahələrə aid dəyərli məlumatlar vardır. Aris­totelə görə insanda 3 növ ruh vardır: inkişaf edən, iradəli və ağıllı. Bu ruhlar insanın sağlamlığına, onun psixikasının formalaşmasına böyük təsir göstərir. Aristotel bildirirdi ki, səslər vasitəsilə fikir ötürülür, eşitmə orqanı vasitəsilə isə həmin fikir aydınlaşır. Əgər insanda hər hansı bir hiss üzvü zədələnərsə və ya olmazsa, bu, orqanizmin tamlığının pozulmasına, eyni zamanda bütövlükdə inkişafın düzgün getməməsinə səbəb ola bilər.
Aristotel ilk dəfə eşitmə qüsurunun yaranma səbəblərini insanın beynindəki üzvi pozulmalarla əlaqələndirmişdir.
Hippokrat isə Aristoteldən daha qabağa gedib karlığı tibbi cəhətdən araşdıraraq karlığın baş beyin yarımkürələri qabığı və periferik eşitmə aparatının üzvi pozulmaları səbəbindən yarandığını göstərmişdir. Hippokrat öz əsərlərində eşitmə çatışmamazlıqlarının müalicəsi və pozulmaların qarşısının alınması haqqında da bu gün öz aktuallığını itirməyən fikirlər söyləmişdir.
Qədim şərqin alimi İbn Sina “Təbabətin qanunu” əsərini eşitmə qüsurlarının yaranma səbəblərinin araşdırılmasına, müayinə və müalicəsinə həsr etmişdir.
Antik dövrün ən görkəmli filosofları: Demokrit, Hippokrat, Platon da karları bilikləri mənimsəmək bacarığı olmayan, intellektual cəhətdən küt, ağılsız, insanlar kimi xarakterizə etmişlər. Bu səbəbdən də cəmiyyət qüsurlu insanlardan qaçmış, onları yaşayış yerlərindən qovmuş və ya fiziki cəhətdən məhv etmişlər. Məsələn, qədim Yunanıstanda, Spartada karları elə kiçik yaşlarından qayalardan dənizə ataraq məhv edirdilər.
Orta əsrlərdə Avropada mütərəqqi düşüncəli elm, mədəniyyət adamlarının, eləcə də müxtəlif qüsurları olanları dinsiz, cadugər, ifritə adlandıraraq lənətləndiyi tonqallarda yandırıldığı zaman gizli olsa da, eşitmə qüsurlarının yaranma səbəbləri, müayinə-müalicə, təlim və tərbiyə, psixi inkişaf məsələlərinin öyrənilməsinə cəhd göstərilmişdir.
Bu cəhdlərdən biri XVI əsrdə yaşamış ispaniyalı keşiş Pedro de Ponse tərəfindən edilmişdir. Kar uşaqların ilk müəllimi hesab edilən Pedro de Ponse onların nitqini inkişaf etdirməyə, ətraf aləm haqqında müəyyən bilik və bacarıq­lar aşılamağa müvəffəq olmuşdur. Ponse təcrübəsinə əsaslanaraq kar uşaqlarda da normal insanlar kimi ağılın və duyğuların olduğunu sübut etməyə çalışmışdı.
Sonralar Leronim Kardan Ponsenin fikirlərinə şərik çıxaraq kar insanların da kamilliyin ən yüksək səviyyəsinə qədər inkişaf etmək bacarığının olduğunu göstərmişdir. Daha sonralar həmin fikirlərə Avropada Bonnet, Geyneke (Almaniya), Delore (Fransa), Şikar şərik çıxmışlar. Onlar karların beynində normadan kənara çıxma hallarının olmadığını və normal insanlardan heç də geri qalmadığını, əqli-psixi inkişafa görə onlardan fərqlənmədiklərini göstərmişlər.
XVIII-XIX əsrdə elm və texnika sürətlə inkişaf etməyə başladı. Bu dövrdə kar uşaq və yaşlıların psixi inkişafının ayrı-ayrı məsələləri ümumi psixologiya və elm olan surdope­daqoqikanın tərkib hissəsi kimi araşdırılmışdır.
