Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

TƏHSİLALANLARIN ELMİ TƏDQİQAT BACARIQLARININ İNKİŞAF ETDİRİLMƏSİ GÜNÜN TƏLƏBİDİR

 

Zülfiyyə Vəliyeva,
ADPU-nun  ETM-nin Tətbiqi tədqiqatlar 
bölməsinin elmi işçisi, respublikanın Əməkdar müəllimi    

Ali təhsilli kadrların elmi-tədqiqat işlərinin yerinə yetirmə bacarığının formalaşması, müasir şəraitdə elmi-tədqiqat yönümlü yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında mühüm əhəmiyyət kəsb edir.  Tədqiqatın metodları, elmi-tədqiqatın təqdimatı kimi məsələlərin tədrisi günün zəruri tələbləridir. Yüksək ixtisaslı kadrların hazırlanmasında, onların elmi tədqiqat sahəsində təcrübəsinin inkişaf etdirilməsi əhəmiyyətli rol oynayır. Azərbaycan Respublikası Təhsil nazirinin 27 iyun 2014-cü il tarixli, 752 nömrəli əmri ilə təsdiq edilmiş əsasnamədə qeyd edildiyi kimi, ali təhsil müəssisəsində təhsilalanların elmi tədqiqat işinin təşkili, təhsilalanların elmi tədqiqat işi sisteminin metodoloji əsasları müasir dövrdə istehsal texnologiyalarının informasiyalaşdırılması ilə əlaqədar xüsusi informasiyaların (elmi, texniki, texnoloji və s.) həcmi sürətlə artır. Belə bir şəraitdə hazır biliklərin mənimsənilməsinə və təqdim olunmasına əsaslanan təlim texnologiyaları rasional və perspektivli hesab olunmur. Təhsilalanların yaradıcılıq qabiliyyətinin yüksəldilməsi və intellektual səviyyəsinin formalaşdırılmasına yönəldilmiş təhsil texnologiyalarından istifadə edilməsi vacibdir.
Pedaqoji texnologiya təlim prosesinə yeni baxışdır. Bu baxışa görə təlim prosesi ənənəvi təlimdən fərqli olaraq, maksimum idarə olunan proses olmalıdır.  Ali məktəbdə təhsilə qədəm qoymaqla gənclərin həyatında yeni mərhələ başlayır. Ali təhsilin əsas məqsədi də elə buradan irəli gələn özünütəşkiletmə və sərbəst işləmə kimi amillərlə müşaiyət olunan bir inkişaf prosesindən ibarətdir. Tədris prosesinə daha dərindən baş vuran tələbələrdən yeni yeni məsələləri həll etmək tələb olunur. Bu, aparılmış praktiki təcrübələrin yazılı şəkildə tərtibindən tutmuş, ali təhsil məktəbinin müəllimləri tərəfindən qoyulmuş hər hansı bir empirik və ya nəzəri məsələnin icrası və tələblərə uyğun elmi dildə yazılmasından ibarət geniş bir sahəni əhatə edir.
-Tələbələri tədris prosesində müşayiət edərək,  kurs və layihə işləri, bakalavr və magistr dissertasiyalarının verilmiş vaxt çərçivəsində addım, addım uğurla işləmələrində  onlara yardımçı olmaq hər birimizin fəaliy­yətinin əsas qayəsi olmalıdır. Əldə olunan metodiki biliklər elmi-tədqiqat işlərinin ali məktəblərdə tədris olunan bütün elm sahələri üçün dəyərlidir. Təhsilalanların elmi tədqiqat bacarıqlarının inkişafına,  praktik təcrübələrin təşkilinə universitetlərdə fəaliyyət göstərən Elmi Tədqiqat mərkəzləri vasitəsilə  metodiki   köməyin təşkili nəzərdə tutulan problemin həllinə yardımçı ola bilər.  
