Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Qurultayda dedim ki...

 

Azərbaycan tələbələrinin II qurultayı iştirakçısının təəssüratları

2018-ci il dekabrın 21-də Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı keçirildi. Qurultayın böyük bir hissəsi tələbələrin çıxışlarına ayrılmışdı. Çıxış edənlər arasında müxtəlif təhsil səviyyələrini və ali məktəbləri təmsil edən gənclər var idi: mən - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorantı Elnur Məmmədli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Lalə Nov­ruzova, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Liverpul Universitetində təhsil almış Ümid Mehdiyev, Bakı Dövlət Universitetinin tələbəsi, sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev, Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi Əfsanə Abdullayeva, Naxçıvan Dövlət Universitetinin tələbəsi Kərim Nəcəfov, Azərbaycan Dillər Universitetinin tələbəsi Ayşən Məmmədova, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Amin Fərəczadə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasının tələbəsi Seyidəli Abbasov. Ümumilikdə qurultay yüksək səviyyədə keçdi. Maraqlı çıxışlar oldu, ölkəmizdə ali və orta ixtisas təhsilinin mövcud vəziyyəti, perspektivləri ətrafında nüzakirələr aparıldı, disskusiya açıldı.
Azərbaycan tələbələrinin II qurultayında ölkə doktorantları adından çıxış etmək mənə nəsib oldu. Bu mənim üçün həm həyəcanlı, həm də qürurverici hadisə idi.
2018-ci il qurultayda “Təhsil, elm və innovasiyanın vəhdəti” mövzusunda çıxış etməyimlə yanaşı, mənim üçün başqa əlamətdar hadisə ilə də yadda qalan oldu. Ötən ilin fevral ayında doktorant olmuşdum.
Bu, mənim üçün adi hadisə deyildi, məktəb illərindən bəri şüurumun bir küncündəki “Elmlə həvəskar kimi yox, professional səviyyədə məşğul olmaq” arzumun reallığa çevrilməsi idi. Çox sevinirdim. Sevinirdim, çünki mən yüksək­­ixtisaslı elmi kadr olmaq yolunda növbəti addımımı uğurla atmışdım.
İlk addımımı bakalavr kimi Bakı Dövlət Universitetində, növbəti addımımı magistr kimi Prezident yanında Dövlət İdarəçilik Akademiyasında atmaqla özüm üçün məqsədimə aparan bir cığır aça bilmişdim. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktorant statusunu almaq isə məni uşaqlıq arzuma bir addım da yaxınlaşdırdı.
Doktorant tələbə olmağın mənim üçün xüsusi mənası var idi. Artıq elmi məqalələri yalnız oxumayacaqdım, mən həm də onların müəllifi olacaqdım. Elmin inkişafının təkcə izləyicisi yox, həm də onun aktiv iştirakçısı olacaqdım. Bu həm də o demək idi ki, məktəb illərində oxuduğum fizika üzrə Nobel mükafatı laureatı Riçard Feynmanın “Siz, görünür, zarafat edirsiniz, Mister Feynman!” kitabı öz məqsədinə çatmışdı: bu böyük alim məndə elmə və elmi fəaliyyətə sönməz maraq yarada bilmişdi.
Son illər gənclərin doktoranturaya olan marağı əhəmiyyətli dərəcədə artıb. Bununla da, hazırda elm sahəsinə yeni, gənc nəfəs gəlib. Eyni zamanda, elmin yeni simaları arasında ideal gender bərabərliyi müşahidə olunmağa başlayıb. Bu da təsadüfi deyil: bakalavrla yanaşı, magistrantlara da müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi artıq öz nəticələrini göstərməyə başlayıb.
