Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Dəyərlərin öyrədilməsi tarixi

 
Səbinə ASLANOVA,
Xəzər Universiteti, 
pedaqogika nəzəriyyəsi və tarixi ixtisası, 
II kurs magistratura tələbəsi
İxtisas: “Pedaqogika nəzəriyyəsi və tarixi”

Xülasə
Son illərdə edilən tədris planı dəyişikliklərində dəyər təhsili və dəyərlərin öyrədilməsi daha da əhəmiyyətli bir yer tutmağa başlamışdır. Bu məqalədə Azərbaycan tarixindən günümüzə qədərki  dəyərlərin öyrədilməsi prosesi haqqında məlumat verilmişdir. Belə ki, orta əsrlər dövründə Azərbaycanın görkəmli mütəfəkkiri N.Tusinin dəyərlər ilə bağlı fikirləri, həmçinin SSRİ dövründə bütün ədəbiyyatlarda istifadə edilən “komminist əxlaqı” anlayışı araşdırılmışdır.
Açar sözlər: Dəyərlər, əxlaq tərbiyəsi, dəyərlər tarixi, komminist əxlaqı.
Abstract.
In recent years, within the curriculum modifications, education of values and transmission of values bears more important. In this article, information is given about the process of teaching values from the history of Azerbaijan to the present. Thus, during the Middle Ages, the notions of the famous philosopher of Azerbaijan, N.Tusi’s opinions about values, also the concept of "communist morality" used in all literatures in the USSR were examined.
Key words: Values, moral education, history of value, communist morality.
Tərbiyə insanın yarandığı ilk dövrdən meydana gəlmiş böyük bir məfhumdur. Qədim yazıları tədqiq etdiyimiz zaman tərbiyə sisteminin qədim şəkli ortaya çıxmışdır. Hər bir xalqın özünəməxsus mənəvi abidələrinin, şifahi xalq ədəbiyyatı nümunələrinin varlığı bizə tərbiyənin qədim zamanlardan meydana çıxdığının sübutudur.
Tərbiyənin bir proses kimi meydana gəlməsi 35-40 min il bundan əvvələ təsadüf edir. Tərbiyənin ən bəsit şəkildə özünü göstərdiyi ibtidai icma dövründə uşağın tərbiyəsi, onun ilk növbədə bəslənməsi və böyüdülməsindən və ən əsası yaşlı nəslin qazandığı bütün təcrübəni yeni nəslə ötürülməsindən ibarət idi. Tərbiyənin ən bəsit hesab olunan məqsədi ən sadə şəkildə yaşamağa və dünyanı lazımi şəkildə dərk etməyə hazırlıqdan ibarət idi.
Tərbiyənin ən qədim qollarından biri olan əxlaq tərbiyəsinin meydana gəlməsi və təşkil olunması da çox qədim zamanlara dayanır, Əxlaq tərbiyəsinin kökü çox keçmiş zamanlara aid olsa belə, onun bir termin kimi elmə daxil olması 17-ci əsrə təsadüf edir. Belə ki, pedaqogikanın banisi sayılan Yan Amos Komenski (1592-1670) “əxlaq tərbiyəsi” ifadəsini ilk dəfə pedaqogika elmində istifadə etmişdir.
Komenskidən təxminən 400 il əvvəl Nəsirəddin Tusi öz “Əxlaqi Nasiri” əsərində əxlaq tərbiyəsinin adını vermədən onun sistemini müəyyənləşdirmişdir. Dahi şəxsiyyət əxlaq tərbiyəsindən bəhs edərkən 3 mənbədən istifadə etdiyini bildirmişdir. O, özünün aldığı ailə tərbiyəsindən, xalqın tərbiyə ilə bağlı ənənələrindən və ondan əvvəl yaşamış və müxtəlif millətlərə məxsus dahilərin fikirlərindən istifadə edərək onları əlaqələndirmiş, təhlil etmiş və müəyyən bir nəticəyə gəlmişdir. Nəsirəddin Tusi bu metoddan istifadə edərək həm Azərbaycan xalqını, həm də bütün dünyanı nəzərə alaraq əxlaq tərbiyəsinin böyük bir sistemini yaratmışdır.