Təhsilalanların  elmi tədqiqat  bacarıqları
Ali məktəb elmi ölkədə aparılan elmi tədqiqatların mühüm hissəsini təşkil edir. Bu sahəyə yönəldilən vəsaitin miqdarı ildən-ilə artırılır, nəticədə elmi tədqiqatların müasir səviyyədə aparılması və keyfiyyətinin yüksəldilməsi təmin olunur. Ali məktəblərdə elmi tədqiqatlar həm kafedralarda, həm də elmi tədqiqat müəssisələrində aparılır. Hazırda Təhsil Nazirliyinə tabe olan ali məktəblərdə dövlət büdcəsindən maliyyələşdirilən 3 elmi-tədqiqat institutu, 5 elmi mərkəz və 90-dan artıq elmi-tədqiqat laboratoriyası, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə bir təsərrüfat hesablı elmi-tədqiqat institutu fəaliyyət göstərir. Elmi-texniki potensialın - tədqiqatçıların təkrar istehsalını təmin edən elm və təhsil strukturlarının bir-biri ilə qarşılıqlı əlaqəsi, təhsilin elmlə sintezi olmadan müasir təhsil inkişaf edə bilməz. Bu proses eyni zamanda ali məktəblərin pedaqoji potensialını inkişaf etdirməyə, tədris proqram və kurslarının məzmununu, təhsil texnologiyalarını və metodlarını yeniləşdirməyə imkan verir. Elm və təhsilin gələcək inteqrasiyasını təmin etmək üçün elmi tədqiqatların ali məktəb, sahə və akademik bölmələrinin bir sıra sahələrində yaranmış əlaqəsizliyin aradan qaldırılmasına yönəldilmiş tədbirlərin hazırlanması və mərhələlər üzrə həyata keçirilməsi tələb olunur. Azərbaycan Respublikasının Təhsil Qanununa əsasən ali məktəblər həm təhsil, həm də mühüm elm mərkəzləridir. Ali məktəb elmi ixtisas profilinə uyğun olaraq təhsil prosesinin daim təkmilləşdirilməsini təmin etməklə bərabər dövlət sifarişlərinin, müqavilə və kontraktlar əsasında proqramların, layihələrin yerinə yetirilməsində fəal iştirak edir. Bu məqsədlə ali məktəblərdə kafedralarla yanaşı elmi-tədqiqat laboratoriyaları, mərkəzləri, institutları, yaradıcılıq kompleksləri və s. yaradılır. Dövlət milli dirçəlişi təmin edən elm sahələrində, o cümlədən təhsil və mədəniyyət problemləri sahəsində əsaslı araşdırmalara üstünlük verir. Elmi uğurları və tədqiqat səriştəsi nəzərə alınaraq bəzi ali məktəb mütəxəssislərinin fəaliyyətlərinin mühüm hissəsi elmi-təd­qiqat sahəsində cəmləşdirilir. Bu cür mütəxəssislər ümumi dərs yükünün azaldılması hesabına ixtisas kursları, seminarlar, kurs və diplom işlərinin hazırlanmasına, yüksək ixtisaslı kadrlar yetişdirilməsinə yaxından cəlb edilirlər. Ali təhsil müəssisələrində elmi işlərin nəticələrinin tədris prosesinə tətbiq edilməsinə meyil getdikcə artır, aparılan elmi tədqiqatların keyfiyyətinin artırılmasına diqqət yetirilir. Təhsil alan gənclərin elmi-tədqiqat işinə cəlb olunması ali məktəb elminin əsas vəzifələrindən biridir. Bunun üçün  diqqətdə saxlanmalı  kompetensiyalar:
Bacarıq - fəaliyyətdə olan bilikdir, öyrənilənlərin təcrübəyə yönəldilməsinin tətbiqi üsul və priyomlarına yiyələnməyi nəzərdə tutur və qazanılmış bilikləri tətbiq edə bilmək səriştəsidir.
Vərdişlər - praktik bacarıqlardır ki, insan fəaliyyət prosesində onları qismən avtomatlaşdıran hərəkətləri ilə, iş üsullarını çətinlik çəkmədən, xüsusi iradə səyi və şüurun xüsusi nəzarəti olmadan və tərəddüdsüz yerinə yetirir.