Bu əsrlərdə karlığın yaranma səbəbləri, təlim-tərbiyə məsələləri, xüsusilə də kar insanların psixi inkişaf xüsusiyyətlərinin öyrənilməsi hələ də öz aktuallığını saxlayırdı. Əvvəlki əsrlərdən fərqli olaraq kar insanların psixi inkişafının eşitmənin itirilməsi və nitqin inkişafı ilə bağlı olması fikirləri daha çox səslənməyə başladı.
Oksford Universitetinin professoru C.Vallis eşitmə qüsurlu uşaq­larda psixi inkişafın düzgün getməsi üçün, ilk növbədə, onların nitqini inkişaf etdirməyi vacib hesab edirdi. O, eşitmə qüsurlu uşaqların təlimi zamanı aşağıdakı problemləri həll etməyi məsləhət görürdü:
1. Şifahi nitqin və tələffüzün təlimi zamanı lallığı aradan qaldırmaq.
2. Danışmayan (zəifeşidən və ya tam eşitməyən) uşaqlara öz fikirlərini yazılı şəkildə ifadə etməyi öyrətmək.
3. Kar-lal uşağa tələffüzü dodaqdan oxumağı öyrətmək.
1668-ci ildə C.Vallis öz dos­tuna yazdığı məktubda şagirdlərindən bəzilərinin sözlü nitqi dərk etdiyini və öz fikirlərini yazılı şəkildə ifadə etməyi bacardıqlarını bildirirdi.
Lakin bu dövrdə zəifeşidən insanların psixi inkişaf xüsusiyyətləri barədə fikirlər birmənalı olmamışdır. Bəzi tədqiqatçılar eşitmə qüsurluları ağıllı, bacarıqlı, normal psixi inkişafa malik insanlar kimi xarakterizə etdikləri halda, digərləri onları kobud, ağıldan kəm, psixi inkişafında çatışmazlıqlar olan insanlar kimi nəzərdən keçirmişlər.
1808 –ci ildə Sezar öz qeydlərində göstərirdi ki, kar-lallar əxlaqi borc hissi olmayan kobud və duyğusuz insanlardır.
1818-ci ildə Bebian karları qəlblərində laqeydlik, şübhə və islah edilməyən, inadkar insanlar kimi xarakterizə etmişdir.
1822-ci ildə Naumanın qeydlərinə görə lal-karlar birgəyaşayış istəyi olmayan, qəlblərində qorxu hissi hakim olan insanlardır. Nauman kar insanlarda bütün insanlara xas olan şüurun olmasına şübhə ilə yanaşmışdır.
Manfeld (1830) və Şmals (1835) kar insanların psixi inkişafının qüsurlu olmasını üzvi çatışmazlıqlarla izah edir, onlarda düzgün olmayan kəllə və beyin quruluşunun olduğunu göstərirdilər.
İtar bu fikirlərin əksi olaraq sübut etməyə çalışırdı ki, yazılı nitqin vasitəsilə kar uşaqların ağılı danışanların şifahi nitqi kimi çox yüksək inkişaf səviyyəsinə çata bilər.
XIX əsrin sonu XX əsrin əvvəllərində Avropanın bir çox ölkə­lərində: İngiltərədə, Niderlandda, Almaniyada və Fransada eşitməsi qüsurlu (kar-zəifeşidən) uşaqların psixi inkişafı və təlim-tərbiyəsi ilə bağlı tədqiqat işləri aparılmağa başlandı.
Eşitməsi qüsurlu uşaqlara şifahi nitqi təlim etmək metodunu işləyib hazırlamış ingiltərəli alim Con Bulver öz təcrübələrinə istinad edərək göstərirdi ki, bu cür uşaqların əqli inkişafı birbaşa olaraq onların nitqi ilə sıx bağlıdır. Əgər kar uşagın nitqi inkişaf edərsə, deməli onun nitqi ilə birlikdə özü də inkişaf edər.
Avropada eşitmə qüsurları olan uşaqların təlim-tərbiyə problemlərinin araşdırılması istiqamətində böyük işlər Fransada da aparılırdı. Məsələn, Pereyra, R.Erno və başqaları kar-zəifeşidən uşaqların təlimi üçün məktəblərin yaradılmasına çalışmışlar.
