Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Müasir tələblərə cavab verən məktəb binaları tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verəcək

 Ölkə başçısı İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son illərdə ali təhsil müəssisələri yenidən qurulur, müasir tələblərə cavab verən məktəb binaları, yeni korpuslar tikilir. Bu proses paytaxtla yanaşı, Azərbaycanın bütün bölgələrini də əhatə edir. Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də davamlı işlər gedir.
Sentyabrın  əvvəllərindən, eləcə də 2019-2020-ci tədris ilinin ilk günlərində  bölgələrimizdə bir sıra təhsil müəssisələrinin açılışları olub. Təhsil müəssisələrinin açılışlarında Təhsil naziri Ceyhun Bayramov, nazir müavinləri, nazirliyin məsul şəxsləri iştirak ediblər.
Qax rayonunda  Tasmalı kənd və  Əlibəyli kənd tam orta məktəbləri
Sentyabrın 13-də Qax rayonunda Elçin Şahmərdanov adına Tasmalı kənd və Şota Rustaveli adına Əlibəyli kənd tam orta məktəblərinin açılış mərasimi keçirilib.
Qax rayonunda Elçin Şahmərdanov adına Tas­malı kənd tam orta məktəbinin açılış mərasimində çıxış edən nazir müavini İdris İsayev bildirib ki, son bir neçə ildə ölkəmizdə 4500-ə yaxın məktəbdən təxminən 3 mini əsaslı təmir olunub və yeni məktəb binaları istifadəyə verilib. Nazir müavini qeyd edib ki, təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğı nəticəsində tədrisin keyfiyyəti yüksəlib və müəllimlərin əməkhaqqının sentyabrın birindən 20% artırılması bu qayğının bariz göstəricisidir.
Tədbirdə iştirak edən kənd sakinləri müasir infrastruktura malik məktəblərin inşasının tədrisin səviyyəsinin daha da yüksəlməsinə müsbət təsir edəcəyini qeyd ediblər.
Qeyd edək ki, Elçin Şahmərdanov adına Tasmalı kənd tam orta məktəbinin yeni binası 264 şagird yerlikdir. 2018-2019-cu tədris ilində məktəbi bitirən 16 məzundan 10-u ali təhsil, 3 nəfəri isə orta ixtisas təhsil müəssisələrinə qəbul olunublar.
Daha sonra Şota Rustaveli adına Əlibəyli kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. Bildirilib ki, məktəb 216 şagird yerlikdir. Məktəbdə 161 nəfər şagirdin təlim-tərbiyəsi ilə 35 müəllim məşğul olur. Şota Rustaveli adına Əlibəyli kənd tam orta məktəbini ötən il bitirən 16 məzundan 7-si Gürcüstanın ali təhsil müəssisələrinə qəbul olunublar.
Hər iki məktəb binalarında sinif otaqları ilə yanaşı, 11 fənn kabineti, kompüter, texnologiya otaqları, laboratoriyalar, kitabxana, akt və idman zalları, xidməti otaqlar fəaliyyət göstərir. Məktəb binalarında müasir istilik və müşahidə sistemləri quraşdırılıb.
 
Ağstafa rayonu Böyük Kəsik kənd tam orta məktəbi
Senytabrın 14-də Ağstafa rayonunda Böyük Kəsik kənd tam orta məktəbinin yeni binasının açılış mərasimi keçirilib.
Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov məktəbin açılışı və yeni tədris ilinin başlaması münasibəti ilə təhsil işçilərini, məktəbliləri və valideynləri təbrik edərək onlara uğurlar arzulayıb.
Muxtar Məmmədov ölkənin hər bir bölgəsində müasir standartlara cavab verən təhsil ocaqlarının tikildiyini, bunun gənc nəslin savadlı və vətənpərvər ruhda formalaşmasına xidmət etdiyini diqqətə çatdırıb. Aparat rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb, təhsil sahəsində qazanılan uğurlardan söz açıb və yeni tədris ilində qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Bildirilib ki, 2 mərtəbəli məktəb binasında sinif otaqları, informatika kabineti, laboratoriya, idman və akt zalları, hərbi otaq və yeməkxana var. Sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Məktəbdə 264 şagird təhsil alacaq.
