Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Orfoepiya təliminin əhəmiyyəti

 
Rəvanə Məmmədova, 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistri

Orfoepiya yunan sözü olub mənası orthos-düzgün, doğru, eqos isə nitq deməkdir. Orfoepiya sözünün mənası düzgün, doğru tələffüz deməkdir. Azərbaycan dilinin orfoepiyası dilimizin səs sisteminə uyğun olaraq, şifahi ədəbi dilimizdə öz yerini tutmuş tələffüz qaydalarıdır. Orfoepiya ümumilikdə vahid tələffüz qaydalarını təşkil etdiyi üçün bir dildə danışan hər bir insan bu qaydalar vasitəsilə bir-birini tez və asan başa düşə bilər. İnsanlar arasında bu ünsiyyəti yaratmaq üçün onların bir-birilə qarşılıqlı əlaqə saxlamağına nail olmaq üçün istər şifahi, istərsə də yazılı nitqimizdə Azərbaycan dilinin ədəbi dil qaydaları çərçivəsində vahid və hamı üçün məcburi olan bir norma yaradılmalıdır. Bir millətin, bir xalqın arasında yaranan dialekt və şivələr, onlara məxsus tələffüz qaydaları, sözlərin fərqli şəkildə formalara, eyni sözün müxtəlif dialekt və şivələrdə fərqli leksik mənaya sahib olması insanların ünsiyyəti zamanı müxtəlif çətinliklərə yol açır. Beləliklə, dilimizdə eyni sözlərin müxtəlif şəkildə tələffüz olunması və ya onların qəbul olunmuş ədəbi tələffüz normalarından fərqli olaraq deyilişi nitq prosesində, nitqin dərk edilməsi zamanı çətinləşməyə səbəb olur. Əgər danışan hər hansı bir şəxs ədəbi dil çərçivəsindən kənar çıxaraq, həmin normalardan uzaqlaşarsa, o zaman onu dinləyən şəxsin də əsas məsələdən diqqəti yayınar və o deyilən sözün mənasını aydınlaşdırmağa çalışar. Bu zaman diqqət yayınıqlığı baş verər və söhbət düzgün şəkildə baş tutmaz.
Buna görə də istər şəhər məktəblərində, istərsə də kənd məktəblərində şagirdlər düzgün tələffüz normalarına yiyələməlidirlər. Bu işdə məktəbin bütün müəllimləri əlbir fəaliyyət göstərməli, orfoepik rejimin qarşıya qoyduğu tələblərin şagirdlər tərəfindən yerinə yetirilməsinə ciddi nəzarət edilməlidir. Bəzən səhv olaraq elə başa düşülür ki, nitq mədəniyyəti o cümlədən tələffüz uğrunda mübarizə yalnız dil-ədəbiyyat müəllimlərinin vəzifəsidir. Bunun nəticəsində, digər fənlərin tədrisi zamanı şagirdlərin tələffüzü zamanı şagirdlərin sözləri düzgün tələffüz edib-etməmələri məsələsinə o qədər də əhəmiyyət verilmir.
Şagirdlərin yüksək tələffüz mədəniyyətinə yiyələnmələri vahid bir proses kimi bütün müəllimlərin səyi nəticəsində həyata keçirilməlidir. Düzgün tələffüz uğrunda mübarizədə əsas şərtlərdən biri müəllimin özünün nümunəvi danışığı, yüksək nitq mədəniyyətinə sahib olmasıdır. Müəllim biliyi, dünyagörüşü, davranışı, geyimi və s. ilə bərabər, danışığı, xüsusən tələffüzü ilə də şagirdə şəxsi nümunə olmalıdır. Müəllim çalışmalıdır ki, onun nitqində heç bir qüsur müşahidə edilməsin, gözəl və emosional nitqi, aydın, səlis, axıcı və ifadəli qiraəti, danışığı ilə başqalarından seçilsin. Bir çox məktəblərimizdə müəllimlərimiz şagirdlərin müvəffəqiyyətlərini qiymətləndirərkən yalnız orfoqrafiya və ya durğu işarəsi səhvlərini nəzərə alır, şifahi şəkildə şa­girdlərin tələffüz zamanı düzgün cümlə qurmasına diqqət yetirmir, şagirdlərin sözləri nə dərəcədə düzgün tələffüz etmək məsələlərinə heç də əhəmiyyət vermirlər.
Məktəblərimizdə orfoepiyanın lazımı qədər qiymətləndirilməməsində, düzgün tələffüz qaydalarına diqqət yetirilməməsində başlıca səbəblərdən biri müəllimlərimizin bir çoxunun öz nitqlərində ədəbi tələffüz normalarına düzgün yiyələnməməsi, müəyyən qüsurlara yol verməsidir. Bunun səbəbi isə Azərbaycan dilinin tədrisi metodikasında orfoepik məsələlərə yetərincə diqqət verilməməsi, orfoepiyanın tədrisinin, dilimizdəki söz və terminlərin əhatəli orfoepik lüğətinin işlənib hazırlanmamasındadır. Bu da müəllimlərin bir çoxunun düzgün danışığının, nümunəvi tələffüzünün olmamasına səbəb olur.
