Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Hamıya pay verib ömründən bir az…

 

İnsan həyatının ən dəyərli anı onun ətrafındakı insanlara, cəmiy­yətə töhfə verdiyi məqamlardan ibarətdir. Biz nə qədər ki, cəmiyyətin inkişafına yönəlmiş fəaliyyət göstərsək, gələcəyimizin parlaq olması üçün səylərimizi əsirgəməsək, bir o qədər Vətənimizə, xalqımıza səmərəli xidmət etmiş olarıq. Vətənə xidmət isə vətəndaşlara xidmətdən, xalqa xidmətdən, sağlam gələcəyimiz üçün aparılan işlərdən başlayır. Ulu öndərimiz müəllimə həmişə yüksək qiymət vermiş, müəllim haqqında “Müəllim yeganə şəxsiy­yətdir ki, cəmiyyət özünün gələcəyini, uşaqların tərbiyəsini yalnız ona etibar edir” demişdir. Bu baxımdan Vətəninə ən çox xidmət edən vətəndaşlar məhz elə müəllimlərimizdir. Əsl müəllim cəmiyyət üçün nümunə olmalıdır. Çağdaş dövr ədəbiyyatımızın sütunu, böyük şairimiz Musa Yaqub demişkən:

İnsanla həmyaşdır,
Ölməz, yorulmaz,
Bizimlə yol gedir müəllim ömrü.
Hamıya pay verib ömründən bir az,
Məndədir,
Səndədir
Müəllim ömrü.

Zəhmətkeş və yaradıcı müəllimlərimizdən biri olan Zemfira müəllim haqqında söz açmaq istəyirik.
Zemfira Məmmədova 1961-ci il 12 fevral tarixində Tovuz rayonunun Aşağı Quşçu kəndində, ziyalı ailəsində doğulub. 1968-ci ildə doğma kəndlərindəki tam orta məktəbə daxil olub və həmin məktəbi müvəffəqiyyətlə bitirib. 1984-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Təhsil aldığı 5 il müddətində universitetin fəal üzvü kimi özünü təsdiq etmişdir. Tələbə elmi cəmiyyətində, müxtəlif səpgili konfranslarda və seminarlarda fəal iştirak etmişdir. Həmin ali məktəbi qırmızı diplomla bitirdikdən sonra, 1989-cu ildə Bakı şəhər 149 nömrəli texniki peşə məktəbində müəllim kimi ilk əmək fəaliyyətinə başlayıb. S
özügedən kollektivdə çalışdığı müddət ərzində müəllim yoldaşlarının və tələbələrin dərin hörmət və etimadını qazanmağa nail olub. 1992-ci ildən Bakı şəhər Nizami rayonu 12 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyətini davam etdirib. Burada da olduqca dolğun, səmərəli pedaqoji fəaliyyəti və yüksək əxlaqi keyfiyyətləri ilə sayğı qazanmağı bacarmışdır. Dərs dediyi şagirdlərin hər biri Zemfira müəllimi öz anası, sevimli müəllimi və həyatda örnək götürə biləcəyi bir nümunə kimi xarakterizə edir. Çünki o, təkcə özünün deyil, həm də hər bir şagirdinin taleyi, sevinci, kədəri, problemləri ilə birgə yaşayır. Xüsusi ustalıqla keçdiyi «açıq dərs»ləri məktəb kollektivinin və şagirdlərin diqqətini öz üzərinə çəkərək uzunmüddətli müzakirələrə səbəb olur. Ümumilikdə vəziyyəti düzgün təhlil edib, uğurlu çıxış yolu tapmaq, məsələlərə müstəqil və yaradıcı yanaşmaq, qeyri-standart qərarlar qəbul etməyi bacarır. O, peşəkar pedaqoji nəzəriyyəyə və qabaqcıl təcrübəyə, xüsusi yaradıcılığa malikdir. Yaradıcılıq müəllimdən bütöv pedaqoji prosesi müşahidə və təhlil etməyi, onun qanunauyğunluqlarını nəzərə almağı, pedaqoji problemlərin optimal həll yollarını müəyyən etməyi nəzərdə tutur. Zemfira müəllim həmin meyarlara uyğun bütün tələbləri qarşılaya bildiyi üçün 2003-cü ildə ilin müəllimi müsabiqəsində ikinci yerə layiq görülmüşdür. Onun yüksək pedaqoji fəaliyyəti ilə əlaqədar dövri mətbuatda vaxtaşırı məqalələr dərc olunub. Dərs dediyi şagirdlərin də davamlı olaraq qazandığı uğurların hər biri müəllimin nailiyyətidir. Şagirdlərinin bir çoxu ali məktəbə yüksək balla daxil olub. Həmin uğurlar bizə onu deməyə əsas verir ki, Zemfira müəllim vaxtında öz müəllimlərinin nümayiş etdirdiyi yüksək təlim texnologiyalarından yetərincə bəhrələnməyi bacarıb. Ona görə də gözünün nurunu, qəlbinin hərarətini, ürəyinin sevgisini şagirdlərinə verməyi bacarır. Fevral ayının 12-də Zemfira müəllimin doğum günü olub. Biz də müəllimi bu münasibət ilə səmimi qəlbdən təbrik edir, ona həyatda uzun və sağlam ömür yolu, davamlı yaradıcılıq uğurları diləyirik. Doğum gününüz və Beynəlxalq Qadınlar Günü bayramınız mübarək! Üzərinizə vəzifə olaraq götürdüyünüz və xüsusi peşəkarlıqla icra etdiyiniz müqəddəs müəllimlik yolunda, çətin və şərəfli peşənizdə nəaliy­yətlər qazanmağınızı arzu edirik! Hər zaman üzünüz gülsün!

Elnarə Günəş,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü


Tarix: 11-04-2017, 13:32

Xəbəri paylaş