R.Ernonun surdopsixologiya tarixində xidmətləri böyükdür. R.Erno başqalarından fərqli olaraq ilk dəfə eşitməsi qüsurlu uşaq­larda eşitmə duyğusunun olması barədə fikirlər söyləmiş və bunu “eşitmə duyğusunun qalığı” kimi qiymətləndirmişdir. R.Erno qeyd edirdi ki, “eşitmə duyğusunun qalığı” kar uşaqların təlimində müstəsna rol oynayan duyğulardan biridir və kar uşaqların nitq təlimində ondan istifadə etməklə onlardan nəinki nitqin inkişafında, hətta digər çatışmazlıqların aradan qaldırılmasında da istifadə etmək olar.
R.Erno eşitməsi qüsurlu uşaq­ların nitqə yiyələnməsində, eşitmə qalığından istifadənin metodunu işləyib hazırlamışdır. Bu metodun üstün cəhətlərindən biri də, ilk növbədə kar uşaqda səs tələffüzünü formalaşdırmaq, lüğət ehtiyatını artırmaq, sonra isə sözlərdən düzgün istifadə etməklə cümlə tərtib etmək məsələsi ortaya qoyulurdu.
Avropanın təsiri çar Rusiyasında eşitməsi qüsurlu insanların öyrənilməsinə marağın artmasına səbəb oldu. Bu problemin araşdırılması Rusiya Elmlər Akademiyası qarşısında qaldırıldı və kar-zəifeşidən uşaqların psixi inkişafının öyrənilməsi və təlim-tərbiyə məsələsi xüsusi diqqət mərkəzinə çevrildi. Moskva Universitetinin tibb elmləri doktoru Ferenksis eşitmə qüsurunun yaranma səbəblərini araşdıraraq, insan orqanizminin kompensasiya imkanları barədə maraqlı məruzə ilə çıxış etdi.
Eşitməsi qüsurlu uşaqların nitqinin formalaşdırılması, inkişaf etdirilməsinə bir sıra cəhdlər oldu. 1742-ci ildə Kravt danışıq səsləri çıxara bilən mexaniki bir cihaz düzəltdi. Kravtın bu cihazı düzəltməkdə məqsədi, onun vasitəsilə eşitməsi qüsurlu insanlara danışıq səslərini öyrətmək idi. Bu cihaz kar və zəifeşidənlərə öz fikirlərini ifadə etməyə kömək etməli idi.
Lakin Kravtın bu cəhdi müvəffəqiyyətsizliyə uğradı. Eşitməsi qüsurlu insanlar bu cihaz vasitəsilə nəinki danışmağı, hətta danışıq səslərini çıxarmağı öyrənə bilmədilər.
Rusiya Elmlər Akademiyası dövlət qarşısında kar uşaqlar üçün məktəblər açmaq tələbini qoydu. Bu məqsədlə çar I Aleksandr tərəfindən 1870-ci ildə kar və zəif­eşidənlər üçün Rusiyada ilk məktəb açıldı və sonralar bu məktəblərin sayı artdı.
Rus tədqiqatçısı Fleriyə görə kar insanlar normal insanlardan nə yaxşı, nə də pis deyillər. Onun bu fikrinə şərik çıxan N.M. Laqovskiy kar-lalların da eşidən insanlara xas olan ləyaqət və çatışmamazlıqlara malik olduğunu, yalnız onlardan bir şeydə, eşitmənin olmaması ilə fərqləndiklərini qeyd etmişdir. O, kar uşaqlarda ağılın əmələ gəlməsi üçün ən yaxşı vasitələrdən biri olan nitqin olmaması səbəbindən kar uşağın əqli bacarıqlarının inkişafdan geri qalmasını iddia edirdi.
Rusiyada surdopsixologiya prob­lemlərinin sistemli öyrənilməsi XX əsrin 30-cu illərinə L.S.Vıqotskinin uşaq psixikasının inkişaf strukturunun normadan kənara çıxmaları haqqında nəzəriy­yəsinin yaranması zamanına təsadüf edir. L.S.Vıqotski tərəfindən birincili qüsur və onun birbaşa təsiri (ikincili qüsur) anlayışı elmə gətirildikdən sonra aparılan pedaqoji, psixoloji tədqiqatlar, məktəblərdə yeni metodların tətbiqi, kar uşaqların psixi inkişafa görə eşidən və danışanlardan heç də geri qalmadıqları haqqında fikirlərin olması ilə nəticələndi.
