Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-nun hədəfi Azərbaycan iqtisadiyyatına xidmət edə biləcək səviyyəli ali məktəbə çevrilməkdir


 
 Mustafa Babanlı,
Azərbaycan Dövlət Neft və Sənaye 
Universitetinin rektoru, professor

Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsi, mürəkkəb xarici iqtisadi mühitin  və kənar təsirlərin Azərbaycan Respublikasının makroiqtisadi və maliyyə sabitliyinə təsir göstərməməsi məqsədilə 2016-cı ildə milli iqtisadiyyatın kənar təsirlərdən asılılığını minimum səviyyəyə endirəcək islahatların aparılmasına böyük diqqət yetirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanı ilə ölkədə yeni iqtisadi modelin formalaşdırılmasına start verilib. Yeni iqtisadi model ölkənin insan kapitalının keyfiyyətinin yüksəldilməsi yolu ilə milli iqtisadiyyatımızın rəqabət qabiliyyətinin artırılmasını tələb edir. İnsan kapitalının formalaşdırılması isə ilk növbədə ali təhsil müəssisələrinin bu işə maksimal dərəcədə töhfə verməsinin təmin olunması deməkdir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti də öz işini məhz bu sahədə səmərəli fəaliyyət göstərə bilmək üzərində qurub.
Əslində qlobal iqtisadiyyatdakı təlatümlərin dünya birliyinə inteqrasiya etməsi Azərbaycan Respublikasına təsirinin qaçılmazlığı ölkə rəhbərliyi tərəfindən əvvəlcədən proqnozlaşdırılmış və adekvat tədbirlər görülməyə başlanmışdı. 2015-ci il sentyabrın 3-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Neft Akademiyasının adının dəyişdirilərək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) adlandırılmışdır. Həmin sərəncamın verildiyi gündən etibarən ADNSU ixracatın diversifikasiya olunması üçün zəruri olan qeyri-neft sektorunun, o cümlədən sənayenin inkişaf etdirilməsi üçün özünün fəaliyyət sahəsində və imkanları daxilində bu işə töhfə verməyə çalışır. Universitet statusu alması ilə ADNSU həmçinin başlıca missiyasını bəyan etdi - ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyini daha da gücləndirmək, qabaqcıl bilik və innovasiyalara yiyələnmiş mütəxəssislərin təşkil etdiyi insan kapitalının formalaşdırılmasına töhfə vermək.
ADNSU bəyan etdiyi missiyaya uyğun olaraq fəaliyyətini bir neçə istiqamət üzrə qurub:
Tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbə və məzunlara onların dünya təhsil məkanına çevik inteqrasiyanı təmin edəcək səviyyədə bilik verilməsi;
Əmək bazarının tələbatlarına cavab verən kadrların yetişdirilməsi;
Təhsil, elm və innovasiyaların inteqrasiyasına nail olunması;
Zamanına görə məşhur ali təhsil müəssisəsi «Azİİ»-nin əcnəbi tələbələrə neft və mühəndislik təhsili verən ali məktəb imicinin qaytarılması;
Rəqabət qabiliyyətli elmitutumlu məhsulların yaradılması və “Made in Azerbaijan” brendi altında təqdim edilməsi.
Yuxarıda sadalanan başlıca istiqamətlər üzrə fəaliyyətə keçməzdən əvvəl qarşıda duran bir nömrəli problem  - tələbələrin biliklərinin qiymətləndirilməsi zamanı obyektivliyin və şəffaflığın təmin olunması öz həllini tapmalı idi. Bunun üçün ilk olaraq imtahanların əksəriyyətinin yazılı formada götürülməsi həyata keçirildi. Obyektivliyi və qərəzsizliyi şübhə doğurmayan müəllimlər şifahi imtahan qəbul edə bilərdi. 2015-2016-cı tədris ilinin ilk semestrində 13 nəfər, ikinci semestrində 17 nəfər müəllim şifahi imtahan götürdüyü halda, 2016-2017-ci il tədris semestrdə bu rəqəm 58 nəfərə qalxmışdır.
