Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNDƏ MİLLİ DÖVLƏTÇİLİK MƏSƏLƏLƏRİ

Musa Quluzadə,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasınln professoru,
tarix elmləri doktoru, əməkdar müəllim

Azərbaycan xalqının tarixi qədər dövlətçiliyi də qədim və zəngindir. Belə ki Azərbaycan ərazisində bəşəriyyətə bəlli olan bütün dövlət tipləri: quldarlıq, feodalizm, kapitalizm, sosializm təşəkkül tapmışdır. Bütün bunlar vətənimizdə dövlətçiliyin sadədən aliyə doğru inkişafını göstərir və hər bir dövlətin dövlətçilik tarixində öz yeri, öz izi olmuşdur. Böyük və şərəfli dövlətçilik tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin də öz yeri vardır.
XX əsr bəşər tarixinə təkcə elm, texnika əsri kimi deyil, həm də inqilablar, milli oyanış, milli dövlətlərin yaranması əsri kimi də daxil olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinə gedən yol 1917-ci ilin fevralında Rusiya imperiyasında baş vermiş burjua-demokratik inqilabından keçir. Fevral inqilabı 300 illik Romanovlar sülaləsinə son qoydu. Nəticədə əsrin əvvəlindən imperiyaya zorla birləşdirilmiş xalqların milli oyanışına çox güclü təkan verdi. Fəxarətlə deyə bilərik ki, oyanmış, dirçəlmiş xalqların önündə gedən xalqlardan biri Azərbaycan xalqı idi. Fevral burjua-demokratik inqilabından Azərbaycan ziyalıları, inqilabçıları çox şey gözləyirdilər. M.Ə.Rəsulzadənin fikrincə, 1917-ci il inqilabı məhkum siniflərə hüriyyət, məhkum millətlərə də muxtariyyət verəcəkdi. Muxtariyyət ideyası ilk dəfə Qafqaz müsəlmanlarının apreldə keçirilən Bakı qurultayında irəli sürüldü və 1917-ci ilin mayında Rusiya müsəlmanlarının Moskvada keçirilən qurultayında iştirakçılar tərəfindən yekdilliklə qəbul edildi. Milli-mədəni muxtariyyət ideyası və bunun həyata keçirilməsi uğrunda mübarizə 1917-ci il Rusiyada bolşeviklərin Oktyabr çevrilişinə qədər davam etmişdir.
Rusiyada bolşevik çevrilişindən (25 oktyabr 1917) sonra xalqların müstəqilliyinə olan inamı daha da artırdı. Hakimiyyətə gəlmiş bolşeviklərin rəhbəri V.İ.Leninin Sülh haqqındakı dekreti, habelə “Rusiya xalqlarının hüquq bəyannaməsi” imperiyaya daxil olan xalqların azad surətdə ayrılıb öz müstəqil dövlətlərini yaratmaq üçün hüququ təminat verdi.
Rusiya Dövlət Dumasının buraxılması Zaqafqaziyadan olan deputatların Tiflisə toplaşaraq burada 1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı – Zaqafqaziya Seymi yaradıldı. Seym Petroqraddakı Xalq Komissarları Sovetini tanımadığını elan etdi. Lakin çox keçmədi Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi ixtilaflar yarandı.
Fraksiyalar arasında bu ixtilaflar getdikcə artır, çəkişmələr güclənirdi. Belə bir şəraitdə gürcülər 1918-ci il mayın 26-da Seymdən çıxıb öz müstəqil dövlətlərini yaratmaq istədiklərini bəyan etdilər. Həmin gün də Zaqafqaziya seymi özünün buraxıldığını elan etdi. Mayın 27-də Seymin müsəlman (Azərbaycan M.Q.) fraksiyası Azərbaycan Milli Şurasını yaratdı. Elə həmin gün də Azərbaycanın dövlət müstəqilliyinin elan olunması haqda qərar qəbul edildi.
Azərbaycan nümayəndə heyətinin belə qərar qəbul etməsinin çox böyük tarixi əhəmiyyəti var idi. Belə ki Azərbaycanın müstəqilliyinə səs vermiş o şəxsiyyətlər xalqın şərəf və ləyaqətini qorudular. O vaxt zaman məsələni belə qoymuşdu; ya sən özünün müstəqil dövlətini qurmalı idin, ya da başqa dövlətlərin əlavəsinə çevrilməli idi. O dövrdə Rusiya, İran, Türkiyə, Ermənistan və Gürcüs­tan Azərbaycandan ərazi iddialarında idilər. 1918-ci il aprelin 25-də Bakıda başda bolşevik şinelinə bürünmüş daşnak S.Şaumyan olmaqla Sovet hakimiyyəti qurulmuşdu.