Ədəbi tələffüz vərdişlərinə yiyələnməyən müəllim şagirdlərə də düzgün tələffüz qaydalarını öyrədə bilməz. Həmçinin orfoepik qaydaları bilməyən, onun tədrisi metodikasını mənimsəməyən müəllim yanlışlıqlara yol verəcəkdir. Bəzi müəllimlər güman edirlər ki, ədəbi dilə yiyələnmək üçün qrammatikanı öyrətmək, cümlə qurmağı, müxtəlif quruluşlu cümlələri şifahi nitqdə işlətmək qaydasını bilmək kifayətdir. Halbuki, qrammatikanı mükəmməl mənimsəmək və yazıda orfoqrafik səhvlərə yol verməmək danışıqda düzgün ədəbi tələffüz normalarına riayət etmək deyildir. Çünki dilimi­in orfoqrafik qayda-qanunları orfoepiya ilə eynilik təşkil etmir, bunun üçün də yalnız kitab oxumaqla kifayətlənmək olmaz. Müəllim hər şeydən əvvəl, nitq mədəniy­yəti, o cümlədən ədəbi tələffüz, intonasiya ilə bağlı dilçilik ədəbiyyatını, natiqlik sənəti və məharətinə dair yazılmış məqalələri, kitabları müntəzəm şəkildə mütaliə etməlidir. Daha sonra bildiklərini şagirdlərə öyrətməyi bacarmalıdır. Müəllim tədris prosesi zamanı öz tələffüzündə kitabçılığa meyl gös­tərməməli, şagirdlə ünsiyyət zamanı, imla yazdırarkən, tapşırıqlar verərkən sözləri kitabda yazıldığı kimi deyil, düzgün tələffüz qaydalarına uyğun səsləndirməlidir. Müəllimin sinifdə kitabçılığa yol verməsi müəllim və şagird arasında həyatda mövcud olmayan süni bir danışıq dili yaradır. Əlbəttə ki, bu vəziyyəti normal hal hesab etmək olmaz, məktəbdə bu cür hallara yol verilməməlidir. Düzgün tələffüz uğrunda mübarizə apararkən əsas şərtlərdən biri müəllimin özünün nümunəvi danışığı, yüksək nitq mədəniyyətinə sahib olmasıdır. Daha sonra isə müəllim səmərəli şəkildə ədəbi tələffüz normalarını mənimsətmək üçün müxtəlif yollardan istifadə etməlidir.
Şagirdlər öz danışıqlarında ədəbi tələffüz normalarını gözləyən adamları bilavasitə təqlid etmək yolu ilə daha yaxşı mənimsəyə bilərlər. Burada müəllimin rolu böyükdür. Müəllim hər hansı bir şeir parçasını və ya har hansı bir əsəri tədris edərkən proyektor, səsucaldan, maqnitofon vasitəsilə diktor və aktyorların, natiqlərin ifadəli oxusu ilə səsləndirə bilər. Şagirddə nitqinə təqlid etmə meyli o vaxt qüvvətli ola bilər ki, nitqinə qulaq asdığı şəxs səlahiyyətli, hörmətli və məlumatlı bir şəxs olsun. Diktor və aktyorların nitqi ədəbi tələffüz baxımından etalon səviyyəsindədir, ona görə də başqaları üçün nümunə ola bilər. Bəzi istisnalar nəzərə alınmazsa, bu sənət sahiblərinin danışıq və oxusunda istər kitab, istər yerli dialekt, istərsə də sadə danışıq dilinə məxsus tələffüz qüsurları, demək olar ki, yox dərəcəsindədir. Onların nitqinin intonasiyası zəngin və rəngarəngdir. Şagirdlər bu səsləri dinlədikdə onlarda orfoepik baxımdan düzgün və yanlış olan danışıqları bir-birindən fərqləndirmək bacarığı yaranmağa başlayır.
Ümumiyyətlə, hər bir uşaq kiçik yaşlarından danışmağa başlayarkən ətraflarındakı adamların nitqini təqlid etməyə çalışır. Dil cəmiyyət içərisində əmələ gəlmiş bir hadisədir. Uşaqlar da insan cəmiyyəti içərisində yaşadıqları üçün onlarda nitqdən şüurlu surətdə istifadə etmək tələbi əmələ gəlir, insanlar arasında ünsiyyət yaratmaq üçün şüurlu şəkildə danışıq qabiliyyəti formalaşmağa başlayır. Uşaq böyüdüyü mühitdə ətrafdakılar ədəbi dildə danışırlarsa, uşaq da həmin dildə danışmağa başlayır, əksinə əgər ətrafdakılar pozuq və ya nöqsanlı bir dildə yaxud müəyyən bir dialekt təsiri altında danışırlarsa, şübhəsiz ki, uşaq da həmin tələffüzü mənimsəyir və o cür danışmağa başlayır. Burada müəllimlərin də rolu böyük­dür. Müəllimlər də dialekt və şivələrə uyğun şəkildə danışmamalı, ədəbi dilin qayda-qanunlarına riayət etməyə çalışmalıdırlar. Beləliklə, uşaq nitqinin formalaşmasında və qismən də ədəbi tələffüz vərdişlərinin əmələ gəlməsində mühitin təsiri həlledici bir rol oynayır. Bu cəhəti nəzərə alaraq, müəllim çalışmalıdır ki, şagirdlərin təqlidçilik bacarı­ğını, orfoepik cəhətdən sözlə­rin düzgün tələffüz edil­məsinə yönəltməyə çalışmalıdır. Düzgün tələffüzü müvəffəqiyyətlə təlim etməyin mühüm şərtlərindən biri də şagirdlərin öz nitqlərinə şüurlu yanaşmalarıdır.