2015-ci ilin qış imtahan sessiyasında yazılı imtahanların tətbiqi, onların yoxlanması və nəticələrin elan olunması kifayət qədər vaxt və gərgin əmək tələb etsə də, ADNSU bu işin öhdəsindən şərəflə gəldi. Bu sistemin təkmilləşdirilməsi istiqamətində görülən işlər sayəsində 2016-cı il yay imtahan sessiyasında artıq imtahan prosesində kodlaşdırma və elektronlaşdırmadan istifadə olunması yazılı imtahanın effektivliyini daha da artırdı. 2015-ci ilin noyabr ayında ölkə başçısının sərəncamı ilə ödənişli əsaslarla oxuyan tələbələrin də təqaüd almaq imkanı qazanması, eləcə də ADNSU-da imtahan prosesində şəffaflıq və obyektivliyin təmin olunması sayəsində artıq 2016-cı ilin yay imtahan sessiyasında tələbələrin imtahanlarda daha böyük müvəffəqiyyət qazanmalarını şərtləndirdi. Burada daha bir yenilik imtahan vermiş şəxsin gələcək həyatında və karyerasında istifadə edilmək üçün imtahan yazılarının və nəticələrinin surətçıxaran aparatda üzü çıxarılaraq məlumat bazasında saxlanmasıdır.
Qısa müddət ərzində əldə olunmuş uğurlar ADNSU-ya qəbul olan tələbələrin sayının əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb oldu. 2016-2017-ci tədris ilində ADNSU-ya qəbul olan 2268 nəfər abituriyentin orta balı 436-ya bərabər olmuşdur. Mühüm göstəricilərdən biri də ölkə üzrə I ixtisas qrupuna imtahan verənlərin 51,8%-nin ADNSU-nu seçməsidir.
2016-2017-ci tədris ilinin əvvəlindən etibarən “Elektron Universitetin” – Unibook layihəsinin istismara verilməsi ilə tədris prosesinin tam elektronlaşdırılması gerçəkləşdirilməklə yanaşı imtahan prosesinin daha da təkmilləşdirilməsi mümkün oldu. İmtahan nəticələrini tam şəffaf və obyektiv şəkildə keçirilməsinə zəmanət yaradan yeni sistem nəticələrin 24 saat ərzində elan olunmasını da təmin etdi. 2017-ci il qış imtahan sessiyasının davam etməsinə baxmayaraq 25 yanvar tarixinə olan məlumata görə, ADNSU tələbələrinin imtahanlarda orta müvəffəqiyyət və keyfiyyət göstəricisi 80%-dən yüksək olub ki, bu da islahatların aparıldığı qısa müddəti nəzərə aldıqda olduqca, kifayət qədər yaxşı nəticədir. İmtahan prosesinə kənar müdaxilələrin məhdudlaşdırılmasının iki mühüm effekti oldu. Birincisi, tələbələr bilik əldə olunmasına ciddi yanaşmağa başladılar. İkincisi, professor-müəllim heyəti özü də tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinin gərəkliyini anladı və qarşıdan gələn imtahan sessiyasında şifahi imtahan götürəcək müəllimlərin sayı artırıldı.