Bütün bu çətinliyə baxmayaraq Azərbaycan xalqının mübariz, mərd, milli qayəli oğulları M.Ə.Rəsulzadə, Ə.B.Topçubaşov, F.X.Xoyski, N.B. Yusifbəyli və başqaları Azərbaycanın dövlət müstəqilliyinə nail oldular.
Beləliklə, 1918-ci il mayın 28-də Milli Şuranın katibi Həsənbəy Ağayev tərəfindən istiqlal bəyannaməsi oxundu:
1. Azərbaycan tamhüquqlu və müstəqil dövlətdir. Zaqafqaziyanın cənub və şərq hissəsindən ibarətdir. Ali hakimiyyət Azərbaycan xalqına məxsusdur;
2. Müstəqil Azərbaycanın siyasi quruluş forması Xalq Cümhuriyyətidir;
3. Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq birliyin bütün üzvləri, xüsusən həmsərhəd xalqlar və dövlətlərlə dostluq əlaqələri yaradacaq;
4. AXC öz sərhədləri daxilində millətindən, dinindən, ictimai vəziyyət və cinsindən asılı olmayaraq bütün vətəndaşlarına tam vətəndaşlıq və siyasi hüquqlar verir;
5. AXC onun ərazisində bütün xalqların sərbəst inkişafına şərait yaradacaq;
6. Müəssislər Məclisi çağırılana kimi bütün Azərbaycanın idarəsi başında xalq səsverməsi yolu ilə seçilmiş Milli Şura və onun qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.
Milli Şura AXC-nin ilk hökumətini təşkil etməyi F.X.Xoyskiyə tapşırdı. Müvəqqəti hökumət başçısı Fətəli Xan Xoyski radioteleqrafla tarixdə ilk dəfə olaraq müstəqil Azərbaycan Cümhuriyyətinin yaranmasını xarici dövlətlərə bildirdi. AXC-nin yaranması Şərqdə ilk dəfə olaraq demokratik respublika üsul-idarəsini bərqərar etdi. AXC-nin yaranmasının əhəmiyyəti bir də ondaydı ki, XIX əsrin əvvəllərində itirilmiş milli dövlətçilik bərpa edildi.
AXC milli olduğu qədər də demok­ratik bir quruluş olmuş və sona qədər də belə fəaliyyət göstərmişdir.
Yeni yaradılmış Azərbaycan dövlətinin ilk addımlarından biri iyunun 4-də Batumda Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsinin imzalanması oldu. İyun ayının 16-da Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdü. Bu vaxt bəzi siyasi dairələr Azərbaycanı Türkiyəyə birləşdirməyə çalışırdı. Bu məsələdə də gənc dövlətin başçıları, xüsusən M.Ə.Rəsulzadə böyük qətiyyət göstərdilər. Milli Şura öz fəaliyyətini müvəqqəti dayandırmalı oldu. F.X.Xoyskinin başçılıq etdiyi milli hökumət Azərbaycanın dövlət orqanizmini yaratmaq üçün olduqca ağır siyasi-iqtisadi vəziyyətə baxmayaraq xeyli zəruri işlər görə bildi.
Azərbaycan hökuməti milli dövləti xilas etmək üçün 1918-ci il iyunun 19-da hərbi vəziyyət elan etdi. Yeni Azərbaycan ordusu öz gücünü iyulun 1-də Göyçay yaxınlığında Bakı Sovetinin əsasən daşnaklardan ibarət olan qoşunlarını darmadağın etməklə gös­tərdi.
1918-ci il iyulun 31-də S.Şaumyan başda olmaqla Bakı Xalq Komissarlar Soveti istefa verməyə məcbur oldu. Avqustun 1-də isə Bakıda daşnak, eser və menşevkilərdən ibarət Sentrokaspi adlanan oyuncaq bir diktatura yaradıldı.
Bu bir həqiqətdir ki, Bakı Xalq Komissarlar Sovetinin arxasında xalq durmadığı kimi, yerli əhaliyə yad olan Sentrokaspi diktaturasının arxası da bir neçə yüz gəlmələrdən olduğundan bu da havadan asılı oyuncaq hökumət idi.
1918-ci il sentyabrın 15-də Azərbaycan hərbi hissələri türk ordusunun köməyi ilə Bakıya daxil oldular. Bakı Soveti Komissarlarının və Sentrokaspinin tör-töküntüləri dəniz yolu ilə Ənzəliyə qaçdılar.