Dəyər - interpretasiyadır (latın sözü olub, interpretasiya izah, təfsir, şərh deməkdir).Fərd, sosial qrup və ya bütövlükdə cəmiyyət üçün zəruri olan, onların tələblərini, maraq və məqsədlərini ödəməyə qadir olan hər şey dəyərlər kimi başa düşülür.
Bilik - təbiət və cəmiyyət hadisələrinə, təfəkkürün obyektiv qanuna uyğunluqlarına, anlayış. Təsəvvür və fəaliyyət üsulları sisteminə yiyələnmək, sərbəst və məntiq şəkildə müqayisə və ümumiləşdirmə apara, nəticəyə gələ bilməkdir.
Çeviklik- rəngarənglik. Bizim yetişdirdiyimiz təhsil­alanlar hərtərəfli olsun.
Təhsilalan ilk növbədə:
1. Özünü kəşf etməlidir;
2. Öz istedadını dərk edərək irəli getməlidir;
3. Öz qabiliyyətinə inanmalıdır;
4. Onu qarşıda gözləyən baryerləri aşıb özünü cəmiyyətə təqdim etməlidir.
Bunun üçün:
1. İlk növbədə onlarda sorğu, həvəsi öldürməməliyik;
2. Onların irəli getməsinə imkan verməliyik;
3. Məqsədimiz ancaq alimlər yetişdirmək deyil;
4. Təhsilalanlar elm, in­cəsənət, idman sahələrində rəngarəng qabiliyyətlər nümayiş etdirsinlər
5. Onların istedadı boğulmasın, onlar bizdən məmnun qalsınlar.
Bax, bu zaman biz yeni uğurlara imza ata bilərik.
Yeni tərzdə düşünən, yenilikləri öyrənməyə səy edən insan. Yeniliklər yaratmağa səy edən, qloballaşan dünyanını yeni problemlərini həll etməyə qadir olan insan.
Qeyri adiliklər kəşf edən insanı yetişdirmək, formalaşdırmaq istəyirik.
Ali təhsilə başlayan tələbələr  müəyyən vərdişlərə  sərbəst şəkildə yiyələnmək məcburiyyətində qalırlar. Elmi problemin qoyulması, tədqiqat işləri hər şeydən öncə praktiki problemlərin həlli ilə məşğul olur və əldə olunan nəticələr sonralar nəzəriyyənin inkişafına yönəldilir. Onlar həmçinin yeni hadisələrin dərk edilməsində yaranan çətinliklərin aradan qaldırılmasında, əvvəllər məlum olan faktların izah olunmasında və yaxud köhnə faktların kifayət qədər araşdırılmadığı hallarda yerinə yetirilir. Elmi-tədqiqat işləri təkcə problemin qoyulması ilə bitmir, burada prob­lem daimi diqqət mərkəzində olur. Elmi işin səviy­yəsi qoyulan problemin aktuallığı ilə ölçülərək, bir çox obyektiv və subyektiv amillərdən asılıdır. Hər bir elmi problem adi sualdan onunla fərqlənir ki, burada cavab sadəcə olaraq məlum informasiyalar əsasında tapıla bilmir. Elmdə problem əsasən situasiyalarda mövcud nəzəriyyələrlə izah oluna bilməyən yeni faktların kəşfi ilə ortaya çıxır, elmi problem - elmi-praktiki araşdırılması vacib olan elmi biliyin forması olub, tərkibində insanlara məlum olmayan faktlar daşıyır. Problemdə onun empirik və nəzəri tərəfləri birləşir. Problemin məlum fakt­lar əsasında düzgün qoyuluşu onun uğurlu həlli üçün ilkin şərtdir. Bunun üçün sadəcə dərsliklərin oxunması kifayət etmir, çünki, dərslik sırf bir fənn üzrə məlum olan biliklərin sadə dildə tələbələrə çatdırılmasını qarşısına məqsəd qoyur. Sadəcə kitablara baxmaqla hər hansı verilmiş bir elmi tapşırığın icrası üçün iş planının tərtibi, aparılması və sənədləşdirilməsi çox çətin məsələdir. Burada elmi işlərin tərtibi və prezentasiyası