Tovuz rayonu Alakol kənd 1 nömrəli tam orta məktəbi
Həmin gün Tovuz ra­yonu N.Sadıqov adına Alakol kənd 1 nömrəli tam orta məktəbin yeni tədris binasının da açılış mərasimi keçirilib.
Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov yeni tədris ilinin əvvəlində bir neçə müasir standartlara cavab verən təhsil ocaqlarının istifadəyə verildiyini bildirib, təhsilə dövlət səviyyəsində göstərilən qayğı və diqqətin nəticəsi olaraq tədrisin keyfiyyətinin yüksəldiyini vurğulayıb.
Pedaqoji kollektivi tədrisin keyfiyyətini daha da yaxşılaşdırmağa, gəncləri milli ruhda tərbiyə etməyə səsləyən Muxtar Məmmədov şagird və müəllim kollektivinə yeni tədris ilində uğurlar arzulayıb.
Qeyd edək ki, yeni tikilən məktəb binası  624 şagird yerlikdir. Məktəb kimya, fizika və biologiya daxil olmaqla 6 laboratoriya otağı, 1 kompüter  otağı, 1 linqafon otağı, tibb otağı, yeməkxana, kitabxana, akt zalı, idman zalı, ərazisində geniş idman meydançası, sanitar qovşağı və  qazanxana ilə təchiz olunub.
İmişli rayonu Qızılkənd və Aranlı kənd tam orta məktəbləri
Sentyabrın 14-də İmişli rayonunda H.Hüseynov adına Qızılkənd və Aranlı kənd N.Əsədov adına 2 nömrəli tam orta məktəblərin açılış mərasimi keçirilib.
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov çıxışında ölkənin bütün bölgələrində yeni məktəblərin inşa edildiyini, köhnə məktəb binalarının isə əsaslı təmir olunduğunu vurğulayıb. Aydın Əhmədov bildirib ki, məktəblər müasir standartlara uyğun inşa olunur və ilin sonunadək daha bir neçə bölgədə yeni məktəblər istifadəyə veriləcək.
624 şagird yerlik İmişli rayonu H.Hüseynov adına Qızılkənd  kənd tam orta məktəbdə 560 şagirdin təlim-tərbiyəsi ilə 37 müəllim məşğul olur.
Daha sonra Aranlı kənd N. Əsədov adına 2 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib.
Bildirilib ki, məktəb binası 132 şagird yerlikdir.  Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olur.
Yeni açılan hər iki məktəb binasında müasir tədris avadanlıqları ilə təchiz olunmuş sinif otaqları, laboratoriya, kompüter otağı, akt zalı, idman zalı, hərbi hazırlıq otağı və kitabxana var.
Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbi
Sentyabrın 14-də Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbinin də açılış mərasimi keçirilib.
Təhsil naziri Ceyhun Bayramov çıxışında “Bilik Günü” və məktəbin açılışı münasibətilə təhsil işçilərini, məktəbliləri və valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb.Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətdən danışan Ceyhun Bayramov bildirib ki, Azərbaycanda təhsil sahəsi dövlətin yürütdüyü siyasətin prioritet istiqamətlərindəndir.
Təhsil naziri son illər ölkəmizdə çoxlu sayda yeni məktəblərin tikildiyini, əsaslı təmir olunduğunu vurğulayıb. Ceyhun Bayramov deyib ki, regionlarda, xüsusən ucqar rayonlarda yeni məktəb binalarının tikintisi ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdirildiyinin göstəricisidir.
Nazir qeyd edib ki, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından da böyük əhəmiyyət kəsb edir.
