Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Möcüzə nəticəsində ölüm düşərgəsindən sağ çıxan müəllim

 

Azərbaycan xalqı alman faşistləri üzərində tarixi qələbəyə öz samballı töhfəsini verib. İkinci Dünya müharibəsində o vaxt ümumi Vətənimiz olan SSRİ-nin qazandığı cahanşümul qələbədə Azərbaycanın mühüm payı vardı. Belə ki 1941-ci il iyun ayının 22-də Hitler Almaniyası SSRİ-yə qarşı elan olunmamış müharibəyə başlayanda Azərbaycanın oğul və qızları da Vətənin müdafiəsinə qalxdılar. Peşəsindən asılı olmayaraq, əli silah tutanlar cəbhəyə yollandılar. Ölməz şairimiz Səməd Vurğunun:
Bilsin ana torpaq, eşitsin Vətən
Müsəlləh əsgərəm mən də bu gündən –

çağırışı oğul və qızlarımızı müsəlləh əsgərə çevirdi. Beləliklə, Azərbaycan xalqı özünün 700 min oğul və qızını cəbhəyə yola saldı. Onların 300 mindən çoxu amansız döyüşlərdə həlak oldu. Döyüşlərdəki igidliyə görə 123 nəfər əsgər və zabitimiz Sovet İttifaqı Qəhrəmanı adına, 170 min nəfər müxtəlif orden və medallara layiq görüldü. Bunlarla yanaşı, xeyli əsgər və zabitimiz də özlərindən asılı olmayaraq almanlara əsir düşdü, hərbi düşərgələrdə, o cümlədən Slavuta ölüm düşərgəsində min bir əzab-əziy­yətlərlə üzləşdi, işgəncələrə məruz qaldılar, neçə dəfə öldülər, dirildilər. Amma möcüzə nəticəsində sağ qalıb Vətənə qayıdanları da oldu. Onlardan biri də qocaman pedaqoq, bu il mayın 2-də 100 yaşı tamam olan Məmmədov Muradxan Ziyad oğludur. O, 1917-ci il may ayının 2-də Cəbrayıl ra­yonunda doğulmuşdur. 1936-cı ildə rayonun Maralyan kənd orta məktəbinin 7-ci sinfinə qəbul olunmuş, oranı əla qiymətlərlə bitirərək indiki Fizuli Pedaqoji Texnikumunu bitirmiş, Horadiz kənd orta məktəbində müəllim işləmiş, 1940-cı ilin sentyabrından rayonun Böyük Mərcanlı kənd natamam orta məktəbində, 1941-ci ildə Maraltan kənd məktəbində tədris işləri üzrə müavin işləmişdir. 1942-ci il yanvar ayının 15-də cəbhəyə səfərbər olmuşdur.
Aşağıda onun yaddaşında ömürlük iz salmış müharibə xatirələrini oxuculara təqdim edirik.
–1942-ci il yanvar ayının 15-də cəbhəyə yola düşdüm. Qısa hazırlıqdan sonra 1942-ci il mart ayının 1-də bizi Kursk vilayətinə ön cəbhəyə gətirdilər. Almanlar Kursk vilayətini mühasirəyə almışdılar. Burada may ayının axırlarından başlayaraq çox ağır döyüşlər gedirdi. Bizim alay şəhərdən 60 kilometr aralıda idi. Biz hələlik səngərlər qazır, nə edəcəyimiz barədə komandirin əmrini gözləyirdik. Ərzaq almadığımız üçün acından çox əziyyət çəkirdik. Əsgərlər acından ölməmək üçün qərargah rəisinin atını güllələyib, parçaladılar, ətini qanlı-qanlı, yarıbişmiş yeməyə başladılar.