Tusi, öyrənilənləri həyatda tətbiq etməyi, həmçinin başqalarına öyrətməyi, yəni nəsildən nəsilə ötürülmənin doğru olduğunu qarşısına məqsəd qoymuşdur. Onun  yazdıqları həm ondan öncəki, həm də ondan son­rakı zaman ilə əlaqəlidir. Bu da Tusinin ardıcıllıq və əlaqəlilik prinsipinə sadiq qaldığına bir nümunədir.
Nəsirəddin Tusiyə görə əxlaq uşaqlarda sonradan formalaşdırılacaq bir şeydir. Yəni, doğulan bir uşaq heç bir dəyərə, əxlaqi keyfiyyətə sahib olmadan dünyaya gəlir. Sonradan isə ailəsi, ətraf mühiti, müəllimlərinin köməkliyi ilə yeni dəyərlər aşılanır. Tusi həmçinin öyrədiləcək məlumatların, dəyərlərin bir-biriləri ilə əlaqəsinin olmasının vacib olduğunu bildirir: “Öyrədiləcək hər nə varsa, bir-birinə mütabiq və müvafiq gəlməli, bir-birinin mütəmmamı sayılmalıdır”.
"Filosof Aristotel özünün “Əxlaq” və “Məqulat” əsərlərində demişdir ki, pis adamlar təlim və tərbiyə əsasında yaxşılaşa bilərlər, lakin bunun qəti və həmişə belə olacağını demək çətindir. Hər halda nəsihət, məsləhət, təlim, tərbiyə ardıcıl olsa və ədalətli tənbehlə əlaqələndirilsə, nəticəsiz qalmaz. Bəziləri var ki, çox tez tərbiyələnirlər və fəzilətin təsiri dərhal, vaxt gözləmədən özünü göstərir. Elələri də var ki, onların fəzilə doğru hərəkətləri, tərbiyəyə doğru sürətləri yavaş və ləng olur" (N.Tusi, “Əxlaqi-Nasiri”, Bakı, Elm, 1989, səh. 83-84).
Uşaqların bəziləri tərbiyə prosesi zamanı aşılanması nəzərdə tutulan dəyərlərə daha tez, bəziləri daha gec, bəziləri isə çox çətinliklə yiyələnirlər. Məhz bunu əsas götürən Tusi, müəllimlərin üzərinə düşən vəzifənin ən başlıcasının şagirdlərə fərdi yanaşmanın olduğunu bildirmişdir.
Hər bir insanın xarici görünüşlərinin müxtəlif olduğu kimi xarakterlərin də müxtəlif olduğunu bildirən Tusi, tərbiyə prosesi zamanı çox diqqətli, ədalətli və təmkinli olmanın vacibliyindən danışmışdır.
Tusi əxlaq tərbiyəsinin tərkib hissələrindən bəhs edərkən alicənablılıq, mətanətlilik, xeyirxahlıq, dostluq, sevgi, mərhəmət, təvazökarlıq, dözümlülük, səmimiyyət, səbr, qənaətçilik, ədalətlilik kimi insani keyfiyyətləri geniş izah ilə vurğulamışdır. Onun fikrincə, əxlaqi tərbiyənin tərkib hissələrinin sayı hədsizdir. Bu qeyd olunanlar isə onların sadəcə bir parçasıdır.
 Keçmiş SSRİ zamanında elmi pedaqogikada əxlaq tərbiyəsi artıq yeni bir ad şəklində istifadə olunmağa başlanıldı. Belə ki, “kommunist əxlaqı” adlanan tərbiyənin bu növü V.İ.Leninin komminist əxlaqi düşüncələrini şərh edərək, kiçikyaşlı uşaqlarda artıq kommunist dəyərlərin formalaşdırılmasında rol oynayır.
Kommunist partiyasının kommunist əxlaqının məzmunu kommunizm qurucusunun əxlaq tərbiyəsində ayrı-ayrı prinsiplər kimi qeyd edilmiş ilk və əsas prinsip kimi “kommunizm işinə sədaqət, sosialist vətəninə və sosialist ölkələrə məhəbbət” prinsipi önə çıxarılmışdır.