XX əsrin 30-70-ci illərindən sonra Avropa, istərsə də rus alimləri (X.Xizinq, K.Xadjinsk, M.Portman, L.Neyman, G.Barsz, F.Bezold, F.F.Rau, R.Boskis və b.) tərəfindən eşitməsi qüsurlu uşaqların psixi inkişafı hərtərəfli öyrənilməyə başlandı. Həmin dövrdə eşitməsi qüsurlu uşaqların üç qrupu fərqləndirildi.
1.Kar uşaqlar (erkən dövrdə eşitməsini itirmiş və ya ağır eşitmə pozulmaları olan uşaqlar);
2.Sonradan kar olan uşaqlar (nitqə yiyələndikdən sonra eşitməsini itirmiş uşaqlar;
3. Zəifeşidən uşaqlar (qismən eşitməsi pozulmuş uşaqlar).
Nitqin inkişafı çox mürəkkəb bir prosesdir. Karların şifahi nitqi dedikdə, əsasən iki cəhət nəzərdə tutulur: tələffüz və dodaqdan oxu. Buna görə də şifahi nitqi inkişaf etdirərkən kar-zəifeşidən uşaqlara başlıca olaraq düzgün tələffüz və görmə qabiliyyətinə əsaslanan dodaqdan oxuma bacarığı öyrədilməlidir.
Eşitmə qabiliyyəti pozulmuş zəifeşidən uşaqlar I sinifdə daktil əlifbasının şifahi yazılış formasını (əl hərəkətlərinin düzgün yolunu) öyrəndikdən sonra daktil vasitəsilə yazı qaydalarını mənimsəyirlər. Uşaqların beləliklə hafizəsi, düşüncə qabiliyyəti tədricən inkişaf edir.
Bu uşaqların təlim-tərbiyəsi, problemlərin həlli pedaqogikanın ən aktual vəzifələrindən biridir. Normal uşaqların öyrənilməsinin nə qədər mürəkkəb olduğunu nəzərə alsaq, zəifeşidən uşaqların inki­şaf qanunauyğunluqlarının öy­rənilməsinin çətinliyi və bunun əhəmiyyəti bizə daha aydın olar.
Eşitməsi zəif uşaqların inkişafı xüsusi və ümumi qanunauyğunluq­lar əsasında öyrənilir, bu qanunauyğunluqlar bir-birilə üzvi surətdə əlaqədar olub, öz növbəsində təlim-tərbiyə prosesində böyük əhəmiyyət kəsb edir.
Qüsurlu uşaqların inkişaf xüsusiyyətləri, psixologiyası, şifahi nitqlərinin inkişafı kimi məsələlər, müxtəlif dövrlərdə alimlər tərəfindən öyrənilmişdir.
Görkəmli mütəfəkkirlərdən Hippokrat və Aristotelin, tanınmış alim Cirolama Kardononun söylədiyi fikir və mülahizələr bu gün də öz aktuallığını və əhəmiyyətini itirməmişdir. Anomal uşaqların təlim-tərbiyəsində mövcud olan çox mübahisəli problemlərin elmi təhlili pedaqogikada münasibətdə sovet defektoloqlarından A.İ. Diyaçkov, F.F. Rau, A.O. Basova, A.F. Ponqilskaya, M.İ. Qlebova, M.A. Tamilova, İ.İ. Şif, K.A. Volkova, V.İ. Belyutkov, N.F. Slezina, E.İ. Leonqard, N.Q. Morozova, R.M. Boskis, S.A. Zıkova, A.Q. Zikeev və başqalarının tədqiqatlarında öz həllini tapmışdır.
Kar uşaqlar haqqında Aristotel belə demişdir: “Kar uşaqlar səs orqanına malikdirlər, onlar da səs çıxara bilirlər, lakin kar uşaqların danışıq qabiliyyəti, yəni, nitqi ona görə yoxdur ki, onlar ətraflarında danışanların səsini eşitmir, ona görə də səsləri, ifadələri təkrar edə bilmirlər”.
Hal - hazırda xüsusi məktəblərin qarşısında duran ən mühüm vəzifələrdən biri kar uşaqlarda şifahi və yazılı nitqin formalaşdırılmasından ibarət olmalıdır. Bu məsələnin həlli ilə F.F. Rau, V.I. Belyutkov, K.A. Volkova, L.V. Neyman, N.F. Slezina, S.A. Zıkov, E.I. Leonqard və N.V. Nikitina məşğul olmuşlar.
