Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bakıda bir sıra təhsil müəssisələrinin açılışı olub

 

Martın 5-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş yeni tədris korpusunun açılışı olub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya məruzə etdi.
Birinci vitse-prezident Mehriban Əliyeva yeni tədris korpusunun açılışını bildirən rəmzi lenti kəsdi.
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılmasında və formalaşdırılmasında Heydər Əliyev Fondunun mühüm dəstəyi var. Dövlət Sərhəd Xidmətinin tabeliyinə verilənədək oğlanlar üçün açıq tipli xüsusi məktəb kimi fəaliyyət göstərən bu tədris ocağı Fondun təşəbbüsü ilə əsaslı təmir edilərək, zəruri tədris bazası ilə təchiz olunub. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci ildə DSX-nin Xüsusi Məktəbinin açılış mərasimində iştirak edib.
Yeni korpusun istifadəyə verilməsi ilə kursantlara daha keyfiyyətli təhsil vermək imkanları artıb. Burada zəngin ədəbiyyat fondu olan kitabxana yaradılıb, dərs otaqları ən yüksək səviyyədə qurulub və kursantların ixtiyarına verilib. Tədris ocağı müasir avadanlıqla təchiz olunub.
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin fəaliyyətə başlaması ilə Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyini təmin edəcək ixtisaslı zabit kadrların hazırlanması üçün 12 illik təhsil dövrünü əhatə edən mükəmməl hərbi tədris sistemi formalaşıb. Xüsusi Məktəb bu sistemin müstəsna əhəmiyyətli ilkin səviyyəsini təşkil edir. Yeni korpus istifadəyə verildikdən sonra burada təhsil alacaq kursantların sayının gələcəkdə 700 nəfərə çatdırılması mümkün olacaq.
Birinci vitse-prezident Mehriban Əliyeva hərbi vətənpərvərlik sinfində I kurs - 5-ci sinifdə təhsil alan kursantlarla görüşdü. Burada təhsil alanlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər, Azərbaycana ləyaqətli vətəndaş və peşəkar zabit kimi xidmət edəcəklərini dedilər.
Sonra kursantlar Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim etdilər.
Birinci vitse-prezident kursantlara dərslərində uğurlar, Vətənə layiqli övlad olmaları və gələcəyin peşəkar zabiti kimi yetişmələrini arzuladı.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə imzaladığı Fərmana əsasan, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə xüsusi təyinatlı təhsil müəssisəsi statusu verilib. 2015-ci ildən məzunları DSX-nin Akademiyasında təhsil alan məktəbin Nizamnaməsinə əsasən kursantların maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyat bacarıqlarına yiyələnmələri, milli mənəvi dəyərlərə malik, sağlam, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmaları onları Dövlət Sərhəd Xidmətinin Akademiyası üçün hazırlayır.
DSX Xüsusi Məktəbinin yeni korpusunun ümumi sahəsi 11 min kvadratmetrdir. Burada 23 ümumi, 8 ixtisaslaşmış tədris, məntiq, fərdi hazırlıq sinifləri və 400 nəfərlik yataq otaqları yaradılıb. Kursantların idmanla məşğul olmaları üçün hərtərəfli şərait var. Təhsil ocağının su hovuzu müasir səviyyədə qurulub. Təhsil kompleksinin inter­aktiv atış kabineti də zəruri avadanlıqla təchiz edilib. Burada kursantlar atıcılıq üzrə vər­dişlərini zənginləşdirirlər. Kursant yeməkxanasında da şəxsi heyətin qidalanması üçün zəruri şərait yaradılıb. Bütün kompleks üzrə videomüşahidə sistemi tətbiq edilib. Bunun sayəsində də tədris prosesi və kursantların dərsdən sonrakı fəaliyyətləri nəzarətdə saxlanılır. Burada kursantların asudə vaxtlarını faydalı keçirmələri, intellektual və yaradıcı məşğuliyyətləri üçün də geniş imkanlar yaradılıb. Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin ərazisində əsaslı tikinti-abadlıq işləri aparılıb, geniş yaşıllıqlar salınıb, 1000-dən çox ağac əkilib. İnşaat işləri zamanı kompleksdə müasir səviyyədə yeni sıra meydanı yaradılıb. Bundan başqa, kursantların atçılıq hazırlığı ilə məşğul olmaları üçün şərait var. Məktəbin ərazisində peyntbol və digər idman meydançaları da kursantların ixtiyarına verilib.