Sentyabrın 17-də Milli Hökumət Gəncədən Bakıya köçdü. Birinci Dünya müharibəsinin axırlarında Türkiyənin məğlubiyyəti və Mudros sazişinə əsasən Bakı da ingilislərin təsir dairəsinə düşmüşdü. Ənzəlidə olan ingilis generalı Tomsonu oradakı erməni daşnakları, eser və menşeviklər inandırmışdılar ki, guya Azərbay­canda qurulan milli dövlət, milli yox, türklərin rəhbərlik etdikləri bir qurumdur. Ancaq noyabrın 17-də Bakıya öz qoşunları ilə gəlmiş general Tomson çox az bir zamanda hiss etdi ki, AXC milli dövlətdir və ona başçılıq edən şəxslər də böyük dövlət xadimləridirlər. Xalq öz dövlətini, milli hökumətini dəstəkləyir, onun ardınca gedir. Sonralar Tomson öz memuarlarında yazır ki, Fətəli Xan Xoyski nəinki kiçik bir Azərbaycanı, hətta Britaniya kimi böyük dövləti də idarə etmək bacarığına malik bir şəxsdir... General Tomson Azərbaycan hökumətini yeganə qanuni hakimiyyət olaraq tanıdığı haqda bəyanət verdi.
Beləliklə, Azərbaycan dövlətçiliyi xalq cümhuriyyəti formasında təşəkkül tapdı.
Azərbaycan Xalq Cümhuriyyətinin ali orqanı xalqın iradəsini ifadə edən Milli Şura idi. Onun tərkibinə 1917-ci il noyabr ayının 26-28-də Ümumrusiya Müəssislər Məclisinin Zaqafqaziyadan seçilmiş müsəlman (azərbaycanlı - M.Q.) nümayəndələri daxil edilmişdir. Onların sayı cəmi 14 nəfər olmuşdur. Zaqafqaziya Seymində isə müsəlman (azərbaycanlı – M.Q.) fraksiyasının sayı 44 nəfərə çatdırıldı.
Azərbaycan Milli Şurası 1918-ci il iyun böhranı dövründə fəaliyyətini müvəqqəti olaraq dayandırır. Noyabrın 16-da fəaliyyətini bərpa edən Milli Şura noyabrın 19-da “Azərbaycan Cümhuriyyətinin parlamentinin” yaradılması haqqında qanun qəbul etdi. Yaranmış fövqəladə şəraitdə Ümum­azərbaycan Müəssislər Məclisinin çağırılması mümkün olmadığından, Milli Şuranın dövlət qanunvericilik orqanına – Azərbaycan parlamentinə çevrilməsi qərara alındı. Qanunda göstərilirdi ki, ölkə əhalisinin milli tərkibinə müvafiq olaraq Azərbay­canda yaşayan bütün millətlərin nümayəndələri parlamentdə təmsil olunmalıdırlar.
AXC dövründə 120 nəfər deputatdan idarət ali qanunverici orqan – parlament xüsusi rol oynamışdır.
1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təsis iclası keçirildi. Parlamentin sədrliyinə Əlimərdan bəy Topçubaşov seçildi.
Parlamentin səlahiyyətlərinə qanunvericilik fəaliyyəti ilə yanaşı, Azərbaycan dövlətinin müstəqilliyini möhkəmləndirmək, demokratik quruluşu inkişaf etdirmək, beynəlxalq aləmdə Azərbaycanın tanınmasına nail olmaq kimi məsələlər daxil idi. Qeyd edək ki, parlamentin sədri Ə.Topçubaşov bu sahədə misilsiz xidmətlər göstərmişdir. Məhz onun səyi nəticəsində Azərbaycan Paris Sülh konfransında müttəfiq dövlətlər tərəfindən tanınmışdır.
Qanunverici orqan 1919-cu il iyunun 21-də “Azərbaycan Respublikasının Müəssislər Məclisinə seçkilər haqqında Əsasnamə”ni təsdiq etdi. Bərabər hüquqlu bu seçkilərdə Şərqdə ilk dəfə qadınlara kişilərlə bərabər seçki hüququ verildi.
Azərbaycanın müvəqqəti parlamenti bir palatadan ibarət idi. Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi.
Azərbaycan parlamentində “Mü­savat” ən böyük partiya kimi təmsil olunurdu. Parlamentdə təmsil olunan siyasi partiyalar dövlətin möhkəmləndirilməsinə yönəlmiş qanun layihələri və islahat proqramları ilə qanunvericilik hakimiyyətinin fəaliyyətini istiqamətləndirirdilər. Onlar qüvvətli ordu yaradılması, torpaqların kəndlilər arasında pulsuz bölüşdürülməsi, 8 saatlıq iş günü, söz, mətbuat, ittifaq və digər demokratik azadlıqların bərqərar edilməsinə çağırırdılar.
Parlamentdə qərarlar səsvermə yolu ilə qəbul olunurdu. Bütün sənədlər Azərbaycan dilində tərtib edilirdi.
Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyəti dövründə beş hökumət yaradılmışdır. İcraedici hakimiyyət olan Nazirlər Şurası hökumətin fəaliyyətini istiqamətləndirirdi. Nazirlər Şurası fəaliyyəti dövründə müxtəlif məsələlər üzrə 636 qərar və sərəncam vermişdir.
İlk müvəqqəti hökumətə başçılıq edən F.X.Xoyski ikinci və üçüncü hökuməti də təşkil etmişdir. 1919-cu ilin martında səhhətinə görə istefa verən Xoyskinin əvəzinə aprelin 14-də Nəsib bəy Yusifbəyli dördüncü hökumət kabinetini təşkil etmişdir.
Azərbaycan Cümhuriyyəti hökuməti son dərəcə mürəkkəb bir dövr və şəraitdə çox vacib tədbirlər həyata keçirdi. İlk növbədə daxili asayişi yaratdı. Yerli idarə orqanlarının fəaliy­yəti üçün şərait təmin etdi. Dağılmış təsərrüfat bərpa edildi, poçt, rabitə, maliyyə işləri sahmana salındı. Əhalinin yoxsul təbəqəsinə, işsizlərə, eləcə də erməni-daşnak zülmündən qurtaran insanlara yardım edildi.
Azərbaycan milli hökuməti xalqın milli-mənəvi dəyərlərinə, milli və dini bayramlara dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərirdi.
1919-cu ilin sentyabrında Bakı Dövlət Universiteti təsis edildi. Təhsil sistemi milliləşdirildi. Dövlətin ərazi bütövlüyü təmin edildi. Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 114 min. kv.km olmuşdur. Milli hökumət Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün çox işlər görmüşdür. Nax­çıvanın, Qarabağın Azərbaycandan qoparılması üçün ingilis və amerikanlara qüvənən, arxalanan erməni daşnaklarının bütün səyləri hökumətin yeritdiyi məqsədyönlü siyasəti və dönməzliyi sayəsində puç edildi.
AXC-nin ən böyük xidmətlərindən biri də dövlətin himninin və 3 rəngli bayrağının qəbul edilməsidir. Bütün bunları dünya dövlətləri görür və qiymətləndirirdi.
1920-ci il yanvarın 11-də Paris Sülh konfransının Ali Şurası Azərbaycanın müstəqilliyinin de-fakto tanınması haqda qərar qəbul etdi. Bakıda Belçika, Hollandiya, Finlandiya və digər dövlətlərin nümayəndəlikləri açıldı. Bununla da Azərbaycanın beynəlxalq əlaqələr sisteminə daxil olması prosesi başlandı.
Lakin Azərbaycanın daxili siyasi həyatında yaranan sabitlik uzun sürmədi. Ölkənin başının üstünü bolşevik təhlükəsi aldı. Rusiya xalqlarına öz müqəddəratını təyin etmək üçün dekret vermiş Lenin çox keçmədi öz qərarından imtina etdi və Bakının təcili tutulması üçün sərəncam verdi. Beləliklə, 1920-ci il aprelin 28-də Sovet Rusiyasının təcavüzü nəticəsində beynəlxalq hüquqa zidd olaraq dünya birliyi tərəfindən tanınmış suveren Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Azərbaycanda Sovet hakimiyyəti quruldu.
Azərbaycan xalqı ağır sovet rejimində yaşasa da, daim müstəqilliyə can atmış, bu yolda gərgin mübarizə aparmışdır. Bu da nəhayət ki, öz bəhrəsini vermişdir.
Belə ki Azərbaycan ikinci dəfə 1991-ci il oktyabrın 18-də SSRİ-nin dağılması nəticəsində müstəqillik qazandı. Müstəqil Azərbaycan Respublikasının memarı Heydər Əliyev yeni respublikanı 1918-ci ildə yaranmış AXC-nin – birinci respublikanın varisi elan etdi. Sözdə yox, işdə, əməldə də. AXC-nin bayrağı, himni Azərbaycan Respublikasının bayrağı, himni kimi qəbul edildi.
Bu gün AXC-nin beşiyi başında duranların – M.Ə.Rəsulzadənin, F.X.Xoyskinin, Ə.B.Topçubaşovun və başqalırının adları dövlət səviy­yəsində anılır, yad edilir. Belə ki bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev görkəmli ictimai-siyasi xadim Məmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyinin dövlət səviyyəsində keçirilməsi haqda Sərəncam imzalamışdır.
  Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti az bir vaxt ərzində dövlətçilik tariximizdə millət üçün, xalq üçün, Vətən üçün gördüyü çox böyük işlərə görə heç vaxt unudulmayacaq, heç vaxt yaddan çıxmayacaq və həmişə dövlətçilik tariximizdə özünəməxsus səhifələrlə  qalacaqdır...


Tarix: 6-06-2017, 09:26

Xəbəri paylaş