Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

  Mayın 4-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 
    
    Tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb. 
     
    Tədbirdə iştirak edən Baş nazirin müavini Əli Əhmədov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti dünyanın ən dinamik və gənc dövlətlərindən biri olmaqla yanaşı, əmin-amanlıq, vətəndaş təhlükəsizliyinin təmin olunduğu azsaylı ölkələrdən biridir. Əli Əhmədov vurğulayıb ki, Heydər Əliyevin gənclərlə bağlı həyata keçirdiyi siyasət hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyevin anadan olması münasibətilə keçirilən tədbirlər sırasında “Ən yaxşı təqdimat” müsabiqəsinin rolunu xüsusi vurğulayan Əli Əhmədov artıq bir ənənəyə çevrilən bu müsabiqənin gənclərin vətənpərvər ruhunda yetişməsində xüsusi rol oynadığını qeyd edib.
     
    Baş nazirin müavini çıxışının sonunda müsabiqənin təşkilində əməyi olan bütün təhsil işçilərinə təşəkkür edib, qalib şagirdləri təbrik edib. 
     
          Təhsil naziri Emin Əmrullayev çıxış edərək ümummilli lider Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Təhsil naziri bildirib ki, Azərbaycan təhsilinin və elminin son 50 ildəki istiqaməti Heydər Əliyevin adı ilə bağlıdır. 1970-ci illərdə Heydər Əliyevin səyi nəticəsində Azərbaycanın məktəb şəbəkəsi genişləndirilib. Belə ki, hazırda Azərbaycanda 4 400 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. 1970-ci illərdə bu rəqəm 765 olub və 70-ci illərin sonuna qədər 2117-yə çatıb. 
         Nazir bildirib ki, əsası ümummilli liderimiz tərəfindən qoyulmuş xaricdə təhsil ənənəsi ölkəmiz müstəqillik qazandıqdan sonra da uğurla davam etdirilib. Çıxışının sonunda təhsil naziri qalibləri təbrik edərək onlara uğurlar arzulayıb. 
         Daha sonra çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Möhbalıyev bu müsabiqənin əhəmiyyətini, gənclərin bilik və bacarıqlarının artırılmasına töhfə verdiyini qeyd edib. Komitə sədri müsabiqə iştirakçılarının təmsil etdiyi qurum tərəfindən mükafatlandırılacağını deyib.
         Mərasimdə I yerə layiq görülmüş şagirdlərdən Bakı şəhəri 83 nömrəli məktəb-liseyin XI sinif şagirdi Altay Əlinin təqdimatı nümayiş olunub. 
         Daha sonra müsabiqə qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim edilib. “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 5 nəfər I, 10 nəfər II, 15 nəfər III dərəcəli diplomla, 20 nəfər isə tərifnamə ilə təltif olunub.
         Tədbir bədii hissə ilə davam etdirilib.     
      Qeyd edək ki, müsabiqə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.


Tarix: 4-05-2022, 22:20

Xəbəri paylaş