Defektoloqlardan F.F. Rau, V.I. Belyutkov, K.A.Volkova, E.I. Leonqard, N.F. Slezina və başqaları kar uşaqlarda şifahi nitqin inkişafı metodikasına aid yazdıqları əsərlərdə göstərmişlər ki, dilin səs sistemini, lüğət tərkibini və qrammatik quruluşunu, leksika və qrammatika ilə əlaqəli şəkildə öyrətmək olar.
Zəifeşidən uşaqlarda nitq inkişafı və nitq vərdişinin yaradılmasının çox mürəkkəb bir proses olduğunu nəzərə alsaq, onun ilk mərhələsini iki hissəyə ayırmaq daha münasib olar:
Tələffüz.
Dodaqdan oxu.
Bunların ikisi də eyni məqsədə – şifahi nitqin formalaşmasına xidmət edir.
Nitq inkişafı özünəməxsus müxtəlif metodlara malikdir, bu da fasiləsiz tədris işi tələb edir. Kar uşaqların nitqə yiyələnməsi onların məktəbdə oxumaları üçün imkan yaradır.
Nitqi qüsurlu uşaqlarda şifahi və yazılı nitq vərdişlərinin formalaşması üçün əlverişli metod və priyomların işlənib hazırlanması son dərəcə vacibdir.
F.F. Rau konsentrik metodun əhəmiyyətindən yazır: «Təlim prosesində səslərin uşaqlara konsentrik metodla öyrədilməsi asan tələffüz olunan səslərdən nisbətən mürəkkəb tələffüz olunan səslərin öyrədilməsinə keçməyi təmin etmiş olur».
Konsentrik metoda əsaslanarkən uşaqların fərdi xüsusiyyətlərini nəzərə almaq vacibdir. Məsələn, əgər bəzi uşaqlar «n» hərfinə aid bir söz deyə bilirsə, bacarığı çalışıb möhkəmlətmək lazımdır.
Tədris prosesində texniki vasitə və əyani vəsaitdən səmərəli istifadə edilməsi kar uşaqların nitqinin inkişafında mühüm əhəmiyyətə malikdir. Əyanilik insan şüuruna fəal təsir göstərməklə, keçilənlərin daha asanlıqla mənimsənilməsinə və uzun müddət yadda qalmasına şərait yaradır.
Eşitmə analizatorunun pozulması heç də nitqin itirilməsi demək deyildir. Vaxtında müalicə və düzgün təlim olmazsa, nitq tədricən inkişafdan qalar və tam itirilə bilər. Kar və zəifeşidən uşaq­larda bu çatışmazlıqla əlaqədar psixi inkişaf ləng gedir. Buna görə də normal uşaqlardan fərqli olaraq, fiziki cəhətdən qüsurlu olan uşaqlar məktəbə gələrkən heç bir məlumata malik olmurlar.
Kar və zəifeşidən uşaqlara I sinifdən başlayaraq nitq vərdişlərinin aşılanması probleminin həllində iki cəhət – şagirdlərin söz ehtiyatının məhdudluğu və sözlərin mənasını dərk edə bilməmək, ünsiyyət zamanı istifadə edə bilməmək bacarığından məhrum olmaları nəzəri cəlb edir.
F.Engels göstərir ki, «Dil başqa insanlarla həqiqi ünsiyyət tələbatından meydana gəlmişdir».
Kar və zəifeşidən uşaqlar ünsiyyət tələbatından uzaq olurlar. Onların bir-birinə və ətrafındakılara müraciət edə bilməsi üçün sözlərin mənasının şüurlu dərk edilməsinə nail olmalı, sözləri cümlədə düzgün işlətməyi öyrətmək, sözlü nitq vərdişi yaratmaq lazımdır.
Bütün bunlardan göründüyü kimi, kar və zəifeşidən uşaqların psixologiyası xüsusi təlim prosesində belə uşaqlara fərdi yanaşmağı tələb edir.
Qeyd olunduğu kimi, kar və zəifeşidən uşaqlara sözlərin mənasını dərk etdirmək onlarda ünsiyyət tələbatı yaranmasına kömək edir.