Verilmiş tələblərə uyğun olaraq professor M.Ə.Muradxanovun redaktorluğu ilə hazır­lanmış “Pedaqogika” dərsliyində və digər dərs vəsaitlərinin demək olar ki, hamısında “əxlaq” termini “komminist əxlaqı”, “əxlaq tərbiyəsi” isə “kommunist əxlaq tərbiyəsi” kimi göstərilmişdir. Təxminən 70 il müddətində əxlaq tərbiyəsi ilə bağlı çap olunmuş bütün dərsliklərdə, konfrans üçün nəzərdə tutulmuş materiallarda, dissertasiyalarda “əxlaq” “kommunist əxlaqı”, “əxlaq tərbiyəsi” isə “kommunist əxlaqı tərbiyəsi” kimi qeyd olunmuşdur.
Qeyd olunan dərslikdə yazılır: “Kommunist qurucularının əxlaqı nə qədər yüksək olarsa, kommunizmin maddi-texniki bazasının yaradılmasında, kommunist əmək formalarının və insanlar arasındakı kommunist münasibətlərinin inkişafında onların yaradıcı fəallığı bir o qədər dolğun olar və kommunizm cəmiyyəti bir o qədər də sürətlə qurular” (Pedaqogika (M.Muradxanovun redaktəsi ilə) Bakı, Azərtədrisnəşr, 1964,səh. 263).
Leninə görə, kommunist əxlaqının əsas vəzifəsinin gənclərdə əməyə məhəbbət, proletar beynəlmiləlçiliyi, yoldaşlıq və dostluq, ictimai  mülkiyyətə kommunist dü­şün­cələrlə yanaşma, ateizm və şüurlu bir intizam tərbiyə etmək olduğudur.
Kommunizmin qurulması və möhkəmlənməsi üçün vacib sayılan kommunist əxlaqı heç bir milli və mənəvi keyfiyyətləri özündə göstərmədiyi üçün formal olaraq sadəcə kağız üzərində qaldı. Və buna əsas səbəb kimi, kommunist əxlaqının formalaşdırılmasında milli-əxlaqi keyfiyyətlərdən, tarixi və klassik dəyərlərdən lazımi şəkildə istifadə olunmamışdı.
30-cu illərdə isə artıq pedaqogika elminin əsas mövzusu “Stalin ideyası” idi. Həmin illərdə qəbul edilən qərarlar, həmçinin bu illərin repressiya dövrü olması birbaşa təlim-tərbiyə prosesinə də təsir etmişdir. Kommunizm ideyaları Stalinin ideyaları ilə yoğrulmuş bir şəkildə aşılanmağa başlanıldı.
50-ci illər SSRİ dövrünün nisbətən mülayimləşmə dövrü olduğu üçün artıq pedaqogika elmində yeniliklər ortaya çıxmışdı. Pedaqogikanın inkişafı ilə artıq şəxsiyyətə olan pərəstiş tənqid olunmağa, mədəni həyatda demokratiyanın yavaş-yavaş bərpa olunmağa başlanılması və yeni tədqiqatların aparılması ilə tərbiyənin təşkil olunması da inkişaf etməyə başlamışdı.
60-70-ci illərdə kiçikyaşlı uşaqların inkişaf, şəxsiyyətin formalaşması prosesi pedaqogika elminin başlıca möv­zusu halını almışdı.
80-ci illərdə yaşayış həyatımızla birlikdə bütün sahələrin də siyasiləşməsi ilə tərbiyə məsələrində yenidən siyasi ideologiyaları qaldırdı. Kommunist əxlaqı tərbiyəsi tərbiyənin ən əsas qolu halına gəldi.
Əxlaq tərbiyəsi tərbiyənin bir alt növü kimi yalnız müstəqillik qazandığımızdan sonra bu şəkildə özünü gös­tərə bildi. Müstəqillik dövründə yazılmış bütün kitablarda, dərs vəsaitlərində, həmçinin dissertasiyalarda əxlaq tərbiyəsi terminindən geniş bir şəkildə istifadə olunmağa başlanıldı.
Ədəbiyyat
Əliyeva.Z. Pedaqogika. Bakı: 2004
N.Tusi, “Əxlaqi-Nasiri”, Bakı, Elm, 1989.
İbrahimov.F, Hüseynzadə.R, Pedaqogika 2-ci cild, Bakı: 2012
Pedaqogika (M.Muradxanovun redaktəsi ilə) Bakı, Azərtədrisnəşr, 1964
 


Tarix: 10-07-2019, 13:59

Xəbəri paylaş