ADNSU-da aparılan islahatların birinci istiqaməti tələbələrə verilən biliklərin onlara dünya təhsil məkanına inteqrasiya olunmaq imkan yaratması ilə bağlıdır. Əksər hallarda ADNSU-nun tələbə və məzunları təhsilini xarici ölkələrdə davam etdirməyə yola düşdükdə doğma ali məktəbdə onlara verilən biliklərin köhnə, bəzən isə tamamilə yararsız olduğunu görürdülər. Bu vəziyyətin aradan qaldırılması üçün Təhsil Nazirliyinin dəstəyi ilə ADNSU-nun tədris proqramlarının Avropa və dünya standartlarına uyğunlaşdırılmasına başlandı. Hazırda ADNSU-dakı tədris proqramlarının bir qismi Avropa standartlarına uyğunlaşdırılıb, bəzi ixtisaslar Avropa standartlarına uyğunluq sertifikatları alıb. Bu həmin ixtisasların Avropa ölkələrində tanınması deməkdir. Nümunə olaraq Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti, Avstriyanın Qrats Texniki Universiteti və Polşanın Varşava Texnologiya Universiteti ilə birgə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “Elektroenergetika mühəndisliyi” ixtisasları üzrə bakalavr, “Enerji menecmenti” (neft sənayesində) ixtisası üzrə magistr hazırlığı proqramlarından gedir. Bu üç ixtisas Almaniyanın Təhsil Proqramları üzrə Akkreditasiya Agentliyi (ASİİN) və Mühəndislik üzrə Akkreditasiya üçün Avropa Şəbəkəsinin (ENAEE) 16 yanvar 2017-ci il tarixli qərarı ilə Avropa Standartlarına uyğun ixtisaslar kimi akkreditasiya olunub. Fəaliyyətində dünyanın qabaqcıl ali məktəbləri ilə əməkdaşlığı özünün prioritetlərindən biri elan etmiş ADNSU hazırda 40-dan çox ölkənin 90-dan çox universiteti ilə əməkdaşlıq edir. Bu baxımdan ADNSU-nun Almaniyanın Zigen Universiteti ilə birgə üç ixtisas üzrə bakalavr hazırlığı, ABŞ-ın Corciya Dövlət Universiteti ilə birgə MBA və BBA proqramları qeyd oluna bilər. Tələbələrə keyfiyyətli təhsil verilməsində universitetdə gerçəkləşdirilən “Erasmus+” və “Mövlanə” mübadilə proqramlarının da xüsusi rolu vardır. «Erasmus+» kredit mobilliyi çərçivəsində ADNSU tələbələri Avropa, “Mövlanə” proqramı ilə isə Türkiyə universitetlərində akademik mübadilə aparılır. Bundan əlavə, ABŞ-ın Corciya Dövlət Univeristeti, Almaniyanın Zigen Universiteti və Böyük Britaniyanın Lester Universiteti ilə tələbə mübadiləsi sahəsində əməkdaşlıq edilir. Hər il onlarla tələbə mübadilə proqramlarından yararlanır. Xaricdə təhsil aldıqları müddət ərzində tələbələr oxuduqları ixtisaslar üzrə qabaqcıl universitetlərdə tədrisin necə keçirildiyinin şahidi olur və onlara analoji tədrisin ADNSU divarları çərçivəsində verilməsini də tələb edirlər. Tələbələrin ixtisasları üzrə müasir biliklərə yiyələnmək istəyi, onlara həqiqi bilik verilməsini tələb etmələri çox sevindirici haldır. Bazar iqtisadiyyatının əsas prinsiplərindən biri – tələbin təklifi formalaşdırdığı kimi, tələbələrin də yaxşı təhsil almaq tələbatının ödənilməsi istəyinin təmin olunması universitetdə müasir biliklərə sahib olan professor-müəllim heyətinin formalaşdırılmasına start verilməsini şərtləndirdi. ADNSU həmişə özünün güclü professor-müəllim heyəti, alimləri ilə seçilib. Hazırda ADNSU-da 586 müəllim heyəti təhsilə cəlb edilib. Onlardan 63 nəfər professor, 346 nəfər dosent, 51 nəfər baş müəllim, 126 nəfər müəllim və asistent vəzifələrində çalışır. Tələbələrə keyfiyyətli təhsil verilməsi məqsədilə bir tərəfdən universitet müəllimlərinin əməyinin stimullaşdırılması, digər tərəfdən gənc müəllimlərin işə götürülməsi həyata keçirilir. Birinci istiqamət üzrə hər bir müəllimin müqavilə əsasında işləməsi və yüksək maaş alması üçün müəyyən bal toplaması tələb olunur. Hazırda ADNSU-da müəllimlərin tədris və elmi fəaliyyətində göstərdiyi nəticələrə uyğun olaraq, əgər tələb olunan balı toplayarsa baza maaşından əlavə 400 manat da ala bilər. 2017-ci ilin yanvar ayında ilk dəfə olaraq professor-müəllim heyətinin üzvləri arasından tələb olunan meyarlara cavab verən 81 müəllim müəyyənləşdirilib. Digər tərəfdən universitetdə təhsil alan II kurs magistrlərin arasından professorların tövsiyəsi ilə ən istedadlıları seçilərək ADNSU-nun nəzdindəki kollecdə tam ştatlı müəllim kimi əmək fəaliyyətinə başlayıblar. Pedaqoji sahədə təcrübə qazanan gənclərin tədricən universitetin özündə tədris prosesinə cəlb olunması planlaşdırılır. Bu istiqamətdə ardıcıl fəaliyyətin nəticəsi olaraq artıq bir neçə ildən sonra universitetin pedaqoji heyətinin gəncləşdirməsinə zəmin yaranacaq.