xüsusi ədəbiyyatlarda təsvir olunmuş metodiki göstərişlərin köməyi ilə həyata keçirilir. Bu sahədə həyata keçirilən iş yaradıcılıq fəaliyyəti konsepsiyasına söykənən pedaqoji texnologiyalar əsasında qurulmalıdır. Bunun daha səmərəli forması ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində (tibb sahəsində isə baza ali tibbi təhsil müəssisələrində və rezidenturada) təhsilalanların (bundan sonra - tələbələr) elmi tədqiqat işinin (bundan sonra - TETİ) sistemli şəkildə və fasiləsiz təşkil edilməsi, tədris prosesinə maksimum yaxınlaşdırılmasıdır. Təhsilalanların vəzifəsi ilk növbədə dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnməkdir. TETİ-nin əsas məqsədi tələbələrdə yaradıcılıq qabiliyyətlərinin formalaşdırılması və gücləndirilməsi, gənclərin elmi, texnoloji, yaradıcı və tətbiqi fəaliyyətə cəlb olunması formalarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi, ali təh­silli mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün tədris-elm-tərbiyə prosesinin vəhdətini təmin edən sistemin yaradılmasıdır. TETİ-nin əsas vəzifələri aşağıdakılardır:-tələbələrə elmi biliklərin, xüsusilə yeni elmi biliklərin rasional və effektiv əldə olunması və istifadə edilməsi metodlarının öyrədilməsi; - vahid təlim-tərbiyə sistemi çərçivəsində ali təhsil sisteminin elm və istehsalat fəaliyyətinə inteqrasiyasının yeni formalarının axtarılması və təkmilləşdirilməsi; - tələbələrə elmi, yaradıcılıq və tədqiqatçılıq vərdişlərinin aşılanması; - tələbələrin elmi tədqiqatlarda və texniki yaradıcılıqda real iştirakının təmin edilməsi, habelə innovasiya fəaliyyətinə cəlb edilməsi; - elm, texnika və istehsalat sahələrində mövcud olan yeni texnologiyaların mənimsənilməsinin təşkil edilməsi; - tələbələrin müasir elmi metodologiyalarla, habelə elmi etika normaları ilə tanış edilməsi, onlara elmi ədəbiyyatla işləmək qaydalarının öyrədilməsi; - tələbələrə elmi layihə, məruzə və məruzə tezislərini hazırlamaq, elmi tədbirlərdə (seminar, konfrans və s.) çıxış etmək və diskussiya aparmaq bacarığının aşılanması; - elmə meylli tələbələrin yaradıcılıq potensialının inkişaf etdirilməsi.  Tələbələrin elmi tədqiqat işinin təşkili  tədris prosesinin davamına və dərinləşdirilməsinə xidmət edir və ali təhsil müəssisəsinin kafedra, laboratoriya, elmi tədqiqat mərkəzləri və institutlarında təşkil olunur. Tələbə elmi tədqiqat işlərinə rəhbərliyi ali təhsil müəssisəsinin professor və müəllimləri, elmi bölmələrinin əməkdaşları və doktorantlar həyata keçirir.
Təhsil alan gənclərin elmi-tədqiqat işinə cəlb olunması ali məktəb elminin əsas vəzifələrindən biridir. Ali məktəblərdə bu iş Tələbə Elmi cəmiyyətləri vasitəsi ilə həyata keçirilir və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Tələbələrin Elmi-Tədqiqat İşi və Yaradıcılığı üzrə Respublika Şurası tərəfindən əlaqələndirilir. Təhsil Nazirliyi tərəfindən tələbələrin elmi-tədqiqat işinin yaxşılaşdırılması üçün tədbirlər hazırlanıb həyata keçirilir. Hər il tələbə elmi konfransları keçirilir..