Rota komandirimiz baş leytenant Likmaryov idi. O, gizli hərəkət yolundan istifadə etmədən, almanların üzərinə əks-hücuma keçmək haqda əmr verdi. İyun ayının 2-ci yarısında almanlar hücuma keçdi. Qanlı döyüşlər ara vermirdi. Almanlar bizi minaatanlardan, pilemyotlardan, avtomatlardan atəşə tutmuşdular. Mən baş serjant rütbəsilə manqa komandiri idim. Komandirə gizli yolla getməyi təklif etdim. O isə mənə belə cavab verdi: “Mənə heç vaxt güllə dəyməz”. Amma çox keçmədi ki, mina onun ayağının altında partladı, komandiri parça- parça elədi. Çıxış yolumuz yox idi. Almanlar bizi mühasirəyə almışdılar. Hər tərəfdən atəşə tutulmuşduq. Ölənlərin sayı-hesabı yox idi. Bizim rotada cəmi 15 nəfər qalmışdı.
Mən fürsət tapıb meşəyə qaçdım, orada şırıltı ilə axan çayı keçib qamışlığa gəlib çatdım, 2 gün burada gizləndim. Üçüncü gün sakitlik idi. Mən qamışlıqdan çıxıb çay kənarındakı bir evin qapısını açdım. Burada bir alman zabiti ilə üzləşdim və məni əsir götürdü. Əzablı günlərim də elə bundan sonra başlandı. Bir hərbi düşərgədən digərinə göndərdilər, neçə dəfə ölümlə üzləşdim, yalnız möcüzə nəticəsində sağ qaldım.
Almanlar çayın yaxınlığında bir yamacın üstündə tikanlı dəmir məftillərdən hasar çəkib əsir düşərgəsi yaratmışdılar. Düşər­gədə 5000-ə qədər sovet əsir əsgəri var idi. Məni aparıb oraya qatdılar.
İyul ayının axırları bizi başqa düşərgəyə apardılar. Hərbi əsirlərdən müxtəlif yerlərdə çətin şəraitdə qazma işləri aparmaq üçün istifadə edirdilər. İş saatına norma qoyulmamışdı. Hər dəqiqə əsirlər arasında ölən olurdu. Yarımcan insanları arabalara yığıb o qazılmış səngərlərə tullayır, üstlərinə torpaq töküb basdırırdılar. O yerlərdən üfunət əlindən keçmək mümkün deyildi, insanların iniltisindən dəhşətə gəlirdin. Əsirlərin çoxu aclıqdan ölürdü. Bir gün qazıntı işlərini qurtarıb düşərgəyə qayıdanda yerdə tullanmış, çü­rü­müş pendir qırıntılarını yığıb, yeməyə başladım. Acından zəif düşənlərin çiynindən vururdular, yerə yıxılanları güllələyirdilər. Sağ qalanları Kursk şəhərinə aparıb, dəmir yol vağzalı yaxınlığında at tövləsinə yerləşdirirdilər. Əsirlərin əksəriyyəti kimi məni də bit-sirkə, gənə basmışdı. Qaşınmadan dayana bilmirdik. Soyuq qış fəsli idi. Bizi hamama apardılar. Paltarlarımızı dezinfeksiya edib qaynatdılar. Bu yaşadığımız at tövləsinin böyük pəncərələri də şüşəsiz idi.