Bununla yanaşı ADNSU-da həmçinin Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin gerçəkləşdirilməsi də tədrisin keyfiyyətinin yüksəlməsinə xidmət edən amildir. SABAH qrupları ali təhsil sistemində yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə uyğun kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb. Hazırda ADNSU-nun SABAH qruplarında 337 tələbə təhsil alır, onlara 137 müəllim müxtəlif ixtisaslar üzrə müvafiq fənləri müasir metodlarla tədris edir.
ADNSU-da tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edən layihələrdən biri də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Fransa Respublikasının dövlət başçısının birgə təşəbbüsü ilə yaradılmış Fransız-Azərbaycan Universitetidir (UFAZ). 2016-2017-ci tədris ilindən etibarən ADNSU-nun nəzdində, Fransanın Strasburq Universiteti və Renn-1 Universiteti ilə birgə yaradılmış UFAZ-da 4 ixtisas üzrə tədris həyata keçirilir:
1. Geofizika mühəndisliyi;
2. Kimya mühəndisliyi;
3. Kompüter elmləri;
4. Neft-qaz mühəndisliyi.
Dövlət İmtahan Mərkəzinin keçirdiyi mərkəzləşdirilmiş imtahanlarda I qrup ixtisasları üzrə 500 və daha yüksək bal toplayan tələbələr ADNSU-nun Strasburq Universiteti və Renn - 1 Universiteti ilə birgə hazırladığı daxili imtahanlarda iştirak etdilər. UFAZ-a ilk qəbul olmasına baxmayaraq abituriyentlər UFAZ-a böyük maraq göstərdilər. Fransa tərəfinin hazırladığı suallar əsasında təşkil olunan  imtahanda 141 gənc UFAZ tələbəsi adını qazandı. Tədris tamamilə fransız proqramına əsaslandığına görə UFAZ-ın məzunları sonda müvafiq olaraq iki diplomla (ADNSU və Strasburq Universitetinin / Renn-1 Universitetinin diplomları ilə) təmin olunacaq. Bütün ixtisaslar üzrə tədris 4 il (1 il hazırlıq + 3 il əsas tədris müddəti) olmaqla tamamilə ingilis dilində aparılır. Semestr ərzində yaxşı nəticə göstərən tələbələrin Fransada yay məktəblərində və bir mübadilə semestrində iştirak etməsi nəzərdə tutulur. UFAZ iki istiqamətdə çox böyük əhəmiyyət daşıyır. Birincisi, UFAZ Azərbaycan tələbələrinə ölkə hüdudlarını tərk etmədən dünyanın aparıcı universitetlərindən olan Strasburq və Renn - 1 universitetlərinin dünyanın hər yerində tanınan diplomlarını qazanmaq kimi unikal şans təqdim edir. İkincisi, UFAZ-ın fəaliyyəti ADNSU-ya Strasburq və Renn-1 universitetlərinin tədris proqramlarından bəhrələnmək və universitetdə tədrisi Avropa və dünya standartları səviyyəsinə yüksəltmək üçün əlavə imkanlar yaradır. UFAZ-da təhsil tamamilə ingilis dilindədir.