Ceyhun Bayramov ölkədə aparılan təhsil islahatları haqqında məlumat verib. Təhsil naziri yeni məktəblərin inşasının təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə əhəmiy­yətli təsir edəcəyinə əminliyini vurğulayıb.
Daha sonra Ceyhun Bayramov yeni məktəbdə yaradılmış şəraitlə tanış olub, müəllimlərlə görüşərək onlarla söhbət aparıb.
Qeyd edək ki, yeni istifadəyə verilən 1176 şagird yerlik məktəb binasında    2 fizika, 2 kimya, 2 biologiya laboratoriyaları, 1 məktəbəqədər, 1 hərbi hazırlıq, 1  linqafon otağı və 48 sinif otaqları, əmək otaqları, kitabxa­na və oxu zalı, informatika otağı, 80 yerlik yeməkxana, akt zalı, idman zalı inşa edilib. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib.
Quba rayonu Alekseyevka kənd tam orta məktəbi
Sentyabrın 16-da Təhsil naziri Ceyhun Bayramov Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin açılış mərasimində iştirak edib.
Təhsilin infrastrukturunun, təlim şəraitinin yaxşılaşdırılmasına dövlət sə­viyyəsində xüsusi diqqət və qayğı göstərilməsindən danışan Ceyhun Bayramov bu il ərzində Azərbaycanın müxtəlif bölgələrində 84 məktəb binasının inşasının planlaşdırıldığını, onlardan 43-nün bu gün istifadəyə verildiyini, digər 41 məktəbin isə ilin sonunadək təhvil verilməsinin nəzərdə tutulduğunu bildirib.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində görülmüş işlərə və bununla bağlı təhsildə müşahidə edilən müsbət irəliləyişlərə diqqət çəkən Təhsil naziri müəllim peşəsinin nüfuzunun, bu sahəyə marağın artırılması ilə bağlı atılan addımlardan danışıb. Ceyhun Bayramov ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, 1 sentyabr 2019-cu il tarixindən növbəti dəfə müəllimlərin əməkhaqqının artırıldığını diqqətə çatdırıb. Təhsil naziri bu münasibətlə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib, müəllimlərin öz vəzifələrini layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edib.
Təhsil naziri çıxışının sonunda məktəbliləri onlar üçün yaradılan şəraitdən maksimum faydalanmağa, layiqli vətəndaş olmağa çağıraraq, onlara yeni tədris ilində müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Quba rayonu Alekseyevka kəndində yeni tikilən məktəb 960 şagird yerlikdir. 3 mərtəbədən ibarət olan məktəb binasının birinci mərtəbəsində qarderob, 10 sinif otağı, müəllimlər otağı, 2 fizika laboratoriyası, 120 nəfərlik yeməkxana,  idman zalı, tibb otağı, 2 əmək təlimi otağı, ikinci mərtəbəsində 13  sinif otağı, kitabxana və oxu zalı,  2 kimya laboratoriyası, 450 yerlik akt zalı, informatika və hesablanma texnikası kabineti, linqafon otağı, üçüncü mərtəbəsində isə 15  sinif otağı, arxiv, 2 biologiya laboratoriyası və hərbi hazırlıq otaqları yerləşir.
Məktəb binasında videomüşahidə, yanğın əlehinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib.
Lənkəran rayonu N.Həsənov adına Şıxəkəran kənd tam orta məktəbi
Sentyabrın 16-da Lənkəran rayonu N.Həsənov adına Şıxəkəran kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov yeni məktəb binasının istifadəyə verilməsi və tədris ilinin başlanması münasibəti ilə təhsil işçilərini, məktəbliləri və valideynləri təbrik edərək onlara uğurlar arzulayıb. Firudin Qurbanov ölkənin bütün bölgələrində yeni məktəblərin inşa edildiyini, köhnə məktəb binalarının isə əsaslı təmir olunduğunu vurğulayıb. Nazir müavini ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə gös­tərdiyi diqqət və qayğıdan danışıb, təhsil sahəsində qazanılan uğurlardan söz açıb və yeni tədris ilində qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Qeyd edək ki, 432 şagird yerlik Lənkəran rayonu N.Həsənov adına Şıxəkəran kənd tam orta məktəbində 384 şagirdin təlim-tərbiyəsi ilə 62 müəllim məşğul olur. Yeni açılan məktəb binasında müasir tədris avadanlıqları ilə təchiz olunmuş sinif otaqları, laboratoriya, kompüter otağı, akt zalı, idman zalı, hərbi hazırlıq otağı və kitabxana yerləşir.