J.I. Şif yazır: “Yalnız ətrafdakılarla ünsiyyətə girmək prosesində sözlərin müxtəlif şəraitdə işlədilməsi, tədricən onun mənasının düzgün mənimsənilməsinə gətirib çıxarar».
Zəifeşidənlər məktəbinin ibtidai siniflərində təlim prosesində daktil əlifbası və dodaqdan oxu əsas yer tutur. Daktillə yazılan sözlər əyani olaraq şagirdlərə gös­tərilir. Daktillə yazı şagirdlərin şifahi nitqə yiyələnmələrini asanlaşdırır.
Görkəmli surdopedaqoq S.A. Zıkov kar və zəifeşidən uşaqlarda şifahi nitqin inkişafı üçün daktilin böyük əhəmiyyəti olduğunu sübut etmişdir.
Müəllim çalışmalıdır ki, uşaq­lar öz fikirlərini daha aydın və düzgün ifadə edə bilsinlər. Şagirdlərin nitqi dinləyənlər tərəfindən düzgün başa düşülməlidir. Ona görə də müəllim zəifeşidən şagirdin nitqinin inkişafı ilə birlikdə təfəkkürünü də inkişaf etdirməlidir.
K.D. Uşinskinin göstərdiyi kimi, “Fikirdən ayrılıqda dili inkişaf etdirmək mümkün deyil, ona üstünlük verərək, fikirdən əvvəl nitqi inkişaf etdirmək isə şübhəsiz zərərlidir”.
Kar və zəifeşidən uşaqlara düzgün oxu və yazı bacarığı aşılamaq üçün, onların yaş xüsusiy­yyətləri, karlığın səbəbləri müəyyənləşdirilməlidir. Bunun üçün əsas nitq xəritəsinin öyrənilməsidir. Nitqdəki qüsurları dəqiq müəyyənləşdirdikdən sonra düzgün aparılan müayinənin köməyi ilə aradan qaldırılması mümkündür.
Nitq vərdişinin yaranmasında, tələffüzün aydın deyilməsinə ciddi fikir verilməlidir. Uşağa məktəbə gəldiyi gündən aydın tələffüz vərdişi aşılamaq üçün səslərin düzgün deyilişi, orfoepik qaydalar, məntiqi vurğu, nitqin ritmi barədə təsəvvür yaratmaq lazımdır. Müəllim çalışmalıdır ki, kar və zəifeşidən uşaqların nitqini fəallaşdırsın və lüğət ehtiyatını zənginləşdirsin; çünki, onlar öz fikirlərini yazılı və şifahi ifadə etməyi, başqalarının dediklərini, dodaqdan mənimsədiklərini isə ətrafdakılara anlatmağı, başa salmağı bacarsınlar.
Zəifeşidən uşaqlara öz fikirlərini ətrafdakılara düzgün və aydın çatdırması üçün doğma ana dilini bilmələri lazımdır. Ana dili bu uşaqların lüğət ehtiyatını zənginləşdirir, nitqini düzgün qurmağı, rabitəli ifadə etməyi öyrədir.
Təlim zamanı mətni dodaqdan oxu ilə uşaqlara söyləmək, seçilən ifadə və tərkiblərin onların başa düşmələrinə, anlamalarına nəzarət etmək lazımdır. Zəifeşidən uşaq­ların nitqində fonetik formalaşmaya diqqət yetirilməlidir. Nitq vərdişlərinin yaranması üçün düzgün, ahəngdar tələffüz vacibdir. Bu iş, sinfin təşkilindən başlayır və daktil əlifbasından, dodaqdan oxuya keçilir. Səsli nitq işi zamanı əyani vəsait və texniki vasitələrə tez-tez müraciət etmək lazımdır.
Təlim prosesində şagirdlər təkcə bilik mənimsəməklə kifayətlənmir, həm də təfəkkürlərinin müxtəlif xüsusiyyətlərini inkişaf etdirirlər. Şagirdlərin əqli inkişafı, xüsusən təfəkkürün inkişafı təlim işinin necə təşkil edilməsindən, hansı üsullardan istifadə olunmasından, kiçikyaşlı məktəblilərin təfəkkürünün inkişafı uğrunda müəllimin şüurlu olaraq necə mübarizə aparmasından asılıdır. Təlim prosesində zəifeşidən kiçikyaşlı məktəblilərin təfəkkürünün inkişafı dedikdə nə başa düşülür?