Mən möhkəm xəstələndim. Yəqin etmişdim ki, sağalmayacağam. Şəhərdə işləməyən bir hamam var idi, xəstə əsirləri bu hamama atırdılar. Məni də ağır vəziyyətdə o hamama gətiridilər, biz xəstələr hamamın sement döşəməsində yatırdıq. Getdikcə vəziyyətim ağırlaşırdı. Sement döşəmə üstündə huşumu itirmişəm. Ayılanda gördüm ki, başımın altına qoyub uzandığım kisəni götürüb aparıblar. Bu da təbii idi. Əsirlər soyuqdan qorunmaq üçün yararlı şeyləri bir-birindən çırpışdırırdılar. Bir sözlə, burada da həyat uğrunda mübarizə gedirdi. Hamamda neçə gün qaldığımı bilmirəm. Bir gün gəlib hamamın qapısında qışqıraraq dedilər: “Kim ayağa qalxa bilirsə dursun, onu başqa yerə aparırıq”. Mən çətinliklə ayağa qalxa bildim. Bizi dəmir yol vağzalına gətirib, yük vaqonlarına doldurdular. Hara getdiyimizi bilmirdik. Yolda vəziyyətim yenidən ağırlaşdı, hətta yanımdakılar məni ölmüş bildilər. Bir neçə gündən sonra ayıldım. Bizi Slavutma şəhərinə gətiridilər. Slavuta Polşa sərhədində yerləşən hərbi şəhərçik idi. Almanlar oranı hərbi əsirlər üçün nəzarət yeri etmişdilər. Bir vaxtlar SSRİ xarici işlər naziri Molotov öz məruzəsində Slavutanı «Ölüm düşərgəsi» (lager smerti) adlandırmışdı. Buradan hər gün 18 araba meyit daşıyırdılar. Çox soyuq olan yer idi. Vəziyyətim bir az yaxşılaşmışdı. Lakin sol ayağımı don vurmuşdu. Ayaqlarıma arxa tərəfdən qayış salıb boynumdan bağlamışdım. Yadıma düşdü ki, atam əmimə deyərdi ki, əli-ayağı don vuranda, onu qar ilə ovmaq lazımdır. Həyətdə çoxlu qar var idi. Mən dizlərim üstə yavaş-yavaş 2-ci mərtəbədən aşağı düşdüm, həyətdə dizlərimi qarla ovdum. Çox zəifləmişdim. Ona görə tez yorulurdum. Dizlərimi sarıyıb dizi üstə 2-ci mərtəbəyə qalxdım. Gecə səhərə qədər ağrılardan yata bilmədim. Səhər ağrılarım nisbətən səngimişdi, ayağa qalxıb axsaya-axsaya gəzməyə başladım. Taqətsizlikdən dizlərim əsirdi. Burada bizə gündə bir dəfə verilən xarab xörəkləri acgözlüklə yeyirdik.
1944-cü ilin payızında məni adını unutduğum başqa şəhərə gətirib, həmin şəhərin mərkəzindəki çoxmərtəbəli bir binanın 3-ci mərətbəsində yerləşdirdilər. Burada azərbaycanlılar çox idi. Öyrəndim ki, bizi İtaliyanın sərhədinə aparmaq üçün toplayıblar. Qazax ra­yonundan Əsgər adlı bir nəfər mənə dedi ki, gəl İtaliya sərhədinə getməyək. İsgəndər adlı bir dostum var, onu da özümüzlə götürək və buradan qaçaq. Mən əynimdəki fransız şinelimi verib polyak kurtkası ilə dəyişdim, başıma fransız bereti qoydum. İs­gəndər dedi: “Mən komandirin başını qatacam, siz yeməkxananın arxa qapısından çıxarsız, mən də sonra birtəhər aradan çıxıb gəlib sizə çataram». Binanın altından küçəyə çıxış var idi. Əsgərlə mən həmin yerdən çıxıb qaçdıq, xeyli sonra İsgəndər də gəlib bizə çatdı.
Yolda Əsgərin vəziyyəti pisləşdi. Biz onu bir kənara çəkib, yaşıl otun üstünə uzatdıq. İsgəndər dedi: “Mən Əsgəri qoyub gedə bilmərəm”. Qərarımız belə oldu ki, heç olmasa birimiz sağ qalaq. Beləliklə, mən vidalaşıb göz yaşı içində onlardan ayrılıb yolumu davam etdirdim. Gəlib dəmir yol vağzalına çatdım. Orada çox adam var idi. Mən bir küncdə oturub ətrafdakı mənzərəni seyr edirdim. Bir neçə gənc alman nəzərimi cəlb etdi. Bu zaman həyəcan siqnalı verildi. Hamı qaçıb sığınacaqda gizləndi. Mən də onlara qoşulub zirzəmiyə girdim. Bir azdan sakitlik yarandı. Sığınacaqdan çıxanda artıq o qapıda başqa nəzarətçi dayanmışdı. Mən platformaya daxil olub qatara minib gedib Severin şəhərinə yetişdim.