Hazırda doktorant tələbə olmaqla yanaşı, mən həm də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və IBM-in ortaq İnnovasiya Mərkəzində fəaliyyət göstərirəm. Bu mənə beynəlxalq təcrübəni, daha konkret desək, İnnovasiya Menecmentini və İşə sistematik yanaşma tərzini öyrənməyə imkan verir.
Bu gün elmin inkişaf sürəti artıq ədədi silsilə ilə yox, eksponensial artır. Və biz bununla ayaqlaşa bilməliyik. Biz artıq yeni tələbləri olan cəmiyyətə qədəm qoymuşuq. “Böyük verilənlər” (Big Data), “Süni İntellekt” (Artificial intelligence), “Əşyalar İnterneti” (Internet of things), “Blokçeyn Texnologiyası” (Blockchain technology) - biz bütün bunları başa düşən, bu sahələrin yüksək səriştəli mütəxəssisi olan, innovasiyalar yarada biləcək yaradıcı kadrlar olmağa çalışırıq. Bu yolda uğur qazana bilməyimiz üçün əhəmiyyətli addımlar atılır.
2015-ci ildə Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” şirkəti arasında əməkdaşlıq sazişi imzalandı. Nəticə özünü çox gözlətmədi: “Web of Science®” bazasına daxil olan məqalələrin artım dinamikasına görə Azərbaycan son 3 ildə Cənubi Qafqaz ölkələri arasında davamlı olaraq 1-ci yerdə qərarlaşır. 2018-ci ilin dekabr ayının əvvəlində sözügedən sazişin daha üç il müddətində uzadılmasına qərar verildi.
Hazırda “Qərar qəbuletmədə Biznes İntellekt (Business Intelligence) texnologiyasının tətbiqi” mövzusunda elmi iş üzərində çalışıram. “Web of Science®” platformasına çıxış imkanı bir doktorant kimi şəxsən mənim araşdırmalarımın sürətini artırmağa kömək etməklə yanaşı, daha geniş verilənlər bazasından istifadə etməyimə imkan yaradır.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin SAP, “Oracle”, “Microsoft” kimi IT nəhəngləri ilə imzaladığı müqavilələr doktorantlarla yanaşı, həm də bakalavr və magistrantlara beynəlxalq səviyyəli mütəxəssislərin təlimlərində iştirak etməyə imkan yaradır. Bütün bunları nəzərə alaraq, qurultay nitqimi elə qurmağa çalışmışdım ki, bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbə dostlarımızda elm-təhsil-innovasiya yolunu seçməyə maraq yarada bilim.
Tədbirdən sonra mənə yaxınlaşan tələbələr, onların verdiyi suallar onu göstərdi ki, mən bu məqsədimə çata bilmişdim. Və təkcə mən yox. Bütün çıxış edən tələbələrin nitqi motivasiyaverici və gələcəyimizlə bağlı nikbin fikirlərlə dolu idi. Bu da auditoriyaya öz müsbət təsirini göstərə bilmişdi.
Məncə, Azərbaycan tələbələrinin II qurultayı təkcə elm və təhsil haqda deyildi, o həm də dəyərlər haqda idi. Əlbəttə ki, əsas məqsədimiz cəmiyyətimiz üçün ən faydalı inkişaf yolu ilə getmək, insanı, insan kapitalını əsas dəyərimizə çevirməkdir.
Səriştəli mütəxəssislər - insan kapitalının mərkəzi qüvvə olduğu iqtisadi modelə keçid üçün ən vacib şərtdir. Öz sahəmizin mütəxəssisi olmaq isə yalnız biz gənclərin özündən, öz niyyətimizdən asılıdır. Çünki, dahi Nəsirəddin Tusinin dediyi kimi: “Niyyət elm ilə əməl arasında bir vasitədir”.
Bu yazımı elə qurultay nitqimi bitirdiyim sözlərlə bitirmək istəyirəm: “Mən, öz adımdan və doktorant dostlarımın adından söz verirəm ki, elm işığını yaymaq və innovasiyalar yaratmaq üçün əlimizdən gələni edəcəyik. Bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbə dostlarımızı da elm-təhsil-innovasiya yolunu seçməyə çağırıram”.

Elnur Məmmədli,
gənc tədqiqatçı, Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin doktorantı


Tarix: 14-02-2019, 11:57

Xəbəri paylaş