Onu da qeyd edək ki, azərbaycanlı tələbələrin dünya təhsil məkanına inteqrasiyası üçün ən vacib məsələlərdən biri də onların xarici ölkələrdə təhsil ala bilmələri üçün ingilis dilini akademik səviyyədə bilmələridir. Bu məqsədlə ADNSU-da 14 ixtisas üzrə ingilis dilində tədrisin həyata keçirilməsi təmin olunub, 300-dən çox tələbə artıq ingilisdilli sektorda təhsil alır. Növbəti tədris ilində isə belə ixtisasların sayının 23-ə çatdırılması, tələbələrin sayının 500-ü keçməsi nəzərdə tutulub. Yuxarıda da qeyd olunduğu kimi, bu məqam həm Azərbaycan təhsil sisteminin, həm də azərbaycanlı tələbələrin beynəlxalq inteqrasiya və mübadilə proqramlarında daha rahat iştirak etməsinə imkan yaradacaq. Bundan əlavə, ingilis dilində yüksək səviyyəli təhsilin təklif olunması bir çox ölkələrdən əcnəbi tələbələrin cəlb edilməsinə, ADNSU-nun mühüm beynəlxalq təhsil mərkəzinə çevrilməsinə təkan verəcək.
ADNSU-nun fəaliyyətinin ikinci mühüm istiqaməti əmək bazarının tələbatına uyğun kadr yetişdirilməsidir. Bu istiqamətdə universitetdə ilk  növbədə sənaye müəssisələrində tələbələrin təcrübə keçməsinin qeyri-formal və intensiv xarakter alması, buraxılış işlərinin, kurs layihələrinin, dissertasiya işlərinin mövzularının sənaye müəssisələrində olan mövzuları əhatə etməsi istiqamətində addımlar atıldı. Bu həmçinin ADNSU-ya sənaye müəssisələrinin dəyişən tələb və maraqları barədə daim məlumatlı olmağa imkan yaratdı. Bu məqsədlə universitetdə gerçəkləşdirilən gündəlik təcrübə proqramı ADNSU-nun ən uğurlu layihələrindən biri olub gələcəkdə məzunların işə düzəlmə kimi problemlə üz-üzə qalmamasını təmin edəcək. Dünya təcrübəsinə əsasən universitet məzunu 3 ay, 6 ay və ya 1 il ərzində ixtisasına uyğun iş tapmalıdır. Əgər 1 ildən artıq müddət keçibsə və məzun hələ özünə iş tapmayıbsa, deməli ali məktəbdə ona yaxşı təhsil verilməyib. ADNSU-nun hədəfi bütün məzunlarının işlə təmin olunmasıdır.
Onu da qeyd edək ki, tələbələrin sənaye müəssisələrində təcrübə keçməsi qarşılıqlı faydalı bir prosesdir. Əgər bir tərəfdən müəssisə ADNSU ilə əməkdaşlıq sayəsində özü üçün yararlı kadrların yetişdirilməsində iştirak edirsə, digər tərəfdən universitet də özünün tədris planlarında yeni tələblərə uyğun dəyişikliklər etməklə, universitetin maddi-texniki bazasının yaxşılaşdırılmasına dəstək verə biləcək potensial tərəfdaşlar tapmaqla qazanc əldə edir. ADNSU-nun bu əməkdaşlıqdan əldə etdiyi daha bir qazanc bəzi məzunlarının təcrübə keçdikləri müəssisələrdə işlə təmin olunmasıdır.
Bu istiqamədə daha bir addım ADNSU-da ildə iki dəfə - dekabr və may aylarında Məzun-Karyera sərgilərinin keçirilməsi oldu. 2016-cı ilin dekabr ayında keçirilmiş ilk Məzun-Karyera sərgisində 35-dən artıq müəssisə özünün vakant iş yerləri, kadrlara qoyduqları tələblərlə bağlı məlumat verdilər. Sərgidə 2000-dək tələbə iştirak etdi. İlk təcrübənin uğurla həyata keçməsi may ayında baş tutacaq. Məzun-Karyera sərgisində daha yüksək nəticələr əldə ediləcəyinə inam yaradır.