Gecə saat 12 idi. Mən bufetdə bir tərəfə sığındım. Bufet sahibi mənə bufetin bağlanacağını dedi. Mən orada gecələmək üçün icazə istədim. Amma o gedib alman polisinə bu barədə xəbər verdi. Polis gəlib məni danışdırdıqdan sonra Friz adında bir kəndlinin evində işləməyə göndərdi. Orada da natəmizlik dizə çıxırdı, onların verdiyi yorğan-döşək bitli idi. Bir neçə gün orada işləyəndən sonra qoturluğa mübtəla oldum. Məni oradan kənarlaşdırdılar.
Artıq eşitdim ki, bizimkilər almanları sıxışdırırlar, ruslar tezliklə bu kəndə daxil olacaqlar. Onsuz da kənd demək olar ki, boşalmışdı. Otağın birində özümə yer elədim. Burada başqa 2 nəfər də var idi. Biri gürcü idi, Maqaraşvili familiyalı, o, həkim idi. Ayağıma baxıb mənim qoturluq xəstəliyinə tutulduğumu söylədi və məni müalicə etdi. Ancaq mən bir qolumu müalicə etmədim – hər ehtimala qarşı onu yaralarla saxladım.
Nəhayət, Sovet əsgərləri kəndə girdikdən sonra komissiya təşkil etdilər, sovet əsgərlərinin necə gəlib Almaniyaya düşdüklərini və burada nə işlə məşğul olduqlarını soruşdular. Sonra da bizi bir yerə toplayıb sağlam olanları «dezertir» kimi Sibirə işləməyə göndərmək istəyirdilər. Burada bir fərasətim köməyimə yetdi. Qolumu göstərib qotur olduğumu bildirdim. Onlar məni buraxdılar. Həm də tamam üzülmüşdüm – ayaq üstə dayanmağa taqətim yox idi. Nəhayət, çox böyük çətinliklərdən sonra Rostova, oradan da yük qatarının üstündə Bakıya gəlib yetişdim.
1945-ci il sentyabırın 5-də doğma Cəbrayıl rayonuna, evimə gəlib yetişdim, anam və bacı-qardaşlarımı sağ-salamat gördüm. Üç gün evdə dincəldim. Sonra rayon «KQB»-sinə gedib (indiki MTN-ə) gəlməyim haqda məlumat verdim.
Rayonun müxtəlif məktəbində müəllim işlədim, universitetdə oxudum, ali təhsil aldım. Amma işlədiyim, oxuduğum müddətdə məni Almaniyada əsir olduğum üçün çox incidirdilər, ora-bura çəkirdilər. Çox əziyyət çəkdim…
Sonra Muradxan müəllim Bakıya köçür, Bülbülə qəsəbəsində 7 illik məktəbdə, 208 nömrəli təhsil ocağında dərs deyir. 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunda assistent, həm də dekan müavini, 1962-ci ilin dekabrında baş müəllim işləyir. “Akademiyanın xəbərləri” jurnalında elmi məqalələri dərc edilir.
1973-cü ilin sentyabr ayında Gəncə şəhərində pedaqoji fəaliy­yətini davam etdirir, Politexnik Universitetinin filialında çalışır. Bir müddətdən sonra həmin filial Texnologiya Universiteti olur. Muradxan müəllim də orada riyaziyyat fənninin tədrisi ilə məşğul olur. Sonra da təqaüdə çıxır.
Ömrünün ahıl çağını yaşayan Muradxan Məmmədov dövlətin müharibə veteranlarına göstərdiyi qayğıdan razılıq edir, uzun illər ərzində mütəmadi olaraq bu qay­ğıdan yararlanan veteran müəllim qeyd edir ki, 1993-cü ildə Heydər Əliyev Azərbaycana hakimiyyətə qayıdandan sonra müharibə veteranlarının hüquqlarını bərpa etdi, ümummilli lider onları «Xalqımızın qızıl fondu» adlandırdı. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır, hər il 9 May – Qələbə bayramı ərəfəsində onlara birdəfəlik maddi yardımlar göstərilir.
İkinci yüzilliyə qədəm qoyan «xalqımızın bu qızıl fondu» hər cür qayğıya layiqdir.

İdris Hacızadə

   шаблоны для dle 11.2