Təlim prosesində zəifeşidən ibtidai sinif şagirdlərinin təfəkkürünün formaları inkişaf edir. Kiçikyaşlı məktəblilər hökmün müxtəlif növlərindən yerində, dəqiq surətdə istifadə etməyi öyrənirlər və onlarda tədricən əqli nəticələr inkişaf edir. Digər tərəfdən, təlim prosesində şagirdlərdə fikri proseslər inkişaf edir: onlar təhlil, tərkib, ümumiləşdirmə, mücərrədləşdirmə, müqayisə etmə və s. kimi fikri proseslərə yiyələnməlidirlər. Həmin təfəkkür proseslərinin inkişaf etməsi sayəsində zəifeşidən şagirdlər müxtəlif təlim materiallarını çətinliklə mənimsəyə bilirlər.
Psixi inkişafın sürətinin ləngiməsini, uşağın valideyni uşaq məktəbə gedəndən sonra müəyyən edir. Yəni uşaq məktəbə gedərkən lüğət ehtiyatının azlığı, təfəkkürün yetişkənsizliyi, dünyagörüşünün azlığı, oyun maraqlarının üstünluyü, intellektual fəaliyyət zamanı tez yorulma diqqəti cəlb edir.
Şagirdlər tərəfindən qazanılmış biliyin əsasında bacarıq və vərdişlər formalaşır və mürəkkəb sistem alır. Bu zaman müəllimin qarşısında duran əsas vəzifə şagirdin təfəkkürünü fəallaşdırmaq, onlara anlaşıla biləcək dərəcədə düşünmək və müraciət etməyi öyrətməkdir.
Zəifeşidən məktəblinin təfəkkürünün inkişafında sözlərin böyük rolu vardır. Bu uşaqlara bilik və bacarıq verildiyi zaman onlarda müşahidəçilik, yaddaş, qav­rama inkişaf edir, biliyə maraq, işləmək qabiliyyəti artır. Biliyin öyrədilməsi elmi şəkildə aparılmalıdır. Biliyin əsasında şagirdlər müxtəlif bacarıqlar qazanır, mürəkkəb riyazi əməliyyatlarda, qrammatik cümlə təhlilində istifadə edirlər.
Zəifeşidən məktəblilərin həyata hazırlanması, onların təlim fəaliyyətində iştirakı, idrak proseslərinin inkişafı ilə bağlıdır. Valideynlər, müəllim-tərbiyəçilər kiçikyaşlı məktəblilərin tərbiyə edilməsində idrak proseslərinin-duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq və təxəyyül xüsusiyyətlərinin öyrənilməsinə xüsusi fikir yetirməlidirlər. Məsələn, məktəbə yeni gələn şagirddə duyğuların hərtərəfli inkişaf etdirilməsi zəruri amildir. Bu dövrdə xüsusilə görmə və eşitmə duy­ğuları uşağın ümumi inkişafında mühüm yer tutur.
Zəifeşidən məktəblilərin psixoloji xüsusiyyətlərdən biri də eşitmə duyğuları, xüsusilə eşitmə həssaslığıdır. Eşitmə həssaslığının inkişaf etdirilməsi uşağın ümumi inkişafında həlledici rola malikdir. Eşitmə həssaslığının inkişafı uşağın danışıq səslərini fərqləndirməsini asanlaşdırır. Məktəbdə təlim-tərbiyə işinin təsiri altında uşaqda səsləri düzgün fərqləndirməklə, fonematik eşitmə imkanı xeyli yüksəlir. Buna oxu, yazı, nitq inkişafı üzrə aparılan işlər əsaslı təsir edir.
Təcrübə göstərir ki, şagird ilk gündən sözləri hecalarla deyərək yazdıqda və oxuduqda səsləri düzgün fərqləndirə bilmir.
Ümumiyyətlə, kiçikyaşlı məktəbli uşaqlarda duyğuların inkişafı aparılan tərbiyəvi işlərdən çox asılıdır. Təcrübələr göstərmişdir ki, şagirdlərdə istər görmə, istərsə də eşitmə həssaslığını xüsusi şəkildə təşkil olunmuş şəraitdə xeyli yüksəltmək mümkündür. Oyun və təlim fəaliyyəti zamanı tətbiq olunan xüsusi məşğələlər bu cəhətdən böyük əhəmiyyət kəsb edir.