Azərbaycanda bazar iqtisadiyyatının tam formalaşdığı, ölkə iqtisadiyyatında yaradılan əlavə dəyərin böyük hissəsinin özəl sektorun payına düşdüyü, gənclərin sahibkarlıqla məşğul olmaq istəyinin artdığı bir dövrdə universitetdə tələbələrin universiteti diplomla yanaşı şəxsi biznesi ilə tərk etməsi məsələsinə də diqqət yetirilir. Bu baxımdan ADNSU-da yaradılmış “eazi START” Startap məktəbinin də mühüm əhəmiyyətini qeyd etmək lazımdır. Təhsilin və innovasiyaların sənaye ilə sintezi məqsədilə yaradılmış və istedadlı tələbələr və magistrlərlə yanaşı doktorantların, universitet müəllimləri və professorların iştirak etdiyi startap məktəbinin məqsədi elmdə olan yeniliklərin əsasında minimal investisiya qoyuluşu tələb edən biznes layihələrin hazırlanması və istehsalın qurulmasıdır. 2015-2016-cı tədris ilinin sonunda, hazırlanmış layihələrdən 15-nin geniş təqdimatı keçirilib və hazırda onlara investisiyaların cəlb olunması üzərində iş aparılır. Layihələrdən üçü Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdindəki İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsində qalib gəlib.
ADNSU özünü təhsil sahəsində görən məzunlarının işlə təmin olunması məsələsinə də xüsusi önəm verir. Belə ki, ali məktəbdə təhsil alan magistrantların 80%-nin işlə təmin edilib, onların bir qismi universitetin nəzdindəki kollecdə tam ştatlı müəllim olaraq çalışır. Bu bir tərəfdən onların yetişməsi üçün şərait yaradırsa, digər tərəfdən də ADNSU-nun özünün professor-müəllim heyətinin gəncləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. ADNSU-nun nəzdində müəssisələrin yaradılması istiqamətində də iş aparılır və məzunların bir qisminin ixtisasları üzrə həmin müəssisələrdə işə cəlb olunması nəzərdə tutulub.
ADNSU-nun fəaliyyətinin üçüncü mühüm istiqaməti təhsil, elm və innovasiyaların inteqrasiyasına nail olunmasıdır. Müasir dövrdə universitetlər yalnız təhsil ocağı kimi deyil, eyni zamanda elm mərkəzləri kimi fəaliyyət göstərməlidir. Bu məqsədlə universitetdə 3 istiqamətdə iş aparılır:
Birincisi, ADNSU-dakı tədris laboratoriyalarının yenilənməsi və təkmilləşdirilməsi üçün tədbirlər görülür və artıq bir neçə yeni laboratoriya alınıb, bir neçəsi də müasir standartlara uyğun yenidən qurularaq istismara verilib.
İkincisi, ADNSU-nun professor-müəllim heyəti, eləcə də təhsil alan doktorantların dünyanın nüfuzlu elmi jurnallarında məqalələrinin dərc olunmasının stimullaşdırılması istiqamətində iş aparılır. Görülən işlərin nəticəsi olaraq 2016-cı ildə “Web of Sceince”, “Thomson Reuters” kimi nüfuzlu platformaların qəbul etdiyi jurnallarda ADNSU əməkdaşlarının dərc olunmuş məqalələrinin sayı 219-a çatıb. 2015-ci illə müqayisədə bu göstərici 6,4 dəfə yaxşılaşmışdır. Ötən il dünyanın ən mötəbər impakt faktorlu jurnallarında ölkəmiz üzrə dərc olunan 734 məqalənin təxminən yarısının ali məktəblərin alimlərinin əqlinin məhsulu olduğunu nəzərə alsaq ADNSU alimlərinin Azərbaycan elminə, onun xaricdə nüfuzunun artmasına verdiyi töhfə çox sevindiricidir.