LDU-nun  yeni tələbə yataqxanası və 2 yeni tədris binası
Elə həmin gün Lənkəran Dövlət Universitetinin  (LDU) yeni tələbə yataqxanasının və 2 yeni tədris binasının da açılışı olub.
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Azərbaycanda təhsil sahəsi daim dövlətin diqqətindədir, ölkə Prezidenti cənab İlham Əliyev təhsilin inkişafına qayğısını əsirgəmir. Nazir müavininin sözlərinə görə, son 15 il ərzində 3 200 yeni məktəb binasının inşa olunması, ali təhsil müəssisələrinin maddi-texniki bazasının yenilənməsi, təhsilə maliyyə dəstəyinin gücləndirilməsi bu qayğının bariz nümunəsidir.
Firudin Qurbanov  tələbə yataqxanasının istifadəyə verilməsini yüksək dəyərləndirərək, bunun tələbələrin  yaşayış şəraitinin yaxşılaşmasına müsbət təsir göstərəcəyini deyib. Yeni tədris korpuslarının inşa olunmasının müəllimlərin iş, tələbələrin təhsil almaq şəraitinin yaxşılaşdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edən Firudin Qurbanov ölkədə təhsilin inkişafı istiqamətində aparılan işlər barədə də ətraflı danışıb.
Firudin Qurbanov çıxışının sonunda yeni tədris ilinin başlanması, yeni tədris korpuslarının və tələbə yataqxanasının istifadəyə verilməsi münasibəti ilə hər kəsi təbrik edib.
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən  Natiq İbrahimov da çıxışında  2 yeni tədris binasının və 160 yerlik tələbə yataqxanasının istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirərək bildirib ki, bu, tədrisin keyfiyyətinin yüksəlməsinə, kadr hazırlığına müsbət təsir göstərəcək, digər regionlardan gələn tələbələrin yaşayış probleminin həllinə yardımçı olacaq. Natiq İbrahimov Lənkəran Dövlət Universitetində son illərdə aparılan işlərdən söz açıb.
Açılış mərasimlərindən sonra Firudin Qurbanov Lənkəran Dövlət Universitetinin professor-müəllim kollektivi ilə görüş keçirib. Görüşdə təhsillə bağlı məsələlər müzakirə edilib.
Qeyd edək ki,  160 yerlik tələbə yataqxanasında hər cür şərait yaradılıb, otaqlar zəruri məişət avadanlıqları, fasiləsiz internetlə təmin olunub. Yataqxanada idman zalı, kitabxana və oxu zalı, informatika otağı, istirahət guşəsi tələbələrin ixtiyarında olacaq. Yataqxana binasında  videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib. Tədris korpusları da müasir tədris avadanlıqları, laboratoriyalarla təmin olunub, informatika kabinetləri, kitabxana, oxu və idman zalları yaradılıb.
2019-2020-ci  tədris ilində  Lənkəran Dövlət Universitetinə  1200-ə qədər bakalavr və 67 magistr qəbul olunub.
Şirvan şəhər 5 nömrəli ümumi orta məktəbi
Sentyabrın 16-da açılışı keçirilən Şirvan şəhər 5 nömrəli ümumi orta məktəbində çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva dövlətin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində son illərdə görülmüş əhəmiyyətli işlər barədə ətraflı məlumat verib. Təhsil Nazirliyinin həyata keçirdiyi layihələrdən danışan nazir müavini müəllimlik peşəsinin marağının artırılması istiqamətində atılan addımlardan danışıb.