Şagirdlər nitqi ədəbi və qeyri-ədəbi qurmağın fərqini aydın təsəvvür etməyi bacarmalıdırlar. Müəllim bu məsələ ilə əlaqədar olaraq şagirdin nitqindəki nöqsanları, onların islah edilməsi yollarını göstərməli, ədəbi tələffüzün üstünlüklərini nümayiş etdirməlidir.
Şagirdləri ədəbi tələffüz qaydalarına yiyələndirmək üçün onlarda bir sıra keyfiy­yətlər tərbiyələndirməli, müxtəlif qayda-qanunlar illər boyu aşılanmalıdır. Düzgün tələffüz qaydalarına bir il içərisində, birdən-birə yiyələnmək mümkün deyil. Bunun üçün şagirdlər məktəbə qədəm basdıqları ilk gündən məktəbi qurtarana kimi davamlı şəkildə bu qaydalarla tanış olmalıdır:
1. Şagirdlərdə müxtəlif və eyni zamanda bir-birinə keyfiyyətcə və əmələgəlmə yerinə görə yaxın olan səslərin fərqini duymağı bacarmaq qabiliyyəti tərbiyələndirməlidirlər.
2. Müəyyən səsləri yanlış tələffüz etməmək üçün həmin səsləri yanlış tələffüz etməmək üçün həmin səslərin xüsusiyyətləri diqqətlə tədris olunmalı, şagirdlərdə bu səslərə diqqətlə yanaşmaq bacarığı yaradılmalıdır.
3. Şagirdlərə söz daxilində müəyyən səsləri və onların birləşməsini cəld hiss edə bilmək vərdişi aşılanmalıdır. Bunun üçün səslərin fizioloji xüsusiyyətləri yanaşı işlənərkən dəyişikliyə uğrayan səslərin qayda-qanunları diqqətli çəkildə tədris olunmalıdır. Beləliklə, şagirdlər sözü fonetik cəhətdən düzgün təhlil etmək və lazım olan səsləri zehində ayırmağı bacarmaq qabiliyyəti formalaşır.
4. Şagird öz nitqində ayrı-ayrı səslərin bu və ya digər tələffüz xüsusiyyətlərini qeyd etməklə, özünün başqasının nitqini dinləməyi də bacarmalıdır.
5. O, danışığında səhv buraxmamaq, sözü düzgün tələffüz etmək və lazım olduqda, nitqi dayandıra bilmək məqsədi ilə öz diqqət və iradəsini nizama salmağı, bacarmalı və bütün işlərdə özünü idarə etməyi, fikrini cəmləməyi bacarmalıdır.
Şagirdlərin ədəbi tələffüzü üzərində aparılan işlər, yalnız təlim baxımından deyil, eyni zamanda tərbiyəvi cəhətdən də çox faydalı və təsirlidir. Müəllim həm dərs zamanı, həm də dərsdənkənar yerlərdə şagirdlərlə təmasda olarkən öz danışığını orfo­epiyanın normativ üslubu əsasında qurmalı, sözləri düzgün tələffüz etməklə şagirdlərə şəxsi tələffüz nümunələrini də verməlidir.
  Xülasə. Şagirdlər orfoepiya təlimi zamanı öz psixoloji xüsusiyyətlərini iradə, diqqət, nitq və fikrin müəyyən ardıcıllıqla verilməsi və s. kimi insanın həyatında böyük rol oynayan keyfiyyətləri də əldə edirlər. Şagirdlərdə orfoepik qaydaları möhkəmləndirmək onların nitqindəki nöqsanları aradan qaldırmaq üçün müəllim uzun müddət çalışmalıdır. Müəllim şagirdlərin şifahi nitqini daim nəzarətdə saxlamalı və lazım olduqda onların səhvlərini ehtiyatla islah etməlidir. Azərbaycan dili müəllimi işə ciddi yanaşdıqda  şagirdlərin nitqində olan tələffüz nöqsanlarının əksəriyyətini aradan qaldıra bilərlər. Şagirdlər  orfoepiyanın təlimi nəticəsində öz fikirlərini ədəbi dilin  tələffüz normalarına uyğun şifahi surətdə ifadə etməyi bacarmalıdırlar. Bu bir tərəfdən onları gələcək praktik həyata hazırlamaqda, digər tərəfdən də ümumi mədəni səviyyənin işində böyük əhəmiyyətə malikdir.   


Tarix: 5-03-2018, 13:20

Xəbəri paylaş