Üçüncüsü, universitetdə təhsil alan tələbələrin innovasiyalara dərindən yiyələnməsidir. Bu məqsədlə universitetdə Azİİ-İT Club yaradılıb. Azİİ-İT Club universitet tələbələri üçün ödənişsiz İT təlimlər həyata keçirir. Dünya şöhrətli Oracle, Microsoft, Autokad resursları üzərində qurulan İT Akademiyasını ötən il 100-dən artıq gənc bitirib və müxtəlif səviyyələr üzrə sertifikatlar alıblar. Beynəlxalq sertifikatlı mütəxəssislərin keçdiyi təlimlər 6 sahə (Linux, Oracle, Microsoft Server, Veb proqramlaşdırma, Şəbəkə idarəedilməsi, Proqramlaşdırma) üzrə aparılır. Azİİ-İT Clubunu 100-dən artıq gənc bitirib və onların arasında işlə təmin olunmuş gənclərin olması bu sahədə işlərin düzgün istiqamətdə aparıldığına dəlalət edir. Hazırda SAP proqramı üzrə təlimlərin də təklif olunması üzrə danışıqlar aparılır.
ADNSU-da aparılan islahatların dördüncü əsas istiqaməti keçmiş Azİİ-nin əcnəbi tələbələrə neft və mühəndislik təhsili verən ali məktəb imicinin qaytarılmasıdır. Vaxtilə keçmiş SSRİ-nin ən nüfuzlu on ali məktəbindən biri olan Azİİ-də əcnəbi tələbələrlə iş ali məktəbin əsas fəaliyyət istiqamətlərindən biri olub. Hazırda isə ADNSU adlanan bu ali məktəbdə 18 ölkədən (Suriya, İran, Türkmənistan, Çin, Vyetnam, Türkiyə, Rusiya, İraq, Yəmən, Qazaxıstan, Özbəkistan, Əfqanıstan, Yunanıstan, Almaniya, Ukrayna, Gürcüstan, Böyük Britaniya, ABŞ) 326 tələbə, o cümlədən 301 nəfər bakalavriatura, 20 nəfər magistratura, 5 nəfər isə doktorantura səviyyəsində təhsil alır. Tələbələrin istəyindən asılı olaraq təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır. ADNSU-da təhsil alan əcnəbi tələbələr dünya miqyasında universitetin imicinə müsbət təsir göstərməklə yanaşı, Azərbaycan mədəniyyətinin, elminin tanınması və təbliğinə imkan yaradır, ölkəmizə dostlar qazandırır. Mənəvi qazancla yanaşı ADNSU həm də maddi qazanc əldə edir - ölkəmizə əlavə valyuta daxil olur. Bu ADNSU-ya Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkədə formalaşdırdığı yeni iqtisadi modelin tələblərinə uyğun şəkildə inkişaf etməyə əsas verir.
Son məqsəd isə rəqabətə davamlı, elmtutumlu istehsalat sahələrinin qurulması, innovativ texnologiyanın inkişaf etdirilməsi və ADNSU-nun illik büdcəsinin 50%-dən artığını bu gəlirlərdən formalaşdırılmasıdır.
Sonda əvvəldə qeyd olunan fikrə qayıtmaq istərdik. 2017-ci il Azərbaycan iqtisadiyyatı üçün iqtisadi inkişaf ili olacaq. Növbəti illərdə həmin iqtisadi inkişaf daha da güclənəcək və ölkəmizin iqtisadi qüdrəti daha da artacaq. ADNSU-nun başlıca hədəfi güclü Azərbaycan iqtisadiyyatının tələbatlarına cavab verən, qüdrətli iqtisadiyyata xidmət edən ali məktəbə çevrilməkdir. ADNSU-nun maddi-texniki bazası, elmi potensialı, ən əsası isə dövlət başçısının təhsilə göstərdiyi diqqət və qayğı bu hədəfə çatmaq üçün geniş imkanlar açır. Universitetin professor və müəllim heyətinin üzərinə düşən əsas vəzifə isə bu sahədə yorulmadan çalışmaq, səy göstərməkdir.


Tarix: 13-03-2017, 10:32

Xəbəri paylaş