Diqqətin təlim fəaliyyəti üçün əhəmiyyəti böyükdür. K.D. Uşinski bu cəhəti nəzərə alaraq yazır: «Diqqət ruhumuzun elə bir yeganə qapısıdır ki, şüurumuzda olan hər bir şey mütləq buradan keçir. Deməli, təlimin hər bir kəlməsi bu qapıdan keçmədən uşağın ruhuna daxil ola bilməz. Uşağı bu qapını açıq saxlamağa alışdırmaq birinci dərəcəli əhəmiyyətli işdir. Təlimin müvəffəqiyyəti buna nail olmaq üzərində qurulur». Məktəbə yeni gələn uşağın diqqəti xeyli inkişaf etmiş olur. Buna baxmayaraq kiçikyaşlı məktəblilərin diqqətinin bir sıra özünəməxsus xüsusiyyətləri vardır ki, bunların tərbiyə prosesində nəzərə alınması lazım gəlir.
«Uşaq formalarla, boyalarla, səslərlə, ümumiyyətlə, duyğularla fikirləşir və uşağı başqa cür düşünməyə vadar etmək istəyən şəxs onun təbiətini əbəs yerə zorlamış olar».
Əyanilik şagirdlərin müşahidəçiliyini inkişaf etdirir. K.D. Uşinskiyə görə şagirdlər əyaniliyin köməyi ilə müşahidəçiliyə və öz müşahidələrini sözlərlə ifadə etmək, onlardan məntiqi nəticə çıxarmaq bacarığına yiyələnirlər. Əyani təlim, şagirdlərin təfəkkürünün inkişafını, təsəvvürlərinin obrazlılığını və düzgün anlayışların yaranmasını tələb edir. Əyanilik şagirdlərin nitqinin inkişaf etdirilməsinin və biliklərin yaddaşda möhkəmləndirilməsinin qüdrətli silahıdır (Uşinski K.D. Seçilmiş pedaqoji əsərləri. Bakı, «Azərnəşr», 1953, səh. 168).
Zəifeşidən məktəblilərin təfəkkürləri onların nitqləri ilə əlaqəli şəkildə inkişaf edir. Məktəbə yenicə daxil olmuş uşağın şifahi nitqi bir qədər məhdud olur. Məktəbə gəldikdən sonra təlim işinin təsiri altında uşaqda yenicə təşəkkül tapan yazılı nitqi və şifahi nitqi də inkişaf edir. Uşaq fikrini düzgün, aydın cümlələrlə ifadə etməyə çalışır.
Tədqiqat işini hazırlayarkən Bakı şəhərində 1970-ci ildən fəaliyyət göstərən Eşitmə qabiliyyəti pozulmuş respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçası, Xəzər rayonu zəifeşidən və sonradan karlaşmış uşaqlar üçün 2 nömrəli internat, Nizami rayonu 3 nömrəli kar-lal uşaqlar üçün respublika internat məktəblərinin defek­toloq, müəllim və tərbiyəçilərinin iş təcrübəsindən istifadə edilmişdir.
Respublikamızda kar və zəif­eşidən uşaqlar üçün olan bu tipli məktəblər, yüksək inkişaf etmiş ictimai tərbiyə müəssisələri hesab olunur və bu tipli tərbiyə müəssisələrinin təşkili həyatımızın artan tələbatından irəli gəlir. Uşaqların təlim-tərbiyəsində məktəbin, sinif və qrupların rolu böyükdür. Bu tərbiyə ocaqlarında şagirdlərlə aparılan hər bir iş onların mənəvi zənginliyinin, əxlaqi saflığının kamilliyinin ahəngdar inkişaf etdirilməsinə xidmət edir.
Kar və zəifeşidən məktəblərin sinif və qruplarında uşaqların hərtərəfli tərbiyə olunub yetişmələrini təmin etmək üçün, tərbiyəçi müəllimlərin öz üzərlərində işləmələri və təhsillərini artırmalarına əsaslı şərait yaradılmalıdır.
   


Tarix: 8-05-2017, 12:16

Xəbəri paylaş