Sonda xatirə şəkli çəkdirildi.
***
Martın 6-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində 9 saylı sanatoriya tipli körpələr evi-uşaq bağçası üçün inşa edilən yeni binanın açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.
Birinci vitse-prezident Mehriban Əliyeva yeni binanın rəmzi açılışını bildirən lenti kəsdi, körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.
Bakı Şəhər İcra Hakimiy­yətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, bu məktəbəqədər təhsil müəssisəsi 1942-ci ildən 5 qrup ilə fəaliyyət göstərib. Bağça sanatoriya tiplidir və uşaq müəssisəsinə vərəm xəstəliyinin sönük formasında olan uşaqların qəbulu Vərəm Dispanserinin göndərişi əsasında həyata keçirilir. 2014-cü ilin sentyabrında bu məktəbəqədər təhsil müəssisəsinin birmərtəbəli köhnə binası sökülərək yerində yeni binanın inşasına başlanıldı. Artıq ikimərtəbəli yeni binada beşi Azərbaycan, biri rus bölməsi olmaqla 6 qrupdan ibarət, müasir tələblərə cavab verən körpələr evi-uşaq bağçası fəaliyyət göstərəcək. 120 yerlik bağçada 2 yaşdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə 47 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaq. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin edəcək.
Ölkədə uşaq müəssisələrinin yüksək tələblər səviyyəsində qurulması istiqamətində dövlətin gördüyü işlərə Heydər Əliyev Fondu da böyük töhfələr verir. 2014-cü ilin fevral ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı zamanı Fondun məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyətin monitorinqinin nəticələri açıq­lanmışdı və ölkədə yeni bağçaların inşasına ehtiyacın olduğu müəyyən edilmişdi. Həmin vaxtdan Fond ölkəmizdəki məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyətini daha da genişləndirib. Bu bağçada da lazımi şərait yaradılıb, binada videomüşahidə, yanğınxəbərverici sistemlər quraşdırılıb, müəssisə zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Həyətyanı ərazi abadlaşdırılıb, mindən çox müxtəlif növ həmişəyaşıl ağac əkilib, uşaqların istirahəti üçün əyləncə qurğuları quraşdırılıb.
***
Bakının Nərimanov ra­yonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı yenidən qurulan 80 saylı körpələr evi-uşaq bağçasının martın 6-da açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.
Birinci vitse-prezident Mehriban Əliyeva 80 saylı körpələr evi-uşaq bağçasında yaradılmış şəraitlə tanış oldu.
Məlumat verildi ki, 1963-cü ildə istifadəyə verilən bağça 115 uşaq yerlik olmaqla 6 qrupla fəaliyyətə başlayıb. Əsaslı yenidənqurmadan sonra burada qrupların sayı 8-ə çatdırılıb və müəssisə 150 yerlik olub. Körpələr evi-uşaq bağçasında Azərbaycan və rus bölmələri ilə yanaşı, pilot layihə kimi ingilisdilli qrup da yaradılıb. Burada yaş yarımdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün imkanlar var. Yenidənqurmadan əvvəl uşaq bağçasının dörd korpusundan ikisi birmərtəbəli, ikisi isə ikimərtəbəli binalardan ibarət idi. Əsaslı yenidənqurma zamanı birmərtəbəli korpuslarda əlavə ikinci mərtəbələr də inşa edilib. Yeni inşa olunan mərtəbələrdə əlavə iki qrup, musiqi zalı və digər metodiki otaqlar yaradılıb. Bundan əlavə, korpuslararası birmərtəbəli keçid sökülərək ikimərtəbəli keçid inşa edilib. Uşaq bağçası zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Binada videomüşahidə, yanğınxəbərverici və müasir işıqlandırma sistemləri quraşdırılıb. Həyətyanı ərazidə geniş abadlıq işləri aparılıb, həmişəyaşıl ağaclar əkilib, təbii ot örtüyü salınıb, uşaqların istirahəti üçün kölgəliklər və əyləncə qurğuları quraşdırılıb, balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarının heykəlləri qoyulub. Bir sözlə, müəssisədə balacaların vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün hərtərəfli imkan yaradılıb.