Nazir müavini bildirib ki, yeni tədris ilinin əvvəlinə bir neçə bölgədə yeni məktəb binaları istifadəyə verilib və bu, tədrisin key­fiyyətinin yaxşılaşdırılmasına öz töhfəsini vermiş olacaq.
Məhəbbət Vəliyeva çıxışının sonunda məktəbin pedaqoji kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, 2019-2020-ci tədris ilinin prioritetlərini, qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılmış şəraitlə tanış olublar.
Qeyd edək ki, məktəb binası 432 şagird yerlikdir. Məktəbdə 23 sinif otağı, fizika, kimya laboratoriyaları, idman zalı, akt zalı və həyətyanı stadion yerləşir.
Masallı rayon Gəyəçöl kənd tam orta məktəbi
Sentyabrın 16-da Masallı rayonu Gəyəçöl kənd N.Həsənov adına tam orta məktəbin də yeni binasının açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən nazirliyin Aparat rəhbərinin müavini Fərzəli Qədirov yeni tədris ilinin başlanması münasibətilə müəllim, şa­gird və valideynləri təbrik edərək onlara uğurlar arzulayıb. Fərzəli Qədirov son illərdə ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb infrastrukturunun müasir­ləşdirilməsi istiqamətində əhəmiyyətli işlərin görüldüyünü bildirib. Eyni zamanda, 2003-2018-ci illərdə 3 200-dən çox məktəbin tikildiyini və ya əsaslı təmir edildiyini, 1 milyondan çox şagirdin təlim şəraitinin yaxşılaşdırıldığını diqqətə çatdırıb.
Fərzəli Qədirov cari ildə Təhsil Nazirliyi tərəfindən 20 yeni məktəb binasının inşa edildiyini, 8 məktəbin əsaslı təmir olunduğunu, 15 modul tipli məktəbin quraşdırıldığını, 43 təhsil müəssisəsinin yeni tədris ilinin ilk günündə istifadəyə verildiyini vurğulayıb. Aparat rəhbərinin müavini təhsil sahəsində qazanılan uğurlardan, müəllim nüfuzunun yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb və yeni dərs ilinin qarşıda duran vəzifələrindən danışıb.
Həmin gün Masallı ra­yonunda Bala Təklə kənd Y.Ağayev adına ümumi orta məktəb üçün inşa edilmiş 96 yerlik, Şıxlar kənd 2 nömrəli ümumi orta məktəb üçün inşa edilmiş 56 yerlik modul tipli məktəblərin də açılışı olub.
İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbi
Sentyabrın 17-də isə İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı, təsdiq edilən proqramların reallaşdırılması nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəb­büsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən əhə­miy­yətli işlərdən danışıb. Təhsil naziri bildirib ki, 2003-2018-ci illər ərzində 3200-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib, nəticədə bir milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb.
Ceyhun Bayramov təhsil sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. Nazir çıxışında təhsil sisteminin aparıcı qüvvəsi olan müəllim əməyinin stimullaşdırılması, bu peşənin nüfuzunun artırılması istiqamətində görülən işləri xüsusi vurğulayıb və son illər bu yöndə çox böyük nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb.
Daha sonra Təhsil naziri Ceyhun Bayramov məktəbdə yaradılmış şəraitlə tanış olub, şagird və müəllimlərlə görüşüb, onlarla səmimi söhbət aparıb.
Qeyd edək ki, İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəb 432 şagird yerlikdir. Məktəb binasında 1 fizika, 1 kimya, 1 biolo­gi­ya laboratoriyası, 18 sinif otağı, əmək otaqları, kitabxana və oxu zalı, informatika otağı, 80 yerlik ye­məkxana, 190 yerlik akt zalı, idman zalı yerləşir. 


Tarix: 6-11-2019, 19:26

Xəbəri paylaş