Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Birinci vitse-prezident Mehriban Əliyeva Türkan qəsəbəsindəki 6 nömrəli xüsusi internat məktəbində yaradılan şəraitlə tanış olub

 
   
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 1-də Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaq­lar üçün 6 nömrəli respublika xüsusi internat məktəbində yaradılan şəraitlə tanış olub.
Xüsusi internat məktəbi 1979-cu ildən fəaliyyət göstərir. 2005-2006-cı tədris ilindən internat məktəbi ümumi orta təhsili təmin edən təhsil müəssisəsi kimi fəaliyyətdədir.
Birinci vitse-prezident Mehriban Əliyeva bu məktəbdə də yaradılan “Sağlam təhsil sinfi” ilə yaxından tanış oldu, aparılan tədris üsulları ilə maraqlandı.
Məlumat verildi ki, burada sağlamlıq imkanları məhdud uşaqların biliklərə yiyələnməsi üçün lazımi şərait yaradılıb, müəssisə xüsusi avadanlıq və inventarla təchiz edilib. Bu isə öz növbəsində həmin sinifdə təhsil alan uşaqların müxtəlif yarışlarda iştirakını təmin edir. Ümumilikdə “Sağlam təhsil sinifləri” ölkəmizin 35 məktəbində fəaliyyət göstərir. Heydər Əliyev Fondunun prezidenti “Sağlam təhsil sinfi”ndə təhsil alan uşaqlara uğurlar arzuladı.
Hazırda məktəbdə 176 şagird təhsil alır və onlardan 88 nəfəri müəssisədə yaşayır. Şagirdlər 15 sinif üzrə qruplaşdırılıb. Müəssisədəki uşaqların təlim-tərbiyəsi ilə 101 nəfərdən ibarət işçi heyət məşğul olur. İnternat məktəbinin maddi-texniki bazası nəzərə alınaraq 2008-2009-cu tədris ilindən əmək dərslərində “Xalçaçılıq texnologiyası” fənni tədris edilir. İnternat məktəbinin şagirdləri ümumi təhsil almaqla yanaşı, Azərbaycan dekorativ xalq tətbiqi sənətinin çox qədim və geniş yayılmış növlərindən biri olan xalçaçılıq sənətinə yiyələnirlər. İnternat məktəbinin şagirdlərindən ibarət futbol komandası mütəmadi olaraq respublika daxilində keçirilən idman yarışlarında iştirak edir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu internat məktəbində Fondun təşəbbüsü ilə aparılan əsaslı təmirdən sonra 2014-cü il sentyabrın 15-də müəssisənin açılışında iştirak edib. Yenidənqurma işlərindən sonra məktəb kompleksində 4 korpus, 3 açıq tipli idman stadionu, 1 qapalı idman zalı istifadəyə verilib. Üçmərtəbəli böyük tədris korpusu, ikimərtəbəli tədris-istirahət korpusu, ikimərtəbəli məişət korpusu və birmərtəbəli yardımçı korpus məktəblilərin təhsil və müalicəsinə xidmət edir.
İnternat məktəbi ilə tanışlıqdan sonra Azərbay­canın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkan qəsəbəsinin sakinləri ilə görüşdü.

AZƏRTAC


Tarix: 11-04-2017, 15:18

Xəbəri paylaş