***
Bakının Səbail rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı surətdə yenidən qurulan 157 nömrəli uşaq bağçasının martın 6-da açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.
Bayıl yaşayış sahəsində yerləşən uşaq bağçasının ikimərtəbəli binası 100 il əvvəl inşa olunmuşdu. Yüz uşağın tərbiyə aldığı binanın əsaslı təmirə ehtiyacı var idi. Bina sökülərək onun yerində üçmərtəbəli müasir bina tikilib. Burada işlər yüksək keyfiyyətlə və zövqlə yerinə yetirilib. Beləliklə, hazırda uşaq bağçasındakı şərait ən müasir tələblərə uyğunlaşdırılıb. Binanın giriş hissəsi, foye, qrup otaqları və zallar burada tərbiyə alan azyaşlılara uyğun xüsusi dizaynla işlənib. Otaqlar və dəhlizlər uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib, qrup otaqları zəruri inventarla, mebel dəstləri ilə təchiz edilib.
Ümumi sahəsi təxminən 2 min kvadratmetrə yaxın olan bağçanın binasında 110 uşaq tərbiyə alacaq. Bağçada uşaq­ların təlim-tərbiyəsi ilə ümumilikdə 25 nəfər məşğul olacaq. Buradakı 5 qrupun hər biri üçün geniş oyun və yataq otaqları və digər zəruri otaqlar, həmçinin musiqi və əyləncə zalları, tibb kabineti, müasir avadanlıqla təchiz olunmuş mətbəx və yeməkxana tikilib. Bir sözlə, bağçada yaradılan şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verəcək, həmçinin onların bilikli və zəngin dünyagörüşünə malik bir vətəndaş kimi formalaşmasında mühüm rol oynayacaq. Binada müşahidə kameraları, yanğındanmühafizə sistemi quraşdırılıb. Bağçanın yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, müxtəlif çiçək və gül kolları, ağaclar əkilib.
***
Mərdəkandakı “İnci” kör­pələr evi-uşaq bağçasının binasının əsaslı təmirdən sonra açılışı olub
Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilən “İnci” körpələr evi-uşaq bağçasının binası martın 5-də istifadəyə verilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.
Bakı Şəhər İcra Hakimiy­yətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, “İnci” körpələr evi-uşaq bağçası 1987-ci ildə fəaliyyətə başlayıb. 2011-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə körpələr evi-uşaq bağçası Dövlət Neft Şirkətinin balansından Bakı Şəhər İcra Hakimiyyətinə verilib. Həmin vaxt məktəbəqədər təhsil müəssisəsi 7 qrup ilə fəaliyyət göstərirdi.
“İnci” körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məlumat verildi ki, binanın əsaslı təmirinə 2016-cı ilin iyul ayından başlanılıb. Əsaslı təmir işlərindən sonra bağçada fəaliyyət göstərən qrupların sayı 12-yə çatdırılıb. İndi burada 2 yaşdan 6 yaşadək 230 uşağın təlim-tərbiyəsi ilə peşəkar heyət məşğul olacaq. Qruplardan 8-i Azərbaycan, 4-ü isə rus bölmələrinə aiddir. Məktəbəqədər təhsil müəssisəsində dərnək kimi ingilis dili qrupu da fəaliyyət göstərir. Uşaq bağçası zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Binada videomüşahidə, yanğınxəbərverici sistemlər quraşdırılıb.
  Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması və vətənpərvər, bilikli, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində Azərbaycan dövləti çox mühüm layihələr həyata keçirir. Bu istiqamətdə dövlət tərəfindən atılan addımlara Heydər Əliyev Fondu da böyük töhfələr verir. Bu baxımdan Fondun ölkəmizdəki məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyəti xüsusi qeyd edilməlidir.


Tarix: 10-04-2018, 11:50

Xəbəri paylaş