Ali təhsil müəssisələrinin elmi fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 noyabr 1995-ci il tarixli, 242 nömrəli qərarı ilə təsdiq edilmiş aşağıdakı əsasnamələrlə tənzimlənir:
1. Ali məktəblərdə elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması haqqında.
2. Ali məktəbin təcrübə-konstruktor, layihə-texnoloji büroları haqqında.
3. Ali məktəbin sahə elmi-tədqiqat laboratoriyası haqqında.
4. Təsərrüfat hesablı elmi-tədqiqat işləri haqqında.
5. Ali məktəb elmi-tədqiqat laboratoriyası haqqında.
6. Ali məktəbin nəzdindəki elmi-tədqiqat institutu və elmi-tədqiqat mərkəzi haqqında.
Ali təhsil müəssisələrində yerinə yetirilən fundamental tədqiqatlar dövlət elmi-texniki proqram tapşırıqlarının yerinə yetirilməsi üçün müəyyən edilmiş qaydada dövlət büdcəsindən ayrılan vəsaitlər, tabeliyində olan ali təhsil müəssisələri arasında müsabiqə əsasında proqramların, layihələrin, mövzuların maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlər, axtarış və yeni elmi istiqamətlərə ayrılan tədqiqatların maliyyələşdirilməsi üçün ali təhsil müəssisələrinin elmi-texniki və sosial-inkişaf fondundan ayrılan vəsaitlər, sifarişçilərlə müqavilələr əsasında alınan vəsaitlər, professor-müəllim heyətinin fərdi iş planları üzrə əsas iş vaxtı müddətində aparılan elmi-tədqiqatlar üçün ali təhsil müəssisəsinə ayrılan vəsaitlər hesabına maliyyələşib. Bu elmi-tədqiqatlardan alınan nəticələr elmi hesabat və ya monoqrafiya şəklində hazırlanır və attestasiya, müsabiqə yolu ilə vəzifələrin tutulmasında, professor-müəllim heyətinin fəaliyyətinin qiymətləndirilməsində nəzərə alınıb. Bu gün dünyanın yüksək reytinqli universitetlərinin əksəriyyəti həm də nəhəng elm mərkəzləri kimi tanınır. Bu müəssisələrdə geniş elmi-tədqiqat işləri aparılır, dünya elminə töhfələr verən böyük layihələr həyata keçirilir. Qeyd edək ki, elmin müxtəlif sahələri üzrə tədqiqatlar əsasən universitetlərin bazasında yerləşən elmi-tədqiqat mərkəzlərində və laboratoriyalarda aparılır. Bu tədqiqatlar və araşdırmalar həmin universitetlərin reytinq cədvəlinin yuxarı sıralarında olmasına da mühüm təsir göstərir.  Ali təhsilli işçilər əldə etdikləri elmi biliyin sadəcə tətbiqinə çalışmayıb, həmçinin şəxsi analizi əsasında onun tətbiqindən irəli gələn yenilikləri araşdırır. Bu baxımdan ali təhsil müddətində tələbələrin elmi işlərin hazırlanma metodikalarına yiyələnməsinin hərtərəfli üstünlükləri vardır. Elmlə məşğul olan insanın əsas məqsədi bir tərəfdən obyektiv bilikləri əldə etməkdən, digər tərəfdən onla­rı nəzəri cəhətdən sistemləşdirməkdən ibarətdir. Ümumilikdə, elm - insanların mənəvi fəaliyyəti olub, təbiət, cəmiyyət haqqında biliklərin əldə olunması, həmçinin real faktlar və onlar arasında mövcud olan qarşılıqlı əlaqə əsasında həqiqətin öyrənilməsi və yeni qanunauyğunluqların aşkara çıxarılmasından ibarətdir.


Tarix: 6-11-2019, 20:02

Xəbəri paylaş