Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da görkəmli alimin 100 illiyinə həsr edilmiş konfransın yekun iclası keçirilib

 

  Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görkəmli alim, texnika elmləri doktoru, professor İsrafil Quliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Dəniz neft və qaz yataqlarının işlənilməsinin aktual problemləri” mövzusunda konfransın yekun iclası keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı görkəmli alim İsrafil Quliyevin elmə verdiyi töhfələr, əldə etdiyi yüksək nailiyyətlər haqda məlumat verib. Rektor M.Babanlı konfransın təşkilat komitəsinə təqdim edilmiş məruzələrdən 28-nin nəşr olunmuş konfrans materiallarına daxil edildiyini bildirib. Sonra görkəmli alimin mənalı ömür yolu və elmi yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.
Filmin nümayişindən sonra Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya ETİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Elmira Ramazanova, ADNSU-nun qaz-neft-mədən fakültəsinin dekanı, professor Qafar İsmayılov, neft-qaz mühəndisliyi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Tulparxan Salavatov çıxış edərək görkəmli alimin rəhbərliyi altında dənizdə neft-qaz qurğularının işlənməsi istiqamətinin müəyyənləşdirildiyini bildiriblər. Qeyd olunub ki, müxtəlif vəzifələrdə çalışan alim dəniz neft sənaye hidrotexnikasının yaradılmasının banilərindən biri olub. O, nəzəri və praktik xassəli əsaslı tədqiqatlar həyata keçirib. Natiqlər İsrafil Quliyevin 300-dən çox elmi məqalənin, 17 monoqrafiyanın və kitabın müəllifi olduğunu, onun məqalələrinin müxtəlif dillərə tərcümə edildiyini və dünyanın ayrı-ayrı ölkələrində nəşr olunduğunu qeyd ediblər.
Alimin nəvəsi “Schlumberger” şirkətinin rezervuarların monitorinqi şöbəsinin baş mühəndisi İsrafil Quliyev məzunu olduğu universitetdə babasının 100 illik yubileyində iştirak etməkdən qürur duyduğunu deyib. İsrafil Quliyevin qızı, ADNSU-nun neftin-qazın nəqli və saxlanması kafedrasının dosenti Gülarə İmanova atasının xatirəsinə göstərilən diqqət və hörmətə görə tədbir iştirakçılarına təşəkkür edib.
Konfransın sonunda ADNSU-nun rektoru, professor M.Babanlı professor İ.Quliyevin adına 2 təqaüdün təsis edilməsi barədə qərara gəlindiyini bildirib. Rektor qeyd edib ki, 1 bakalavr və 1 magistr üçün nəzərdə tutulan təqaüd “Neft-qaz mühəndisliyi” ixtisası üzrə yüksək nəticələr göstərən tələbələrə şamil ediləcək. Bundan başqa universitetdə auditoriyalardan birinin alimin şərəfinə qurulacağını qeyd edib.
 Mətbuat xidməti


Tarix: 11-04-2017, 12:29

Xəbəri paylaş